Aleksey Kulakovski

 

Aleksey Kulakovski

 

Türk Dünyasının Məşhurları-37

 

Şair, publisist, alim, işğal altında olan türk xalqlarını xilas etməyə can atmış Aleksey Kulakovskiyin ömür yolu və yaradıcılığı...\Əli Şamil

 

Göndərmə 02.12.2011 11:35:08 UTC

Güncəlləmə 02.12.2011 11:35:08 UTC

www.trtazerbaycan.com


http://www.trt.net.tr/trtworld/az/newsDetail.aspx?HaberKodu=7364ea2c-6db4-49d7-a286-175483e72c2d

 

Şair, publisist, alim, işğal altında olan türk xalqlarını xilas etməyə can atmış Aleksey Kulakovskiyin ömür yolu və yaradıcılığı...\Əli Şamil

Aleksey Kulakovskiy həm də Yeleksey Yekseyleex, Өлөксөй Өксөкүлээх kimi tanınırdı. Onun haqqındakı araştırmalarda, ensiklopediya və sözlüklərdə belə ad və familyasının fərqli yazılması təsadüfi deyil. Bu adlardan biri onlara kilisələrdə verilmiş və rəsmi sənədlərdə qeyd olunmuş ad və familyadır, ikincisi isə valideyinlərinin verdiyi ad, nəslinin, qohumlarının, yaşadığı bölgənin adamlarının, yəni millətinin tanıdığı və işlətdiyi ad, soy adıdı.

Dünyanın əksər ölkələrinin statistika və yazılı mənbələrində son illərədək yakut kimi tanınan və yazılan xalqın övladlarının əksəriyyətinin ad və soy adı bu cür, yəni bir rəsmi sənədlərdə yazılan kimi, bir də özlərinin çağırdığı kimidir. Bu da təsadüfi deyildir.

Tarix səhnəsinə yeni güclə atılan Rusiya bütün diqqətini və gücünü yeni torpaqların işğalına yönəltmişdi. Türk xalqlarının zəifləməsi, mərkəzləşmiş güclü dövlətlərinin dağılması da buna şərait yaratmışdı. Çox vaxt tacirlər və macərapərəst qənimət həvəskarları rus əsgəri birliklərindən əvvəl o yerlərə gedirdilər. 17-ci yüz illiyin 20-30-cu illərində ruslar Sibirin böyük bir qismini ələ keçirdilər. Sibirin Quzey   Doğuini oradakı bir yaşayış məskəninin adıyla Yakutya adlandırdılar. Eləcə də həmin bölgədə yaşayan, maldarlıq, atçılıq və ovçuluqla yaşamlarını təmin edən türkləri də yakut adlandırdılar.

Onlar özlərini saxa adlandırsalar da, Rusiyanın təsiri altında yakut kimi tanındılar.

18-ci yüzilin ikinci yarısında Rusiya işğal etdiyi Sibir torpaqlarında yaşayan xalqları zorla xristianlaşdırmağa başladı. Xristianlığı qəbul etməyənlərdən yasaq deyilən bir vergi alınırdı. Xristianlığı qəbul edənlər isə yasaq ödəməkdən azad edilirdi. İlk dəfə ruslar tərəfindən Şamanizm kimi adlandırılan qədim Türklərin tanrıçılıq inamını davam etdirən saxaların da böyük bir qisimi yasaq adlandırılan vergidən canlarını qurtarmaq üçün kilsəyə gedərək xaç suyuna çəkilib – vaftiz olunub xristianlığı qəbul etdiklərini bildirsələr də, əski inanclarından – tanrıçılıqdan, yəni göytanrı inamından əl götürmədilər.

Kilsənin və ateist Sovet rejiminin təqib və təzyiqlərinə baxmayaraq saxalar günümüzədək tanrıçılığı qoruyub saxlaya bildilər.

1877-ci il mart ayının 4-də Tattin (Boturussk) ulusunun dördüncü Joxsoqonsk yaşayış məntəqəsində varlı saxalının (yakut) ailəsində doğulan uşağı kilisədə Aleksey Yeliseyeviç Kulakovskiy deyə qeyd etdilərsə də, ailəsində, qohumları və xalqı arasında onu Yeleksey Yeliseyin oğlu Yekseyleex kimi tanıdılar.

Yeleksey Yekseyleex kiçik yaşlarında kilisə yanındakı məktəbdə, sonra da hökumətin yerli xalqlardan ona xidmət edə biləcək kadrlar hazırlamaq üçün açdığı realnı məktbdə oxudu. Burada yalnız rus dilini, rus ədəbiyyatı və mədəniyyətini öyrənməklə kifatətlənmədi, həm də bu dil vasitəsilə Avropa xalqlarının ədəbiyyatı və mədəniyyətilə yaxından tanış oldu. 1897-ci ildə realnı məktəbi bitirir. Həmin il rus dilində “Rusların öz adları ilə öyünmyə haqqı varmı?” və “Puşkinin poeziyasının başlıca ləyaqət” əsərlərini yazır.

Yaşam şərtləri çətin olan Sibiri “dəmir barmaqlıqlarsız həbsxana”, “diri ölülər diyarı” adlandırırdılar. Rus hərbçiləri və məmurları yerli xalqlara qarşı soyqırımlar törətdiklərindən bölgədə əhalinin sayı olduqca az idi. Zəngin təbii sərvətləri olan Sibirdə işçi qüvvəsini artırmaq və mərkəzi vilayətlərdə, eləcə də işğal etdiyi bölgələrdə hökumətdən narazı olan, cinayət törədən insanlar oradakı həbsxanalara göndərilir və ya sürgün edilirdi. Sibir Rusiyanın bir sürgün bölgəsi kimi tanınmışdı.

Yeleksey Yekseyleex da rus dilini yaxşı bildiyindən sürgünə göndərilən ziyalılarla görüşür, onların fikirlərilə, gətirdikləri kitab, qəzet və jurnallarla tanış olur, dünyagörüşünü genişləndirirdi.

Oxuduğu məktəblərdə Rus milliyyətçiliyinin təbliği, sürgün edilmiş insanların millət və vətən üçün qatlaşdıqları əziyyətlər Yeleksey Yekseyleexın da bir saxa milliyətçisi kimi formalaşmasına güclü təsir etdi.

Yeleksey Yekseyleex milli kimliyini təsbit etmək üçün ulusları gəzdi. Xalqını müstəmləkə zülmündən, cəhalət və gerilikdən qurtarmağın yollarını axtardı. Qurtuluş yolunu xalqının maariflənməsində və ata-babalarının yaratdığı mədəniyyətə sahib çıxmaqda gördü.

Odur ki, ulusları gəzdikcə etnoqrafik və folklor materialları topladı. Atalar sözlərini, tapmacaları, yanıltmacları topladıqca rusların, vəhşi, geridəqalmış, mədəniyyətsiz saydıqları bir xalqın necə böyük mənəvi sərvəti olduğuna heyran qaldı. Savadsız, heç bir məktəb görməmiş saxaların saatlarla olonxolar söyləyərək xalqının qəhrəman oğullarını öyməsi, tarixi keçmişlərini musiqi və söz vasitəsilə nəsildən-nəsilə ötürmələri gənc Yeleksey Yekseyleexı heyrətləndirdi.

Yeleksey Yekseyleex gördü ki, xalqının boğaz və nəfəs səslərindən istifadə edərək müsiqili epik dastanları söyləmək məharəti nə Ruslarda və nə də özlərini mədəni, inkişaf etmiş sayan bir çox xalqlarda yoxdu.

Saxaların günümüzədək yaşatdıqları sürəkli mahnılar (diereti ırıa), müntəzəm vəznli mahnı (degeren ırıa), rəqs mahnısı (yunkyuy ırıa), eləcə də olonxolardakı teatr elementləri xalqının qədim mədəniyyətin daşıyıcısı olduğundan xəbər verir.

Odur ki, onları toplamağa başladı. Səsyzama cihazlarının olmadığı, bu yöndə dərin elmi araştırılmalar aparılmadığından metodologiyanın yoxluğundan olonxonun əsas epizodlarından olan sürəkli mahnıların melodiyasını, ritm improvizasiya xarakterini və temperasiyasız məqamları toplamaq olduqca çətin idi. Buna görə də özü şeirlər yazmağa, xalqının bədii təfəkkürünü inkişaf etdirməyə çalışdı.

Beləcə Yeleksey Yekseyleex və çağdaşları olan aydınların sayəsində yazılı saxa ədəbi dili formalaşmağa başladı.

Yeleksey Yekseyleex ana dilində ilk şeirini 1900-cü ildə yazdı. Şairin “Bayanay Algıha” (Bayanayın ovsunu) adlandırdığı bu şeir saxa inanc sistemində meşənin qoruyucu ruhunu “Baay-Bayanay”, “Baay-Barıılaah” adlandırılan, həm də ovçunun qoruyucu ruhu sayılan Bayanaya həsr edilmişdir.

1904-cü ildə “Yakut qadınlarının nəğməsi”, 1906-ci ildə “Süühün tuolbt emeexsin ırıata” (Yüz yaşlı qarının nəgməsi) , 1907-ci ildə “Keççeqey bay” (Xəsis bəy), 1910-cu ildə  “Oyuun tüüle” (Şaman yuxusu)  (Bu poema  şairin fəlsəfi görüşlərinin məcmusu kimi dəyərləndirilir), 1915-ci ildə “Sərxoş burjuyun nəğməsi”, 1916-cı ildə “Şəhərli qız”, “Araq”, “Saxa daxtalların metiriettere” (Yakutların portiretləri), “Örus belextere” (Çayın sərvəyi), “Törüü illiqitten tünneri tölkölööx” (Doğuşa qədər lənətlmək) şeirlərini və b. bədii əsərlərini yazır. Yeleksey elmi axtarışlarını da davam etdirdi.

Lakin 1917-ci ildə Rusiyada baş verən qarışıqlıq, Rus çarı İkinci Nikolayın taxtdan uzaqlaşdırılması, sonra da ailəsi ilə birlikdə bolşeviklər tərəfindən güllələnməsi, bölşeviklərin verdiyi şirin vədlər Yeleksey Yekseyleexa da olduqca şirin gəldi. Bolşevizmin xalqına azadlıq və xoşbəxtlik gətirəcəyini vədinə inandı. Bolşeviklər saxa dilində “Kıım” (Qığılcım) qəzetini çap etdirdi. Bu da saxaların ədəbi dilinin inkişafına güclü təsir göstərdi.

Yeleksey Yekseyleexın ana dilində 1924-cü ildə “Sayın keliite” (Yayın gəlişi) poemasını, “Təyyarə”, “Qocanın hekayəsi” bədii və 1923-cü ildə rus dilində “Yakutların inanclarını araşdırmaq üçün materiallar” adlı elmi əsərlərinin çap etdirdi. Onun bu gün də aktuallığını itirməyən əsəri “Çayın sərvəti” əsəridir. Bu poemada şair Lena çayının irili-xırdalı bütün qollarına saxa xalqının verdiyi adları, onların gözəlliyini və xasiyyətlərini təsvir etdi, Lenanı bütün qollarını qucaqlamış şəfqətli bir anaya, Şimal Buzlu okeanı isə nənəyə bənzətdi. Bununla sanki Lena haqqında bir saxa ensiklopediyası yaratmış olduSovetlərin verdikləri vədə əməl etmədiyini, əsarətdə olan xalqlara azadlıq verəcəyini vəd etdiyi halda işğalçılıq siyasətini davam etdirdiklərini gördükdə saxalarda milli kimlik şurunu gücləndirməyə və onları türk xalqları ilə sıx birliyə səslədi.

Əlifba və dil komissiyonlarında yer alan Yeleksey Yekseyleex 1926-cı ildə saxa ziyalılarından İsidor Nikifiroviç Baraxov, Aleksandır Andreyeviç İvanov və Anempodis İvanoviç Safronovla birlikdə Azərbaycana – Bakıda keçiriləcək Birinci Türkoloji Qurultaya yola düşdü.

200-ə yaxın nümayəndə dəvət edilsə də, onlardan 131-Birinci Qurultayda iştirak edə bildi. İştirak edə bilmiyənlərin siyahısına Aleksey Kulakovskiy-Yeleksey Yekseyleex də daxil edildi. Yolda ağır xəstələyəndiyindən Kulakovskiy Moskvada xəstəxanaya aparıldı. 1926-cı il iyulun 6-da saxa şairi, alimi və çılğın vətənpərvəri Moskvada keçindi. Onu Moskvada da dəfn etdilər.

Azadlığı və müstəqilliyi uğrunda canından keçməyə hazır olduğu Yakutiyanın 3 millyon 102 min kvadratkilometrdən çox sahəsindən Yeleksey Yekseyleexa iki metirlik bir torpaq da qismət olmadı. Ərazisi Azərbaycandan 37 dəfə, Türkiyədən 4 dəfə, İrandan iki dəfəyə yaxın böyük olan Yakutiya təbii sərvətləri ilə də zəngindir. Ərazisinin 40 faizdən çoxunun qütb dairəsinin şimalında olmasına baxmayaraq almaz, qızıl, qalay, mika, polumetal, dəmir filizi mədənlərini, kömür, neft, qaz yataqlarını istismarçılar yüz illərdir vəhşicəsinə talasalar da, tükənmək bilmir.

Daim donuşluq bölgəsində yerləşdiyindən Şimalın ən soyuq sahəsi sayılan Verxoyansk-Oymyakon da buradadır. Ərazisinin təqribən 80 faizi tayqadır. 42 faizi meşə ilə örtülüdür. Tundra zonasında kolluqlar otluqlar və şibyəliklərlə zəngindir. Buna görə də yerüstü sərvətləri sayılan şimal maralını, qonur ayını, dovşanı, tülkünü, ondatranı, sincabı, buyunduku, cüllütü, ağ kəkliyi, çaylarındakı dadlı balıqları ovlayaraq milyonlar qazananlar, bu torpaqların əsil sahiblərini səfalət içərisində saxlayır, başıqapazlı edirlər.

Bunu Aleksey Kulakovskiy-Yeleksey Yekseyleex timsalında da aydın görmək olar. Alim şair 1926-cı ildə xəstəlikdən dünyasını dəyişdi. Lakin barmaqlıqlarsız həbsxana sayılan diyarda 1928-29-cu illərdə şair-alimin əqidə dostları həbs edilərkən onun da əsərlərinə münasibət dəyişdi. Hətta Kommunist Partiyasının 1 Mart 1943-cü il qərarıyla ölmüş şairi milliyətçilikdə suçlayaraq əsərlərini qadağan etdilər. İkinci Dünya Savaşında Sovet hökuməti çətin vəziyyətdə qaldığına görə bir çox xalqlara qarşı milli məsələdə müvəqqəti güzəştə getdi. 1944-cü ildə Yeleksey Yekseyleexın əsərləri üzərindənki qadağa yumşaldılsa da, bu uzun sürmədi. 1952-ci il fevralın 2-də qadağalar daha da sərtləşdirildi.

1962-ci il fevralın 16-dan Yeleksey Yekseyleex Yakut ədəbiyyatının qurucusu olaraq elan edilsə də, əsərlərinin geniş nəşrinə və təbliğinə o qədər də önəm verilmədi.

Zaman isə öz işini gördü. Sovet Sosialist Respubilkaları İttifaqı dağılmağa başlayanda Yeleksey Yekseyleexa sahib çıxanların, onun vətəni və milləti üçün necə böyük işlər gördüyünü söyləyənlərin sayı artdı. Hətta xalqın təkidi ilə Yeleksey Yekseyleexın arzularının bir qisimi həyata keçirildi. 1991-ci ildə Yakutiya Muxtar Sovet Sosialist Respubilkası Yakutiya-Saxa Cümhuriyyəti ilə əvəzləndi. Əhalinin milli tərkibində də bir dəyişmə baş verməyə başladı. Belə ki, hazıra cümhuriyyətdə 1 milyona yaxın insan yaşayır ki, bunun da 500 min nəfərə yaxınını saxalar təşkil edir.

 

 

 

 

 

 

 

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol