Eyyub Xanbudaqov

Eyyub Xanbudaqov

TÜRK DÜNYASININ MƏŞHURLARI-19

Azərbaycan 1920-ci ildə bolşeviklər tərəfindən işğal edildikdən sonra müxtəlif vəzifələrdə işləmiş Eyyub Xanbudaqov...
Göndərmə 5/17/2013 6:51:50 AM UTC

Güncəlləmə 5/17/2013 6:51:50 AM UTC

www.trtazerbaycan.com

http://www.trtazerbaycan.com/trtworld/az/newsDetail.aspx?HaberKodu=dc648932-a9ce-486d-8040-de41a779ed02

 Eyyub Şirin oğlu Xanbudaqov 1893-cü ildə Gəncə şəhərində doğulub. Onun babaları uzun müddət Qarabağın Borsunlu kəndində koxalıq edib. Qaynaqlarda bu nəsildən olanlardan Böyük bəy Xanbudaqovun, Rzaqulu Soltan Borsunlunun, Bəkir bəy Borsunlunun, Yusif bəy Xanbudaqovun adları çəkilsə də, Eyyub və Mahmud Xanbudaqov qardaşlarının fəaliyyəti daha çox müzakirə mövzusu olmuşdur. Müzakirəyə səbəb isə qardaşların sosialistlərin təbliğatına uyaraq öncə bolşeviklərin Azərbaycanı işğalını alqışlamaları, sonra isə aldandıqlarını başa düşərək milli məsələdə qətiyyətli mövqedə durmaları olmuşdur.

Onlar Müsavat, İttihat, Əhrar partiyalarında olanlar kimi Sovetlərə qarşı durmamışlar. Bolşeviklərin sırasında, Komminist partiyasında rəhbər vəzifə tutaraq milli məsələdə məsləkdaşları ilə mübarizəyə başlamışlar. Azərbaycanda 1923-1924-ci illərdə kommunist partiyasının elə konfransı, plenumu olmamışdır ki, Xanbudaqovların adı hallandırılmasın, onlara qarşı kəskin çıxışlar olmasın. Səbəbi isə onların şəxsi mənafeləri mövqeyindən deyil, milli mənafedən çıxış etmələri olmuşdur. Nəticədə yalnız ağıllı və vətənsevər azərbaycanlılar deyil, hətta rəhbər vəzifədə işləyən bəzi ruslar və b. xalqların nümayəndələri də onların tərəfini saxlamışlar. Nəticədə məsələ o qədər genişlənmişdir ki, xanbudaqovçuluk bir siyasi cərəyan kimi tanıdılmağa başlanmışdır.

Gəncə şəhərindəki məhəllə məktəbində, sonra da gimnaziyada təhsil alan Eyyub Xanbudaqov Bakı şəhərinə gəlir. Zəngin neft yataqları sayəsində Rusiyanın inkişaf etmiş sənaye və mədəniyyət mərkəzinə çevrilmiş Bakıda 1909-cu ildə Kaspi donanmasında matros işləməyə başlayır. Dənizçilikdə təcrübə toplayandan sonra təhsilini artırmaq qərarına gəlir. Bakıdakı Dənizçilik Məktəbinə daxil olur və oranı 1913-cü ildə bitirərək kapitan köməkçisi vəzifəsində çalışmağa başlayır. Bəy nəslindən olmasına baxmayaraq, 1915-ci ildən sosialistlərin sırasına qoşulur. İnsanlar arasında sosial ədaləti bərpa edəcəklərinə ürəkdən inanır və dənizçilər arasında inqilabi təbliğat aparır, təşkilatın özəklərinin yaradılmasında fəal iştirak edir.

1918-ci ildə Hümmət təşkilatına daxil olur. Hümmət təşkilatı isə Rusiya Kommunist Partiyasının Bakıdakı müsəlmanlardan təşkil edilmiş bir qrupu idi. 1918-ci ildə elan edilmiş Azərbaycan Xalq Cümhuriyyətini burjua-mülkədar hökuməti adlandıran Eyyub Xanbudaqov sosialistlərin hakimiyyəti ələ almaları üçün var gücü ilə çalışır. 1920-ci il aprelin 28-də bolşeviklərin Azərbaycanı işğal etməsini alqışlayanlar sırasında Eyyub və Mahmud Xanbudaqov qardaşları da olur. Bolşeviklərin belə fanatik inqilabçılara böyük ehtiyacı olduğundan 1920-ci ilin oktyabrında Eyyub Xanbudaqovu Azərbaycan Xalq Komissarları Şurası yanında Fövqaladə Komissiyanın sədri təyin edirlər.

Eyyub Xanbudaqov Azərbaycanda əksinqilabçı saydığı milli kadrlara divan tutmaqla kifayətlənmir, 1921-ci ilin martında RK(b)P 10-cu qurultayında iştirak edərkən onu Kronştatdakı etiraz hərəkatını yatırmağa göndərirlər. Bolşeviklərin əksinqilabi-qiyam adlandırdıqları üsyanın yatırılmasında Eyyub Xanbudaqov xüsusi fəalliq göstərir. Döyüşlərdə göstərdiyi cəsarət və hünər onu şöhrətləndirir.

Bolşeviklər ölkəni savaş meydanına çevirdiklərindən, sinfi mübarizə adı altında xalqın malını-mülkünü əlindən aldığından keçmiş Rusiyanı aclıq və qıtlıq bürüyür. Şəhərlərdə yaşayan əhalini ərzaqla təmin etmək, sənayeni işlətmək üçün kəndlilərdən ərzağı zorla alırlar. Belə gərgin günlərdə, yəni 1921-ci ilin may ayında Azərbaycanda ərzaqla təchizat məsələsini nizama salmaq üçün Xalq Komissarlar Şurası nəzdində üç nəfərdən ibarət səlahiyyətli komissiya yaradılır. Bu komissiyanın tərkibinə Eyyub Xanbudaqov da daxil edilir.

Müsadirə adı altında qarətçilik o yerə çatır ki, kəndlilər mərkəzi teleqram vuraraq xahiş edirlər ki, nəyimiz varsa birdəfəlik aparsınlar, tez-tez gəlib ailəmizi və özümüzü təhqir etməsinlər. Sovetlərin özünün rəsmi sənədlərində Azərbaycanda 1920-ci il aprelin 28-dən 1921-ci il avqustunadək 48 min nəfərin qırmızı terrorun qurbanı olduğu göstərilir. Bir milyondan çox əhalidən 48 min nəfərin cəzalandırılması cəzanın kütləviliyindən xəbər verir. Bu kütləvi cəzalandırmanı, qırmızı terroru həyata keçirənlərin öncüllərindən biri də Eyyub Xanbudaqov olur.

1921-ci ildə onu Mərkəzi İcraiyyə Komitəsinə üzv seçilir və Azərbaycan İstehlak Cəmiyyətləri İttifaqına sədr işləməyə göndərirlər. 1922-ci ilin əvvəlindən Azərbaycan Həmkarlar İttifaqları Şurasına sədr müavini seçilən Eyyub Xanbudaqov 1922-ci il martında Nəriman Nərimanov və başqa rəhbər işçilərin köməyi ilə AK(b)P MK katibi seçilir. İlk illər Mirzoyanın və b. təsiri altında N. Nərmanova qarşı durur, antimilli mövqedə dayanır. Beynəlmiləlçilik adı altında xalqına qarşı divan tutulduğunu görür.

Eyyub Xanbudaqov Azərbaycanda milli məsələnin həyata keçirilməsinin düzgün aparılmadığına, respublikada mədəni quruculuqda nöqsanlara yol verildiyinə, vergi işinin düzgün təşkil edilmədiyinə, yerli əhali arasında savadsızlığın aradan qaldırılmasın az vəsait ayrılmasına dözə bilməyərək yeni layihə hazırlayır. Kommunist Partiyasının 1923-cü il iyunun 6-12-də keçirilən 12-ci Ümumbakı konfransında Eyyub Xanbudaqovun layihəsi rus-erməni kommunistlrəinin kəskin etirazı ilə qarşılanır.

Eyyub Xanbudaqov konfransda ona və tərəfdarlarına qarşı hücumun gücləndiyini görərək fikirlərini xalqa çatdırmaq üçün 1923-cü il iyundan başlayaraq “Bakinski raboçi” qəzetində “Quba qəzasında xalq maarifi”, “Azərbaycanda bizim başlıca vəzifələrimiz”, “Milli məsələyə dair” və b. məqalələrini çap etdirir. Mikoyan, Mirzoyan, Sərkis kimi komunistlərin antiazərbaycan mövqeyini Əliheydər Qarayev, Mirzədavud Hüseyinov, Ruhulla Axundov da müdafiə edir.

1924-cü il mayın 5-9-da keçirilən respublika partiya təşkilatının qurultayında milli məsələyə dair ixtilaf daha da dərinləşir. Eyyub Xanbudaqovun rəhbərlik etdiyi dəstənin fikirlərini bu cür qruplaşdırır: 1.

Moskva Azərbaycanın daxili işlərinə qarışmasın. 2.

Yerli kommunistlərin Moskvadan göndərilən rəhbər işçilərin müşaviri kimi görmək ənənəsinə son qoyulsun. 3.

Moskva Azərbaycan kommunistlərinin sərbəst işləməsinə əngəl olur. Onlara “yerli millətçilər” damğası vuraraq partiya sıralarından uzaqlaşdırır. Bu hallara yol verilməsin. 4.

İşçi birliklər, kooperativlər və dövlət müəssisələri sözdə deyil, əməldə yerli türklərin hesabına gücləndirlsin. 5.

Sovet hökumətinin Rusiyadan Azərbaycana köçkünlər gətirməsi durdurulsun. 6.

Cənubi Qafqaz Sovet Sosialist Respublikaları Federasiyasının fəaliyyətinə sərbəstlik verilsin. Onun Moskvanın əmrlərini icra edən təşkilata çevrilməsinə son qoyulsun.

Çox təəssüf ki, qurultayda Xanbudaqov qardaşlarını yerli kommunistlərdən Mirbəşir Qasımov, Həbib Cəbiyev və b. azsayda insan müdafiə edir. Sergey Kirovun, Serqo Orcanikidzenin tərəfini tutaraq Xanbudaqovları millətçilikdə təqsirləndirən Azərbaycan kommunistlərinin əksəriyyəti 1937-ci ildə Stalin repressiyyasının qurbanı oldular.

Eyyub Xanbudaqov Zaqafqaziya Ölkə Komitəsinin iclasında Orcanikidzeyə sual verir ki, Azərbaycanda işsizlər ordusu olduğu halda nədən Azərbaycanda dəmiryolunun tikintisinə və yenidən qurulmasına 15 dəmiryol gözətçisi və 32 başqa işçi göndərilir.

Xanbudaqov açıq və kəskin bildirirdi ki, türk dilinin inkişafi ilə bağlı üç dekret verilsə də, heç bir iş görülmür. O, rəhbər vəzifələrdə işləyən milli kadrların sayını qonşu Gürcüstanla müqayisə edir. Azərbaycanda milli kadrların sıxışdırıldığını, milli məktəblərin açılmasına az vəsait ayrıldığını kəskin tənqid edir.

Xanbudaqov qardaşları Mirzoyanlar, Mikoyanlar, Kirovlar tərəfindən aldadıldıqlarını başa düşərək Nəriman Nərimanovdan yardım istəyirlər. Nərimanov isə daha onların səmimiyyətinə inanmır.

Özünün aldandığını, milli kommunistlərin qeyri səmimiliyini görən Eyyub Xanbudaqov sarsılır və ağır xəstəlik keçirir.

Onu milli məsələdə qətiyyətli mövqe tutduğuna görə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi vəzifəsindən uzaqlaşdırırlar.

1926-30-cu illərdə Azərbaycan Kənd Təsərrüfatı Bankının sədri, ZSFSR Xalq Komissarlığında müxtəlif vəzifələrdə işləsə də, daim nəzarətdə olur və təqiblərə məruz qalır. Azərbaycan İstehlak Cəmiyyəti İttifaqının sədr müavini işləyən Eyyub Xanbudaqovu 1936-cı il dekabrın 19-da millətçilikdə ittiham edərək həbs edirlər.

Uzun sürən işgəncəli istintaqdan sonra 1937-ci il iyulun 23-də SSRİ XDİK-nın xüsusi iclasında E. Xanbudaqov 5 il azadlıqdan məhrum edilir. Lakin Moskva bu cəzanı qənaətbəxş hesab etmir. SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının səyyar iclasının 12 oktyabr 1937-ci il qərarı ilə ölüm hökmünə məhkum edilir.

Eyyub Xanbudaqov yanlışlığa yol versə də, sonradan səhvini başa düşür və milli məsələdə qətiyyətli mübarizəsi ilə yaddaşlarda yaşayır.

 Mətni yazdı Əli Şamil (Şamilov Əli Hüseyn oğlu)

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol