Çingiz Dağçı

ÇİNGİZ DAĞÇİ

 

Türk Dünyasının Məşhurları 22

Azərbaycanda az tanınsa da, dünyada məşhur olan Türk yazıçısı, Krımda doğulub boya-başa çatmasa da, vətəndən uzaqlarda yaşamaq zorunda qalmış Çingiz Dağçı.../Әli Şamil

 

Göndərmə 6/17/2010 9:14:22 AM UTC

Güncəlləmə 6/17/2010 9:14:22 AM UTC

www.trtazerbaycan.com

http://www.trtazerbaycan.com/az/newsDetail.aspx?HaberKodu=6858464e-bde8-4b90-b017-f403842da32a

XVIII yüzilin sonlarında Krım xanlığını işğal edən Rusya, Osmanlı dövləti ilə sərhədlərində Türklərin yaşamasından rahatsız olduğuna görə, onları müxtəlif üsullarla, ata-baba yurdlarından uzaqlaşdırırdı. Krımdan Türkləri həbsxanalara, ölkənin yaşam şərtləri çətin olan yerlərinə sürgün etməklə kifayətlənməyən çar Rusiyası 1863-cü ildə onları böyük dəstələr halında Qara dənizin güneyinə, yəni bu günkü Türkiyəyə, köçməyə məcbur etdi.

1918-1920-ci illərdə Rusiyada gedən daxili savaşdan qurtulmaq, 1920-ci illərdə yaradılmış süni aclıqdan xilas olmaq istəyənlər də Türkiyəyə qaçdılar. Beləcə Kırımda tatarların sayı ildən-ilə azaldı.

Lakin, bu azalma da işğalçıları qane etmirdi. Odur ki, Sovet xüsusi xidmət orqanlarının hazırladığı gizli plan əsasında 3 gün içərisində, yəni 1944-cü ilin mayın 18-21-də yüzminlərlə insan yük vaqonlarına doldurularaq Urala, Türküstana, Sibirə sürgün edildi. Yollarda minlərlə uşaq, qadın, qoca çətinliklərə dözə bilməyib həlak oldu.

Sürgünə göndərilənlər arasında Çingiz Dağçının yaxınları, qohum-əqrabası olsa da özü yox idi. Çünki, sürgündən 4 il əvvəl onu və on minlərlə soydaşını Sovet höküməti məcburi səfərbərliyə alaraq Almaniyaya qarşı savaşa göndərmişdi. Müharibədə Sovet hökuməti və onun müttəfiqlərinin qalib gələcəyi bilindiyi bir vaxtda Rusiya uğrunda savaşanların ana-bacıları, ataları, qohum-əqrabaları “vətənə xəyanət” də suçlanaraq 1944-cü ilin mayında sürgünə göndərildi.

Bu gün Çingiz Dağçı kimi tanınan yazıçı 1919-cu ilin martın 9-da Kırımın Qruzuf qəsəbəsində anadan olmuşdu. Həmin illərdə Kırm tatarları yenə də ən ağır günlərini yaşayırdı. Bir tərəfdən Rus generalı Vrangelin bolşeviklərlə savaşı nəticəsində təsərrüfat dağılmış, necə deyərlər yarımadada həyat iflic vəziyyətinə düşmüş, bir tərəfdən də zəlzələ olmazın ziyanını vurmuşdu. Aclıq, səfalәt baş alıb gedirdi. Buna görə də Çingizin atası Əmirhüseyin ailəni dolandırmaq üçün ata-baba yurdu Qızıldaş kəndinə köçmüşdü. Ailə Yalta yaxınlığındakı bu kənddə 10 ilə yaxın yaşamış və balaca Çingiz də buradakı ibtidai məktəbdə oxumuşdu.

1929-1932-ci illərdə, kollektivləşmə, kolxoz quruculuğu adı altında kəndlilərin malları, mülkləri əllərindən alınanda zorakılığa etiraz edən Əmirhüseyini qolşomaq adlandıraraq həbs edirlər. O, az bir zaman həbsdə yatdıqdan sonra oradan qurtula bilir. Doğma kəndinə qayıdsa yenidən həbs ediləcəyini bilib Ağməscidə, yəni bugünkü Simferapola gedir. Orada özünə iş tapıb güzaran qurduqdan sonra ailəsini, xanımı Fatmanı, qızları Tevidə, Ayşə, oğlanları Timur, Halit və Çingizi də Ağməscidə gətirir. Balaca Çingiz 12 saylı məktəbin 5-ci sinfində oxumağa başlayır. Sonra onu Kırım tatarcasında təhsil verən 13 saylı orta məktəbə keçirirlər. Bu məktəb həmin illərdə Ağməscidin ən nüfuzlu məktəbi sayılırmış.

Yeniyetməliyindən bədii ədəbiyyata böyük maraq göstərən Çingiz ilk şeirlərini 1936-cı ildə “Ədəbi Kırım” almanaxında çap etdirir. Ailəsi təqib və təzyiqlər alıinda yaşasa da, özü maddi sıxıntının hər üzünü görsə də müharibədən əvvəl yazdığı “Gül”, “Sevdiyim Yalta”, “Kənd axşamları”, “Bahar sabahı”,“Qış” və b. lirik təbiət təsvirlərindən ibarət olan şeirlərində Sovet ideolagiyasını tərənnüm edir. Müharibənin ilk aylarında Ukrayna cəbhəsindən yazdığı məktubdakı şeirini də “Verin atamın qılıncını mənə” adlandırır.

Çingiz 1937-ci ildə orta məktəbi bitirib elə həmin ilin payızında Krrım Pedaqoji Universitetinin tarix fakültəsinə qəbul olunur. 1939-cu ildə İkinci Dünya Savaşı başlayır, 1940-cu ilin dekabrın 22-də onu təhsildən ayıraraq məcburi əsgəri xidmətə aparırlar. Qısa müddət hərbi kursda oxutduqdan sonra leytinant rütbəsi verərək moto-atıcı bölüyə komandir təyin edirlər.

Müharibə Çingizin yalnız həyatını deyil, dünyagörüşünü də dəyişir. İlk şeirlərindən bu qənaətə gəlmək olur ki, müharibə olmasaydı Çingiz yüzlərlə Sovet şair və yazıçısından biri olacaqdı.

1941-ci ilin iyununda SSRİ-yə hücum edən Alman orduları ağlagəlməz bir surətlə irəliləyir. Qısa müddətdə Ukrayna, Belarusiya, Pribaltika işgal olunur. Ukrayna cəbhəsində olan Çingizin vzvodı 1941-ci ilin avqust ayında Alman və Sovet ordularınıñ qarşılıqlı atəşi arasında qalır. O, ağır yaralı halda əsir düşür. Bu həmin zaman təsadüf edir ki, Alman hərbi qüvvələri qarşısında duruş gətirə bilməyən Sovet hərbi birləşmələri sürətlə geri qaçır və ya təslim olmaq məcburiyyətində qalırdı.

Sovet qanunlarına əsgər və zabit təslim olmamalı, son gülləsilə intihar etməliydi. Bu da mümkünsüz və insanlığa zidd bir qanun idi. Sovet xüsusi xidmət orqanları əsir düşənlər və onların ailələrini, qohumlarını sərt cəzalandırsa da kütləvi əsirtüşmənin qarşısını ala bilmirdi.

1941-ci ildə Ukrayna cəbhəsində Almanlara əsir düşən Çingiz Əmirhüseyin oğlu savaş başa çatanadək, yəni 4 ilə yaxın Almaniyanın əsir düşərgələrində qalır. Min bir məşəqqətlə üzləşsə də ruhdan düşmür.

Müharibə başa çatdıqda isə vətənə dönmür. Bilir ki, vətəndə qoyub gəldiyi əzizlərini Sibirə və Türküstana sürgün ediblər. Əsir düşənləri də məşəqqətlər, Sovet həbsxanalarında üzücü istintaqlar və uzunmuddətli həbslər gözləyir. Odur ki, Varşavada tanış olduğu Regina ilə evlənir. Polşanın SSRİ-nin təsir dairəsində qaldığını gördükdə çətinliklə də olsa müttəfiqlər tərəfinə keçə bilirlər. Orada da ilk vaxtlar günü-güzaranı heç də yaxşı olmur. Uzun-uzadı dindirmələrdən, sorgu-sualdan sonra 1946-ci ildə ailsi ilə birlikdə Londona gedə bilir.

Londonda Polşalı xanımı Regina ilə birlikdə kiçik bir yeməkxanada işləyən Çingiz maddi və siyasi sıxıntılar içərisində yaşasa da bədii yaradıcılığını da davam etdirir. Qürbətdə bir silsilə şeirləri yazır. Şair “Kırım məni anarsanmı?” şeirində deyir:

Mən də dərdli gecələrniñ bir sırdaşı,

Əski Çatır sırrın açar, dep arz ettim.

Ürəyimdə ana yurdun topraq, daşı...

Günəşimiñ doğmasını çox istədim.

Gün doğmadı Kırımımıñ səmasında,

Ağlaysıñmı, kədərlənib, yanasıñmı?

Kırım, Kırım! Böylə soyuq gecələrdə

Sən də məni yaxşı söznən añasıñmı?

1947–1948-ci illərdə Rus dilində “Büyük yalan” adlı üç pərdəlik piyes yazır və 1958-ci ilin əvvəllərində onu Türkiyə Türkcəsinə tərcümə edib “Varlıq” nəşriyyatına yollayır. Lakin bu piyes nə çap olunur, nə də tamaşaya qoyulur. 1956-cı ildə “Arkadaşım Maqsud” hekayəsini yazır və yenə də “Varlıq” nəşriyyatına yollayır. Hekayə çox uzun olduğuna görə çap olunmur. O isə ruhdan düşmür. Bədii yaradıçılığını davam etdirir. “Varlıq” nəşriyyatı axır ki, onun “Qorxunç yıllar” romanını ayrıca kitab kimi çap edir. Beləcə Türkiyə ədəbi həyatında Çingiz Dağçı imzalı bir ulduz parlayır.

Çingiz Dağçı bir-birinin ardıncan “Yurdunu kayb edən adam” (1957) , “Onlar da insandı” (1958) , “Ölüm və korxu günləri” (1962) , “O topraqlar bizimdi” (1966) , “Kolxozda həyat” (1966) , “Dönüş” (1968) , “Gənç Temuçin” (1969) , “Badam budağından asılı bəbəklər” (1970) , “Üşüyən küçə” (1972), “Anama məktuplar” (1988), “Mənim kimi biri” (1988), “Yoldaşlar” (1992), “Xatirələr” (1995), “Biz bərabər geçdik bu yolu (1996), “Yansılar I” (1988), “Yansılar II” (1990), “Yansılar III” (1991), “Yansılar IV” (1993),”Yansılar V” , “Yansılardan qalan”, “Mən və içimdəki mən” (1994), “Halukun dəftərindən, London məktubları” (1996), “Xatirələrdə Çingiz Dağçı” (1998), “Bay Markusun köpəyi”, “Bay John Marpleın son yolculuğu”, “Oy Markus Oy, Regina” (2000), Röyalarda ana və kiçik Alimcan” (Bir Kırım hekayəsi) (2001). Və b. əsərləri Türkiyədəki “Varlıq” və “Ötükən” nəşriyyatlarında çap etdirir.

İkinci Dünya Savaşından sonra Türkiyədə Kırım Türklərinin acı taleyinin həmişə gündəmdə olmasında Çingiz Dağçının əsərlərinin rolu böyükdür. O, əsərlərinin əsas mövzusunu Kırım Türklərinin Rusların zulmü altındakı həyatlarından alırdı. Hüzünlü, qüssə və kədər dolu bir üslubda yazsa da oxucuda nikbin, mübariz bir əhval-ruhiyyə oyadır.Elə buna görə də çağdaş Türk ədəbiyyatına Çingiz Dağçının gülcü təsiri olmuşdur.

20-dən çox kitabı çap olunan Çingiz Dağçı 1990-cu ildə ürəyindən əməliyyat olunanadək Londondakı kiçik yeməkxanasını işlətmişdi.

Çingiz Dağçı əsərlərini Türkiyə Türkcəsində yazmışdır. Krım tatarları vətənə döndükdən sonra həmvətənlərinin əsərlərilə tanış olmağa başlamışlar. Yunis Qandımov onun əsərlərini ana dilinə çevirərək Krımda nəşr etdirməyə başlamışdı. Yunus gənc ölsə də Krımlı yazıçılar onun başladığı işi şərəflə davam etdirirlər.

Çingiz Dağçının yaradıcılığına əsarətdən qurtarmış Türk xalqları da böyük maraq göstərir, əsərlərini ana dillərinə çevirərək sevə-sevə oxuyurlar.

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol