Əli Mösyö Təbri

Əli Mösyö Təbrizi

Türk Dünyasının Məşhurları-24

Məşrutə hərəkatının öndərlərindən, ömrünü vətəninin demokratikləşməsinə həsr etmiş Əli Mösyö Təbrizinin həyatı…

 Göndərmə 21.06.2013 11:43:19 UTC

Güncəlləmə 21.06.2013 11:43:19 UTC

www.trtazerbaycan.com

http://www.trtazerbaycan.com/trtworld/az/newsDetail.aspx?HaberKodu=847224aa-a876-4524-8436-14f9232453fa

 

Əli Hacı Məhəmmədbağır oğlu Təbrizi 1866-cı ildə Təbriz şəhərində mömin bir ailədə dünyaya göz açdı. O, yaşıdları kimi məhəllə məktəbində təhsil aldı, burada Qurani-Kərimi oxumağı, şəriəti öyrənməklə yanaşı, fars dili ilə də yaxından tanış oldu. Məktəbdə ona da yaşıdları kimi Sədi Şirazinin “Gülüstan”, “Büstan” əsərlərindən parçalar əzbərlətdilər.

Bütün bunlar onun ana dili ilə yanaşı, ərəb və fars dillərini öyrənməsinə şərait yaratdı. İti yaddaşı və dərin mühakiməsilə yaşıdlarından seçilən Əli Məhəmmədbağır oğlu ərəb-fars dilləri ilə yanaşı, rus və fransız dillərini də öyrənməyə başladı.

Doğulduğu şəhərdə mədrəsə təhsili aldıqdan sonra bir çox ölkələrə səyahət etməli oldu, Kərbəla şəhərində İmam Hüseynin məzarını ziyarət etdiyinə görə onu Kərbəlayı Əli kimi çağırırdılar.

Kərbəlayi Əli həyat yolunu müəyyənləşdirmək üçün çox gənc yaşlarında Rusiyanı, Avropanın bir sıra ölkələrini gəzib dolandı, Fransa inqilabları tarixini öyrəndi. Fransız xalqının demokratiya uğrunda mübarizəsi, axıdılan qanlar və əldə edilən nəticə onu cəlb etdi. Odur ki, vətəninin də monarxiyadan xilas olub demokratik respublikaya çevrilməsi üçün yollar axtarmağa başladı.

Bir müddət İstanbulda yaşayan və oradakı monarxiya əleyhdarları ilə uzun-uzadı söhbətlər edən Kərbəlayı Əli Təbrizə qayıtdıqdan sonra az zamanda Mösyö Əli kimi tanındı. Bu da səbəbsiz deyildi. Çünki, o, söhbətlərində fransız xalqının respublikalı quruluşuna keçmək üçün apardığı mübarizəsindən tez-tez misallar çəkirdi.

Köhnə idarəetmədən cana doymuş xalq kütlələri də bir yeniləşmə istəyirdi. Odur ki, Mösyö Əli kimi aydınların söhbətlərini maraqla dinləyirdilər. Təkcə Qacarlar sülaləsinin idarə etdiyi ölkədə deyil, dünyanın hər yerində 20-ci yüzilin başlanğıcında bir inqilabi əhval-ruhiyyə hakim idi.

19-cu yüzilin ortalarında Karl Marks və Fridrix Engelsin hazırladığı və qurultayda qəbul olunan “Kommunist partiyasının manifesti”ndə deyilirdi ki, Avropada bir kabus dolaşmaqdadır, kommunizm kabusu! 20-ci yüzilin başlarında kommunizm kabusu Avropadan kənara çıxaraq Asiyada, Afrikada, Amerikada da dolaşmaqda idi.

Orta əsr durğunluğundan çıxmaq istəyən Şərq xalqları da demokratiya, insan haqları uğrunda mübarizəyə qoşulmuşdular. Bu mübarizənin önündə addımlayanlardan biri də Mösyö Əli idi. İranda şah idarəetmə üsulu mövcud olmasına baxmayaraq, ölkə demək olar ki, ikiyə bölünmüşdü. Qüzeyi Rusiyanın, Güneyi isə Böyük Britaniyanın təsiri altında idi. Hələ bu azmış kimi Belçikalılar da ölkədə nüfuz sahibi idilər. Xalq xarici güclərin ölkədən çıxarılmasını, Qacarlar sülaləsinin islahatlar keçirməsini istəyirdi.

Xarici güclər və ölkədəki mühafizəkarlar isə islahatları əngəlləyir, anayasanın qəbul edilməsini istəmirdilər. Belə gərgin və ağır günlərdə Mösyö Əli xalqının xilasını sosial-demokratlarla birgə olmaqda görürdü. 1906-cı ildə Təbrizdə “İctimaiyyün-e amiyun” təşkilatını quranlardan olan Mösyö Əli, Hacı Əli Davafuruş, Rəsul Sədəqyani və məsləkdaşları “Yardım kassası” təşkil edirlər. Ağa Mir Bağır, Ağa Məhəmməd Sadıq Qazançeyi, Mösyö Əli xəzinədarlığı öz üzərlərinə götürürlər. Bir həftədə xalqdan 36 min tümən pul toplanır. İnqilabçılar mitinqlər təşkil edir, küçə və meydanlarda insanları ətraflarına toplayaraq onlara hürriyyət və məşrutə haqqında söhbətlər edirlər.

Yaranmış şərait və aparılan təbliğat, təşkilat işi öz təsirini göstərir. Demokratik əncümənlər yaradılır. Bu əncümənlərin bəziləri az bir vaxtda inqilabi hərəkata başçılıq etməklə yanaşı, əyalət və vilayətlərdə hakimiyyət orqanına çevrilir.

İnqilabın təsiri ilə yaradılan əncümən və “Mərkəzi qeybi” yalnız Təbrizdə deyil, Cənubi Azərbaycanın başqa vilayət və mahallarında da təhlükəsizlik və əmin amanlıq yaradılması qayğısına qalır, bazarlarda qiymətlərin süni şəkildə bahalaşdırılmasının qarşısını alır. Çox vaxt Əli Mösyönün evində keçirilən “Mərkəzi qeybi” təşkilatı təbliğat işinə də diqqəti artırır. 1906-cı il oktyabrın 6-da Mirzə Ələkbər xanın redaktorluğu ilə “Əncümən” qəzeti nəşr edilməyə başlanır.

1906-cı ilin dekabrında məclisə seçkilərin başa çatmasından istifadə edən vali Məhəmmədəli Mirzə əyalət əncümənini bağlamaq istəyir. Bu addım qarşıdurmanı daha da dərinləşdirir. Əli Müsyö, Hacı Əli Davafuruş, Rəsul Sədəqyaniın rəhbərlik etdiyi gizli “Mərkəze qeybi” komitəsinin təşəbbüsü ilə irticaçılardan Mir Haşım, İmamcümə və b. Təbrizdən qovulur.

1907-ci ilin birinci yarısına qədər Güney Azərbaycanında, demək olar, varlı da, kasıb da şah despotizminə, feodal özbaşınalığına və imperialistlərə qarşı vahid cəbhədə çıxış edir. Yanvarın 23-də isə minlərlə insan küçələrə axışır. Təbriz bazarı bağlanır, tətil elan edilir. Üç gün sonra isə mücahidlərin rəhbərliyi ilə bütün dövlət idarələri, cəbbəxana, hərbi qarnizon tutulur.

Azərbaycan deputatlarının verdikləri tələblər qeyd-şərtsiz yerinə yetirilir, ölkədə əsasqanunlu idarəetmə yaradıldığı elan edilir. Lakin şahın ətrafında toplaşan irticaçılar demokratik tədbirləri hər vasitə ilə əngəlləyir. Şəhərdə qayda-qanun yaratmaq adı altında Ağa Şeyx Səliminin, Əli Mösyönün, Hacı Əli Davafurşun, Mirzə Qafar Zunuzinin, Qafqaz mücahidlərinin və b. şəhərdən çıxarılması üçün qərar verilir.

Bu qərardan xəbər tutan xalq kütlələri, eləcə də “Mərkəzi qeybi” üzvləri silaha sarılaraq irticaçılara qarşı çıxırlar. Vəziyyət getdikcə gərginləşir. Vaxtı ilə Təbrizdən qovulmuş Mir Haşımın rəhbərlik etdiyi dəvəçi məhəlləsinin qoluzorluları Təbrizdə irticanı və təfriqəçiliyi genişləndirir. Şəhərdə üç gün gərgin döyüş gedir. Mir Haşım və silahdaşları məşrutəyə, əncümənə, Əli Mösyö başda olmaqla mücahidlərə qarşı geniş təbliğat aparır, onları dinsiz, babı adlandırırlar.

1908-ci il iyunun əvvəlində Mir Haşım başda olmaqla irticaçılar Əmrəqız və Xiyabani məhəlləsində inqilabçılara hücuma keçirlər. Tehranda məclis topa tutulur. Lakin Əli Mösyö, Hacı Əli Davafuruş, Haçı Mehdiağa başda olmaqla, Səttarxan və Bağırxanın rəhbərlik etdiyi mücahidlər dəstəsi qətiyyətli döyüş aparırlar. Əli Mösyönün qızı Nazəni də onlarla təbrizli qadın kimi məşrutəçilərin sırasında irticaçılara və Rus kazaklarına qarşı vuruşur.

Şah məşrutəçiləri susdurmaq üçün vali Eynüddövlənin rəhbərliyi altında avqust ayında Təbrizə dörd süvari alayı, 8 top göndərsə də, məşrutəçiləri ram edə bilmir. Təbrizin təsirindən İsfahanda, Rəştdə və b. əyalətdə də inqilabi hərəkət güclənir. Şah məcburiyyət qarşısında qalaraq Konstitusiyalı idarəetməyə razılaşır. Lakin şah və tərəfdarları məşrutəçiləri məhv etmək üçün onları daxildən parçalamağa, xain metodlardan istifadə etməyə əl atır.

1909-cu ildə Təbriz bələdiyyəsinə rəhbərlik edən Əli Mösyönün 1910-cu ildə Rusiyanın Təbrizdəki konsulluğunun əməkdaşları tərəfindən zəhərlənərək öldürüldüyünü söyləyirlər.

1911-ci ilin sentyabrında Səmədxanın rəhbərliyi ilə 4 min nəfərlik silahlı dəstə də Təbriz mücahidlərinin üzərinə göndərilsə də, qəhrəman şəhər məğlub olmur. Rusiya Xarici İşlər Nazirliyi Qafqaz canişininə teleqram vuraraq “yaxın məntəqələrdən mümkün qədər çox hərbi qüvvə toplayıb Təbriz üzərinə göndərməyi” əmr edir.

1911-ci ilin dekabrın 14-də Rusiya qoşunları Təbriz şəhərini tutur. Aşura günü mücahid və inqilabçılardan 80 nəfərə yaxını, o cümlədən ruhani Siqqətülislan, “Mərkəzi qeybi”nin və əncümənin üzvlərindən Şeyx Səlim, Sadiqimülk, Əli Mösyönün oğlanları 20 yaşlı Həsən və 18 yaşlı Qədir dara çəkilir. Mücahidlərin əmlakı müsadirə olunur, evləri dinamitlə partladılır. Bütün bu qəddarlıqlara baxmayaraq, aradan 101 il keçdikdən sonra Əli Mösyönün evi təmir edilərək muzeyə çevrilir və 2013-cü il Novruz bayramı günlərində muzeyin açılışı olur.

Tarix, ondan hissə götürülərsə tarix olar, götürülmədən oxunarsa nağıldan ibarət olar.

 Mətni yazdı Əli Şamil (Şamilov Əli Hüseyn oğlu)

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol