Qarapapaq Mehrali bəy

Qarapapaq Mehralı

Türk Dünyasının Məşhurları-18

Haqqında dastan yaradılmş, cəsur döyüşçü, igidliyi ilə düşmənlərini belə heyrətləndirən Qarapapaq Mehralı bəyin ömür yolu...

Göndərmə 12/11/2012 11:33:14 AM UTC

Güncəlləmə 12/11/2012 11:41:43 AM UTC

www.trtazerbaycan.com

http://www.trtrussian.com/trtworld/az/newsDetail.aspx?HaberKodu=4dda02c3-b363-4819-b9c9-5bcfabd39d4a

Mehralı Məmli oğlu 1844-cü ildə Borçalı mahalının Darbaz kəndində anadan olub. İndi bu bölgə Gürcüstan Respublikasına daxildir. O daha çox Qarapapaq Mehralı bəy kimi tanınsa da, nəsil şəcərəsində bəyliklə bir bağlılığı yoxdur. Ortabab bir kəndli ailəsində doğulub. Mehralının yeniyetməlik çağında atası Məmli Rus kazakları ilə toqquşub. Kazaklar Məmlini öldürüb və meydini də ailəsinə vermək istəmirlər. Bu gənc Mehralını özündən çıxarıb. O, iki kazak öldürməklə atasının intiqamını almış olub və bu hadisədən sonra hökumətdən qaçaq düşüb. Dağlarda yaşamalı və təqiblərdən qorunmalı olan Mehralı sanki bir təlim – məşq keçib. Həm döyüşməyi öyrənib, həm də dağ-daşdakı keçidləri, sığınacaqları, təbii səngərləri müəyyənləşdirib.

25-30 yaşlarında Mehralı bölgənin tanınmış qaçağına çevrilib. Qaçaq Mehralı yalnız Rusiya hökumətinin məmurlarını deyil, Osmanlının imkanlı adamlarını və dövlət məmurlarını da narahat edib. Tez-tez yerini dəyişən, gah Qafqazda, gah da Osmanlıda olan qaçaq Mehralını hər iki hökumətin məmurları həbs edərək cəzalandırmağa çalışıb. Hətta Osmanlı dövlətinin Qarsdakı məmurları buna nail də olublar. Qaçaq Mehralı Məmli oğlunu həbs edərək Qars qalasına salıblar. Lakin cəsur insan olan Mehralı həbsdən qaça bilib və yenidən dağlarda at belində azad gəzib.

Qaçaq Mehralıya bəy titulu qazandıran və ona şöhrət gətirən 1877-78-ci il Rus-Osmanlı savaşı olub. Savaş ərəfəsində Rusiya-Osmanlı sərhəddini keçərək Kür çayının sol sahilindəki Qaraçöp mahalının Yor-Muğanlı kəndinə gələn Mehralı burada xırda mülki və cinayət işlərinə baxan hakim Alı Ağakişi oğlunun qonağı olub. Alı Ağakişi oğlu hökümətə yaxınlığı ilə seçilsə də, Qaçaq Mehralını hökumətdən gizli qonaq etməkdən və Qüzey Qafqaza yola salmaqdan çəkinməyib.

1877-ci ilin aprelində Rus qoşunları Balkanlardan və Qafqazdan Osmanlı əsgəri birlikləri üzərinə hücuma keçib. Rus generalları nizami ordu ilə yanaşı, yerli əhalidən təşkil etdikləri süvari döyüşçülərin gücündən də istifadə ediblər. Bir zaman hökumətin axtardığı qaçaqlarla danışıqlar aparıb, onları cəzadan qurtarmaqla yanaşı, hətta aylıq maaş də təyin ediblər. Bu könüllü dəstələrdə qarapapaq atlıları xüsusilə fəallıq göstəriblər. Hökumət sıravi döyüşçüyə ayda 30-35 rubl, dəstə komandirinə isə 120-150 rubl maaş təyin edib. Dünənə kimi çar məmurlarına, əsgəri birliklərinə qarşı döyüşən Qasımlı Daşdəmir ağanın oğlu Səməd ağa, Dalaverli Mənsur, qarapapaqlar arasında nüfuz sahibi Tağı bəy və b. qarapapaq atlılarından təşkil edilmiş könüllü birliklərə rəhbərlik etməyə başlayıblar. Çar generalı Kişmişov və b. qaçaq Mehralını da öz tərəflərinə çəkməyə çox çəhd göstərsələr də, uğur qazana bilməyiblər.

Əksinə qaçaq Mehralı Osmanlı ordusunun generallarına məktub yazaraq çar ordusuna qarşı döyüşmək istədiyini bildirib. Onun bu təklifi məmnunluqla qəbul edilib.

1877-ci il mayın 5-də rus əsgəri birlikləri İqnazor kəndinin sakini Hacı Vəlinin bələdçiliyi ilə Ərdahan qalasını işğal edib. Hacı Vəli Osmanlı ordusunun taxıl anbarlarının yerini də Rus hərbçilərinə xəbər verib. Qarsın hərbi komendatı Mehralı bəyə xaini cəzalandırmağı tapşırıb.

Mayın 16-da Qarsdan hərəkət edən Mehralı bəyin dəstəsi məharətli manevrlərlə Rus ordusundan yayınıb İqnazor kəndinə gəlib. Mayın 17-də sübh çağı Hacı Vəlinin evini mühasirəyə alan Mehralı bəyin dəstəsi müqavimət göstərən keşikçiləri öldürüb və Haci Vəlini də Qarsa, komendantın yanına aparıb.

Qarapapaq Mehralı bəyin dəstəsi xainləri cəzalandırmaqla kifayətlənməyib, kəşfiyyat işləri aparıb, Rus əsgəri birliklərinə qəfil basqınlar edib, döyüşən ordunun arxasına keçərək təxribatlar törədib.

Mehralı bəyin sayca çox olmayan könüllü atlılarının tez-tez mühasirə vəziyyətində olan Qarsdan çıxıb uğurlu əməliyyatlar keçirməsi qarslıların və şəhərdəki Osmanlı qoşunlarının döyüş ruhunu yüksəldib. Onun dəstəsinin iyunun 25-28-də Rus generalı Heymanın hərbi hissələrinə basqını o qədər gözlənilməz olub ki, L.Melikov rəhbərliyindəki mərkəzi cəbhədəki bölmələr iyulun 1-də Qarsın mühasirəsini buraxıb Gümrüyə doğru geri çəkilməyə məcbur olublar.

1877-ci ilin yayında baş vermiş qanlı toqquşmalarda Mehralı bəyin qarapapaq atlıları hünər göstəriblər. Düşmən əsgəri onun atını güllə ilə vuranda Mehralı bəy qorxub geri çəkilmək əvəzinə cəsarətlə irəli atılıb. Atını vuran əsgəri alnından güllələyib, üzərinə gələn rus suvarisini qılıncı ilə yerə sərərək, onun atına minib düşmən üzərinə şığıyıb. Onun bu cəsarətli həmləsi düşməni qaçmağa məcbur edib. Avqustun 25-də Başgədiklər kəndi yaxınlığındakı Qızıltəpə uğrunda gedən şiddətli döyüşdə də Mehralı bəyin cəsarəti sayəsində Osmanlı ordusu parlaq qələbə çalıb.

Avqustun 29-da düşmənin cəbhə xəttini keçən Mehralı bəyin dəstəsi ölkənin iç bölgələrinə – Ağbulaq və Barmaqsıza (Zalqaya) qədər gedərək Tiflislə Gümrünü bağlayan teleqraf xətlərini kəsib, buradakı müsəlman olmayan əhalini vəlvələyə salıb, iki kazak bölüyünü darmadağın edib, səkkiz gündən sonra, yəni sentyabrın 7-də kazaklara məxsus 600-ə yaxın döyüş atı və bir neçə top teleqraf teli ilə birlikdə Osmanlı ordusunun baş qərargahına qayıdıb.

Dəfələrlə ölüm və əsir düşmək təhlükəsi ilə qarşılaşan Mehralı bəy 1977-ci ilin dekabrında gedən döyüşdə dabanından ağır yaralanıb. Hətta onun ölüm xəbəri də yayılıb.

Döyüş dostları Mehralı bəyi cəbhə xəttindən xizəyə qoyub Sivasa gətiriblər. Özü bugünkü Ulaş qəsəbəsinə bağlı Acıyurdda, döyüş dostları da ətraf kəndlərdə məskunlaşıb. Rusiya çarının qardaşı, başkomandan Mixail Nikolayeviçin başçılığında Rus qoşunları Qars-Ərzurum bölgəsini işğal edib. 82 min nəfərdən çox qarapapaq da bölgədən köç etməli olub.

19-cu yüzilin sonlarına doğru Osmanlı dövləti getdikcə zəifləyirdi. Xarici güclər ölkədəki müsəlman olmayan əhalini hökumətə qarşı qaldırırdı. Üsyan və qiyamlar ara vermirdi. Şeyx Şamilin nəvəsi müşir (marşal) Мəhməd Zəki Paşa (1835-1929) üsyanların qarşısının alınması, ölkədaxili sabitliyin və ucqar bölgələrdə əhalinin təhlükəsizliyinin qorunması, sərhədlərin daha möhkəm müdafiə olunması məqsədilə, Güney və Güney-Doğu Anadoluda yaşayan müxtəlif tayfalardan xüsusi süvari dəstələrinin yaradılması gərəkliliyini Sultan II Əbdülhəmidin (1842-1918) diqqətinə çatdırıb. Zəki Paşanın bu təşəbbüsünü Sultan müsbət qarşılayıb və onun tərəfindən müvafiq əmr verilib. Beləliklə, 1890-cı ildən etibarən Anadoluda könüllülük prinsipi əsasında “Həmidiyyə” adlandırılacaq yarımhərbi alayların yaradılmasına başlanıb.

Mehralı bəyin başçılığı altında Sivasda yaşayan qarapapaqlardan ibarət 6 bölüklü Həmidiyyə Süvari Alayı qurulub. Həmidiyyə Alayının rəislərini 1893-cü ildə qəbul edən Sultan Əbdülhəmid Mehralı bəyin xidmətlərini yüksək qiymətləndirərək Məcidiyyə ordenilə təltif edib.

Ölkə daxilindəki üsyanların yatırılmasında xüsusi fəallıq göstərən Mehralı bəyin qarapapaq süvariləri 1899-cu ildə İraqda başqaldıran üsyanı qan tökmədən yatırıblar.

İngilis və italyanların təhriki ilə Şimal-Qərbi Yəməni üsyan dalğası bürüyüb. 1905-ci ildə hökümət üsyanı yatırmaq üçün nizami ordu göndərəndə Mehralı bəy 40-cı Qarapapaq Həmidiyyə Alayının da Yəmənə göndərilməsini xahiş edib. Bu müraciətin cavabında Sultan II Əbdülhəmid “Mən Mehralını hər şeydə sərbəst buraxdım. İstər gedər, istərsə də getməz” – deyib.

Yaşı 60-ı haqlamış Mehralı bəy alayına Ərəbistan yarımadasına yola düşmək üçün hazırlaşmaq əmrini verib. Sivasda vilayət rəhbərlərinin və nüfuz sahiblərinin qatıldığı böyük bir yolasalma mərasimi təşkil olunub. Kayseri-Niydə-Qədirli yolu üzərindən Adanaya, oradan da Mersin limanına gələn alay gəmi ilə Yəmənə yola düşüb.

Dağlarda döyüşməyə alışmış qarapapaqlar Yəmənin istisinə davam gətirə bilməyib, normal içməli qu qaynaqlarının olmaması da onların döyüş bacarığını azaldıb. Qurulan pusquları dəf edərək keçən, döyüşlərdə qəhrəmanlıq göstərən əfsanəvi qəhraman Mehrali bəy Yəməndə aldığı yaradan deyil, yoluxucu xəstəlikdən dünyasını dəyişib.

Bu cəsur döyüşçünün adı uzun illər doğulduğu Gürcüstanda, Azərbaycanda çəkilməyib. Sovetlər Birliyinin çöküşündən sonra Mehralı bəyin qəhramanlıqlarla dolu həyatından bəhs edən kitablar və məqalələr çap olunmağa başlayıb.

 Mətni yazdı Əli Şamil (Şamilov Əli Hüseyn oğlu)

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol