ƏLİMƏRDAN BƏY TOPÇUBAŞOV
Türk Dünyasının Məşhurları-08
Azərbaycanın görkəmli siyasi xadimi, diplomat və hüquqşünası Əlimərdan bəy Topçubaşovun ömür yolu və yaradıcılığı… Әli Şamil
Göndərmə 11.03.2011 10:24:28 UTC
Güncəlləmə 11.03.2011 10:24:28 UTC
www.trtazerbaycan.com
http://www.trt.net.tr/trtworld/az/newsDetail.aspx?HaberKodu=c0f64880-d389-47be-9951-22ae6e498626
Əlimərdan bəy Ələkbər oğlu Topçubaşov 1865-ci ildə Tiflis şəhərində qulluqçu ailəsində dünyaya gəlmişdir. Birinci Tiflis gimnaziyasını bitirib 1884-cü ildə Peterburq Universitetinin Tarix-filologiya fakültəsinə daxil olsa da, oradakı təhsilini başa vurmur. Çünki ixtisasını dəyişmək qərarına gəlir və istədiyinə də nail olur. Topçubaşov həmin universitetin hüquq fakültəsinə daxil olur.
1888-ci ildə unversiteti bitirdikdə fakültənin elmi şurası Əlimərdan bəyi mülki hüquq ixtisası uzrə mütəxəssis kimi ali məktəbdə saxlamaq haqda qərar qəbul etmişdir. Bu gələcəkdə Əlmərdan bəy Topçubaşovun unversitetin pofessoru olması demək idi. Lakin 1889-cu ildə çar ölkə əhalisinin müsəlman qisminin hüququnu tapdalayan bir qanun verir: Rusiyanın ali məktəblərində xristian olmayanlara elmi ad verilməsin!
Əlimərdan bəy Topçubaşov bu qanunun qəbulundan sonra ali məktəbdə işləməyi mənasız hesab edərək tutduğu vəzifədən istefa verir. Bu haqsızlıq gənc Əlimərdan bəyin qəlbində çar Rusiyasına qarşı narazılıq duyğularını getdikcə şiddətləndirir.
Vətəninə dönən Əlimərdan bəy bir müddət məhkəmələrdə vəkil işləməklə yanaşı, Tiflis Geodeziya Məktəbində hüquqşünaslıqdan dərs deməyə də başlayır. Neft sənayesinin inkişafı kiçik əyalət şəhəri olan Bakının sürətlə böyüməsinə və dünyanın inkişaf etmiş ölkələrinin diqqət mərkəzinə çevrilməsinə səbəb olur. Əlimərdan bəy Topçubaşov da 1896-cı ildə Bakıya köçür. O, burada vəkil kimi fəaliyyətə başlayır. Dərin biliyi, məntiqli çıxışları ilə hakimləri heyrətləndirir və bir çox dolaşıq işləri müdafiəsində durduğu tərəfin xeyrinə həll etdirə bilir.
Bütün bunlar gənc vəkilə uğur qazandırır. Ona nüfuzlu iş adamları, sahibkarlar deyil, sadə insanlar da hörmət və ehtiramla yanaşırlar.
Əlimərdan bəy Topçubaşov uzaqgörən bir vətənsevər olduğundan yaxşı başa düşür ki, yalnız vəkilliklə xalqını cəhalətdən ayıldıb azadlıq mübarizəsinə aparmaq olmaz. Bunun üçün geniş maarifçilk işi görülməlidir. Bunu da o dövrdə görə biləcək əsas vasitə qəzetlər idi. 1897-ci ildən neft milyonçusu Hacı Zeynalabdın Tağıyevin maaliyə yardımı ilə rus dilində “Kaspi” qəzeti nəşrə başlayır. Topçubaşov qəzetin qurucularından və redaktorlarından biri olur. O, bu qəzetdə yüzlərlə ictimai-siyasi məqalə çap etdirir.
Əlimərdan bəy yaxşı başa düşürdü ki, yalnız onun xalqı ayrı-seçkiliyə məruz qalmır. Rusiya imperiyasında yaşayan müsəlmanların hamısı ikiqat təzyiqlə üzləşməkdədir. Odur ki, əsarət altında olan tatarların, başqırdların, özbəklərin, qazaxların, türkmənlərin öncüllərilə sıx əlaqə qurmağa çalışır. Kırımda yaşayan və “Tərcüman” qəzetini nəşr edən, “Dildə, fikirdə və işdə birlik!” şüarını irəli sürərək türk-müsəlman xalqlarının birliyinə nail olmaq istəyən İsmayıl bəy Qaspıralı ilə sıx əməkdaşlıq edir.
1905-07-ci illərdə Rusiyanı bürümüş qarışıqlıq Əlimərdan bəy Topçubaşovun ictimai-siyasi məsələlərə daha çox diqqət ayırmasına səbəb olur. O, mitinqlərdə çıxış edərək çar hökumətinin yeritdiyi siyasəti tənqid edir, qanunların düzgün yazılmadığını, dolaşıqlığını və oradakı məntiqsiziyi göstərir, iclaslarda dövlət idarəetmə sisteminin dəyişməsinin vacibliyini vurğulayır. Onun fikirləri sadə əmək adamlarının da, ziyalıların da, sahibkarların da ürəyindən xəbər verir. Əlimərdan bəy Topçubaşov hüquqşünas olduğundan və vəkillik təcrübəsinə dayanaraq zəhmətleşlərin mənafeyini müdafiə edən etiraz məktubları yazaraq çar hökumətinə göndərir.
Vətən və millət üçün canı-dildən çalışdığına görə onu Bakı Dumasının üzvü, sonra isə sədri seçirlər. Xalqın etirazının getdikcə artdmasından qorxuya düşən çar II Nikolay 1905-ci ilin sentyabrında Bakı fəhlələrinin neft sənayeçiləri ilə məsələləri müzakirə yoluyla həll etməsinə icazə verir. Bu hökumətin nümayişçilər qaşısında geri çəkilməsinin ilk addımı idi. Toplantıya qatılacaq nümayəndələr sırasında Ə.Topçubaşov da olur. Sankt-Peterburqda sentyabrın 30-da başlayan toplantıda Ə.Topçubaşov Bakı fəhlələrinin acınacaqlı vəziyyəti haqqında məruzə edir.
Topçubaşov təkcə Azərbaycanlıların hüquqlarını müdafiə etmirdi. O, Rusiyada yaşayan müsəlmanların hüquqlarının qorunması üçün “İttifaqi müslümün” təşkilatının yaradılmasına da nail olur. Yeni yaranmış təşkilatın Nijni-Novqorodda və Sankt-Peterburqda keçirilmiş I və IV qurultaylarına sədirlik edir, proqram və nizamnamənin yazılmasında, qətnamələrin hazırlanmasında, xüsusilə, fərqlənir. Qurultay nümayəndələri onu Mərkəsi Komitənin daimi bürosunun üzvü seçirlər.
1906-cı ilin mart-aprel aylarında I Dövlət Dumasına Bakı və Yelizavetpol quberniyalarında Ə.Topçubaşov, Z.Ziyadxanov, M.Əliyev, Ə.Xasməmədov və b. nümayəndələr seçilir. Ə.Topçubaşov Dumada hökumətin aqrar və köçürmə siyasətini tənqid edir, Rusiyadakı azsaylı xalqlara, muxtariyyət verilməsini tələb edir. Deputatların fəaliyyətini əlqaqələndirmək və bir istiqamətə yönəltmək üçün “Müsəlman fraksiyası” yaradılır ki, ona da Ə.Topçubaşov rəhbər seçilir.
Çar hökuməti 72 gündən sonra Dumanı buraxsa da, 200-ə yaxın deputat 1906-cı il iyulun 9-10-da Vıborqda toplantı keçirərək tarixə «Vıborq müraciətnaməsi» kimi daxil olmuş sənədi imzalayırlar. Bu sənədin hazırlanmasında fəal iştirak edən və onu imzalayanlardan biri də Ə.Topçubaşov olmuşdur.
II Nikolay taxtdan əl cəkdikdən az sonra, yəni 1917-ci il martın 5-də Bakıda ictimai təşkilatların Şurası və onun İcraiyyə Komitəsi yaradılır. Ə.Topçubaşov da bu komitəyə seçilir. İyul ayında isə komitənin 33 nəfərdən ibarət yeni heyəti seçilir və bu heyətə Ə.Topçubaşov rəhbərlik edir. 1917-ci il martın 29-da Bakıda Ə.Topçubaşov, M.Rəsulzadə, M.Hacınski, və b. iştirakıyla Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsi yaradılır. Bu təşkilatın rəhbərlərinin gərgin əməyi sayəsində 1917-ci il aprelin 15-20-də Bakıda Ümumqafqaz Müsəlmanlarının qurultayı çağırılır. Qurultay Ə.Topçubaşovun sədrliyi altında keçdi.
Çarizmin devrilməsinin vacibliyini söyləyən Ə.Topçubaşov 1917-ci il avqustun 12-15-də Moskvada Dövlət müşavirəsində də hökuməti demokratik qanunlar qəbul etməyə, təcili və təxirəsalınmaz islahatlar keçirməyə səsləyir.
Bütün bunlar Azərbaycanın müstəqilliyini elan etməsinə gedən yol idi. Bu yolun öndərləri sırasında həmişə Ə. Topcubaşov da olmuşdur.
Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsindən sonra Ə.Topçubaşov F.Xoyskinin 1918-ci ilin iyununda təşkil etdiyi II kabinədə portfelsiz nazir, oktyabrında isə xarici işlər naziri vəzifəsinə təyin edilir. 1918-ci il avqustun 23-də Azərbaycan hökumətinin üzvü Əlimərdan bəy Topçubaşov Osmanlı imperiyası və onun vasitəsilə Avropa ölkələri ilə diplomatik əlaqələr yaratmaq məqsədilə Gəncədən İstanbula yola düşür.
Ə.Topçubaşov 1918-ci ilin oktyabr-noyabr aylarında Osmanlı sultanı, bir neçə nazir və diplomatla görüşmüş, onlara Azərbaycanın siyasi və iqtisadi vəziyyəti haqqında məlumatlar verir və müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparmışdır. Mondros müqaviləsinin Azərbaycana aid hissəsi ilə əlaqədar olaraq Xarici İşlər Nazirliyinə etiraz notası verir. O, göstərirdi ki, müqavilə «Azərbaycanın işğalını asanlaşdırır və bu, ölkəni təhlükə qarşısında qoyur… Azərbaycan Respublikasına məxsus olan dəmiryollarının xarici dövlətə güzəştə gedilməsi beynəlxalq hüquqla bir araya sığmır».
1918-ci il dekabrın 7-də fəaliyyətə başlayan Azərbaycan parlamentinin üzvləri Bakıdan uzaqlarda vətənin mənafeini qorumağa gedən Ə.Topçubaşovu Müstəqil Azərnaycan parlamentinin sədri seçirlər.
Parisə – sülh danışıqlarına Azərbaycan hökuməti təcrübəli hüquqşünas, siyasi xadim və bir-neçə dil bilən Ə.Topçubaşovun rəbərlik etdiyi nümayəndə heyətini yola salır. 1919-cu il aprelin 22-də nümayəndə heyəti İstanbuldan yola düşərək yaradılmış maneələri məharətlə keçib Parisə çatır. Ə.Topçubaşovun rəhbərlik etdiyi heyət 1919-cu il mayın 28-də ABŞ prezidenti V.Vilsonla görüşməyə nail olur.Nümayəndə heyətimiz Paris sülh konfransına təqdim ediləcək 3 maddədən ibarət memorandum təqdim etdi.
1920-ci il yanvarın 15-də Fransa Xarici İşlər Nazirliyinin birinci katibi Jül Kambon Azərbaycan nümayəndələrindən Ə.Topçubaşova Azərbaycanın yanvarın 11-də Ali Şura üzvləri və müttəfiq dövlətlər tərəfindən de-fakto tanındığını bildirdi. Bu, Ə.Topçubaşovun başçılığı ilə Azərbaycan nümayəndələrinin uğurlu diplomatik fəaliyyətinin nəticəsi idi.
Bolşeviklər AXC-ni devirdikdən sonra bir çox ziyalı, alim, siyasi və ictimai xadimlərinə divan tutmuşdur. Ə.Topçubaşov vətənin azadlığı uğrunda mübarizəni mühacirətdə davam etdirir. 1920-1934-cü illərdə Parisdə yaşayır, Azərbaycanın tarixi, coğrafiyası, ədəbiyyatı, AXC-nin yaranması, ədəbi xadimlər haqqında kitab, qəzet və jurnallara məqalələr yazır. Ə.Topçubaşov 1934-cü ilin 5 noyabrında Parisin Sen-Deni rayonunda vəfat etmiş və Müqəddəs Kloud qəbiristanlığında dəfn olunmuşdur.
Ölümündən 55 il sonra böyük vətənsevərin arzuları reallaşdı, Azərbaycan təkrar müstəqilliyinə qovuşdu.
|