Xəstə Hasan
Türk Dünyasının Məşhurları-50
Dilimizin yaşamasında və yayılmasında, bədii ifadə vasitəsilə zənginləşməsində böyük xidməti olan aşıqlarımızdan biri, Axıska türklərindən olan Xəstə Hasan...Əli Şamil
Göndərmə 02.02.2012 12:34:23 UTC
Güncəlləmə 02.02.2012 12:34:23 UTC
www.trtazerbaycan.com
http://www.trt.net.tr/trtworld/az/newsdetail.aspx?haberkodu=5ef48753-c1f4-425f-b041-d32434a109af
Aşıq yalnız saz çalıb, şeir deyən, məclislərdə yola salmaqla ailəsini dolandıran birisi deyil. Aşıq həm də geniş xalq kütlələrini maarifləndirən, dinimizi təbliğ edən, insanların dünyagörüşünü formalaşdıran, toplumun yaşam qaydalarını təbliğ edəndir. Digər tərəfdən bilməliyik ki, bugünkü aşıqlar, mifoloji çağlardan üzübəri xalqımıza xidmət etmiş ozanların, qamların davamçılarıdır. Bütün bunları Xəstə Hasanın yaradıcılığının timsalında aydın görə bilirik.
Xəstə Hasan haqqında yazılı qaynaqlarda çox az bilgi var. Onun ömür yolunu, yaşamını, dünyagörüşünü ağızdan-ağıza keçərək günümüzədək gəlib çatan şeirlərindən, haqqında dolaşan rəvayətlərdən və nəslindən olanların yaddaşında qalanlardan müəyyənləşdiririk.
Aşığın “Yüzdə bir” divanisinin son bəndində deyilir:
Sənə min iki yüz on səkkiz, yoxdur tarixin sayam.
Çox aşıxlar gəldi, getdi, Xəstə Hasan yüzdə bir.
Buradakı hicri tarixi ilə verilmiş rəqəmi bəzi aşıqlar min iki yüz qırx da oxuyurlar. Fərqli variantları olsa da məlum olur ki, hicri 1200-cü ildən sonra da aşıq sağ imiş.
Xəstə Hasan „Qədərim mənim“qoşmasının möhürbəndində isə deyir:
Xəstə Hasan, qəmli-qəmli söylərəm,
Qara xançal vurub bağrım teylərəm.
Səksən üçdə ömür tamam eylərəm,
Oxunmaz tarixi qədərim mənim.
Buradan da anlaşılır ki, aşıq 83 ildən çox ömür sürüb. Bu və buna bənzər faktları gözdən keçirən araşdırıcılar Xəstə Hasanın 18-ci yüzilin sonları və 19 yüzilin əvvəllərində yaşadığını yazırlar.
Aşığın doğulduğu kəndin Levis, Dırqına, Xavet olduğunu yazırlar. Bu kəndlər də Axıska bölgəsinin qonşu kəndləridir və indiki Gürcüstan Respublikasının Əsbincə rayonuna daxildir.
Xəstə Hasan qoşmalarının birində nəsli, atası haqqında belə deyir:
Naxış vurub bəzətsinnər xanamı,
Çifdər oğlum qoy şennətsin binamı,
Xəbər alan olsa doğma atamı,
Ovannı İsgəndər pədərim mənim.
Şeirdən aydı olur ki, Hasanın atası Ovannı İskəndərmiş. Həsən fitri istedadı sayəsində saz-söz ustadı kimi məşhurlaşmış və şöhrəti yaşadığı bölgədən çox-çox uzaqlara yayılmışdı.
Xəstə Hasanın haqqında yaradılmış dastanlarda və ömür yolundan bəhs edən rəvayətlərdə ona çox gənc yaşlarında, yəni Xavetdə dana otararkən pirlər tərəfindən badə içirildiyi deyilir. Aşıq isə “Qədərim mənim” qoşmasında deyir:
Ay ağalar, sınıx könül alandım,
On səkkizdə eşq oduna qalandım,
Haqqın hikmətiylə səhra dolandım,
Olmadı heç şeydən kədərim mənim.
Buradan da aydın görünür ki, Xəstə Hasan on səkkiz yaşından yazıb-yaratmağa başlayıbdır.
Kamil ustadlara şagirdlik edərək püxtələşən, öz üzərində çalışan aşıq az bir müddətdə bölgənin ən istedadlı lirik, didaktik, fəlsəfi şeirlər müəllifi kimi tanınır. İslam dininin qayda-qanunlarını gözəl bilən, islami dəyərlərə böyük önəm verən aşıq lirik şeirlərində bəzən çox açıq-saçıqlığa yol versə də sözün qüdrətilə olduqca gözəl lövhələr yarada bilir.
Belə ki, aşıq bağdan gələn gözələ
Sallanıban bağdan gələn, ey maralım, bir su ver.
Malım-mülküm sənin olsun, küllü varım, bir su ver.-deyə müraciət edir və özünü qarşısındakına belə tanıdır:
Xəstə Hasan gəldi deyə çağırarlar adımı.
Eşq ucundan yandı cismim, eşidin fəryadımı.
Neyləyirəm dünya malın, almadım muradımı.
Qaşı hilal, abı zülal, ləbi ballım, bir su ver.
Xəstə Hasanın dilində söz sanki bal kimi əriyir. O hətta mənfi çalarlı sözləri də şirinləşdirə, gözəlləşdirə bilir. Bununla da maraqlı bir təzad yaradır. Bu təzadı aşığın “Əyri” müxəmməsində daha aydın görmək olur. Xəstə Hasan deyir:
Bu gün mən bir pəri gördüm: yerir, yürür, gəzir əyri.
Tut yükünü, al bacını, qurma mənnən bazar əyri.
Ovçusan ovun gözlə, qoymaginan təzər əyri.
O səvəfdən yaş gözümdə durmaz: gələr, axar əyri.
Sənəm əyri, sonam əyri, cəhənnəmdə yanam əyri.
Bağlamalarında islam dinini dərindən bildiyini nümaiş etdirən, dinimizə böyük hörmət və məhəbbətlə yanaşan aşıq sənəmi, sonası yolunda Cəhənnəmdə yanmağa belə hazırdır.
Xəstə Hasan çox keşməkeşli və qarışıq bir dövürdə yaşamışdır. Rus orduları aşığın vətənini işğal etdiyi azmış kimi, bölgədə nüfüzunu möhkəmlətmək üçün Osmanlı dövlətində yaşayan ermənilərin bir qismini oraya köçürmüşdür. Müsəlmanların evlərinin, torpaqlarının, mal-qaralarının da bir hissəsini alaraq gəlmə ermənilərə vermişlər ki, onlar qayıdıb geri qaçmasınlar. Hətta ermənilər uzun müddət vergilərdən azad edilmişdilər. Bütün bu ayrıseçkiliklər nəinki müsəlmanları, xristian gürcüləri, hətta azsaylı yerli erməniləri də narazı salmışdır.
Xəstə Hasanın şeirlərindən aydın olur ki, onun Dırqınanda olan biçənək sahəsi də əlindən alınaraq Vartana verilmişdir.
Gəlmə erməniləri belə imtiyazlı yerləşdirilməsi tarazlığı pozmuş, müsəlmanların həyat şəraitini çətinləşdirmişdir. Bunu aşığın kəndliləri ilə birlikdə qarğıdalı və ya zəyrək almaq üçün aran kəndlərinə getməsi və orada Aşıq Poladla deyişməsi haqqında rəvayətdən aydın görmək olur.
Zəmanədəki haqsızlıqları, qanunsuzluqları şeirlərində tənqid etməyi də unutmayan Xəstə Hasanın özündən əvvəl yaşamış və çağdaşı olmuş aşıqlara verdiyi qiymət də olduqca diqqətçəkəndir. O, kiçik bir şeirdə dolğun bir salnamə yarada bilmişdir. Aşıq “Yüzdə bir” divanisində deyir:
Abu çeşme göllərində sona da bir, qaz da bir.
Süsən- sünbül, mor mənəvşə, bülbül ötər yazda bir.
Vaqif dərddən xəbərdardı gövhərin qiyməti yox.
Qul Qaranı, Qara Zülal, Aşıq Ömər sözdə bir.
Qurbanı haqq aşığıdır - daima xamnan sökər,
Dəstinə alıb qələmi, xətdinə bir xət çəkər.
Çöllü İsmayıl tacıdı cannan qəsəvvət tökər.
Kərəm ki, yandı ataşa, odda birdi, köz də bir.
Molla Xəlis dəlalətdə içdi eşqin badasın.
Küfdadiya pay verildi onnan da ziyadasın.
Urfanı dərya-ümmandı, keçmək olmaz adasın.
Aşıq Seyfi, Usta Polat, Dəli Tamu sazda bir.
İçmədim eşqin badasın, həm oxuyam, həm yazam.
Böylə getməz bu ürüzgar, həlbət gələr bir ayam.
Sənə min iki yüz on səkkiz, yoxdur tarixin sayam.
Çox aşıxlar gəldi, getdi, Xəstə Hasan yüzdə bir.
Divanidə adı çəkilən Vaqif, Aşıq Ömər, Qurbanı, Kərəm haqqında nisbətən geniş bilgi vardısa da Ürfani, Küfdadi, Qul Qaranı, Qara Zülal, Çöllü İsmayıl, Aşıq Seyfi, Usta Polat, Dəli Tamu, Molla Xəlis haqqında araştırmalar yox dərəcəsində idi. Xəstə Hasanın ömür yolunu və onun yaradıcılığını araşdıranlara „Yüzdə bir“ divanisi sanki bir ipucu verdi. 18-19-cu yüzillərdə yaşamış neçə istedadlı aşığımızın ömür yolu öyrənildi, şeirləri toplandı.
20 yüz ildə də Xəstə Hasanın yaşadığı bölgənin üzərindən qara buludlar çəkilməmişdi. Birinci Dünya Savaşında Rus orduları burada yerləşdirilmiş və buradan keçərək Osmanlı torpaqlarını işğal etmişdir. Bölgədə yaşayan türklər bu işğala qarşı olduğundan Ruslar onları surgünlərə göndərmiş, həbsxanalara atmışdır. Bütün bu təqib və təzyiqlərə baxmayaraq əhalinin əksəriyyəti soydaşları olan Osmanlı əsgərlərinin tərəfini saxlamışdır.
II Nikolay taxdan endirildikdən sonra, yəni Rusya imperiyası dağıldıqda Axıskalılar da öz müstəqil dövlətlərini qurmağa çalışmışlar. Tanınmış ictimai-siyasi xadim, jurnalist və yazıçı Ömər Faiq Nemanzadənin rəhbərliyi ilə 1918-ci ildə Axıska Höküməti Müvəqqətiyəsi qurulmuşdu. 1919-cu ilin yanvarın 17-18 keçirilən toplantıda isə Axıska Höküməti müvəqqətiyəsi, Kars İslam Şurası, Araz Türk Respublikası və Batumda qurulmuş yeni hökümətlər birləşərək Cənubi-Qərbi Qafqaz Höküməti Müvəqqəti Milliyəsini yaratmışdır. Ordubaddan Qara dənizədək uzanan yeni cümhuriyyət, İngilislərin və onun müttəfiqlərinin əlilə həmin ilin aprelin 12-də dağıdılmışdır. Yüzlərlə insan yerindən yurdundan məhrum olmuşdur.
Bölgəni bolşeviklərin işğalı ilə orada yaşayan türklərin kütləvi həbs və sürgünləri ilə nəticələnmişdir. İkinci Dünya Savaşında, 1944-cü ilin noyabrında isə Axıska, Axırkələk bölgəsində yaşayan türklər elliklər Qazaxıstana və Sibirə sürgün edilmişlər. Xalqına tutulan bu divanlar azmış kimi kimlərin əliləsə Xəstə Hasan kimi böyük sənətkarı ədəbi oğruluqda suçlamaqla yaradıcılığı üzərinə kölgə salmışlar.
Çətinliklərə, təqib və təziqlərə, qadağalara baxmayaraq xalq Xəstə Hasanı unutmamış, onun şeirlərini yaddaşlarında yaşatmışdır. 1980-ci illərdən sonra isə araşdırıcılar sənətkarı laiq olduğu məqama müksəltməyə çalışmışlar.
Bu iştə araştırıcı Valeh Hacıların xidməti böyük olmuşdur. O Xəstə Hasan haqqında məqalələr yazmaqla kifayətlənməmiş, şeirlərini bir yerə toplayaraq kitab çap etdirmişdir.
Axıska türklərinin vətənə dönməsini sürətləndirmək üçün Xəstə Hasan və çağdaşı olan sənətkarların, eləcə də bölgənin elm və mədəniyyət xadimlərinin öyrənilib təbliğ olunması olduqca vacibdir.
|