Salman Mümtaz

Salman Mümtaz

 Türk Dünyasının Məşhurları-

Azərbaycanın şair oğlu, milli-mədəni sərvətimizin qoruyucusu, araşdırıcı Salman Mümtazın ömür yolu və yaradıcılığı...

Göndərmə 10.05.2013 11:26:24 UTC

Güncəlləmə 10.05.2013 11:26:24 UTC

www.trtazerbaycan.com

http://www.trtazerbaycan.com/trtworld/az/newsDetail.aspx?HaberKodu=93d49207-c425-4554-a592-b3eaf2e85320

Salman Mümtaz kimi tanınan araşdırıcımızın bütövlükdə adı, ata adı və soyadı Salman Məşədi Məhəmmədəmin Əsgərzadə 1884-cü ildə Şəki şəhərinin Gəncəli məhəlləsində doğulub. Onun ata-babası da Şəkili olub. Amma Salman uşaqlıq və gəncliyini bugünkü Türkmənistan Respublikasının paytaxtı Aşqabadda yaşayıb. Ailənin Aşqabada gedib çıxmasının qəribə tarixçəsi var.

Salmanın babası Ağaəsgər Şəkinin varlılarından imiş. Onun ölümündən az sonra xanımı da dünyasını dəyişir. Salman Məhəmmədəmin yetim qalır. Bu azmış kimi evləri də yanır. İtkilərə və fəlakətə mətanətlə dözən Məhəmmədəmin zərgər yanında şagird işləyir. Məşhəd ziyarətindən geri dönəndə oranın iqtisadi durumu ilə maraqlanır. Əlindəki vəsaitlə var-dövlət qazanmağın mümkün olacağını görüb Şəkiyə qayıtmır. Qısa müddətdə Aşqabadda karvaransara, dükan, torpaq sahibinə çevrilir. Təssüf ki, əcəl ona daha böyük işlər görməyə imkan vermir. 32 yaşında dünyasını dəyişir. Atası öləndə Salmanın 3 yaşı vardı. Anası Məşhədi Zəhra xanım övladları Salman və Əsgəri də ğötürüb 1900-cü ildə Aşqabada gedir. Bu ağıllı və işgüzar qadın qardaşları Kərbəlayı Mövsüm və Kərbəlayı Əsgəri də yanına apararaq ərindən qalmış var-dövlətə sahib çıxır və onu idarə edir.

Mollaxanada cəmi üç ay təhsil alan Salman kiçik yaşlarında ticarətdə dayılarına kömək etməklə yanaşı, fərdi qaydada yazıb oxumağı öyrənir. 9 yaşında ikən Aşqabadda Mirzə Ələkbər Sabirlə görüşür. Bu görüş Salmanda ədəbiyyata güçlü maraq oyadır. “Molla Nəsrəddin” jurnalının ilk sayının Aşqabada gəlməsi ilə onu mətbuat aləminə bağlayır. Jurnala kiçik xəbərlər, şeirlər yaza-yaza «Xortdanbəy», «Sərçəqulubəy» imzalı daimi müəllifə çevrilir.

O, yalnız “Molla Nəsrəddin” jurnalına yazmaqla kifayətənmir. “Aşqabadlı”, “Mümtaz”, “Sağsağan”, “Vasvası”, “Eşşəkarısı”, “Mömin çinovnik”, “Sərçə”, “Türkməndostu”, “Xortdanqulubəy”, “Çalağan” və başqa imzalarla “Tuti”, “Zənbur”, “Kəlniyyət”, “Şeypur”, “Leylək”, “Qardaş köməyi”, “Qızıl Şərq”, “Qurtuluş”, “Maarif və mədəniyyət”, “Füqara füyuzatı”, “Şərq qadını” jurnallarında, “Tərəqqi”, “İqbal”, “Yeni iqbal”, “Səda”, “Günəş”, “Açıq söz”, “Kommunist”, “Ədəbiyyat qəzeti” və diğər nəşrlərdə onlarla şeir və məqalə çap etdirir.

XX yüzilin əvvəllərində mətbuatda yerliçiliyə, siyasi baxışlara görə bir qarşıdurma yaranmışdı. Bu qarşıdurmada imzası xalq arasında məşhur olan, hörmətli ədiblər belə bir-birini sancmaqdan, təhqir etməkdən belə çəkinmirdilər. Salman Mümtaz isə bu qruplaşmalara qoşulmadan yazıb-yaradır, millətin dərdlərini gündəmə gətirirdi.

O, şeir və publistik məqalələr yazmaqla kifayətlənmir, elmi axtarışlara da böyük maraq göstərirdi. 1910-cu ildə iki həftəyə yaxın Bakıda olduğu zaman Azərbaycan aydınları ilə sıx ünsiyyətdə olur, Mirzə Ələkbər Sabirlə tez-tez görüşür, ondan olduqca maraqlı bir müsahibə də alır. 1913-cü ildə Tbilisdəki “Qeyrət” mətbəəsində “Seyid Əhməd Hatif İsfahaninin tərcibəndi və tərcümeyi halı” kitabını nəşr etdirir.

Peşəsi tacirlik olan Salman Mümtaz yazıb-yaratmağa, elmi axtarışlara bu qədər zaman ayırmaqla kifayətlənmir, 1916-cı ildə Cəlil Məmmədquluzadənin “Ölülər” peysinin Aşqabadda səhnələşdirilməsi üçün əlindən gələni əsirgəmir.

Osmanlı ordusunun Qafqazdakı dindaşlarına və soydaşlarına yardıma gəlməsi Azərbaycan Xalq Cümhuriyyətinin möhkəmlənməsinə, işğal altında olan Bakının azad edilərək yeni qurulan Cümhuriyyətin paytaxtına çevrilməsindən ruhlanan Salman Mümtaz 1918-ci ildə Ənvər və Nuru paşaların Azərbaycana gəlişinə şeir həsr edir.

Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra ailəsilə birlikdə Bakıya köçən Salman Mümtaz yenə də əsas işindən ayrılmır. Şəxsi dükan açıb işlətməklə yanaşı, 1919-cu ildə yaradılan “Yaşıl qələm” cəmiyyətinin fəal üzvlərindən olur, 1920-ci ildə isə “Azərbaycan ağız ədəbiyyatının toplanması komissiyası”nı yaradır.

Bolşeviklər 1920-ci ilin aprelin 28-də Bakıya qoşun yeridirlər. Sonra da işğal etdikləri Azərbaycanın imkanlı adamlarına və aydınlarına divan tutmağa başlayırlar.

Salman Mümtaz şəxsi mülkiyyətin müsadirə edildiyini, ticarətin getdikcə tənəzzülə uğradıldığını, hər şeyin dövlətin əlində cəmləşdirildiyini görüb “Azərnefttəchizat” idarəsinin Nuxa, Qutqaşen, Zaqatala, Qax və Laqodexidə anbarları olan 2-ci rayon agentliyində müvəkkil işləməyə başlayır. Bu vəzifə ona kənd və şəhərləri gəzərək əlyzmalar toplamasına, qələm əhli ilə, bilginlərlə görüşməsinə şərait yaradır.

O, yalnız məscidlərdən, pirlərdən ədəbiyyata aid əlyazmaları və daşbasmaları toplamaqla kifayətlənmir, ayrı-ayrı şəxslərdə olanları da pul verib alır. Topladığı materiallar əsasında “Kommunist” qəzetində “Unudulmuş yarpaqlar” və “Dilmanc” rubrikası altında silsilə elmi məqalələr yazır. Qəzetin redaktoru onun fəallığını görür və 1925-ci ildə qəzetdə daimi işə götürür. Salman Mümtaz orada işlədiyi iki ildə 10 kitab çap etdirir. 1926-cı ildə Bakıda keçirilən I Tükoloji Qurultayda və latın əlifbasına keçməklə bağlı toplantılarda fəal iştirak edir.

“Ana dilimiz olduqca varlı və zəngindir. Yalnız çalışmaq və itib-batmış sözlərimizi aramaq və tapmaq gərəkdir” deyə yazan böyük alim “Dilmanc” adlı bir sözlük hazırlayır. Bu sözlükdə dilimizdə işlədilən 944 ərəb-fars sözünün türkcə qarşılığını verilib. “Beş min söz” lüğətinin üzərində isə 13 il işləyib.

İsmayıl bəy Qutqaşınlının fransız dilində Varşavada çap olunmuş “Rəşid bəy və Səadət xanım” əsərinin ardınca Polşaya gedən, uzun illər gərgin axtarışdan sonra istədiyinə nail olan Salman Mümtaz ədəbiyyatımızın son minilliyində yaşamış ədiblərimiz haqqında bilgi toplayaraq onları sistemli şəkildə xalqa çatdırırır. Əlifbanın dəyişildiyi, keçmişimizə bir nihilist, inkarçı münasibət hökm sürdüyü bir zamanda o, həyatını təhlükəyə ataraq şah, ruhani və s. damğası vurulan şairlərimizin əsərlərini toplayıb çap etdirir, haqlarında maraqlı araşdırmalar aparırdı.

Onun 1923-cü ildə “Azərbaycan şairlərindən Nəsimi” məqaləsi çap olunur. Bu Azərbaycanda Nəsiminin öyrənilməsi və tanıdılmasında ilk addım olur.

Salman Mümtaz Həsənoğlu, Qazi Bürhanəddin, Cahanşah Həqiqi, Şah İsmayıl Xətai, Həbibi və başqa türkdilli şairlərimizlə yanaşı, Xaqani, Nizami, Məshəti və b. farsdilli şairlərimizi də araşdırmış, haqlarında məqalələr yazaraq millətə tanıdır.

1933-cü ildə yeni yaradılan SSRİ Elmlər Akademiyası Azərbaycan Filialında kiçik elmi işləyən Salmaz Mümtaz 483 Azərbaycan şairinin siyahısını tutur, onların həyat və yaradıcılıqlarının öyrənilməsinin vacibliyini vurğulayır. 104 şairin haqqında isə özünün geniş araşdırma apardığını göstərir.

Onun elmi axtarışlarına, yaradıcılıq potensialına heyrət etməmək olmur. Salman Mümtaz əruz vəznində yazan şair və yazıçılarımızın öyrənilməsi ilə kifayətlənməyib. Folklor nümunələri toplayaraq aşıqlarımızın şeirlərinin itib-batmaması üçün əlindən gələni əsirgəməyib. Sarı Aşığın ədəbiyyatımıza qazandırılmasında, onun kitabının nəşrində də Salman Mümtaz əvəzsiz rol oynayıb. Onun əski əlifba ilə nəşr etdirdiyi iki cildlik “El şairləri” kitabı böyük oxucu marağına səbəb olur. Əlifba dəyişildikdə Salman Mümtaz həmin kitabları yenidən redaktə edərək, yanlışlıqları aradan qaldıraraq çap etdirib.

Salman Mümtaz yalnız şairlərimizin əsərlərini toplayıb, onların tərcümeyi halını öyrənib oxucuya catdırmaqla kifayətlənmirdi. Həsənoğlu, Qazi Bürhanəddin, Şah İsmayıl Xətai, Nəsimi və Füzulinini “maarif göylərimizin beşguşəli ulduzu” adlandıran Salman Mümtaz 23 ildə, təzyiqlər altında olsa belə 20 kitab çap etdirir. Onların çoxu elə müəlliflər idi ki, əsərləri ilk dəfə idi ki, çap olunurdu.

Günümüzədək gəlib çatan sənədlərdə isə Salman Mümtazın onlarla əsərinin adı çəkilir. Bu əsərlər sırasına Füzulinin beşcilidlik əsərlərinin tərtibi, Füzulinin tərcümeyi halına dair 260 səhifəlik monoqrafiya, Xətainin divanı, ərəb əlifbası ilə yazılmış “50 şair” kitabı və b. əsərlər daxildir.

Salman Mümtazın məhv edilmiş arxivi isə böyük bir xəzinə olub. Söylənilənə görə orada “Kitabi Dədə Qorqudun” Drezden və Vatikandakı əlyazmalarından fərqli bir əlyazması da varmış.

1937-ci il iyunun 19-da millətçilikdə ittiham edilərək SSRİ EA Azərbacan Filialının Tarix, Dil və Ədəbiyyat İnstitundakı kiçik elmi işçi vəzifəsindən uzaqlaşdırılan Salman Mümtazı həmin il oktyabrın 9-da gecə həbs edirlər. Uzun sürən işgəncəli istintaqdan sonra əmlakı müsadirə edilməklə 10 il həbs cəzası verərək 1938-ci il yanvarın 22-də Orenburqa göndərirlər.

1941-ci il dekabrın 21-də isə Alman qoşunları Oryola yaxınlaşanda oradan min kilometirlərlə uzaqda olan həbs düşərgəsindəki əqidəsinə görə təqib olunan məhbusları güllələyirlər. Salman Mümtaza 10 il həbs cəzası verilməsinə baxmayaraq o da qorxulu siyasi dustaq kimi həmin il güllələnir.

Zaman isə öz işini gördü. Salman Mümtazların haqlı olduğu isbatlandı. Onların arzuları reallaşdı və Azərbaycan öz müstəqilliyinə qovuşdu.

 

Mətni yazdı Əli Şamil (Şamilov Əli Hüseyn oğlu)

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol