Abibulla Odabaşı

Abibulla Odabaşı

Türk Dünyasının Məşhurları-27

Keçməkeşli bir ömür sürmüş, yazıçı, pedaqoq, alim, tərcüməçi və gizli milli təşkilatın fəal üzvlərindən Abibulla Odabaşın ömür yolu və yaradıcılığı...

Göndərmə 7/11/2013 11:54:53 AM UTC

Güncəlləmə 7/11/2013 11:54:53 AM UTC

www.trtazerbaycan.com

http://www.trtazerbaycan.com/trtworld/az/newsDetail.aspx?HaberKodu=cdca2e56-d481-4bd8-a947-ae8f8abf08fe

 

Abibulla Abdureşid oğlu Odabaş 1881-ci il fevralın 11-də Kırımın Yalta qəzasındakı Aluşta rayonu Korbekul kəndində anadan olub. Öncə kəndlərindəki məktəbdə, sonra isə bölgənin başqa məktəblərində oxuyan Abibulla Odabaşın gənclik illəri haqqında qaynaqlarda o qədər də bilgi yoxdur.

1910-cu ildə həc ziyarəti üçün Məkkəyə getməsinə əsaslanıb gəncliyində onun dindar birisi olduğunu yazırlar.

Abibulla Odabaşın həcdən döndükdən sonra İstanbulda qalaraq ictimai-siyasi, ədəbi fəaliyyətlə məşğul olub. Xatirələrdə onun İstanbul Darülfununda oxuduğu deyilsə də, hansı fakültədə oxuduğu, neçənci ildə daxil olduğu, ali təhsilini nə vaxt başa vurduğu haqqında ciddi bir qaynağa rast gəlinmir.

1908-ci il dekabrın 30-da İstanbuldakı kırımlı gənclərin qurduğu “Kırımlı Tələbə Cəmiyyətinə” üzv yazılan Abibulla Odabaş burada Noman Cihan Çələbi, Bəkir Çobanzadə, Cafer Seydamet, Ablakim İlmi və b. tanış olub və dostlaşıb. Onların təsiri ilə 1909-cu ilin sonlarında gizli qurulan “Vətən Cəmiyyəti”nə üzv yazılıb.

Kırımlı gənclərin qurduqları “Vətən Cəmiyyəti”, vərəqlər, kitabçalar çap edərək gizli yolla Kırıma göndərib, Kırımda milli-azadlıq hərəkatını başlaması üçün əllərindən gələni əsirgəmirdilər. Cəmiyyətin üzvləri Noman Cihan Çələbi və Bəkir Çobanzadənin şeirlərini bir kitabça şəklində nəşr etdikləri kimi, 1911-ci ildə Abibulla Odabaşın da “Altın yarik” poemasını da çap edib Kırıma göndəriblər.

Teymurcan, Çayır Tavlı ləqəbləri ilə şeirlər yazan Abibulla Odabaş bundan daha da ilhamlanaraq bədii yaradıcılıqla daha həvəslə məşğul olub. 1913-cü ildə çap olunan “Gənc tatar yazıçıları” toplusunda isə onun “Zavallı tayım”, yəni zavallı yazıq kəhərim şeiri çap olunub. Şeirdə təsvir olunur ki, cins bir nəsildən olan, sağlam və gözəl bir kəhər öküzlər arasında qaldığında öküzləşib.

Abibulla Odabaş bununla müstəmləkə altında qalan xalqların getdikcə milli və mənəvi dəyərlərinin itdiyini oxucuya çatdırmağa, xalqını əsarətdən qurtarma yolları axtarmaya səsləyib.

“Gənc tatar yazıçıları” toplusunda Abibulla Odabaşın İsmayıl bəy Qaspıralıya həsr edilmiş “Ulu babam” şeiri də çap olunub.

Abibulla Odabaşın ömrünün ən coşğun, çılğın illərində, yəni 29-36 yaşlarında İstanbulda yaşasa da, onun ədəbi fəaliyyətindən başqa elmi, siyasi fəaliyyəti haqqında geniş bilgi yoxdur.

1917-ci ilin əvvəllərində vətənə dönən Abibulla Odabaş ictimai-siyasi, ədəbi-bədii yaradıcılıqla ciddi məşğul olub. 1917-ci il mayın 1-də Moskvada açılan Ümumrusiya Müsəlmanların Qurultayında Kırımdan gəlmiş 25 nümayəndə sırasında Cafer Seydamet, Asan Səbri Ayvazov, Abdulla Ozanbaşlı, İsmayıl Lemanov, Useyin Bodanski, Mustafa Murza Kipçakski, Adil Murza Karamanov, Xəlil Çapçaxçı, Seyid Cəmil Xattatov və b. yanaşı Abibulla Odabaş da olub.

Vətənə döndükdən sonra ictimai-siyasi işlərlə yanaşı, ana dilinin təmizliyi, ədəbi dilin formalaşması məsələlərinə də diqqəti artırıb. Onun “Millət” qəzetində 1918-ci il avqustun 23-də cap olunan “Hansı dil” məqaləsi böyük müzakirəyə səbəb olub.

Kırımın azadlığı uğrunda mübarizənin öndərlərindən olan Abibulla Odabaşını 1917-ci il noyabrın 26-da açılan I Milli Qurultaya nümayəndə seçiblər. Milli Firqənin işində fəal iştirak edən general Vrangel “Millət” qəzetini bağladıb mətbəəsini müsadirə edəndə “Yaşıl ada” adlı ədəbi bədii jurnalın nəşrinə başlayıb. Proqramında “Yaşıl ada”nın ədəbi-bədii jurnal olacağı yazılsa da, əslində bu Milli Firqənin orqanı idi. Ona görə də bolşeviklər Kırımı işğal edəndə jurnalın nəşrini də dayandırıblar.

Bolşevik işğalı Kırımın savaşlardan dağılmış təsərrüfatını daha da ağırlaşdırıb. Sanki fəlakət fəlakətin dalınca gəlib. Zəlzələ də bölgədə insanların ölümü ilə yanaşı, yaşayış evlərinin, inzibati binaların dağılmasına səbəb olub. 1921-ci ilin dəhşətli aclığı onminlərlə insanın ölümünə və Kırımdan köçməsinə səbəb olub.

İnsanların böyük əksəriyyəti yalnız sağ qala bilmək uğrunda mübarizə apardıqları bir vaxt Abibulla Odabaş “Bilgi” jurnalını nəşr etməyə başlayıb. Jurnalda Amdi Geraybayın “Doğma dilim” şeirini çap etməsi böyük səs-küyə səbəb olub.

1921-ci ildən yeni yaradılmış Kırım Muxtar Sovet Sosialist Respublikasının Maarif Komissarlığında işləyən və Totayköy Müəllimlər Texnikumunda dərs deməklə yanaşı, ciddi elmi və bədi yaradıcılıqla məşğul olub. 1923-cü ildə onun “Çatır Tavlı” imzasıyla “Unutmayacağıq” hekayəsi kitab kimi çap olunub. 1921-ci il aclığına həsr olunmuş hekayə maraqla oxunub.

Pedaqoji fəaliyyətindəki uğurlarına və elmi axtarışlarına görə onu Kırım Pedaqoji İnstitutuna müəllim işləməyə dəvət ediblər. İnstitutda işlədiyi zaman dərs vəsaiti çatışmadığını görüb Umar Adjı Asen ilə birlikdə 1923-cü ildə “Türk tatar dili”, 1924-cü ildə “Oxu kitabı” dərsliklərini çap etdirib.

Azərbaycandan Səmədağa Ağamalıoğlunun başçılığı ilə Kırıma gələn Yeni Əlifba Komitəsinin işçiləri Vəli Xuluflu, Xalid Səid Xocayev və məşhur “Molla Nəsrəddin” jurnalının redaktoru Cəlil Məmmədquluzadəni qarşılayanlar və müzakirələri təşkil edənlər sırasında Abibulla Odabaş da olub. Bu müzakirələrdə latın qrafikası əsasında türk xalqları üçün yeni əlifbanın yaradılması haqqında razılığa gəlinib.

1925-1926-cı illərdə ardıcıl “Okuv işləri” jurnalına elmi pedaqoji məqalələr yazan Abibulla Odabaşlı həm də qoşa müəlliflə “Kırımtatar dilini öyrədək”, “Kırımtatar uşaq nəğmələri” kitablarını çap etdirib.

Kırım Pedaqoji İnstitutunun Kırım tatar dili və ədəbiyyatı fakültəsində dosent seçilən Abibulla Odabaşlını 1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultayda da iştirak edib. Onun qurultayda etdiyi “Türk dillərinin terminləri” məruzəsi böyük müzakirəyə səbəb olub.

1924, 1927, 1929, 1934-cü ildə Akmescitdə keçirilən Ümumkırım dil və əlifba konfranslarının təşkilatçılarından olan Abibulla Odabaş Sovetlərin yeritdiyi milli siyasətlə heç cür razılaşa bilməyib. O, görüb ki, sözdə xalqların bərabərliyindən söz açılsa da, əməldə çarizmin yeritdiyi velikorus şovinizmi davam edir. Beynəlmiləlçilik adı altında hər addımda xalqların mill-mənəvi dəyərləri aradan qaldırılmağa çalışılıb.

İnsanlara zorla şapka geydirilməsi, çadranın atdırılması, məscidlərin bağlanması və s. məsələlər hər yerdə olduğu kimi Kırımda da ziyalıları daha fəal müqavimət göstərməyə məcbur edir. Gizli fəaliyyətə keçmiş Milli Firqənin üzvləri Sovetlərin antiinsani qərarlarına əngəl olmağa çalışırlar.

Onların fəaliyyətini diqqətlə izləyən Sovet xüsusu xidmət orqanlarının əməkdaşları, yəni o dönəm Dövlət Siyasi İdarəsi adlı təşkilat 1928-ci il oktyabrın 26-da Milli Firqənin fəallarını həbs edib. Uzun və işgəncəli istintaqdan sonra Cəlal Meinova, Amdi Geraybay, Yakub Kemal, Ablakim İlmi, Abibulla Odabaşlı və başqalarına ölüm hökmü oxunub. Moskvadakı “Buturka” həbsxanasında 1931-ci il yanvarın 13-ə kimi güllələnəcəyini gözləyən Abibulla Odabaşlıya 10 il həbs cəzası verilərək Arxangelsk vilayətindəki Belomor kanalın tikintisində işləməyə göndərilib. Ondan son xəbərin 1934-cü ildə gəldiyini yazırlar.

Abibulla Odabaşının adının çəkilməsi, əsərlərinin çapı 1991-ci ilədək qadağan olunsa da, xalq vətənsevər oğlunu ən çətin günlərində belə, sürgündə olarkən də unutmur, onun kitablarını qoruyaraq oxuyur. Bu onu göstərir ki, zülm və zorla insanların xeyirxah əməllərini yaddaşlardan silmək olmaz.

 

Mətni yazdı Əli Şamil (Şamilov Əli Hüseyn oğlu)

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol