Yusif Xass Hacib Balasaquni

Türk Dünyasının Məşhurları- 47

Yusif Xass Hacib Balasaquni

 
 
 
 
Göndərmə 29.11.2013 08:43:02 UTC
Güncəlləmə 29.11.2013 08:43:02 UTC

“Türk dünyasının məşhurları” proqramında bu gün sizlərə Türk xalqlarının ortaq ədəbi sərvətlərindən olan "Qutadqu-bilik" əsərinin müəllifi Yusif Balasaqunludan və onun yaradıcılığından söz açacağıq.

Günün arşdırıcıları ədəbiyyat tariximizdə xüsusi yeri olan "Qutadqu-bilik" əsərini türklərin islamı qəbul etdikdən sonra əruz vəznində yazdıqları ilk fəlsəfi-sosioloji poema adlandırırlar. Müəllifinin ömür yolu və başqa əsərləri haqqında geniş bilgi yoxdur. Əsərin özünü diqqətlə oxuyub Yusif Balasaqunlunun ömür yolunu müəyyənləşdirirlər. Buna görə də araşdırıcıların bəzisi onun 1015-1018-ci illərdə doğulduğunu, bəzisi isə1021-ci ildə anadan olduğu yazırlar. Azərbaycan Sovet Ensiklopediyasında da ədibin 1021-ci ildə doğulduğu göstərilir. Doğum tarixi arasındakı fərqin 6-7 il göstərilməsini normal saymaq olar. Şair Doğu Türküstanın Balasaqun şəhərində dünyaya gəldiyinə və ya uzun müddət orada yaşadığına görə şəhərin adını özünə ləqəb seçib.

O dövrün böyük mədəni mərkəzlərindən olan Qaşqar şəhərinə 1068-ci ildə köçən Yusif Balasaqunlu orada 18 ay "Qutadqu-bilik" üzərində işləyib və 1069-cu ildə Qaraxanlılar dövlətinin başçısına, şairin sözü ilə desək, Məşriqin və Çinin hökmdarı Tabğaç Buğra xaqana hədiyyə edib. Tabğaç Buğra xaqan əsəri oxuyub heyrətə gəlib və Yusif Balasaqunluya Ulu Xas Hacib, yəni saray naziri, saray işlərinin rəhbəri vəzifəsi verib.

Doğu Türküstandakı Qaraxanlılar dövlətinin elmə, sənətə və ədəbiyyata yüksək qiymət verməsinin nəticəsi idi ki, həmin dövrdə böyük dilçi, lüğətçi alim Mahmud Qaşqarlı dünyanın ilk enskilopediyalarından olan “Divan-i lüğət-i it Türk” adlı möhtəşəm abidəni yaradıb.

Bu günkü türkcəmizdə "qut" səadət, xoşbəxtlik demək olduğundan Yusif Balasaqunlunun ana dilində yazdığı "Qutadqu bilik"i indi "Səadət biliyi", "Bəxtiyarlıq sənəti", daha çox "Xoşbəxtliyə aparan elm", “Xoşbəxtlik bəxş edən elm” kimi yazırlar. Müəllif əsərinin dilini “xaqaniyyə” adlandırır. Günümüzün araşdırıcılara görə isə "Qutadqu bilik"in dili türk dillərinin güney-batı qrupuna, yəni Oğuz qrupuna yaxındır. 13200 misradan, 6600 beytdən ibarət, məsnəvi şəklində yazılmış poemada yeri gəldikcə şair rübai formasından da istifadə etmişdir. Əsərin vəzni əruzun kəsik, yəni qısa mütəqarib bəhri kimi müəyyənləşdirilir.

Kitabın giriş hissəsini nəsrlə yazmış Yusif Balasaqunlu ərəb və fars dillərində belə əsərlərin mövcudluğunu, türk dilində isə "Qutadqu bilik"in ilk örnək olduğunu qeyd edir.

Yusif Has Hacib Balasaqunlunun "Qutadqu bilik"i yazdığı dövr müəyyən qədər ziddiyyətli dövr idi. Müxtəlif türk tayfaları arasında hakimiyyət uğrunda gedən mübarizə, daxili çəkişmələr, şübhəsiz ki, adil, ağıllı və güclü hökmdar məsələsini zərurətə çevirmişdi. Bir tərəfdən də bu dövrdə Qaraxanlı dövlətində Uyğur əlifbasından dövlətin rəsmi yazışmalarının ərəb dilinə keçid dövrü başlamışdı. Bu səbəbdən "Qutadqu-bilik" bir dünya görüşündən digər dünya görüşünə keçid dövrünün məhsuludur və əsər yazılarkən də bu ami müəllifə müəyyən qədər təsir göstərmişdir.

XI əsrdə yazılmış "Qutadqu-bilik" fəlsəfi, xüsusilə sosial-fəlsəfi fikrin zirvələrindən biri hesab edilir. Uzaq və Yaxın Doğu mədəniyyətlərindən qaynaqlanan bu əsər dünya orta əsr fəlsəfi və sosial-fəlsəfi fikrinin ayrılmaz hissəsi kimi qəbul edilir. Onun özündən əvvəlki dövrün Çin fəlsəfi və sosial-fəlsəfi, Hind-İran, Şamanizm və Qədim Türk fəlsəfi qaynaqları ilə əlaqələrini izləyərək həmin əsərin bütöv Doğu fəlsəfi fikrinin abidəsi adlandırırlar. Bu da o dövrdə Doğu fəlsəfəsinin yüksək səviyyədə inkişafından xəbər verir. Eyni zamanda bu dövr türk fəlsəfi qaynaqlarının gələcək əsr türk qaynaqları ilə müqayisəsi və müqayisə əsasında türk fəlsəfi fikrinin təkamülünün, onun orta əsr Doğu və Dünya fəlsəfi fikrinin təşəkkülündəki yeri haqqında yüksək fikir yaradır.

Əsərini Buğra xanın danışdığı dildə yazması ilə qürur duyduğunu söyləyən Yusif Balasaqunlu bununla da Qaraxanlı dövlətinin rəsmi dilinin türkcə olduğunu söyləmiş olur. "Qutadqu-bilik" əslində xaqanlar, şahlar, hökmdarlar, dövləti idarə edənlərin kitabıdır. Çünki bu kitabın əsasında adil və ağıllı hökmdar ideyası dayanır. Ağıllı və adil hökmdar arzusu, ümumiyyətlə, bütün türk dünyasını, türk xalqlarını qədimlərdən narahat edən ən ağrılı problemlərdən olub. İstər bizə qədər gəlib çatan ən qədim folklor nümunələrində, istərsə də qədim yazılı abidələrimizdə adil və ağıllı hökmdar ideyası daim diqqət mərkəzində olub. "Qutadqu-bilik"də isə bu ideya özünü bütün varlığı ilə büruzə verir.

Yusif Xas Hacib Balasaqunlu kitabının ön sözündə əsərinin qısa bir zamanda çinlilərin “Ədəbul-Muluk”, maçinlilərin “Enisul-Memalik”, Doğuda “Ziynətul-Uməra”, farsların “Şahnamə”si kimi məşhur olduğunu yazır. O, turanlılara hakimiyyəti necə əldə saxlamalarından, ordunu necə toplamaq lazım gəldiyindən, səfər yollarının necə seçəcəklərindən, hökmdarla xalqın qarşılıqlı əlaqəsindən və onların hər birinin vəzifələrindən söhbət açır.

"Qutadqu-bilik" idarəçiliyin siyasəti haqqında olmaqla, umumfəlsəfi, sosial, etik, estetik problemləri də ələ alan bir əsərdir. Əsər eyni zaman humanitar və təbiət elmlərin məşğul olduğu problemləri də çox geniş şəkildə öyrədir.

Yusif Balasaqunlu "Qutadqu-bilik"i yazmaqla insan həyatının mənasını təhlil edən və onun cəmiyyət və dövlət içindəki vəzifəsini təyin edən bir fəlsəfə, bir həyat fəlsəfəsi sistemi yaratmışdır.

Yusif Balasaqunlu əsəri dörd təməl, Qanun, Kut, Ağıl və Qənaət üzərinə qurduğunu yazır və əsərini Gündoğdu, Aydoldu, Öydülmüş və Odqurmuş adlandırdığı insanların söhbəti əsasında qurur. 85 fəsildən ibarət olan əsərin ilk on fəsli Tanrı və Peyğəmbər, dörd xəlifə və əsərin təqdim edildiyi Buğra xanın tərifinə, ulduzlara, biliklə ağlın xüsusiyyətlərinə, yaxşılığın faydalarına, dilin məziyyətlərinə, dərin fəlsəfi məna daşıyan məsələlərə ayırır.

Sonrakı fəsillərdə isə müəllif adı verdiyi insanları tanıdır. Gündoğdu İlig hökmdardır və qanunu, yəni ədaləti təmsil edir, onun sözləri qanundur. Aydoldu kutdur, yəni dövlətdir. Öydülmüş Kutun oğludur və ağlı o təmsil edir. Bir zahid olan Odqurmuş isə qənaəti təmsil edir. Dövlət, qanun, hökmdar, dil və bəylik bəhsləri ilə vəzirin, komandanların, Xas Hacibin, qapıçı başının, aşçı başının, elçinin, katibin, xəzinədarın necə olmaları gərəkliyi; məmurların hökmdar üzərindəki haqları, qarabudun adlandırdığı xalqla, bilginlərlə, həzrət Əli soyundan olan seyidlərlə, həkimlərlə, ofsunçularla, röya təbirçiləri ilə, münəccimlərlə, fəqirlərlə münasibətlə və xidmətçilərlə, işçilərlə necə davranmaq lazım olduğu barədə bu dörd varlıq və onları təmsil edən bədii rəmzlər arasında söhbətlər əsərin əsasını təşkil edir.

Ağlın Qənaətin qədərə əsaslanan görüşünü puç etməsi əsərin əhəmiyyətli bir hissəsini təşkil edir. Gündoğdu, Öydülmüş və Odqurmuş üz-üzə gələrək və məktublaşaraq din və dünya haqqında dərin söhbətlərə dalırlar. Bu hissələrdə varlığın yaranışı, islam təfəkkürü, iman, İslam təsəvvüfü kimi mövzuları incəliklə işlənilir. Aydın olur ki, dünya adamı da, din adamı da ehtiyacdan xali deyildir. Fəqət hər iki zümrəyə daxil olan insanlar öz ictimai və fərdi vəzifələrini anlayıb idrak etsələr, həyatda öz əbədi borcunu anlayıb yaşasalar, dünya və axirət xoşbəxtliyinə qovuşa bilərlər. Əsərin son fəsli “gənclik”, “zəmanənin pisliyi” və müəllifin özünə nəsihətindən ibarətdir. Həyatın acılığından və mürəkkəbliyindən yorulmuş müəllif, zəmanədən şikayət edir və gəncliyə nəsihət edir.

Türk dünyasının şah əsərlərindən olan "Qutadqu bilik"də müəllif folklor motiflərindən, xalq həyatı və məişəti ilə bağlı bədii obraz və bənzətmələrdən geniş istifadə edilmişdir. Buna görə də "Qutadqu bilik”i türklərin dünya mədəniyyətinə ən gözəl töhfəsi sayırlar.

Mətni yazdı Əli Şamil (Əli Hüseyin oğlu Şamilov)

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol