Xaris Yumaqulov

Xaris Yumaqulov

Türk Dünyasının Məşhurları-07

Başqırdısatanda doğulan, ictimai, siyasi və elmi fəaliyyətinə görə millətinin sevimlisinə çevrilən Xaris Yumaqulovun ömür yolu...

 Göndərmə 19.02.2013 13:01:21 UTC

Güncəlləmə 19.02.2013 13:01:21 UTC

www.trtazerbaycan.com

http://www.trtazerbaycan.com/az/newsDetail.aspx?HaberKodu=93d51090-7540-409f-a2b2-9657aa82e7f3

 Xaris Yumaqulovun adı Azərbaycanda da, Özbəkistanda da, Qazaxıstanda da, Dağıstanda da, Başqırdıstanda da 1937-ci ilin istintaq materiallarında çəkilir. 1956-cı ildə çağrılan Sovet İttifaqı Kommunist Partiyasının XX. qurultayından sonra repressiya qurbanlarının böyük əksəriyyətinə bəraət verildi. Dünyaya isə bu repressiyanın səbəbkarı uzun illər Sov. İKP MK-ya rəhbərlik etmiş, dünyanın ilk sosialist dövləti olan SSRİ-ni milyonlarla insanın qanı bahasına da olsa yaşatmış, İkinci Dünya Savaşında Müttəfiqlərin qələbəsini təmin etməkdə böyük rol oynamış İosif Stalinin adına yazdılar. Əslində nahaq qanın axıdılmasında minlərlə insanın rolu olmuşdu. Yeni cəmiyyət, azad və firavan bir ölkə yaratmaq adı altında qanlar axıdanların bir çoxunu da İosif Stalin və ətrafındakılar məhv etmişdi.

Bəraət elan edənlərin özləri də nahaq qanların axıdılmasında az rol oynamamışdılar. Onlar məhvə gedən quruluşu xilas etmək, tam xilas etmək mümkün olmasa da ömrünü uzatmaq üçün belə bir islahata əl atmışdılar. Onların verdikləri bəraət də formal xarakter daşıyırdı. Məhv etdikləri insanların əsərlərinin tam nəşr edilməsinə, öyrənilməsinə, istintaq materialları ilə geniş xalq kütlələrinin tanış olmasına imkân vermirdilər.

Sovetlər Birliyinin dağılmasından 20 ildən çox keçməsinə baxmayaraq 1937-ci ildə və ondan sonrakı illərdə həbs edilən, güllənən bir çox insanlar haqqında həqiqətlər hələ də aşkarlanmamışdır. Belə insanlardan biri də Xaris Yumaqul oğlu Yumaqulovdur.

Xaris Yumaqul oğlu Yumakulov köhnə təqvimlə 1890-ci il dekabrın 22-də keçmiş Rusiya İmperiyası Samarski quberniyası Puqaçov qəzasının Xasanov kəndində anadan olumuşdur. 1918-ci il yanvar ayının sonunda Rusiyada miladi təqvimində günlərin astronomik təqvimdən geri qaldığını aradan qaldırmaq üçün yeni təqvimə keçildi. Buna görə də qaynaqların çoxunda Xaris Yumaqulovun doğum tarixi 1891-ci il yanvar ayının 3-ü kimi göstərilir. Başqırd, tatar, qazax qaynaqlarında isə onun adı və soyadı Xaris, Haris, Yumaqul ulu, Cumaqul ulı, Jumaqul uli kimi də yazılır. Atasının adından Rusiyanın məmurları Xarisə soyadı düzəldərək Yumaqulov yazmışlar.

İlk təhsilini kənd məktəbində, mollaxanada alan Xaris sonralar Rus-tuzem məktəbi adlandırılan Avropa tipli təhsil ocağında oxumuşdur.

Yaşıdları arasında oxumağa marağı, diribaşlığ, hazırcavablığı ilə seçilən Xaris Yumaqulov gimnaziyanı başa vurduqdan sonra Moskvadakı Ali Kənd Təsərrüfatı Akademiyasına daxil olmuşdur. Təhsil illərində o elmi biliklərə, seçdiyi ixtisasa dərindən yiyələnməkdən çox ictimai-siyasi işlərə maraq göstərmişdir.

Bu da səbəbsiz deyildir. 300 ilə yaxın işğalçılıq siyasəti yürütmüş, qonşu xalqları əsarət altına alaraq onların torpaqları və sərvətləri hesabına Avroasya məkanında böyük və əzəmətli dövlət qurmuş Romanovlar sülaləsinin hakimiyyəti çökürdü. Ölkədə yaşayan az-çox ağlı və düşünmək qabiliyyəti olan insanlar xilas yolları axtarırdılar.

Xaris Yumaqulov da xilas yolları axtaranların sırasına qoşulanlardan idi. Təklif olunan yollardan, aparılan təbliğatlardan ona sosialistlərin tutduğu yol daha doğma və əziz gəlirdi. Əzilənləri, yoxsulları, güçsüzləri, kimsəsizləri xilas etmək, istismarçılara qarşı durmaq üçün 1917-ci ildə Rusiya Sosial Demokrat Fəhlə Partiyasının bolşeviklər qanadına qoşuldu.

1917-ci il Xaris Yumaqulov üçün bir də onunla əlamətdar olur ki, Moskvadakı gizirlər hazırlayan məktəbi bitirir. Birinci Dünya Savaşında uduzmaqda olan Rusiyanı xilas etmək üçün yeni səfərbərlik elan edilmiş, ali məktəblərdə oxuyan bir çox gənc hərbi kurslara göndərilmişdir. Lakin nə yeni açılan hərbi kurslar, nə də səfərbərlik Rusiyanı xilas edə bilmədi. İçindən qaynayan ölkə dağıldı. Romanovların 300 illik hakimiyyətinə son qoyuldu. Çar II Nikolay taxtdan əl çəkməli oldu.

Ölkəni xilas etmək ümidilə 1917-ci ilin fevralında Kerenskinin rəhbərliyi altında Müvəqqəti hökümət quruldu. Lakin Müvəqqəti hökümətin ömrü o qədər də uzun olmadı. Köhnə təqvimlə 1917-ci ilin oktyabrında bölşeviklər silahlı çevrilişlə hakimiyyəti ələ aldılar. Başqırd vətənpərvərləri milli muxtariyyat əldə etmək üçün hərəkətə keçdilər. Lakin çar ordusunun yüksək rütbəli zabitlərinin rəhbərlik etdiyi silahlı dəstələr bir tərəfdən, bolşeviklər o biri tərəfdən muxtariyyətə qarşı çıxdılar.

Xaris Yumaqulov 1917-ci ilin iyul avqust aylarında Başkırdıstan Vilayət Şurasının, Başqırdıstan Hökumətinin üzvü oldu.

1919-cu ildə “İrek” adlı Başqırdıstan Milli Partiyasına sədirlik edən Xaris Yumaqulov Başqırdıstanı bolşeviklər işğal edib milli kadrlara divan tutduqda ona Rusiya Kommunist (Bolşeviklər) Partiyasının üzvü olduğuna görə toxunmadılar. Onu Başqırdıstanın Müvəqqəti Hərbi İnqilab Komitəsinə, eləcə də Rusiya Kommunist (bolşeviklər) Partiyası Başqırdıstan Vilayət Komitəsinə sədr təyin etdilər. Lakin onu, tapşırıqları yerinə yetirmədiyinə, milli kadrları müdafiə etdiyinə görə vəzifədən və partiyadan çıxartdılar.

Xaris Yumaqulov Moskvaya dönərək orada Ümumittifaq Mərkəzi İcraiyyə Komitəsinin nəzdindəki Başqırdıstan MSSR üçün müəllim kadrları hazırlayan kursa rəhbərlik etdi.

Moskvada işləyərkən bolşeviklərin milli məsələdə, insan haqlarında yanlış mövqe tutduqlarını, söz azadlığını boğduqlarını gördükdə gizli fəaliyyət göstərən təşkilata üzv yazıldı. Bu təşkilat Vahid Türk Tatar Dövləti qurmaq üçün fəaliyyətə başladı. Təşkilata Azərbaycandan Soltanməcid Əfəndizadə, Dadaş Bünyadzadə, Bəkir Çobanzadə, özbəkistandan Abdulla Rahimbayov, qazaxıstandan Turar Rıskulov, Sencer Asfandiyarov, Krımdan Şuqu Emirhesen, Qaraçay –Çərkəzdən Ömər Əliyev, Dağıstandan Taho Qado və başqa yüksək vəzifəli Sovet məmurları, alimləri, ziyalıları daxil idi.

Gizli təşkilatda antisovet fəaliyyət göstərsə də 1931-ci ildə yenidən Ümumrusiya Kommunist (bolşeviklər) Partiyasına üzvlüyü bərpa edildi. 1935-ci ilədək SSRİ Taxılçılıq və Heyvandarlıq Sovxozları üzrə Qərbi Sibir Xalq Komissarlığında uçot və statistika şöbəsinin müdiri işlədi.

1935-ci ildə onu yenidən partiya sıralarından xaric etdilər. 1937-ci ilin iyulun 27-də həbs edərək noyabrın 2-də güllələdilər.

Xaris Yumaqulovun güllələnməsindən 75 ildən çox keçsə də onun gizli təşkilatdakı fəaliyyəti, milləti və əsarətdə olan türk xalqlarının azadlığı üçün gördüyü işlər hələ də gərəyincə öyrənilməmişdir.

 Mətni yazdı Əli Şamil (Şamilov Əli Hüseyn oğlu)

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol