Appa Canıbekov
Türk Dünyasının Məşhurları-03
Çağdaşlarının və yaşadığı cəmiyyətin nöqsanlarını sərt tənqid edən şair, xalq nəğməkarı, qaraçay Appa Canıbekovun ömür yolu və yaradıcılığı...Əli Şamil
Göndərmə 3/2/2012 12:30:10 PM UTC
Güncəlləmə 3/2/2012 12:30:10 PM UTC
www.trtazerbaycan.com
http://www.trtazerbaycan.com/trtworld/az/newsDetail.aspx?HaberKodu=df95a8f2-4673-4eca-9ca5-001a9f68a54e
Əsil adı Zəkəriyyə olan xalq ozanı bölgənin nüfuzlu bir ailəsində, Qalay Canıbekovun ailəsində 1860-cı ildə doğulub. Canıbekovlar nəslinin ulu babaları Kırım xanları Gereylara dayanır. Zədagən nəslindən olmasına baxmayaraq Zəkəryyənin anadan olmasına dair rəsmi sənədlər əldə yoxdur. Odur ki, təxmini hesablamalar əsasında doğum tarixini 1860-cı il, 1864-cü, 1866-ci il və s. də yazırlar.
Qaraçayda yaşayan bir nəsilin Kırım xanları ilə bağlılığı bu gün dinləyicilərə qəribə gələ bilər. Tarixə nəzər saldıqda isə orta yüzilliklərdə bu gün Rusiya Fedarasiyasına daxil edilmiş, Dərbənddən Qara dənizədək uzana Quzey Qafqazın, Stavropol diyarının, Krasnodarın, Quzeydə Volqa çayı sahillərinədək böyük ərazinin, eləcə də bugünkü Ukrayna Respubilkasına daxil olan böyük ərazilərin Krım xanlığına daxil olduğunu görərik.
Uca dağlar qoynundakı sərin yaylaqlarda, bu günkü Qaraçay-Çərkəz Respublikasında da Gerey xanların böyük torpaq sahələri, yaylaq və qışlaqları olduğundan nəslin nümayəndələrindən bəziləri bu yerlərdə məskunlaşmışlar.
Çar Rusiyası Kırım xanlığının ərazilərini işğal etdikdən sonra bu yerlərdə öz idarəçiliyinə uyğun inzibati vahidlər yaratdı. Buna görə də Zəkəriyyə Canıbekovun ömür yolunu işıqlandıran araşdırıcılar, ondan söhbət açanlar Rusiyanın Ku¬ban quberniyasındakı Uçkulan aulunda doğulduğunu yazırlar.
Zəkəriyyə Qalay oğlu Quzey Qafqazın ən çətin və ağır günlərini yaşadığı bir dövrdə anadan olub. Nəhəng Rusiya imperyası dağlıların zəif silahlanmış, heç bir hərbi sənayesi olmayan, lakin qüruru və cəsarəti ilə dünya hərbiçilərini heyrətləndirən Şeyx Şamilin başçılıq etdiyi kiçik dəstələri 30 ilə yaxın ram edə bilməmişdi. Şeyx Şamil silahdaşlarının və din adamlarının məsləhətilə xalqını qırğına verməmək üçün mübarizəni dayandırdığını və təslim olduğunu bildirsə də bölgədə çarın idarəçiliyini qurmaq heç də asan olmamışdı.
Buna görə də çar 1861-ci ildə ölkədə təhkimçilik hüququnun ləğv edilməsi haqqında fərman vermək məcburiyyətində qaldı. Bu fərman Rusiyada və Avropada demokratik fikirli insanlar tərəfindən alqışlarla qarşılansa da Quzey Qafqazlılar yenə də müstəmləkiçilərə boyun əymək istəmirdi. Bölgədə sabitlik yaratmaq məqsadilə çar Rusiyası onminlərlə ramedilməz saydığı ailəni Osmanlı dövlətinə köçürmək haqqında müqavilə imzaladı.
Zəkəriyyənin uşaqlığı və yeniyetməliyi Rus əsgərlərilə döyüşlərdə şəhid olan müridlərin şərəfinə qoşulmuş yırları, eləcə də Osmanlı dövlətinə köçürülənlərin ağır və üzücü yollarda başlarına gələn faciələrdən bəhs edən nəğmələri eşitməklə keçir. Şərəfli doyüşlərdən bəhs edən yırları dinlədikcə qəlbi qürür hissilə döyünən Zəkəriyyə ayrılıq, ağrı-acı və ölumun doğurduğu qüssə-kədər dolu nəğmələri eşitdikdə rahatsız olur, vəziyyətdən çıxış yolları axtarırdı.
Yaxın keçmişimizdə yaşamasına baxmayaraq el nəğməkarının, xalq ozanının uşqalıq və yeniyetməliyi tarixin dumanına bürünmüşdür. Onun təhsili, təhsil almışsa harada, hansı məktəbdə oxuması haqqında doğru-düzgün bilgi yoxdur. Xalq arasında gəzən rəvayətlərdə Zəkəriyyənin savadsız olduğu deyilir. Lakin onun şeirlərində işlətdiyi ifadələrdən məlum olur ki, nəinki dərin dini biligisi, hətta tarix, coğrafiya, təbiətşünaslıq haqqında da dərin məlumatı olmuşdur.
Bölgədə qəhrəmanlıq, tarixi, tərənnüm nəğmələrinin geniş yayılmasına baxmayaraq Zəkəriyyə Qalay oğlu gəncliyindən cəmiyyətdəki nöqsanları, ayrı-ayrı adamların, xüsusən vəzifə və imtiyaz sahiblərinin yaramazlıqlarını, kasıblara əziyyət vermələrini tənqid edən həcvlərilə məşhurlaşmışdır.
Qaraçay-malkarlar arasında kəskin həcvləri ilə şöhrətlənən Zəkəriyyə Qalay oğlunun yavaş-yavaş əsil adı unudulmağa, Appa, Çamçı deyə çağrılmağa başlayır. Beləcə Zəkəriyyə Qalay oğlu Canıbekov Appa Canıbeklaniyə çevrilir. O dəvrişvari bir həyat sürür, nə malı-mülkü, nə var dövləti, nə də evi-eşiyi, ailəsi olur. Amma, o Yunis İmrənin dediyi kimi, döyənə əlsiz, söyənə dilsiz, nə də Mövlanənin yeddi öyüdündə dediyi kmi, başqalarının nöqsanlarını örtməkdə gecə kimi ola bilir. Əksinə hamının nöqsanlarını el-el, oymaq-oymaq gəzərək söyləyir. O, cəmiyyəti, insanları tənqidlə, el içində biabır etməklə islah etməyə çalışır. Həcvlərində bəzən ifarata vararaq insanların şəxsiyyətinə toxunan ifadələr işlədir, bəzən də söyməkdən belə çəkinmir.
Çar məmurlarını, yerli hakimləri, kasıba, fağır-füqaraya əziyyət verənlərə həsr etdiyi həcvlər qısa zamanda dillər əzbərinə çevrilir. Onun həcvləri yalnız qaraçay-malkarlar arasında deyil, abazalar, çərkəzlər, kabardinlər, osetinlər və başqa xalqlar tərəfindən də maraqla qarşılanır.
Appanın həcvlərindən cana doymuş yerli məmurlar xalq ozanını iki dəfə həbs etdirərək Sibirə göndərtdirirlər. Sibir mədənlərində 11 il ağır şəraitdə işləməsi də onun iradəsini qıra bilmir. Geri döndükdən sonra yenə də at belində aulları gəzərək həcvlər söyləyir.
XX yüzilliyin başlarında çar Rusiyasının durumu getdikcə ağırlaşır. Xüsusən Rus-Yapon savaşındakı ağır məğlubiyyət ölkənin iqdisadiyyatını çökdürür. Tətillər, üsyanlar, qaçaqçılıq hərəkatı ara vermir. Çar höküməti Qafqazda yaratdığı sərt rejimdən əhalinin cana doyan hissəsi Osmanlı dövlətinə köçməsilə kifayətlənmir, 1905-ci ildə yenidən kütləvi köçürmələr təşkil edir. Bölgənin narahat və hökümət üçün təhlükəli adamları sırasında həcvləri ilə məşhur olan Appa Qalay oğlu da köçürülür. O, çox çətinliklə Anadoluya gedib çıxsa da doğma yerlərin həsrətinə dözə bilmir. Minbir əziyyətə qatlaşaraq yenidən Qafqaz dağlarının qoynuna, ata-baba yurduna qayıdır.
Appa Osmanlı dövlətinə köçürülərkən İstanbulda məddahlarla tanış olur, “Qaragöz” oyunlarına tamaşa edir. Kuklalar düzəltməyi, kuklalarla tamaşa hazırlamağı öyrənir. Geri qayıtdıqdan sonra özü kuklalar düzəldərək tamaşalar hazırlamağa başlayır.
Rusiyada ictimai-siyasi vəziyyət gərginləşməsi, siyasi təşkilatların hakimiyyəti sarsıdan tədbirləri Appa Qalay oğluna diqqətin azalmasına səbəb olur. Necə deyərlər hökümət elə böyük zərbələr alır ki, daha Appa kimilərinə baş qatmağa, onları cəzalandırmağa, həbsxanalara salmağa imkan tapmır.
Bolşeviklər Sovetləşdirmə adı altında Quzey Qafqazda yaradılmış respublikanın varlığına son qoyur. Appa Qalay oğlunu da özünün ideyalarının tərənnümçüsünə çevirməyə çalışsa da bu mümkün olmur. Appa yenə də həcvlər söyəməkdə davam edir.
1934-cü ildə ağır xəstələnən xalq ozanı bacısının evində dünyasını dəyişir. Bu ölüm onu 1937-ci ilin labüd həbsindən qurtarsa da əsərlərinin yasaqlanmasından qurtara bilmir. Appanın əsərlərinin bir çoxunun uzun zaman çapı və oxunması qadağan edilir.
Sovetlər Birliyi çökdükdən sonra Appa Qalay oğlunun əsərlərinin toplanıb nəşr edilməsinə şərait yaranır. 1995-ci ildə Rimma Ortabay ilə Ahiya Biciri hazırladığı “Kalay ulu Appanın izin izlay” (Kalay oğlu Appanın izi ilə) adı kitabı Çerkassı şəhərində çap olunur.
Bütün bunlar onu göstərir ki, təqiblər, yasaqlar, qadağalar heç zaman vətən və xalq üçün çalışanların adını arada götürə, yaddaşlardan silə bilmir.
|