Alixan Törə Saquni

Alixan Törə Saquni

 Türk Dünyasının Məşhurları-

Doğu Türküstanın qəhrəman oğlu, keşməkeşli bir ömür sürmüş, türk xalqlarının azadlığı uğrunda mübarizədə şəhid olmuş Alixan Törə Saquninin ömür yolu...

Göndərmə 18.04.2013 07:33:32 UTC

Güncəlləmə 18.04.2013 07:33:32 UTC

www.trtazerbaycan.com

http://www.trtazerbaycan.com/trtworld/az/newsDetail.aspx?HaberKodu=802b7fa1-5ef7-4a61-b5ad-c3e8dbf8f827

Alixan Törə Saquni kimi tanınan din alimi, siyasətçi, inqilabçı, dövlət adamı Alixan Türküstanın məşhur xocalarının nəslindəndir. Onun atası, bölgənin tanınmış din alimi və nüfuzlu şəxsiyyəti Şakir xoca da oğluna dərin dini təhsil verməyə çalışmışdır. 1890-cı ildə Tokmak şəhərində doğulan Alixanın gənclikdə soyadı Şakir Xocayev olmuşdur. İndiki Qırğızıstanın Qazaxıstanla sərhəddinin yaxınlığındakı bu kiçik şəhərin əhalisi 60 minə yaxındır. Hazırda şəhərdə yaşayanların çoxu qırğızlardır. XIX yüzilliyin sonları, XX yüzilliyin əvvəllərində isə burada yaşayan özbəklərin, uyğurların, dunqayların, qazaxların sayı heç də qırğızlardan az olmamışdır.

Alixan doğulan illərdə bölgənin ən inkişaf etmiş şəhəri Əndican olmuşdur. Elə ona görə də din alimi olan atası Şakirxan Əndicanda yaşayaraq oradakı mədrəsədə dərs demişdir.

Milliyyətcə özbək olan Alixan ilk təhsilini də atasının yanında almşıdır. 1905-ci ildə də atası ilə birlikdə Məkkəyə Həcc ziyarətinə yollanmışdır. Sonra valideyinləri onu Buxara mədrəsəsinə oxumağa göndərmişlər. 1915-ci ildə təhsilini başa vuran 20 yaşlı Alixan Şakir oğlunu fiqhi, bəlağəti, fəlsəfəni dərindən öyrəndiyinə, Quranın təfsirindəki məharətinə, şəriəti dərindən bildiyinə görə Alixanə Buxara mədrəsəsində müəllim saxlamışlar.

1920-ci illərdə bolşeviklər Türküstanı işğal etdikdə Alixan onlara qarşı mübarizəyə qalxır. Sovetlərin yeritdiyi siyasəti kəskin tənqid etiyinə, xalqı onlara qarşı mübarizəyə səslədiyinə görə dörd dəvə həbs edilərək Bişkek (Pişkek) həbsxanasına göndərilir. Lakin bu həbslər gənc millətpərvərin iradəsini qıra bilmir.

Gah Buxara mədrəsəsində dərs deyən, gah da müxtəlif məscidlərdə imamlıq edən Alixan Törə kimi tanınır. Məscid və mədrəsələrdən kommunist ideologiyasına, xüsusən Sovetlərin idarəetmə üsuluna qarşı mübarizə vasitəsi kimi istifadə edir. Odur ki, Sovet xüsusi xidmət orqanları onun hər addımını nəzarətdə saxlamağa çalışır, ona qarşı təzyiqləri azaltmırlar.

Lakin yolundan dönməyən Alixan 1924-cü ildə ikinci dəfə Həcc ziyarətinə gedib qayıtdıqdan sonra inanclı müsəlmanlar, dindarlar arasında güclü antisovet təbliğatı aparır. Məscid və mədrəsələr basmaçı hərəkatını kadrlarla təmin edən mərkəzlərə çevrilir. Xüsusi xidmət orqanları isə din adamlarının xalq arasındakı nüfuzundan qorxaraq, üsyan dalğasının daha da genişlənməməsi üçün sərt tədbirlər görə bilmirlər.

Həm də yaxşı bilirlər ki, vəziyyət belə davam edərsə, Sovetlərin çoküşü ilə nəticələnər. Odur ki, bölgədə mövqelərini möhkəmlətdikdən, xüsusən də silahlı müxalifəti dağıtdıqdan sonra xalq arasında ideoloji iş aparan müxalifətə qarşı kütləvi cəza tədbirlərinə əl atırlar.

Beləcə 1930-cu ildə Alixan Törə də həbs edilərək o zaman yalnız SSRİ-də deyil, dünyada adı tez-tez çəkilən Qulaq həbs düşərgəsinə göndərilir. Sovetlərin sıx tədbirlər almasına baxmayaraq bu həbs düşərgələrindəki qəddarlıqlar haqqında xarici qəzetlər çox yazırdı. Bu həbs düşərgəsindən dustaqlar qaça bilirdilər.

1931-ci ildə Alixan Törə də həbsdən qaçaraq Sovet sərhədlərini keçib, Qazaxıstanın sərhəddi yaxınlığındakı Qulca şəhərinə gəlir. O, əvvəllər də Qaşqara gedəndə bu yerlərdən keçmişdi. Bu yerlər ona tanış olmasına, burada dostları və məsləkdaşları yaşamasına baxmayaraq tutularaq həbsə atılır. Xalqın təkid və tələbi ilə onu həbsdən azad edirlər.

Qulca şəhərindəki Beytulla məscidində imamlıq və xalq təbibliyi edən Alixan Törə bir çox dini və siyasi kitablar yazır. O, ölüm cəzasından qurtarsa da, təqib və təzyiqlərdən qurtara bilmir. Rusiya və Çin müstəmləkəçiləri əleyhinə təbliğat apardığına görə Şing Si Şey onu tutdurub Urumçidəki həbsxanaya göndərtdirir.

1937-ci ildə həbs edilən Alixan Törə 1941-ci ildə azadlığa çıxır. O, adı və familyasından çox qəbul etdiyi Saqunu təxəllüsi ilə tanınır. Ərəb, fars, rus dillərini dərindən bilən, dünyada baş verən ictimai-siyasi vəziyyəti diqqətlə izləyən Alixan Törə həbsdən çıxan kimi ciddi siyasi fəaliyyətə başlayır. Xan Tenqri Camisində işləyən dövrdə Cingizxan Damaolla, Polat Kadir, Selçuk, Ertoğrul, Toxti Kurban və b. əlaqə yaradaraq Çin işğalçıları əleyhinə mübarizəyə başlayır. 1943-cü ildə isə Muhemmetcan Mahsum, Gulam Kadir, Rehincan, Sabırhacı, Abdurrauf Mahsum, Nuriddin bəy, Cani Yoldaşov, Salman Bey və b. birlikdə “Şərqi Türküstan Azadlıq Təşkilatı”nı qurur.

Alixan Törəni Saquni Qomindanq Partiyasının xalq arasında dayağının zəif olduğu Qulcaya gəlir və burada Beytulla Camisində Baş müdərrislik və imamlıq edir. Cümə namazlarında xütbə oxuyarkən xalqı açıqdan-açığa üsyana səsləyir. Məsləkdaşları ilə birlikdə hazırladığı üçpilləli mübarizə planını xalqa çatdırır.

Hələ Urumçidə ikən məsləkdaşları ilə birlikdə hazırladıqları üç mərhələli siyasi proqramlarını reallaşdırmaq üçün fəaliyyətə başlayırlar. Bu proqramın həyata keçməsi Mehmetemin Buğranın rəhbərliyi ilə 1933-cü ildə baş qaldıran üsyan nəticəsində qurulmuş Türküstan İslam Cümhuriyyətinin yenidən reallaşması demək idi.

Şərqi Türküstan Azadlıq Təşkilatı proqramının birinci mərhələdə Sadır Palavan ruhu ilə böyüyən İli xalkı arasında mövcud məhəlli toplantılardan və məscidlərdən faydalanaraq, geniş milli azadlıq təbliğatı apararaq, xalqın bütün təbəqələrini ayağa qaldırmaq, ikinci mərhələdə isə gizli hazırlıq işi apararaq İlidə silahlı üsyanla Çin hakimiyyətini devirmək, üçüncü mərhələdə Doğu Türküstandakı milli azadlıq uğrunda mübarizə aparan bütün təşkilatlarla birlikdə Qomindanq hökumətini yıxaraq azad və demokratik Doğu Türküstan hökumətini qurmaqdan ibarət idi.

Alixan Törə Saquni təşkilata çoxlu cəsuslar daxil olduğunu görüb manevr edir. Təşkilatın buraxıldığını elan edib, gizli fəaliyyətə keçirlər.

1944-cü ilin iyul ayında Altaydakı milli qüvvələr Qomindanqın 384-cü alayına qəflətən basqın edirlər. Avqustun 14-də isə Nilkidəki Ulastayda Fatih Ekber, Geni, Seyit, Hamit ve Osman başta olmaqla 600 partizan birləşərək açıq döyüşlərə atılırlar. Onlar Oktyabrın 7-də Nilki şəhrini Qomindanqçılardan azad edirlər. Alixan Törə hökumətin bütün əskərlərinin şəhərdən kənarda döyüşlərdə olmasından istifadə edərək silahlı üsyanı reallaşdırır.

1945-ci ilin fevralında Qulca azad edilənə qədər 20-dən çox böyük, 300-dən çox kiçik savaş olur. Onların da əksəriyyətinə Alixan Törə rəhbərlik edir. Doğu Türküstan Cümhuriyyətinin Hərbi Qüvvələrinin rəhbəri kimi azadlıq mübarizəsində böyük işlər görür.

1945-ci il fevralın 3-də Alixan Törəyə marşal rütbəsi verilir. O, milli qüvvələri üç ordu şəklində qurur. Birinci orduya Ürümçini tutmağı, ikinci orduya Altay ve Çöçek bölgəsini, üçüncü orduya isə Güney vilayətlərini işğalçılardan azad etməyi əmr edir.

1944-cü il noyabrın 12-də Qulcada Doğu Türküstan Cümhuriyyətinin qurulduğunu elan edirlər. Alixan Törə hökumət rəhbəri seçilir.

1945-ci ilin ortalarına qədər Alixan Törə hökumətin möhkmlənməsi üçün əlindən gələni əsirgəmir. Milli qüvvələr arasında fikir birliyindən bacarıqla istifadə edən Sovet və Çin tərəfi hökumətin hüquqlarını məhdudlaşdırıb Çinin daxilində Muxtar quruma çevirmək üçün 11 maddəlik bir plan qəbul etdirirlər.

Alixan Törə buna etiraz əlaməti olaraq istefa verir. 1946-cı ilin iyulunda qəbul edilən bu sənədə əsasən Urumçidə 15-i yerli xalqlardan, 10-u da Çinlilərdən olmaqla ortaq bir hökumət qurulur. Beləcə çinli general Zhang Zhi Zhong vali, Ahmetcan Kasım ilə Burhan Şehidi isə vali müavinləri olurlar.

Alixan Törənin xalqı yenidən üsyana təhrik edəcəyindən qorxan Sovetlər Birliyi onu cismən məhv etməyi qərara alır. 1945-ci ilin yazında bir axşam onu Qulcadakı Sovet konsulluğuna dəvət edirlər. Orada həbs edərək gizlicə SSRİ-yə gətirirlər. Burada uzun istintaqdan sonra 1949-cu ilin sentyabrında 5 məsləkdaşı ilə birlikdə məhv edirlər.

Bütün qadağa və təqiblərə baxmayaraq xalq bu gün də Alixan Törəni ehtiramla xatırlayır və onun gördüyü işləri unutmurlar.

 

Mətni yazdı Əli Şamil (Şamilov Əli Hüseyn oğlu)

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol