TÜRK DÜNYASININ MƏŞHURLARI 133/2012
SALAVAT YULAYEV
Əli Şamil Hüseyinoğlu
Salavat Yulayev (1752-1800) (سالاوات یولایئو, başq. Салауат Юлаев, rus. Салава́т Юла́ев) https://ali-shamil.tr.gg/Salavat-Yulayev.htm
SİNYAL: BAND
SES: Əziz və istəkli dinləyicilər! “Türk dünyasının məşhurları” proqramında sizlərə ömrünü vətən və millət yolunda şam kimi əritmiş, adı dillər əzbərinə çevrilmiş, tarix kitablarını, bədii əsərləri bəzəmiş Salavat Yulayevin ömür yolundan və bəddii yaradıcılığından söz açacağıq.
Gündən-günə güclənən Rusiya sərhədlərini genişləndirərək türk xalqlarını əsarət altına alsa da, işğal etdiyi bölgələrin insanlarını asanlıqla idarə edə bilmirdi. Çünki Rusiya hərbi cəhətdən güclənsə də, mədəni və mənəvi baxımdam əsarət altına aldığı xalqlardan xeyri geri qalırdı. Buna görə də tez-tez üsyanları baş verirdi. Hökumət zor gücünə, qəddarlıqla üsyanları yatırsa da, islahatlar aparmadan da keçinə bilmirdi. Bu islahatlardan isə daha çox üsyanların yatırılmasında fəallıq göstərən, əsarət altına alınmış xalqlara aşağılayıcı nəzərlərlə baxan rusların övladları yararlanırdı.
17-18-ci yüzillikdə bugünkü Başqırdıstan, Tatarıstan, Qazaxıstan, Çuvaşiya və b. bölgələri əhatə edən üsyanları Sovet tarixçiləri Başqırd üsyanları adlandırmışlar. 1773-75-ci il Başqırd üsyanına başçılıq etmiş etmiş Salavat Yulaye uzun illər kəndli hərəkatının rəhbəri kimi tanıdılmışdır. Son illər isə faktları yenidən gözdən keçirən tarixçilər daha çox Salavat Yulayevin apardığı mübarizəsinin milli azadlıq mübarizəsi olduğunu yazırlar.
MÜZİK : GEÇİŞ
SES : Bölgədə Rusiyaya qarşı ilk üsyan 1662-64-cü illərdə kalmıqlara görə baş qaldırmışdır. Çar qoşunları silah gücünə üsyanı yatırsa da, bəzi güzəştlərə getməli olmuşdur. Hökümət məmurlarının başqırd, tatar və qazaxların daxili işlərinə qarışmsı məhdudlaşdırılmışdır.
İşğal etdiyi bölgənin müsəlman əhalisini xristianlaşdırmaq istəyən hökumət siyasətinə qarşı üsyan baş verir. 1681-83-cü illəri əhatə edən mübarizəni hərbi güclə sakitləşdirsələr də, hökumət xristianlaşdırma siyasatindən də əl götürməli olur. 1705-11-ci illər üsyana səbəb isə hökumətin rus ordusu üçün başqırdlardan vergi kimi at almaq istəyi olmuşdur. Çar hökuməti kalmıkların köməyi ilə üsyanı yatırsa da, bəzi güzəştlərə də gedir.
Hökumətin xalqın torpaqlarını zəbt edərək qalalar tikməyə başlaması da üsyanla nəticələnir. 1735-45-ci illəri əhatə edən bu üsyana Salavatın atası Yulay Aznalin rəhbərlik edir.
Salavat Yulay oğlu 1752-ci ilin iyunun 16-da indiki Başqırdıstan Respublikası Tekey kəndində anadan olmuşdur. Ufadan Sibirə gedən əsas yolun keçdiyi Şaytan-Kösey yurdunun kəndlərindən olan Tekey dövrünün ən inkişaf etmiş kəndlərindən sayılırdı. Belə ki, kəddə ibtidai məktəb, məscid, hamam və başqa mədəni müəssisələr vardı.
İlk təhsilini atası Yulaydan alan Salavat ondan yalnız oxumağı, yazmağı öyrənmir, həm də cəsarəti, haqsızlığa qarşı dözməməyi, milli mənafeyi şəxsi mənafedən üstün tutmağı öyrənir. Sonra təhsilini dövrün məşhur pedaqoqu və din xadimi Nebiy Kebiriyin yanında davam etdirir.
Salavat 16-17 yaşlarında bölgənin ağsaqqalı, məşur sesen, yəni aşıq Azyar ozanla görüşməsi onun şeir söyləməyə həvəsini artırır.
SİNYAL : BAND
SES: Siz, Qorqud Ata verilişini dinlәyirsiniz
SES : Yeniyetməlik və gənclik illərində at minməyə, ov etməyə marağı olan Salavay Yulayevin igidlik, qəhrəmanlıq, vətən haqqında dediyi şeirlər də dillər əzbərinə çevrilir. Üsyan rəhbəri olmasaydı bəlkə də o başqırdların məşhur sesenlərindən biri kimi kənd-kənd, oymaq-oymaq gəzib şeirlərini söyləyəyərək, xalqını qəflət yuxusundan ayıltmağa səsləyəcəkdi. Hökumətə qarşı çıxması, onun şeirlərinin də oxunmasını, yayılmasını əngəlləmişdir. Buna baxmayaraq üsyan rəhbəri olan qəhramanın “Doğma ölkəm”, “Mənim Uralım”, “Vuruş”, “İgid döyüşçü”, “Atıcı” və başqa şeirləri günümüzədək gəlib çatmışdır. Bu şeirləri ilk dəfə 1893-cü ildə məşhur şərqşünas R.Q.İqnatev Sankt Peterburqda çap etdirdiyi bir məqaləsində vermişdir. R.Q.İqnatevin yazdığına görə şeirlər 1868-ci ildə ruscaya çevrilmişdir.
Qıpçaq türkləri arasında geniş yayılmış yır, jir janrında yazılmış sujetli şeirlər sonrakı yüzilliyin sesenlərinə də təsir etmişdir. Şair döyüşçü Uralı öyən şeirində yazır:
Doğulub böyüdüyüm elimdə,
Taleyim məni uzağa atsa,
Sizsiz darıxıb öləcəyəm.
Yuxumda həmişə sizi görəcəyəm,
Mənim doğulduğum çöllərim,
Bal kimi dadlı sularım,
Ovalarım, meşələrim,
Sevdiyim gözəl Uralım!
Şair Salavat Yulayevi də çar hökuməti Yemilyan Puqaçovun başçılıq etdiyi kəndli üsyanını yatırmaq üçün səfərbərliyə alır. 20 yaşını yenicə tamamlamış gənc Salavat görür ki, üsyançılar haqlıdır. Onlar, zülmə, haqsızlığa, qanunsuzluğa qarşı çıxmışlar. Özü kimi məcburi səfərbərliyə alınmış başqırd, tatar, qazaq gəncləri ilə birlikdə üsyancıların tərəfinə keçir.
Salavat sadəcə sıravi bir üsyançı kimi qalmır, az vaxtda ətrafına özü kimi cəsur döyüşçüləri toplaya bilir. Beləcə sadə bir kəndli oğlu peşəkar Rus hərbçilərinin canına vəlvələ salan cəsur bir sərkərdəyə çevrilir.
MÜZİK : GEÇİŞ
SES : Salavat Yulayev kəndli üsyanına bir təsadüf nəticəsində qoşulmur. Onu bu mübarizəyə hazırlayan bir mühit vardı. Bölgədə yaşayan müsəlman xalqları Rusiyanın idarəçilik formasını qəbul etmirdilər. Xüsusən təhkimçilik hüququ müsəlmanlar üçün qəbuledilməz və ölümə bərabər idi. Ona görə də müsəlmanların yalnız yoxsul kəndliləri deyil, qeyrətli bəy-xanları, mirzələri də üsyançılara qoşularaq çar üsuli-idarəsinə qarşı qalxdıqlarından də bu qüvvə hökumət üçün daha təhlükəli sayılır.
1774-cü il noyabrın 25-də Salavat Yulayevin rəhbərlik etdiyi üsyançılar dəstəsi Yemilyan Puqaçovun dəstələrilə birləşir. Onların birlikdə ilk uğurlu əməliyyatı 28-29 noyabrda olur. Üsyançılar Orenburqun 150 versliyindəki İlinsk qalasını tutur və çar ordusunu tərkslah edirlər. Beləliklə Moskvadan Sibirə gedən yol üsyançıların əlinə keçmiş olur.
1774-cü ilin yanvarında Salavat Yulayevin üsyançılar dəstəsi Perim qəzasının Kunqura yürüş edirlər. Apreldə Perimdən başqırdıstana dönən Salavat Yulayev mayın 6, 8, 17 və 31-də polkovnik İ.İ.Mexolsonun yenidən təşkil edilmiş və güclü silahlandırılmış ordusu ilə üzbəüz döyüşə atılır. 3, 5 iyunda Ay çayı sahilindəki döyüşüdə Salavat Yulayevin dəstələri qələbə qazanır. Üsyançılar Kazana doğru irəliləyərək Moskvaya gedən yolu açmağa çalışırlar.
Son dövrlərdə tarixçilər Salavat Yulayevlə Yemilyan Puqaçov arasındakı ziddiyətə diqqəti artırmışlar. Arxivlərdən alınaraq çap olunan sənədlərdən aydın olur ki, Salavat Yulayev bir müsəlman kimi şəsxi mülkiyətin toxunulmaz sayıb, məğlub tərəfin özünün və ailəsini alçaldılmasının əleyhinə olub. Üsyançıların mülkədarların mülklərini yandırmasına, malının talan edilməsinə etirazını bildirib.
Yemilyan Puqaçov da Salavat Yulayevin tatar və başqırd mülkədarlarına qarşı sərt mövqe tutmamasından narazı qalıb.
Bu kimi fikir ayrılıqları üsyanın gücünü getdikcə zəiflədib. Puqaçov üsyanı yatırıldıqdan sonra da Salavat Yulayev mübarizəni davam etdirib. 1774-cü ilin noyabrın 24-də əsir alınan qəhramanı Ufaya, oradan da Moskvaya aparırlar. Moskvada ona sifarişli məhkəmə təşkil edirlər. Məhkəmə Salavat Yulayevi damğaladaraq ömürlük həbs cəzasına məhkum edir. Onu indiki Estoniya Respublikasının Paldinski şəhərindəki həbsxanaya göndərirlər. Verilən işgəncələr, ağır həbsxana şəraiti qürurlu və igid qəhramanın ömrünü kəsir. 1880-ci ilin oktyabrın 8-də 48 yaşında dünyasını dəyişir.
Rusiyaya qarşı savaşmasına baxmayaraq A.S.Puşkin, P.P.Bajov və b. neçə-neçə rus ədibi, eləcə də başqırd, tatar, çuvaş, qazax, mari yazıçısı Salavat Yulayevə bədii əsərlər həsr edirlər. Qəhramanın haqqında opera yazılmış, film çəkilmiş, Ufada əzəmətli heykəli qoyulmuşdur.
SİNYAL : BAND
Mətni yazdı Əli Şamil (Əli Hüseyin oğlu Şamilov).
.
|