Məmməd Yusif Cəfərov

Məmməd Yusif Cəfərov

Türk Dünyasının Məşhurları-30


Göndərmə 01.08.2013 10:55:38 UTC

Güncəlləmə 01.08.2013 11:50:45 UTC

www.trtazerbaycan.com

http://www.trtazerbaycan.com/trtworld/az/newsDetail.aspx?HaberKodu=8af97d5c-4f88-4194-b7cd-fa26e0763e98


“Türk dünyasının məşhurları” proqramında sizlərə ömrünü vətən və millət yolunda şam kimi əritmiş, lakin siyasi baxışlara görə uzun illər adlarının çəkilməsi belə qadağan olunmuş, yaxud ömür yolları, yaradıcılıqları öyrənilməmiş, bir sözlə, bilərəkdən unutdurulan insanlardan söz açmağa çalışırıq. Bunlardan biri də ictimai- siyasi xadim, dövlət adamı Məmməd - yusif Cəfərovdur.

Məmməd - yusif Hacıbaba oğlu Cəfərov 1885-ci il martın 14-də Bakıda anadan olub. 1907-ci ildə Bakıda kişi gimnaziyasını bitirib. M. Cəfərov o dövrdə Rusiya imperiyasının ikinci böyük şəhəri sayılan Moskvaya gedərək Moskva Dövlət Universitetinin hüquq fakültəsində oxuyub. Moskva mühiti və tələbəlik illəri gənc Məmmədyusifin dünyagörüşünün inkişafında mühüm rol oynayıb. Çünki həmin dövrdə xalq hərəkatının təzyiqi altında 17 Oktyabr manifesti imzalanmışdı. Bu manifest sərbəst toplaşma hüququ verir, qəzet və jurnalların nəşrinə icazəni asanlaşdırır, ictimai-siyasi təşkilatların fəaliyyətini leqallaşdırılmasına şərait yaradırdı. Məmmədyusif tezliklə Moskvada oxuyan azərbaycanlıların yaratdığı «Azərbaycan etnoqrafik konsert gecələri»nin və «Azərbaycan həmyerlilər təşkilatı»nın əvvəllər üzvü, sonralar isə rəhbərlərindən biri olub. O, öz tələbə dostlarını bu təşkilatlarda elmə, biliyə yiyələnməklə yanaşı, xalqın azadlığı uğrunda mübarizədə birliyə çağırıb.

1912-ci ildə Moskva Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirən M.Cəfərov Bakıya gələrək məhkəmədə andlı hakim köməkçisi vəzifəsində işləyib.

1912-ci il sentyabr-oktyabr aylarında Rusiyanın hər yerində olduğu kimi Güney Qafqazda da IV Dövlət Dumasına seçkilər keçirilib. Hüquqşünas kimi Bakı əhalisinin hörmətini qazanmış 27 yaşlı M.H.Cəfərov Bakı, o dövürdə Yelizavetpol adlandırılan Gəncə və İrəvan quberniyalarının müsəlman əhalisi tərəfindən IV Dövlət Dumasına deputat seçilib. O, IV Dövlət Dumasında Güney Qafqazdan seçilən yeganə müsəlman deputat olub.

M.H.Cəfərov 1912-1917-ci illərdə IV Dövlət Dumasında V bölmənin, Müsəlman fraksiyasının, büdcə, köçürmə, sorğu, məhkəmə islahatı, hərbi və dəniz işləri üzrə komissiyaların üzvü kimi bir sıra önəmli sənədlərin hazırlanmasında iştirak edib. O, Dumanın bir sıra iclaslarında müzakirə olunan Rusiya dövlətinin baş nazirinin hesabatı, Gömrük Departamentinin xərcləmə dərəcəsi, Köçürmə İdarəsi üzrə xərclərin smetasına dair büdcə komissiyasının hesabatı, 1913-cü ildə Zaqafqaziyanın bəzi yerlərində məhsulsuz qalmış əhaliyə kömək tədbirləri, müharibə və s. məsələlərin müzakirəsi zamanı çıxış edərək hökumətin yeritdiyi siyasəti tənqid edib. Zaqafqaziya əhalisinə, xüsusən müsəlmanların maariflənməsinə çar hökumətinin ögey münasibət göstərdiyini, hüquqlarının məhdudlaşdırıldığını, milli məktəblərinin bağlandığını tənqid edən M.Cəfərov müsəlman fraksiyası adından kazarmaya çevrilmiş məscidlərin geri qaytarılmasını tələb edib.

O, eyni zamanda köçürmə siyasətini tənqid edərək məmurların əhalini köçürərkən yerlilərin vəziyyətini nəzərə almadıqlarını, bunun da çox vaxt yerlilərlə köçənlər arasında toqquşmalara səbəb olduğunu, Qafqaz cəbhəsi və arxa xəttdə dinc müsəlman əhalisinin müdafiə olunmadığını, əmlaklarının talandığını, öldürüldüyünü bildirib.

Sankt-Peterburqda olduğu dövrdə Lənkəran balıqçıları, Şamaxı müəllimləri, müsəlman ruhaniləri Məmməd yusif Cəfərova müraciət edərək köməklik göstərməsini xahiş edirlər. O, əhalinin irəli sürdüyü tələbləri həll etmək üçün bir sıra dövlət idarələrinə və nazirliklərə gedir, problemlərin həllinə çalışıb.

1917-ci il martın 9-da Müvəqqəti Hökumətin təşəbbüsü ilə IV Dövlət Dumasının Zaqafqaziyadan olan deputatlardan ibarət Xüsusi Zaqafqaziya Komitəsi yaradılıb. Bu komitənin tərkibinə Məmməd yusif Cəfərov da daxil edilir. O, yeni yaradılmış komitədə sənaye və ticarət işlərinə rəhbərlik edib.

1917-ci il aprelin 15-20-də Bakıda keçirilən Qafqaz Müsəlmanları Qurultayına gələn Məmməd yusif Cəfərov təbrik nitqi söyləyib. O, inqilab nəticəsində azadlıq əldə etmiş müsəlmanları təbrik edir və onları birliyə çağırıb. Çıxışında qeyd edir ki, köhnə çar rejimi çürümüş təməl üzərində qurulduğu üçün yıxıldı, yeni hökumət düzlük və doğruluq üzərində qurulmalıdır.

1917-ci il noyabrın 15-də Tiflisdə Müstəqil Zaqafqaziya hökuməti – Zaqafqaziya Komissarlığı yaradılanda Məmməd yusif Cəfərov bu hökumətə ticarət və sənaye naziri təyin edilib.

1918-ci il fevralın 23-də Tiflisdə Zaqafqaziya Seymi işə başlayanda oraya Azərbaycandan Müsavat Partiyasını və bitərəf demokratik qrupları təmsil edən 30 nəfər daxil olub. Zaqafqaziya Seymindəki 44 azərbaycanlı deputatdan biri də Məmməd yusif əfərov olmuşdur. Seymin Müsəlman fraksiyasının üzvü olan Məmməd yusif Cəfərov Osmanlı dövləti ilə danışıqlara başlamağı və sülh sazişi bağlamağı təklif edib. Onun və onunla həmfikir olan müsəlman deputatlarının təklifi qəbul edilməyib.

Deputatlar arasında ziddiyyətin dərinləşdiyini görən gürcü deputatları 1918-ci il mayın 26-da Zaqafqaziya Seymindən çıxaraq Müstəqil Gürcüstan Respublikası yaratdıqlarını elan ediblər. Seymdəki Müsəlman fraksiyası da mayın 27-də fövqəladə iclas keçirib. İclasda Məhəmmədəmin Rəsulzadənin sədrliyi ilə Müvəqqəti Milli Şura və Fətəli xan Xoyskinin sədrliyi ilə Milli Şuranın İcra Komitəsi təşkil edildiyi elan edilib. İcra Komitəsinin tərkibinə Mehdi bəy Hacınski, Nəsib bəy Yusifbəyov, Xasay bəy Xasməmmədov və b. ilə birlikdə Məmməd yusif Cəfərov da daxil edilib.

Müvəqqəti Milli Şuranın 1918-ci il mayın 28-dəki iclasında Azərbaycanın müstəqilliyini elan edən İstiqlal bəyannaməsi qəbul edilib. Bəyannaməni imzalayan 24 nəfərdən biri də Məmməyusif Cəfərov olub. Həmin iclasda F.Xoyski Azərbaycan Hökumətinin yaradıldığını elan edib. İlk hökümətdə Məmməd yusif Cəfərov ticarət və sənaye naziri olub.

M.Cəfərov 1918-ci il iyun ayının sonlarından 1919-cu ilin martın ortalarına kimi Azərbaycan Xalq Cümhuriyyətinin Gürcüstan Respublikasında diplomatik nümayəndəsi vəzifəsində işləyib. O, bu vəzifədə işləyərkən Azərbaycan və Gürcüstan arasında əlaqələrin yaxşılaşması üçün çox iş görüb. Azərbaycanla Gürcüstan arasında müvəqqəti kağız pul buraxılması haqqında müqavilənin hazırlanmasına nail olub. Keçmiş Zaqafqaziya Demokratik Federativ Cümhuriyyətinin əmlakının ədalətli bölüşdürülməsinə nəzarət edib. Azərbaycan, Ermənistan, Gürcüstanın, eləcə də Avropa ölkələrinin rəsmi nümayəndələri ilə söhbət və görüşlərdə, Azərbaycan, Gürcüstan və Dağlılar Cümhuriyyətlərinin nümayəndələrinin Tiflis şəhərində keçirilmiş Zaqafqaziya Konfransında fəal iştirak edib.

1919-cu il aprelin 14-də Azərbaycan parlamenti N.Yusifbəyovun sədrliyi ilə yeni Azərbaycan hökumətini təsdiq edəndə Məmməd yusif Cəfərov bu hökumətin xarici işlər naziri təyin olunub. Xarici işlər naziri kimi 1919-cu il dekabrın 22-nə qədər çox ciddi sənədlərin hazırlanmasına və imzalanmasına rəhbərlik edib.

1919-cu il dekabrın 2-11-də Bakıda Türk Demokratik Federalist Müsavat Partiyasının II qurultayında siyasi komissiyaya seçilən Məmməd yusif Cəfərov 1920-ci il fevralın 2-də xəstəliyi ilə əlaqədar vəzifədən gedən parlament sədrinin müavini H.Ağayevi əvəz edib. Azərbaycan parlamenti onun sədrliyi altında AXC-nin ictimai, iqtisadi və mədəni inkişafına yönəlmiş qanunlar, qərarlar qəbul edib və bağlanmış sazişləri təsdiqləyib.

1920-ci il aprelin 27-də parlamentin son iclasında gərgin müzakirədən sonra hakimiyyətin başda N.Nərimanov olmaqla Azərbaycan Müvəqqəti İnqilab Komitəsinə verilməsi haqqında qəbul edilən qərarı Məmməd yusif Cəfərov imzalayıb.

Azərbaycan Xalq Cümhuriyyətini bolşeviklər qan içində boğduqdan sonra Məmməd yusif Cəfərov Azərbaycan Pambıqçılıq və Şərabçılıq Trestlərində hüquq məsləhətçisi vəzifəsində işləyib. Azərbaycan Xalq Cümhuriyyətinin rəhbər işçilərindən olduğuna görə xüsusi xidmət orqanları onu daim təqib və təzyiqlər altında saxlayıb.

Sovetlərin kütləvi həbslərindən qurtaran Məmməd yusif Cəfərov 1938-ci il mayın 15-də Bakıda vəfat edib. Onun cənazəsini Sağan kəndində dəfn ediblər. Ölümündən keçən 50 il müddətində adının çəkilməsi belə qadağan olunub. Zaman isə bütün qadağalar kimi Sovetlərin qadağalarını da tarixin zibilliyinə atıb.

Sovet Sosialist Cümhuriyyətləri İttifaqı deyilən dövlət dağıldıqdan sonra adı ən çox xatırlanan insanlardan biri də Məmməd yusif Cəfərov olub.

 

Mətni yazdı Əli Şamil (Şamilov Əli Hüseyn oğlu)

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol