İsmail Semenov

İsmail Semenov

Türk Dünyasının Məşhurları-16

Qaraçay-malkar xalqının sevimli şair oğlu və TÜRKSOY təşkilatının 2011-ci ildə anadan olmasının 120 illiyini təntənə ilə qeyd etdiyi İsmail Semenovun ömür yolu və yaradıcılığı...

Göndərmə 9/24/2012 10:08:43 AM UTC

Güncəlləmə 9/24/2012 10:08:43 AM UTC

www.trtazerbaycan.com

http://www.trtrussian.com/trtworld/az/newsDetail.aspx?HaberKodu=89320ed1-42eb-4516-9848-6393e1d97956

Onun adı və soyadı qaynaqlarda İsmail Unux ulu Semenlanı, İsmail Unuxoviç Semenov, İsmail Unux oğlu Semenlanı kimi yazılır. İsmail 1891-ci ildə çar Rusiyasının işğal etdiyi Quzey Qafqazda yaratdığı Kuban qu¬berniyasının Uçkulan kəndində doğulmuşdu. Olduqca mömin və dindar, həm də duz-çörəkli, xeyirsevər, kasıb-kusuba əl tutan, darda qalanlara yardım edən bir nəsildən olan ailədə dünyaya göz açan İsmail körpə ikən atasını itirmişdi.

İsmailin atası da, babası da həcc ziyarətinə gedərkən müqəddəs torpaqda dünyalarını dəyişmişdi. O, yetim qalmasına baxmayaraq kəndlərindəki ibtidai məktəbdə, sonra da mədrəsədə oxumuş, türk, ərəb, fars dillərini öyrənmiş, islam elmlərinə yiyələnmişdi.

XX yüzilin başlarında Rusiyada baş verən qarışıqlıq, Rus-Yapon Savaşında Rusiyanın uduzması, ölkəni hərcmərcliyin bürüməsi İsmailin təhsilini davam etdirmək üçün Şərqin məşhur mədrəsələrində oxumağa getməsini əngəlləmişdi. O, klassik şeir formalarını gözəl bilsə də, daha çox xalq ozanlarına meyl göstərmişdi. Yeniyetməliyindən xalq arasında ağızdan-ağıza gəzən, müəllifi bilinən və bilinməyən yüzlərlə cırı – xalq şeirini əzbərləmişdi.

Özü də cırlar söyləyən və söylədiyi cırları xalq arasında dolaşan el şairi həm də yeniyetmələrin təhsili və tərbiyəsi ilə məşğul olmuşdu. Onlara Quran oxumağı, islamın qaydalarını öyrətmişdi.

Onun gənclik illərində kommunizm ideologiyası dünyada sürətlə yayılsa da, İsmail oradakı bir çox müddəaları bəyənmiş, lakin bu ideologiyanı yayanlarla eyni təşkilatlarda olmamışdı. Çünki islamın başqasının malına və mülkünə göz tikməmək, bir şeyə nail olmaq istəyirsənsə ona halallıqla nail olmaq prinsipi İsmail üçün daha önəmli olmuşdu. O, kommunistlərin varlıların malını-mülkünü zorla əlindən almaq prinsipilə heç cür barışmamışdı.

Gəncliyində xalq şeir¬inin müxtəlif ölçülərində poetik nümunələr yaradan İsmail Semenov təbiət mənzərələrini mahir bir rəssam kimi canlandırmış, qaraçay-malkarların adət-ənənəsini ilhamla oxucusuna və dinləyicisinə çatdırmışdı.

Şeirlərində xalqına bu qədər ürəkdən bağlı olan şair siyasi məsələlərdə burulğan içərisində olmuşdu. 1917-ci ilin fevralında çar II Hikolay taxtdan uzaqlaşdırılıb Müvəqqəti Hökümət qurulduqda Quzey Qafqazın və Dağıstanın vətənsevər oğulları xalqlarına azadlıq bəxş etmək, demokratik dövlət qurmaq istəyi ilə vətənlərinə dönmüşlər.

Bakı milyonçuları H.Z.Tağıyevin, M.Muxtarovun və Ş.Əsədullayevin maliyə yardımı ilə 1917-il mayın 14-21-də Vladiqafqaz şəhərinə toplaşmış 340 nümayəndə Dağlıların Birləşmiş Müvəqqəti Mərkəzi Komitəsini Quzey Qafqaz və Dağıstan Dağlıları İttifaqı kimi formalaşdımışlar. Dörd ay sonra isə, sentyabrda keçirilən növbəti qurultayda Abxaziyanın da İttifaqa qoşulması nəticəsində qurum Quzey Qafqaz, Dağıstan və Abxaziya İttifaqı yaradıldığını elan etmişlər.

Millətin taleyüklü məsələləri həll olunduğu bir zamanda İsmail Semenov bu işlərdə fəal iştirak etməmişdi. O, inana bilmirdi ki, heç bir dövlətçilik təcrübəsi olmayan, maddi dayaqdan məhrum həmyerliləri yeni bir dövlət qurub onu idarə edə bilərlər. O, dindar bir ailədə böyüdüyü üçün islamın xəlifəsi olan Osmanlı soltanlarına meyillənirdi. Gah Osmanlı ordularının gəlişini arzulayır, gah da çar II Nikolayın yenidən taxtına qayıdacağını, islahatlar keçirərək ölkəni ədalətlə idarə edəcəyini düşünürdü.

Birinci Dünya Savaşında Osmanlı dövlətinin məğlubiyyətə uğraması İsmail Semenovu çar Rusiyasına meyilləndirirdi. Bolşeviklərin, bərabərlik, sülh, Rusiya əsarəti altında olan xalqlara azadlıq verəcəkləri vədi də ona olduqca inandırıcı və şirin gəlirdi.

İsmail Semenov belə tərəddüdlü bir günləri yaşadığı zaman onun cəsur həmyerliləri 1918-ci il mayın 11-də Birləşmiş Dağlılar İttifaqının Mərkəzi Komitəsi Gürcüstan, Azərbaycan, Ermənistan cümhuriyyətlərini önləyərək Quzey Qafqaz Dağlıları cümhuriyyətini yaratdıqlarını elan etdilər. Az sonra Azərbaycan Cümhuriyyətinin özü ağır vəziyyətdə olmasına baxmayaraq Quzey Qafqaz Dağlıları Cümhuriyyətinə ilk maddi və mənəvi yardımı göstərdi.

Sevr və Mondoros anlaşmalarının ağır şərtləri Osmanlı əsgəri birliklərinin Quzey Qafqazdan və Dağıstandan geri çəkilməsinə səbəb oldu. Antantadan yardım alan, Rusiyanın Osmanlı cəbhəsindən geri çəkilərkən hərbi sursatın və hərbçilərin böyük bir qismini Ermənistana verməsi gənc dövləti ilk yarandığı gündən işğalçıya çevirmişdi. Onlar yalnız yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin ərzilərini işğal etməklə qalmırdılar, dinc müsəlmanları da qəddarlıqla qırırdılar. Azərbaycan Xalq Cümhuriyyətinin Ermənistanla savaş vəziyyətində olması, Gürcüstanla mübahisəli sərhəd məsələlərini həll edə bilməməsi ona imkan vermirdi ki, Quzey Qafqaz Dağlıları Cümhuriyyətinə lazimi səviyyədə yardım edə bilsin. Avropanın güclü dövlətləri də, Amerika Birləşmiş Ştatları da yeni yaranmış respublikaya maddi və hərbi yardım o yana, heç mənəvi dəstək də vermirdilər.

Yaranmış vəziyyətdən istifadə edən general Denikinin ağqıvardıyaçıları Quzey Qafqaz Dağlıları Cümhuriyyətinin varlığına son qoydu. Lakin onların ömrü də o qədər uzun olmadı. Bakı neftinə sahib olmaq üçün ölüm-dirim savaşına atılan bolşeviklər ağqıvardiyaçıları məğlub edərək Bakıya çatdılar.

Bolşeviklərin milli dillərdə məktəb, qəzet-jurnal açmaq cəhdi, düyaya sülh və ədalət gətirəcəkləri haqqda söylədikləri şirin vədlər İsmail Semenovu da özünə çəkir. Cırlar söyləməklə yanaşı, o dövrün modern şeiri adlanan poeziyaya meyillənir. Hakimiyyət orqanları da onu bu işdə dəstəkləyir. Beləliklə 1920-ci illərdə qaraçay-malkar şeirində fəl¬səfi düşüncəni və poetik sözün zirvəsini xalq şairi, nəğmə¬kar, cırçı İsmail Semenov fəth edir.

Yeni yaranmış Sovetlərin məktəblər açması, hətta evlərdə kurslar açaraq yaşlı kişi və qadınlara əlifba öyrətməklə savadsızlığı aradan qaldırma cəhdi İsmail Semenova nə qədər xoş gəlirdisə, insanların malını, mülkünü zorla əlindən almaları, çadra, papaq əleyhinə apardıqları mübarizə, islam dininə mənfi münasibət, məscidlərin qapadılması cəhdi onu üzürdü. Bütün bunları görsə də, hökumətin siyasətinə qarşı çıxmırdı.

Ona görə də 1937-ci ilin kütləvi həbs və sürgünlərində ona toxunmurlar. Əksinə 1939-cu ildə ermənilərin milli qəhrəmanı Sasunlu Davudun 1000 illiyinə İrevan şəhərində təşkil olunmuş şeir müsabiqəsinə göndərirlər. Müsabiqədə bədahətən dediyi şeirlərə görə onu birinci mükafata layiq görürlər. Sonralar da o bir neçə mükafata layiq görülür.

İkinci Dünya Savaşının başlanması, qaraçay-malkarların minlərlə oğlunu onlara dəxli olmayan döyüşə göndərmələri, sürətlə irəliləyən Alman ordularının məğlübedilməz sayılan Qızıl Ordunu geri çəkilməyə məcbur etməsi, almanların qaraçay bölgəsini işğalı İsmail Semenovun dünyagörüşündə böyük dəyişikliyə səbəb olur.

Quzey Qafqazı yenidən işğal edən Sovet Ordusu qaraçay-malkarları 1943-cü il noyabrın 2-də Qazaxıstana, Qırğızıstana sürgün edir. Xalqının kütləvi sürgünü, yük vaqonlarında minlərlə insanın ölümü İsmail Semenovu ruhdan salsa da, onu şeir deməkdən çəkindirmir. “Stalinə” şerində millətinin həyatını qurudan, dilini kəsdirən, özünə mədhiyyələr yazdıran adlandırır. Özünün də mədhiyyələr yazdığını, sonralar tövbə etdiyini poetik dillə xalqına çatdırır.

“Səbir”adlı şerində ona inandığı dindən uzaqlaşmağı, insanlıqdan uzaqlaşmağı, Allaha küfür etməyi, xalqına xainlik etməyi təlkif etdiklərini yazır və şeiri “Mənə dinsiz olmaq yaraşırmı?” bədii sualı ilə bitirir.

Şair “Zülmün nəğməsi” şerində isə quruluşun dindar oğlu ilə kommunist oğlunun, yəni iki qardaşın bir birinə necə düşmən etdiyini ürək ağrısı ilə söyləyir. İsmail Semenovun “Sürgün günümdə”, “Hardadı inqilab”, “Təsəlli edirəm” və başqa şeirləri antisovet şeirlər olduğundan onun əsərlərinin çapı qadağan olunur.

Bütün təqib və təzyiqlərə baxmayaraq onun “Mingi tav”, yəni Sonzuzluq dağı şeiri milli himnə çevrilir. Xanımı Aktamaqa-Anisata həsr etdiyi 5200 misralıq poemasında yalınz ömür-gün yoldaşının insani keyfiyyətləri tərənnüm olunmur, vətəninin, çayları, dağları, dərələri, bulaqları, buzlaqları, meşələri də şirin bir dillə oxucuya çatdırılır.

Stalinin şəxsiyyətə pərəstlikdə suçlanmasından sonra, 1957-ci ildə xalqı ilə doğma yerlərə qayıdan şair hökümətin nəzərindən düşür. 1981-ci ildə dünyasını dəyişən İsmail Semenovun şeirləri Sovetlər Birliyi çökdükdən sonra toplanaraq, çap edilir, haqqında araşdırmalar aparılır və adının əbədiləşdirilməsi üçün işlər görülür

 Mətni yazdı Əli Şamil (Şamilov Əli Hüseyn oğlu)

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol