Məhəmmədtağı xan Püsyan

MƏHƏMMƏDTAĞI XAN PÜSYAN

Türk Dünyasının Meşhurları-29

Görkəmli dövlət xadimi, hərbçi, vətənpərvər Məhəmmədtağı xan Püsyanın ömür yolu...Əli Şamil

 

Göndərmə 27.07.2011 11:51:08 UTC

Güncəlləmə 27.07.2011 11:51:08 UTC

www.trtazerbaycan.com

http://www.trt.net.tr/trtworld/az/newsDetail.aspx?HaberKodu=9df3ac82-6231-4b96-b910-f8076beb42ff



Məhəmmədtağı xan Bağır xan oğlu Soltanzadə Püsyan 1891-ci il avqustun 7-də Təbriz şəhərində hərbçi-mülkədar ailəsində anadan olub. Onun nəsli Təbrizin məşhur hərbçi- mülkədarlarındandır. Bu nəsildən olanların böyük əksəriyyətində elmə, mədəniyyətə, ədəbiyyata maraq güclü olub. Belə ki, aralarında məşhur şairlər olmasa da, xarici dilləri öyrənməyə, mədəniyyətimizi yaymağa meyilli olan bu insanların yazdıqları şeirlər günümüzədək gəlib çatmışdır.

Məhəmmədtağı xanın atsının əmisi-Məzhər ləqəbilə şeirlər yazmış Abbasqulu ağa, öz əmilərib – şair, mirpənc rütbəsinə yüksəlmiş və Zəhəbiyyə tayfasına başçılıq etmiş Məhəmmədəli xan, general Həmzə xan, qardaşları – Fars əyaləti jandarm qüvvələrinin rəisi Qulamrıza xan, Əliqulu xan və başqalarının xalq arasında ehtiramla yad edilməsi heç də təsadüfi deyil.

Belə ki, Abbasqulu ağa Məzhər Xorasanda quldurlarla vuruşda şəhid olmuşdur. Birinci Dünya Savaşı illərində Fars əyalətinə İngilislər əsgəri birliklər yeridəndə Qaşqay türkləri üsyan qaldırmışlar. Bu üsyana hökumət qulluğunda olan, yəni əyalətin jandarm quvvələrinin komandanı Qulamrıza xan və qardaşı Əliqulu xan da qoşulmuşur.

Şirazdakı İngilis konsulununun tutulub Təngistanlılara verilməsində fəal iştirak edən Qulamrıza xan və qardaşı Əliqulu xan İngilispərəst böyük mülkədar Qəvam Şirazi ilə vuruşda əsir düşməmək üçün bir-birini atəş açaraq öldürmüşlər. Məhəmmədtağı xanın üçüncü qardaşı Həydərqulu xan da onunla birlikdə Xorasan üsyanında iştirak etmişdi. Onların anası İzzət ül-Haciyə xanım dövrünün azadlıqsevər, mübariz qadınlardan olmuş, Məşrutə hərəkatında iştirak etmiş, Səttərxan Sərdarimillinin mücahidlərinə yardım etmişdi.

Məhəmmədtağı xanın da ailəsi övladlarının geniş dünyagörüşlü böyüməsi, bir neşə dil bilməsi üçün xüsusi müəllimlər tutmuşlar. İlk təhsilini evdə dərs deyən müəllimlərindən alan, onlardan xarici dillərdə səlis və aydın danışmağı öyrənən Məhəmmədtağı xan Təbriz şəhərindəki Loğmaniyyə mədrəsəsində islam dininin əsaslarını, Şərq ədəbiyyatını, tarixini, ərəb və fars dillərini öyrənir. O, mədrəsəni bitirdikdə ana dili ilə yanaşı, ərəb, fars, fransız, rus dillərində yazıb-oxumağı bacarır. Məntiq, riyaziyyat, həndəsə, fizika və kimya sahəsində öyrəndikləri də gələcəkdə ona çox gərək olur.

1906-cı ildə Loğmaniyyəni bitirən Məhəmmədtağı xan ailəsinin məsləhətilə təhsilini Tehrandakı Mədrəseyi-nizamiyə adlanan hərbi məktəbdə davam etdirib. Bir çox dil bildiyinə, geniş dünyagörüşünə, nizam-intizama ciddi əməl etdiyinə, tədris edilən fənləri tez qavradığına görə təhsil illərində ondan həm təcüməçi, həm də məktəbə yeni qəbul olunan şagirdlərə rəhbər kimi istifadə ediblər.

1911-ci ildə Mədrəseyi-nizamiyəni bitirib zabit rütbəsi aldıqdan sonra onu orduda xidmət etməyə göndəriblər. Həm də lazım gəldikdə adyutant – təcüməçilik edib. Onun dünyagörüşünün formalaşmasında, demokratik fikirli, üsyankar bir ruhda böyüməsində Tehranda yaşayan həmyerliləri Hacı Məhəmməd ağa və oğlu Sadiq Tanbazların böyük rolu olub.

Məhəmmədtağı xan orduda xidmətə başladığı zaman İranda bir qarışıqlıq höküm sürürdü. Ölkə idarəolunmaz hala gəlmişdi. Hətta yolları qaçaq-quldurdan, hökumətlə hesablaşmayan yerli feodalların silahlı qurplarından təmizləmək, normal gediş gəlişi təmin etmək üçün Amerikalı polkovnik Merilin batalyonuna xüsusi imtiyazlar da verilmişdi. Lakin o da bu işin öhdəsindən gələ bilməmişdi.

Belə bir gərgin və ağır zamanda yolların təhükəsizliyini təmin etmək, özbaşınalıq edənləri cəzalandırmaq, Həmədandakı Sirab hərbi dəstəsinin komandanlıq edən gənc zabit Məhəmmədtağı xana həvalə olunur. O, qısa bir müddətdə Tehran-Həmədan-Kirmanşah yollarını yerli feodalların silahlı dəstələrindən və quldurlardan təmizləyir.

Bu gənc Məhəmmədtağı xanın hərbi sahədə ilk uğuru olur. Tehranda, Həmədanda, Kirmanşahda qəzetlər onu “ən cəsarətli zabit”, “kəndlilərin dadına çatan” adlandırır. Şücaətinə görə ona mayor rütbəsi və qızıl medal verilməsi haqqında hökumətə təqdimat göndərilsə də, çox gənc olduğuna görə mayor rütbəsi verilmir. Sadəcə qızıl medalla təltif olunur.

Qacarlar sülaləsinin çöküşü yaxınlaşdığından və xarici güclərin marağından İran idarəolunmaz hala gəlmişdi. Yerli feodallar topladıqları silahlı dəstələrlə bölgəni istədikləri kimi idarə edir, mərkəzi hakimiyyəti və hökumətin verdiyi qanunları saya salmır, çox vaxt da xarici güclərə arxalanırdılar.

Gənc zabit Məhəmmədtağı xana rəhbərlik etdiyi jandarm eskodronu ilə Luristana gedib orakı özbaşınalığa son qoymaq, nizam-intizam yaratmaq tapşırılır. O, vəzifə borcunu yerinə yetirərkən Burucerdə ciddi müqavimətlə rastlaşır. Lakin hərbi biliklərə dərindən yiyələndiyinə, şücaət və cəsarətinə görə döyüşü qələbə ilə başa vuraraq, silahlı dəstələrə rəhbərlik edən xanları həbs edir.

Onun bu qələbəsi Tehranda yüksək qiymətləndirilir, mayor rütbəsi verilir və qaynar bir bölgəyə Həmədan jandarm batalyonunun rəisi təyin edilir. Sonralar Pəhləvi soyadı verilərək şahlıq taxtına oturdulan Rza xanın rəhbərlik etdiyi qazakların həmin dövrdə Həmədanda özbaşınalığı hökm sürürdü. Onlar soyğunçuluq və quldurluqla güzəranlarını təmin edirdilər.

Məhəmmədtağı xan qazakların komandiri Rza xana tapşırır ki, silahlı dəstələrinə onlara dəxli olmayan məsələlərə qarışmamaları haqqında əmr versin. Lakin Rza xan onu eşitmək belə istəmir. Vəziyyətin gərginləşdiyini görən Məhəmmədtağı xan qazakların qərargahına gedərək onları tərksilah etmiş və komandirləri Rza xanı da həbs etmişdir. Rza xan üç gün həbsdə qaldıqdan sonra jandarma komandanının istədiyi əmri imzalamaq məcburiyyətində qalmışdır.

1915-ci ildə Kirmanşahda təşkil olunan İran Milli Hökuməti silahlı qüvvələrinin hərbi hissəsinə komandir təyin ediən M.X. Püsyanın əmrində həm də Bidsərx, Qəzvin, Kəngavər, Kirmanşah cəbhələrindəki 1500 nəfərlik atlı və piyada hissələri də daxi idi. O, dəfələrlə ölkədə qarışıqlıq yaradan, irticaçı qüvvələri dəstəkləyən Rus və İngilis qoşunlarına qarşı uğurlu əməliyyatlar keçirir.

Milli hökuməti süquta uğradıqda M.X.Püsyan da İstanbula mühacirət edir.

1917-ci ildə Berlinə getdərək orada müalicə olunan M.X.Püsyan Almaniya ordusunun təyyarəçilik məktəbinə qəbul olunur. Aviasiya texnikasını öyrənərək qısa müddətdə 33 dəfə uçuş həyata keçirir. Xəstəliyi ağırlaşdığından piyada qoşun hissələrinə dəyişilir. Leypsiq şəhərində riyaziyyat və musiqi təhsili alır. Nəcibliyi, savadı və dərin zəkasıyla almanların diqqətini özünə cəlb etdiyindən müəlliminin xanımı Knayr sonralar onun haqqında kitab yazır.

Almaniyadan İsveçə, oradan da Petroqrada gələn M.T.Püsyan bolşeviklərin tarixə “Oktyabr inqilabı” kimi daxil etmək istədikləri çevrilişin şahidi olur. Onların şüarları azadlıqsevər və demokratik fikirli M.X.Püsyanda xoş təsir buraxır.

Yenidən İrana qayıdan Məhəmmədəli xan Püsyanı 1920-ci ildə Xorasana gücləndirilmiş jandarm dəstəsinin rəisi təyin edirlər. Bu o zaman idi ki, Qacar səltənətinin zəiflədiyindən feodallar mərkəzi hakimiyyətlə hesablaşmayaraq özbaşınalıqlar edir, nəticədə iqtisadi-ticarət əlaqələri pozulur, Məşədə ziyarətə gedən zəvvarlar yollarda qaçaq-quldurlar tərəfindən soyulur, İngilislər silahlı dəstələrini istədiyi bölgəyə göndərə bilirdilər.

Məhəmmədtağı xan durumu öyrəndikdə görür ki, burada vəziyyəti gərginləşdirən vali Əhməd Qəvamiüssəltənə və İngilis konsuludur. Onlar demokratik fikirli, vətənpərvər insanlara divan tutur, Əhməd Qəvamiüssəltənə dövlət idarələrinin saxlanmasına xərclənməli olan vəsaiti özü mənimsədiyindən, məmurlar, jandarm və polis rüşvətlə, oğurluq və quldurluqla yaşamlarını təmin edirlər. Ona görə də öncə Əhməd Qəvamiüssəltənənin və İngilis konsulunun həbs etdirdiyi siyasi dustaqları azad edir.

Məhəmmədtağı xan hələ mühacirət dönəmindən tanıdığı Şeyx Həsən Tehrani vasitəsilə Demokrat Firqənin fəalları ilə tanış olur və onların fikrinə hörmətlə yanaşır. Xorasanda Hərbi Milli Cəmiyyət Mərkəzinin yaradılmasında yaxından iştirak edir. Jandarm idarəsi üçün ayrılan vəsaitin Ə.Qəvamüssəltənənin mənimsəməsinin qarşısını alaraq onu idarənin xərclərinə yönəldir.

Məhəmmədtağı xan qısa müddətdə İngilis konsulu və Ə.Qəvamüssəltənə tərəfindən gizli dəstəklənən silahlı dəstələri, qaçaq-quldurları, özbaşınalıq edən xanları və iri torpaq sahiblərini cəzalandırır. Daha sonra vali Ə.Qəvamüssəltənə və xalqı qorxu içərisində saxlayan qırx irticaçını həbs etdirir.

Bu mübarizədə ona Hacı Məhəmməd ağa Tahbaz Məhəmməd Haşım Mirzə Ənsər, Hacı Hüseyn ağa Malik kimi liberal burjua-mülkədar nümayəndələri, mütərəqqi fikirli ruhanilər, Məşhəddə yaşayan Azərbaycan tacirləri, sənaye sahibləri, əsnaflar yaxından kömək edirlər.

O, hərbi işlə yanaşı maarif və mədəniyyətə də xüsusu diqqət yetirir. Məktbələr, yetimxanalar açdırır, xəstəxana açdırmasına maddi vəsait olmadığından kənd və qəsəbələrə 2-3 nəfərlik səyyar tibbi dəstəsi göndərir. Bölgənin inkişafı və demokratik idarəolunması üçün Milli Komitə adlı təşkilat yaradır. İqtisadi vəziyyəti qismən də olsa düzəltmək üçün Qulam Hüseyn xan Pedərin başçıılğı ilə Milli Xəzinə Fondu yaradır.

1921-ci il aprelin 25-də xalqın qəti tələbilə M.X.Püsyan Xorasan valisi təyin edilir. O, rüşvətxor məmurlar işdən uzaqlaşdırır, “Xüsusi qvardiya təşkilatı” yaradır, hərbi kurslar təşkil edir.

Tehranda həbsdən azad edilərək baş nazir vəzifəsinə gətirilən Ə.Qəvamüssəltənə və Hərbi Nazir Rza xan, eləcə də irticaçı qüvvələr M.X.Püsyanın Xorasanda keçirdiyi demokratik islahatlardan qorxuya düşərək onu İranı parçalamaqda suçlayaraq bölgəyə silahlı qüvvələr göndərirlər.

Rza xanın 5 min nəfərlik silahlı qüvvələri yerli irticaçıların yardımı ilə Məhəmmədtağı xan Püsyanı mühasirəyə alırlar. O, özünün təşkil etdiyi Azərbaycan türklərindən ibarət "Dəmir dəstə" ilə birlikdə son nəfəsinədək döyüşür. Onun ölümü də geniş azadlıq nümayişinə çevrilir. Məhəmmədtağı xan Soltanzadə Püsyan tarixinə azadlıq, demokratiya yolunun qəhrəmanlıq simvolu kimi daxil olur.

 


 

 

 

 

 

 

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol