Fərhad Ağazadə
Türk Dünyasının Məşhurları-14
Vətənsevər publisist, istedadlı pedoqoq və görkəmli dilçi alim Fərhad Ağazadənin həyat və yaradıcılığı haqqında...
Göndərmə 12.04.2013 12:38:08 UTC
Güncəlləmə 12.04.2013 12:38:08 UTC
www.trtazerbaycan.com
http://www.trtazerbaycan.com/trtworld/az/newsDetail.aspx?HaberKodu=fbe7bd62-9078-4f44-8b6e-ca071a5ac2d0
Gəncliyində şeirlərini və bir çox publisistik məqalələrini Şərqli imzası ilə yazan Fərhad Ağazadəni 1937-ci ilin repressiyasından, uzun sürən ağrılı-acılı işgəncələrindən ölüm xilas etmişdir. O, 1931-ci il yanvarın 4-də Bakıda, evində, mədə yolunun daralmasından ölsə də 1937-ci ildə həbs olunanların istintaqında adı tez-tez hallandırılırdı.
Fərhad Rəhim oğlu Ağazadə 1880-ci il avqustun 12-də Şuşa şəhərində anadan olmuşdur. Məhəllədəki mollaxana adlandırılan ibtidai məktəbi bitirdikdən sonra Şuşa şəhər məktəbində oxumuşdur. 1898-ci ildə isə Qori şəhərindəki Zaqafqaziya Müəllimlər Seminariyasına daxil olmuşdur. Qafqazın bir çox tanınmış ziyalılarının təhsil aldığı, çox vaxt Qori Seminariyası deyilən məktəbi 1900-cü ildə bitirdikdən sonra beş il Xaçmazın, Gorusun kənd məktəblərində dərs demişdir.
1905-ci ildə sürətlə inkişaf edərək bir sənaye şəhərinə və mədəni mərkəzə çevrilən Bakıya gələn Fərhad Ağazadə burada Rus-tatar məktəblərində dərs deməklə yanaşı, qəzet və jurnallara məqalələr yazır, ictimai işlərdə fəallıq göstərir.
Fərhad Ağazadə az bir zamanda Bakıda ziyalılar arasında özünə böyük nüfuz qazana bilir. Belə ki, 1906-cı il may ayının 21-də Həsən bəy Zərdabi, Nəriman Nərimanov ilə birlikdə “Nicat” Cəmiyyətində bir neçə müəllimin də iştirakı ilə bir toplantı təşkil edir. Toplantıda rus-tatar məktəblərindəki vəziyyət, onların proqramı və s. mövzusunda geniş müzakirə keçirilir. Razılaşırlar ki, Qafqazın hər yerindən yaşayan müsəlman müəllimlərə məktub yazaraq 1906-cı il avqustun 15-də Bakıda bir toplantı keçirəcəklərini bildirsinlər. Toplantıya qatılan nümayəndələrin qəbul etdikləri qərara müəllimlərin hamısı əməl etsin.
Bundan sonra Nəriman Nərimanovun sədrliyi və Həsən bəy Zərdabi, Fərhad Ağazadə, Əlisgəndər Cəfərzadə, Yusif Əfəndizadənin üzvlüyü ilə toplantının təşkilat komitəsi yaradılır. 1906-cı ildə birincisi, 1907-ci ildə ikincisi keçirilən, uzun illər müzakirə mövzusuna çevrilən Bakı Müəllimlər Qurultayı təşkil edilir. Birinci qurultayın tövsiyələrinə uyğun olaraq Fərhad Ağazadə, Abdulla Əfəndizadə və Süleyman Sani Axundov birlikdə ərəb əlifbasının ciddi islahı üzərində qurulmuş “Əlifba” kitabının layihəsini hazırlayırlar. Bu əifbanı tədrisi etmək, yəni ilk təcrübə aparmaq Fərhad Ağazadəyə tapşırılır.
Bu müzakirələrin bir nəticə vermədiyini və təcrübə uğurlu olsa da həyata keçmədiyini görən Fərhad Ağazadə Süleyman bəy Əbdürrəhmanzadə, Süleyman Sani Axundzadə, Abdulla Talıbzadə, Abdulla bəy Əfəndizadə və Mahmud bəy Mahmudbəyovla birlikdə hazırladığı əlifba təlimindən sonra oxunacaq birinci kitab- “İkinci il” kitabını 1907-1908-ci illərdə çap etdirir.
Fərhad Ağazadə 1906-cı ildən türk dilləri üçün latın qrafikası əsasında əlifba hazırlasa da onu həmin illərdə müzakirəyə çıxarmır.
Mətbuatda ardıcıl olaraq ana dilində məktəblərin açılması, icbari təhsil, müəllimlər seminariyalarının sayının artırılması məsələlərinə diqqəti çəkməyə çalışır. Ana dilinin yabancı sözlərdən təmizlənməsi, istər ədəbi-bədi, istərsə də elmi yazıların, kitabların dilinin sadəliyi uğrunda mübarizə aparır.
1912-ci ildə "Ədəbiyyat məcmuəsi" adlı kitabını nəşr etdirən Fərhad Ağazadənin Azərbaycan Xalq Cümhuriyyəti dövründə nəşr edilən “Azərbaycan” qəzetindəki məqalələri milli dövlətin möhkəmlənməsinə, milli mədəniyyətin inkişafına xidmət etmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 1919-cu il martın 21-də keçirilən toplantısında əlifba islahatı ilə bağlı xüsusi komissiyanın yaradılması xalq maarifi nazirinə həvalə edilir. Yeni yaradılan komissiyanın üzvü olan Fərhad Ağazadə fikirlərini «Azərbaycan» qəzetinin 276, 278, 281, 294, 296 və 302-ci saylarında çap etdirdiyi «Əlifba tarixində türklərin vəziyyəti» və «Dilimizin türkləşməyinə çarələr» adlı silsilə məqalələrində bildirir.
Bolşeviklərin Azərbaycanı işğalı komissiyanın işini yarımçıq qoyur. Lakin ziyalılar əlifba islahatından əl çəkmirlər. Fərhad Ağazadə 1921-ci ildə “Kommunist” qəzetinin 228-230, 232-235 saylarında çap etdirdiyi “Əlifbanın dil yanlışlıqlarına təsiri” adlı yazısıyla əlifbanın dəyişdirilməsinin vacibliyini çox ciddi dəlillərlə sübut edir.
1922-ci il yanvarın 13-də hökumətin yaratdığı komissiyaya Fərhad Ağazadə sədr, Xudadat Məlik Aslanov, Abdulla Tağızadə, Məhəmməd Əmin Əfəndizadə, Həmid Şaxtaxtlı, Azad Əmirov, Əhməd Pepinov və Hüseyn İsrafilbəyov üzv təyin edilir. Elə həmin il Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi yanında Yeni Əlifba Komitəsi təşkil edilir. Komitəyə Səməd Ağamalıoğlu, Fərhad Ağazadə, Xudadat Məlik Aslanov, Abdulla Tağızadə və Əhməd Pepinov daxil olur. Noyabr ayının 20-ə kimi Fərhad Ağazadə komissiyaya rəbərlik edir. 1923-cü ilin martından isə komissiyaya Səməd Ağamalıoğlu sədrlik etməyə başlayır. Fərhad Ağazadənin təklifi ilə komissiya müsəlman dünyasında istifadə olunan rəqəmlərin əvəzinə Avropa rəqəmlərindən istifadə etməyi qərara alır.
1922-ci ildə Fərhad Ağazadənin «Nə üçün ərəb hərfləri türk dilinə yaramır?” və “Yeni imla” kitabları nəşr edilir. Latın əlifbasına keçidin qızğın çağında o, xəstə olmasına, müalicə üçün tez-tez işdən ayrılmasına baxmayaraq əlifba islahatı üzərində ciddi işləyir, Azərbaycanda şirift tökən fabrikin yaradılması üçün Xalq Komissarları Şurasına müraciət edilməsinə nail olur.
1924-cü ilin martın 30-da Fərhad Ağazadə Yeni Əlifba Komitəsinin nəşriyyat şöbəsinə müdir təyin edilir. Komitə 24 dekabr 1924-cü ildə “Gələcək” adlı məcmüənin buraxılmasını qərara alınır və planının hazırlanması Fərhad Ağazadəyə tapşırılır.
Yeni Əlifba Komitəsinin sənədlərini araşdıranlar bu fikirdədilər ki, oradakı komissiyaların əksəriyyətinin üzvü Fərhad Ağazadə olduğu kimi, toplantıların da əsas məruzəçisi olmuşdur.
Bakıda keçirilən I Türkoloji qurultayın təşəbbüsçülərindən və təşkilatçılarından olan Fərhad Ağazadə Yeni Əlifba Komitəsinin Ümumittifaq təşkilatına çevrilməsinə can atır. Səməd ağa Ağamalıoğlunun təkidi ilə onun arzuları reallaşır. SSRİ MİK-nin 1927-ci il 11 may sərəncamı ilə Ümumittifaq Mərkəzi Yeni Türk Əlifba Komitəsi yaradılır və Səməd ağa Ağamalıoğlu bu komitənin sədri təyin edilir. İlk vaxtlar komitənin əsas nümayəndəliyi Moskvada yerləşsə də, sonralar 1928-ci ilin may ayının 1- dən etibarən komitə Bakıya köçürülür. Komitənin iyunun 6-da keçirilən plenumunda müxtəlif Türk-Tatar respublikaları tərəfindən təqdim edilmiş əlifba layihələrinin birləşdirilməsinə nail olunur və birləşidirilmiş yeni Türk əlifbası qəbul edilir. Plenumun işində çox fəal iştirak edən Fərhad Ağazadə birləşdirilmiş əlifbada hərflərin düzülüşünün, əsasən, Azərbaycan variantı üzrə aparılmasının vacibliyini inandırıcı dəlillərlə sübut edə bilir.
Təşkilatın 1928-ci il yanvarın 7-də Daşkənddə başlayan plenumunda da fəal iştirak edən Fərhad Ağazadə ömrünün sonunadək latın əlifbasına keçmək uğrunda mübarizə aparır. Xəstə olsa da 1929-cu il iyulun 1-5-də Maxaçqalada keçirilən toplantıda çıxış edir.
Onlarla məqalənin və bir neçə kitabın müəllifi olan Fərhad Ağazadə 1931-ci il yanvarin 4-də dünyasını dəyişsə də onun xidmətləri 1937-ci ildən sonra unutdurulmağa çalışıldı. Lakin buna nail ola bilmədilər. İllər keçəndən sonra Fərhad Ağazadə haqqında yazılar yazılmağa, adının əbədiləşdirilməsinə başlandı.
Mətni yazdı Əli Şamil (Şamilov Əli Hüseyn oğlu)
|