Xəlil bəy Xasməmmədov

 

Türk Dünyasının Məşhurları-40


Xəlil bəy Xasməmmədov

 

 Göndərmə 10/21/2013 7:53:17 AM UTC

Güncəlləmə 10/21/2013 7:53:17 AM UTC

www.trtazerbaycan.com
http://www.trtazerbaycan.com/trtworld/az/newsDetail.aspx?HaberKodu=a538ba6c-35cf-4772-ab7a-33bc39191414

“Türk dünyasının məşhurları” proqramında sizlərə ömrünü vətən və millət yolunda şam kimi əritmiş, lakin siyasi baxışlara görə uzun illər adlarının çəkilməsi belə qadağan olunmuş, yaxud ömür yolları, yaradıcılıqları öyrənilməmiş, bir sözlə, bilərəkdən unutdurulan insanlardan söz açmağa çalışırıq. Belə insanlardan biri də görkəmli ictimai siyasi xadim, dövlət adamı, Azərbaycan Xalq Cümhuriyyətinin Ədliyyə və Daxili İşlər Naziri işləmiş, mühacirətdə yaşadığı illərdə də Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış Xəlil bəy Xasməmmədovdur.

Xəlil bəy Hacıbaba oğlu Xasməmmədov 1873-cü il oktyabrın 25-də Yelizavetpol, yəni qədim Gəncə şəhərində əsilzadə ailəsində doğulmuşdur. İlk təhsilini mədrəsədə alan Xəlil bəy Xasməmmədovu valideyinləri gələcəkdə Rusiyada və ya Avropada oxusun deyə Gəncədəki klassik gimnaziyaya qoyurlar.

Gimnaziyanı başa vurub Moskva Universitetinin Hüquq fakültəsində oxuduğu illərdə müəllimlərinin və eləcə də tələbə yoldaşlarının Rus millətçiliyini təbliğ etmələri onda xalqının gələcək taleyini düşünməyə sövq etmişdir. Rusiya tarixini oxuduqca soykökünü öyrənməyə həvəsi artmışdır.

Beləcə o, universiteti bitirəndə artıq bir türk, müsəlman millətsevəri kimi formalaşmışdı.

1895-ci ildə Moskva Universitetinin Hüquq fakültəsini bitirən Xəlil bəy Xasməmmədovu Yekaterinodar, indiki Krasnodar dairə məhkəmələrində işləməyə göndərirlər. Bir müddət Yekaterinador şəhərində işlədikdən sonra vətənə dönür. Burada Xəlil bəy Xasməmmədov savadlı və işgüzar kadra böyük ehtiyac duyulduğundan onu Yelizavetpol dairə məhkəməsində işə götürürlər.

Dairə məhkəməsində işlədiyi müddətdə Rusiyanın qanunlarının xalqının adət-ənənəsi ilə düz gəlmədiyini, üstəlik də məmurların rus dilini bilməyən əhali ilə, xüsusən də müsəlmanlarla necə alçaldıcı davrandıqlarının şahidi olur.

Xəlil bəy Xasməmmədov özü kimi vətənsevərlərlə məsləhətləşir, xilas yollarını müzakirə edir, təşkilatlanmaq üçün yollar axtarır. Ədalətliliyi, haqsevərliyi, yanımcıllığı ilə xalqının diqqətini cəlb etdiyinə görə onu 1907-ci ildə Yelizavetpol quberniyasından 2-ci Dövlət dumasına deputat seçmişlər.

Fətəli xan Xoyski ilə birlikdə Dumanın milli-dini bərabərlik komissiyasının, Dumanın ikinci şöbəsinin və beş komissiyasının üzvü olmuş, Xalq Azadlığı Partiyasını təmsil etmişdir. Özlərini "solların gənc tatar partiyasına" aid edən Xoyski və Xasməmmədov varlı ailələrindən olmalarına baxmayaraq, fraksiyanın proqramını "Varlılar və zadəganlar üçün" nəzərdə tutulduğunu deyir və onu dəyişdirməyə çalışırdılar.

Xəlil bəy Xasməmmədov Dumanın müsəlman fraksiyasının iclasında amnistiya məsələsini qaldırmış və onun qanunvericilik yolu ilə həyata keçirilməsini təklif etmişdi. 2-ci Dövlət Duması buraxıldıqdan sonra çağırılan 3-cü Dövlət Dumasına seçilən Xəlil bəy Xasməmmədov Azərbaycanı təmsil edən yeganə deputat olmuşdur. O, Dumanın imperatora müraciət hazırlanması, sorğular, köçürmə işi, məhkəmə islahatı üzrə komissiyaların üzvü idi.

3-cü Dövlət Dumasının tribunasında Qafqaz müsəlmanlarının mənafeyini müdafiə edən Xəlil bəy Xasməmmədov demişdir ki, "dövlətimizin siyasi quruluşunun bu və ya başqa cür adlanması qətiyyən vacib deyil, bu siyasi quruluşun tələbatımızı, istəklərimizi yerinə yetirməyə qadir olan məzmunu bizim üçün daha vacibdir".

Xəlil bəy Xasməmmədov Dumadakı fəaliyyəti dövründə müsəlmanların hüquqlarının imperiyanın əsas əhalisi ilə bərabərləşdirilmədiyini, onların maariflənməsinə az vəsait xərcləndiyini, maddi rifah halının yüksəldilməsi üçün heç bir iş görülmədiyini, kəndlilərin torpaqlarının azlığını dəfələrlə vurğulamışdır.

Dumanın ən fəal deputatlarından olan Xəlil bəy Xasməmmədov ədalətli idarəçilik, yerli əhaliyə torpaq verilməsi, xalq təhsili, hərbi mükəlləfıyyət, seçki, dini etiqad, “zemstvo” idarələrinin tətbiqi, yerli məhkəmənin dəyişdirilməsi və başqa məsələlər müzakirə edilərkən çıxış etmişdir. Xalq təhsili məsələləri barədə çıxışlarında o, ibtidai məktəbdə ana dilində təhsilin vacibliyini vurğulamış və Qoridəki Zaqafqaziya Müəllimlər Seminariyası tatar şöbəsinin Yelizavetpola köçürülməsi və müstəqil seminariyaya çevrilməsi barədə Rusiya Xalq Maarifı Nazirliyi qarşısında vəsatət qaldırmışdı.

1913-1917-ci illərdə Yelizavetpol şəhər bələdiyyə rəisi işləyən Xəlil bəy Xasməmmədov siyasi fəaliyyətini genişləndirmişdir. 1917-ci ilin fevralında çar II Nikolay taxtdan salındıqdan sonra Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli və başqa məsləkdaşları ilə birlikdə Gəncədə Türk Ədəmi-Mərkəziyyət Partiyasını qurmuşlar. 1917-ci ilin aprelində Bakıda keçirilmiş Qafqaz Müsəlmanlarının Qurultayında və həmin ilin may ayında Moskvada keçirilmiş Ümumrusiya Müsəlmanları qurultayında fəal iştirak edən Xəlil bəy Xasməmmədov birliyə nail olmaq üçün maraqlı təkliflər irəli sürmüşdür.

Xəlil bəy Xasməmmədov siyasi hadisələri diqqətlə izləyirdi. Aydın görürdü ki, kiçik qüvvə ilə səmərəli bir iş görmək olmaz. Odur ki, Gəncədə Türk Ədəmi-Mərkəziyyət Partiyasının mərkəzi Bakıda olan "Müsavat" Partiyası ilə birləşdirilməsini alqışlarla qarşılayanlardan olur. 1917-ci il 26-31 oktyabrda Bakıda keçirilən birləşdirici qurultayda Xəlil bəy Xasməmmədov Mərkəzi Komitənin üzvü seçilir.

Xəlil bəy Xasməmmədov Azərbaycan milli hərəkatının rəhbərlərindən biri, Yelizavetpol Qəza İcraiyyə Komitəsinin sədri, Zaqafqaziya Komissarlığında Dövlət Nəzarəti Komissarında, Zaqafqaziya Seymində işləyir. 1918-ci il mayın 26-da Zaqafqaziya Demokratik Federativ Respublikası dağıldıqdan sonra Azərbaycan Milli Şurasının yaradılmasında fəal iştirak edir və Milli Şuraya üzv seçilir. Onu 1918-ci ildə keçirilməsi nəzərdə tutulan İstanbul konfransına göndərilən Azərbaycan Xalq Cümhuriyyəti nümayəndə heyətinə daxil edirlər.

Gərgin və ağır günlərdə Xəlil bəy Xasməmmədov yeni yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin 1-ci Hökumət kabinəsində Ədliyyə Naziri təyin edilir. Yeni nazirliyin formalaşmasında əlindən gələni əsirgəməyən Xəlil bəy Xasməmmədovu 2-ci kabinə təşkil ediləndə əvvəlcə portfelsiz nazir, 1918-ci il oktyabrın 6-da kabinədaxili dəyişikliklərdən sonra ədliyyə naziri, 3-cü kabinədə daxili işlər naziri, 5-ci kabinədə ədliyyə naziri vəzifələrində çalışmışdır. "Müsavat" Partiyasından Azərbaycan Parlamentinə üzv seçilən Xəlil bəy Xasməmmədov Azərbaycan nümayəndə heyətinin tərkibində Cənubi Qafqaz Pespublikasının 1919-cu il aprel-iyun konfransında iştirak edir.

1920-ci ilin aprelində Xəlil bəy Xasməmmədov Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyədə səfiri təyin olunur. Az sonra yerli Rusiyapərəstlərin, eləcə də Osmanlı dövlətindən gəlib Azərbaycana sığınanların yardımı ilə bolşevik Rusiyası Azərbaycanı işğal edir.

Xəlil bəy Xasməmmədov işğaldan sonra vətənə dönməyi xəyalına belə gətirmir, işğalçılara qarşı mübarizə aparacaq gücləri birləşdirməyə çalışır. Əqidəsinə sadiq olan vətənsevər insan Məhəmmədəmin Rəsulzadə ilə eyni mövqedə dayanır. Onları ayırmağa çalışanlara qarşı sərt mövqe nümayiş etdirir.

İstanbulda yaşadığı dövrdə coşğun siyasi-publisistik fəaliyyətlə məşğul olur, "Yeni Qafqasya" (1923-27), "Azəri-türk" (1928-31), "Odlu yurd" (1920-30), "Azərbaycan yurd bilgisi" (1932- jurnallarında, Parisdə fransızca çıxan "Prometey" (1929-38), rusca "Kavkaz" (1932-38), Berlində Azərbaycan türkcəsində nəşr edilən "İstiqlal" (1932-34) və "Qurtuluş" (1934-38) qəzet və jurnallarında siyasi məzmunlu məqalələr dərc etdirir.

Xəlil bəy Xasməmmədov 1924-cü ildə İstanbulda Azərbaycan Milli Mərkəzinin yaradılmasında fəal iştirak edir, Mərkəzi Komitəyə və "Müsavat" Partiyasının rəhbərliyinə seçilir.

Sovet mətbuatının ən çox tənqid etdiyi, xüsusi xidmət orqanlarının tora salmaq istədiyi siyasi mühacirlərdən biri də Xəlil bəy Xasməmmədov olsa da, onlar istədiklərinə nail olmamışlar. 12 avqust 1945-ci ildə dünyasını dəyişən Xəlil bəy Xasməmmədov İstanbuldakı Fəxriköy məzarlığında dəfn edilmişdir. Sovet hakimiyyətinin çoküşündən sonra Xəlil bəy Xasməmmədov haqqında məqalələr çap olunmağa başlamış, xidmətləri həqiqi qiymətini almışdır.

Mətni yazdı Əli Şamil (Əli Hüseyin oğlu Şamilov)

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol