İslam Kırımşamxalov
Türk Dünyasının Məşhurları-03
Qaraçay-malkar xalqının oğlu, rəssam, çağdaş qaraçay-malkar ədəbiyyatının əsasını qoyan İslam Kırımşamxalovun ömür yoluvə yaradıcılığı...
Göndərmə 1/23/2013 12:42:06 PM UTC
Güncəlləmə 1/23/2013 12:42:06 PM UTC
www.trtazerbaycan.com
http://www.trtazerbaycan.com/az/newsDetail.aspx?HaberKodu=d1d9d47c-88e0-4003-a348-621c78aa685f
Rusiya Qafqazı işğal etsə də, onillər boyu burada yaşayan xalqları ram edə bilmədi. Hər il minlərlə rus hərbçisi Qafqaz dağlarında ölürdü. Avropanın güclü dövlətlərini lərzəyə gətirən, Napolyon Bonapartı məğlub edən rus ordusu topu, topxanası, silah zavodları, güclü iqtisadiyyatı olmayan Qafqazlıları istədiyi kimi idarə edə bilmirdi. Savaşların başa çatmayacağını görən Rusiyanın hakim dairələri ölkədə islahatlar aparmalı oldu. Yüz illər boyu quldarlıqdan o qədər də seçilməyən təhkimçilik hüququnu ləğv etdi.
Qafqaz kökənli alimlər vasitəsi ilə Rusiya hökuməti qafqazlıların müqavimətinin əsasını təşkil edən müridizmin mahiyyətini və onu zəiflədərək çökdürmə yollarını da öyrəndi. Beləliklə, Qafqaz dağlarında müqavimət hərəkatı zəiflədi, Şeyx Şamil də divanın hökmilə mübarizəni dayndırdı. Çar hökuməti yerli hakimlərin övladlarını oxutmaq, xidmətə almaq adıyla bir növ girov saxlayırdı. Qaraçay-çərkəz bölgəsinin də nüfuzlu hakimlərindən olan Kırımşamxalovlardan çar sarayında tərbiyə alanlar, çar ordusunda xidmət edənlər də vardı.
İslam Kırımşamxalovun dayısı tanınmış malkar ziyalısı İsmayil Urusbiyev də Rusiya təhsili görmüş, hökumət dairələrində tanınmış birisi idi.
1864-cü il martın 31-də indiki Kuban quberniyasının Kart Curt, yəni Köhnə Yurt kəndində İslam anadan olur. Anası onu dünyaya gətirərkən sonra dünyasını dəyişir. Knyaz ailəsində doğulan İsmayıl maddi sıxıntı içərisində yaşamır. Onun ulu babası 1828-ci ildə Rusiya çarının hakimiyyəti altına keçdiyinə görə ata-babadan qalmış torpaqlarını, mülkünü və var-dövlətini itirməmişdi. İslamın doğulub yeniyetməliyini keçirdiyi Kart Curt Qafqazın ən axar-baxarlı bölgələrindən idi.
Atası övladının xanzadələr kimi böyüməsi üçün ona xüsusi müəllimlər tutur. Müəllimlər İslama xarici dilləri, elmi bilikləri öyrətməklə yanaşı ali məclislərdə davranma qaydlarını da öyrədirlər. İş elə gətirir ki, İslamın bir dəliqanlı, cəngavər kimi böyüdüyü vaxtlarda atası da dünyasını dəyişir.
Dayısı İsmayıl Urisbayev onu yanına aparır. Rusiya Qafqazı işğal etdikdən sonra bu əsrarəngiz yerlər rəssamları, şair və yazıçıları, elm adamlarını, geoloqları və b. peşə sahiblərini maqnit kimi özünə çəkirdi. Onlar yerli ziyalıların evlərində qalır, onların qonaqpərvərliyinə heyrətlərini bildirir, həm də yeri gəldikdə bildiklərini ailənin gənc üzvlərinə öyrədirdilər.
Yeniyetməliyində İslam da dayısı gildə qonaq olan rəssam, şair, elm adamları ilə görüşür. Bir dəfə İsmayıl Urisbayevin evində qonaq olan rəssam İslama fırça tutmağı, boya hazırlamağı, gördüyü mənzərələri kağıza və kətana köçürməyi öyrətməyə çalışır. İslamın deyilənləri tez mənimsəməsi, böyük həvəslə işləməsi, ilk günlərdən çəkdiyi rəsmlər ətrafındakıların diqqətini özünə çəkir.
Onun fitri istedadını ilk duyan dayısı olur. İslamın çəkdiyi rəsmləri bir albomda toplayır, kiçik İslamı çəkdiyi rəsmləri səliqə ilə saxlamağa həvəsləndirir.
1880-ci ildə rus dilində gimnaziyanı bitirən İslam Kırımşamxalov knyaz ailələrinin övladı kimi çar hökumətinin rəhbərlərini qorumalı olan mühafizə dəstəsində xidmətə başlayır. Çarın mühafizə dəstəsinin süvari alayını əsasən dağlılar və kazaklar təşkil edirdi. İslam Kırımşamxalovu da süvari alayında xidmətə alırlar.
İslam Kırımşamxalov az müddətdə nümunəvi xidməti ilə diqqəti cəlb edə bilir. Ona çar sarayında taxt-tacın keşiyində durmaq həvalə olunur. Dağlar qoynunda böyümüş İslam Kırımşamxalova imperyanın başkəndi olan Peterburq olduqca xoş təsir bağışlayır. Sarayların möhtəşəmliyi, küçələrin genişliyi, daşdan tikilmiş böyük və yaraşıqlı evlər, bu evlərdə təşkil edilən təntənəli bal mərasimləri, qadınların-qızların sərbəstliyi onu məftun edir. Süvari mühafizə alayında xidmət etsə də, vaxt tapıb teatr tamaşalarına, konsertlərə gedir, rəssamların emalatxanalarında olur, yazıcı və şairlərlə görüşür. Yeniyetmə yaşlarından bədii yaradıcılığa başlayan İslam Kırımşamxalov Peterburqda Rus və dünya ədəbiyyatının ən gözəl nümunələrini oxuyur. Ərəb və fars dillərini bilməsi, Şərq mədəniyyəti ilə yaxından tanışlığı onu Peterburqun aristokrat ailələrində sevdirir. Peterburqda olarkən, Rusiyanın ən tanınmış ziyalıları ilə şəxsən görüşüb, münasibətlər qura bilir.
İslam Kırımşamxalov yalnız Peterburqda olan Rus yazıçıları, rəssam və sənət adamları ilə görüşməklə kifayətlənmir, əsərlərinə vurğun olduğu Lev Tolstoyu görmək üçün Yasnaya Polyanaya gedir. Rusiyanın Peterburqda gördüyü zədaganlarından vərqli yaşam və düşüncə tərzinə malik olan Lev Tolstoy İslam Kırımşamxalova güclü təsir edir. Onun təsiri altında “Orda və burda” hekayəsini yazır. Lev Tolstoyun əsərlərini ana dilinə çevirməyə başlayır.
Lakin İslam Kırımşamxalovun Peterburq həyatı çox da uzun sürmür. Oranın rütubətli havası səhhətinə mənfi təsir edir. Vərəm və asma xəstəliyinə tutulduğuna görə üç il sonra geriyə, doğulub boya-başa çatdığı Kart Curt kəndinə dönür. Buranın yaşıllığı, mineral suları, sağlam havası səhhətinə müsbət təsir edir.
Döğma kəndinə dönən İslam Kırımşamxalov bölgənin inkişafı üçün bir sıra tədbirlər həyata keçirməyə başlayır. Öncə insanları savadsızlıqdan, cəhalətdən qurtarmaq, maarifləndirmək üçün kənddə məktəb təşkil edir.
Bölgənin iqtisadiyyatını yüksəltmək üçün özü kiçik bir sex qurur. Burada süddən pendir, müxtəlif yağ çeşidləri hazırlayaraq satışa çıxarır. Bununla həmyerlilərini də istehsal etdikləri südün yalnız ailələrinin təlabatından artıq olanının satışını təşkil etməyə həvəsləndirir.
Onun Qafqaz dağlarının təbii iqlim şərtlərindən, mineral sularından istifadə edərək sağlamlıq ocaqları yaratmaq təşəbbüsü də öz bəhrəsini verir. Sonralar Kislovodsk kimi müalicə mərkəzi yaradıldı.
Vətənə dönən, bədii, elimi yaradıcılıqla məşğul olan, rəsm əsərləri cəkən İslam Kırımşamxalov rəssamlıq təhsili almağa bir neçə dəfə təşəbbüs göstərir. Lakin sağlamlığı Moskvaya və Petroqrad kimi şəhərlərdə yaşamağa imkan vermədiyindən geriyə dağlar qoynuna qayıdır. 1894-1910-cu illərdə Teberdedə yaşayır, ictimai işlərlə məşğul olur, “Severnıy Kafkaz” qəzetinə məqalələr yazır və 1903-1910-cu illərdə Parisdə çərkəz Maqomet bey Xacet Laşenin rus, türk və tatar dillərində nəşr etdirdiyi “Musulmanin” jurnalı ilə əməkdaşlıq edir.
Onun evi yalnız yerli əhalinin deyil, bölgəyə gələn qonaq¬ların da mədəni mərkəzi rolunu oynayır. O, ardıcıl rəssamlıqla məşğul olmaqla yanaşı, latın qrafikalı ilk qaraçay əlifbasını yaradır.
Şair və peşəkar rəssam kimi tanınan İslam Kırımşamxalov uşaq şeirləri və satiraları ilə məşhurdur.
Xan nəslindən olduğuna görə o nə hakim dairələrə qarşı çıxır, nə də xalqını üsyana, azadlıq mübarizəsinə səsləyir. O xalqının azsaylı və gücsüz olduğunu görürdü. Buna görə də xalqını silahlı mübarizəyə deyil, dünyanın inkişaf etmiş ölkələrinin mədəniyyətinə yiyələnməyə çağırırdı. Həm də dönə-dönə xatırladırdı ki, xarici ölkələrdən hər görünəni kortəbi qəbul etmək lazım deyil. Xalq özünün mənəvi dəyərlərini qoruyub saxlamaqla yanaşı, onu Avropaya da tanıtmalıdır.
1910-cu il dekabrın 3-də Kırımın Yalta şəhərində müalicə olunarkən dünyasını dəyişən İslam Kırımşamxalovun cəsədini gətirib vətənində dəfn edirlər. Ölümündən yeddi il sonra onun “Qurd və pişik” təmsili kitab şəklində çap olunur.
1943-cü ildə Qaraçay-malkar xalqının doğma yurdundan elliklə sürgün edilməsi İslam Kırımşamxalovun əsərinin itib-batmasına səbəb olur.
Qaraçay-malkarlar sürgündən döndükdən sonra mədəni miraslarına sahib çıxmağa və onu tanıtmağa başladılar. Teberdeçi, İslam Krımşamxalov imzası ilə yazdığı qəzet və jurnallarda çap etdirdiyi əsərlər, iti yaddaşı olan insanların hafizəsində qalanlar, eləcə də rəsm əsərləri bir yerə toplandı. İslam Kırımşamxalov şərəfinə muzey yaratdılar. Teberdaya gələnlər də yerli xalqın övladları da böyük həvəslə bu muzeyi gəzir, buradan çox şey öyrənirlər.
Mətni yazdı Əli Şamil (Şamilov Əli Hüseyn oğlu)
|