Türk Dünyasının Məşhurları- Abdulla Şərifov
Rusiya əsarətində olan türk xalqlarının azadlığı uğrunda mübarizədə şəhid olmuş Abdulla Şərifovun ömür yolundan və yaradıcılığı...
Göndərmə 13.04.2013 08:41:14 UTC
Güncəlləmə 13.04.2013 08:41:14 UTC
www.trtazerbaycan.com
http://www.trtazerbaycan.com/trtworld/az/newsDetail.aspx?HaberKodu=8b354e92-eaa5-4897-9199-e2861ed65ca6
Abdulla Məhəmməd oğlu Şərifov 1893-cü ilin noyabrında indiki Rusiya Federasiyasi Orenburq vailayətinin Troutski şəhərində anadan olmuşdur. Soykökü Volqaboyu tatarlarından olan Abdulla ilk təhsilini atası Məhəmmədin müəllim işlədiyi məhəllə məktəbində almışdır. Bu məktəblər xalq arasında mollaxana adlandırılırdı. Orada Qurani-Kərimi oxumaq, səriətlə tanşılıq, ana dili, fars dili öyrədilirdi. Uşaqlar isə kiçik yaşlarından Qurani-Kərimi əzbərləyə-əzbərləyə ərəb dili haqqında da biliklər əldə etmiş olurdular.
Kiçik Abdulla məhəllədəki mollaxananı bitirdikdən sonra valideyinləri onu doğulduğu şəhərdəki rus-tatar məktəbində oxumağa göndərirlər. O, beşinci sinfi bitirənədək burada oxuyur, rus dilinin və ana dilininin qrammatikasını öyrənir, təbiət haqqında biliklər əldə edir. Rus-tatar məktəbləri Avropa tipli məktəblər olsa da, burada şəriət dərsləri də keçir, şagirdlərə diyarşünaslığa dair bilgilər verirdilər.
Məktəbin əlaçı şagirdlərindən olan Abdulla Şərifov yeniyetmə yaşlarından millətinin tarixi ilə maraqlanmağa, ana dilində şeirlər yazmağa, yaşadığı bölgənin etnik tarixini öyrənməyə başlayır. Bölgəyə son yüzilliklərdə gələn işğalçı rusların yerli xalqa yuxarıdan aşağı baxması, onlarla pis rəftarı yeniyetmə Abdullanın canını sıxır. Qədim tarixə və mədəniyyətə malik xalqını təkəbbürlü ruslara tanıtmaq üçün təhsilini davam etdirməyin vacibliyini başa düşür. O, rus dilində ruslar kimi danışmağı və yazmağı öyrənmişdi. Amma xalqının tarixini və ədəbiyyatını dərindən bilmirdi. Əldə etdiyi rusdilli kitablarda isə bu haqda sanballı və okyektiv yazılara rast gəlmirdi. Odur ki, təhsilini Osmanlının başkəndi, bir neçə mədəniyyətə ev sahibiliyi etmiş İstanbulda davam etdirməyi qərara alır. Valideyinləri də onun bu fikrini alqışlayırlar.
1908-ci ildə İstanbula gələn 15 yaşlı Abdulla müsəlman xeyriyyə cəmiyyətınin qayğısı və vəsaiti ilə 6 il burada təhsil alır.
1914-cü ildə valideyinlərinin yanına qayıdan Abdulla Şərifov Troutskidə gənc nəslin təlim tərbiyəsi ilə məşğul olmaqla yanaşı, qəzet-jurnallara bölgənin iqtisadi cəhətdən geri qalma səbəblərinə aydınlıq gətirən məqalələr yazır. Məqalələrində əsarətdən qurtarmaq üçün savadlanmanın, biliklərə yiyələnmənin vacibliyini vurğulayır. Soydaşlarını övladlarını oxutmağa sövq edir.
Birinci Dünya Savaşının başlaması qəzet-jurnallar üzərində senzor nəzarətini, insanlar üzərində polis təzyiqini artırır. Savaşda Rusiyanın apardığı döyüşlərin məğlubiyyətlərlə nəticələnməsi ölkədə qarışıqlığı, vətəndaş itaətsizliyini artırır. Bundan yararlanan sosialistlər xalqı sosial ədalət uğrunda mübarizəyə səsləyirlər.
Onların əsarətdə olan xalqları azad edəcəkləri, varlı ilə yoxsul arasındakı fərqi aradan qaldıracaqları, ölkədə sülh və əminamanlığa nail olacaqları haqqında verdikləri şirin vədlər Abdulla Şərifovu da özünə çəkir. O, millətinin xilas yolunu sasialistlərlə birgə mübarizədə görür.
1917-ci ilin fevralında Rusiyada Romanovlar sülaləsinin hakimiyyətinə son qoyulmasını, çar II Nikolayın taxtdan salınmasını alqışlarla qarşılayanlardan olur. Lakin onun 1917-1919-cu illərdəki ictimai-siyasi fəaliyyəti öyrənilmədiyindən Abdula Şərifovun həmin qarışıq illərdə hansı cəbhədə durduğunu bilmirik. Azərbaycanda olan arxiv sənədlərində isə həmin dövrün üstündən Abdulla Şərifov sükutla keçərək 1919-cu ildə RK(b)P üz olduğunu, Anjerski Musiqi Məktəbində və Tümensk Birinci Tatar məktəbində müəllim işlədiyini yazır.
1921-ci ilin martında Abdulla Şərifovu Tümen quberniya rəhbərinin milli məsələlər üzrə müavini təyin edirlər. O, rəhbər vəzifədə işləyə-işləyə 1-ci tatar məktəbində və həmkarlar ittifaqının təşkil etdiyi kurslarda dərs deyir. Özü rəbər vəzifədə olsa da, xalqının hüquqlarının hər addımda tapdandığının, bolşeviklərin verdiklərə vədlərə əməl etmədiklərinin, monarxiya zamanında olduğu kimi yenə də ruslaşdırma siyasətinin davam etdiyinin şahidi olur.
Abdulla Şərifov görür ki, bolşeviklərin məktəblərə, mədəni-maarif müəssisələrinə önəm verməsinin arxasında savadlı, işgüzar, bacarıqlı kadrlar hazırlamaq deyil, onların əmrlərini sözsüz yerinə yetirən alababat savadı olan məmurlar hazırlamaqdır. Odur ki, 1921-ci ilin payızında vəzifəsindən istefa verərək Tomsk Universitetinin İctimai Fənlər fakültəsinə qəbul olunur.
Abdulla Şərifovun iki illik təhsili və onun ictimai-siyasi fəaliyyəti haqqında da əlimizdə yetərincə bilgi yoxdur. Həmin dovrün sənədlərindən aydın olur ki, bolşeviklər partiya daxilində təmizləmə aparırdılar. Müti olmayan, onlara sədaqətlərində şübhəli görünən, sərbəst fikirli, sözün düzünü açıq-aşkar deyənləri partiya sıralarından uzaqlaşdırırdılar.
Abdulla Şərifov bolşeviklər partiya daxilində təmizləmə apardığı zaman, yəni 1923-cü il iyununda Azərbaycana gəlir. Bu gəlişini də rəsmi sənədlərdə Tomsk Universitetinin bağlanması ilə əlaqələndirir. Nədən daha məşhur olan Kazan, Moskva, Peterburq universitetlərini deyil, Bakıda yeni açlımış universiteti seçib? Bu sual hələ də cavabsız qalır.
1923-cü ildən Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olan Abdulla Şərifov Azərbaycan KP MK-nın orqanı «Kommmunist» qəzetində də işləyir. Onun gəlişi dövründə Azərbaycanda aydınlar, vətənsevərlər kütləvi həbs edilərək Solovkidəki, Suzdaldakı, Yaroslavdakı həbsxanalara göndərilirdi. Sanki Azərbaycanı aydınlarsız və vətənsevərlərsiz qoymaq istəyirdilər.
Belə ağır günlərdə Kazandan Qazis Ubaydullin, Krımdan Bəkir Çobanzadə, Daşkənddən Xalid Səid Xocayev, Tomskidən Abdulla Şərifov və onlarla milli təfəkkürlü ziyalı, araşdırıcı, türkoloq Bakıya gələrək qısa müddətdə güclü bir türkoloji mərkəz yarada bilirlər.
Onlar sözü ilə işi düz gəlməyən kommunistlərə qarşı mübarizə üçün təşkilatlanırlar. Sovet xüsusi xidmət orqanları da onların hər addımını izləyir, təzyiqlər edir, işlərinə əngəl olmağa çalışır. 1928-ci ildə Abdulla Şərifovu keçmiş fəaliyyətinə görə Ümumittifaq Kommunist (bolşeviklər) Partiyasının sıralarından xaric edirlər.
Abdulla Şərifov da rəhbər özəyi 1925-ci ildə Səmərqənddə qoyulan millətçi təşkilata üzv yazılır. Bu təşkilatın fəalları sırasında RSFSR (Rusya Sovet Federativ Sosialis Respublikaları) Xalq Komissarları Soveti sədrinin müavini Rıskulovun, RSFSR Mərkəzi İcraiyyə Komitəsinin katibi Şuqu Əmirəsənin, Özbəkistan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin katibi Raximbayovun, RSFSR Xalq Maarif Komissarı Yumanqulovun, Dağıstan Muxtar Sover Sosialist Respublikasının Xalq Maarif Komissarı Taxo Qodinin, Qaraçay-Çərkəz Muxtar Sovet Sosialist Respublikası Mərkəzi İcraiyyə Komitəsinin sədri Ömər Əliyevin, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri Soltanməcid Əfəndiyevin, ZSFSR (Zaqafqaziya Sovet Federativ Sosialis Respublikaları) Xalq Torpaq Komissarı Dadaş Bünyadzadənin, Azərbaycan Xalq Maarif Komissarı Mustafa Quliyevin və b. da vardı. Vahid Türk-Tatar dövləti yaratmaq istəyən bu təşkilata Qazis Ubaydullin Abdulla Şərifovu da cəlb edir.
Bakıda münbit bir mühitə düşən gənc Abdulla 1928-ci ildə Universiteti bitirir və 1929-cu ilin fevralında aspiranturaya qəbul olunur. Aspiranturada oxuya-oxuya redaktor və Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat kafedrasında assent işləməyə başlayır. İti jurnalist qələmi, dərin biliyi və zəhmətsevərliyi ona qısa müddətdə elm aləmində də uğur qazandırır. 1932-ci ilin sentyabrından ali məktəbdə müəllim işləməyə başlayır. 1933-cü il fevralın 15-də isə onu SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialına işə dəvət edirlər. Filialın tarix, ədəbiyyat, dilçilik bölməsində elmi işçi kimi çalışdığı zaman Azərbaycanın rayonlarına ekspedissiyalar təşkil edib, materiallar toplamaqla yanaşı, gənc kadrların hazırlanmasına da xüsusi diqqət göstərir. Onun İdris Həsənov, Qulam Bağırovla birgə yazdığı qrammatika kitabları təkrar-təkrar çap olunaraq orta məktəblərdə və texnikumlarda tədris edilir.
Abdulla Şərifov qısa müddətdə “Türk-tatar dillərinin sinqarmoniyası haqqında”, “Türk dili qrammatik katoqoriyalarının təsnifat prinsipləri haqqında”, “Azərbaycanın Şamaxı dialekti. (Şamaxı rayonuna iki illik ekspedissiyanın yekunları)”, İdris Həsənovla birlikdə iki cilidlik “Orta məktəblər üçün türk dilinin qrammatikası”) və b. əsərlərini yazır.
O həm də M.İ.Menşikovun, akademik Marrın kitablarını Azərbaycan türkcəsinə çevirib redaktə edərək 1932-ci ildə Bakıda nəşr etdirir.
Gənc yaşında ali məktəbdə kafedra müdiri, elmi-tədqiqat instutunda bölmə müdiri işləyən Abdulla Şərifov da 1937-ci ilin həbslərindən qurtara bilmir. Həmin il dekabrın 20-də “Sovet hökumətinə qarşı silahlı mübarizə mövqeyində dayandığına və elmi cəbhədə ziyankarlıq işi aprdığına görə” həbs edilir.
1938-ci ildə DTK (KQB) müstəntiqinə izahatında Abdulla Şərifov 22 kitab müəllifi olduğunu yazır. Çox təəssüf ki, o kitabların bir qismi də 1937-ci il irtica dalğasında itib-batmışdır. Onları tapıb çap etmək bu gün mümkünsüz sayılır. Uzun sürən istintaqdan sonra onu 1938-ci il iyulun 3-də güllələyirlər.
Abdulla Şərifov güllələnsə də, onun istək və əməllərinin bir qismi reallaşır. Sovetlər Birliyi dağılır və müstəmləkə altında olan xalqların bir qismi nisbi azadlıq əldə edirlər. Bu günkü müstəqil respublikamıza görə adları az çəkilən, əsərləri az-az çap olunan, xatirələri lazımınca yad edilməyən Abdulla Şərifov və məsləkdaşlarına borcluyuq.
|