Tulaqan Xujamyarov

Tulaqan Xujamyarov

Türk Dünyasının Məşhurları-29

Özbək xalqının oğlu Tavollo ləqəbilə tanınan Tulaqan Xujamyarov

Göndərmə 7/30/2013 9:00:27 AM UTC

Güncəlləmə 7/30/2013 9:00:27 AM UTC

www.trtazerbaycan.com


http://www.trtazerbaycan.com/trtworld/az/newsDetail.aspx?HaberKodu=4c11986c-49df-4122-8a8f-db94a3451d2b

 

Bu günkü “Türk dünyasının məşhurları” proqramında sizlərə özbək xalqının oğlu, cədidçi şair, publisist, pedoqoq, ictimai-siyasi xadim, həyatını xalqının azad və xoşbəxt gələcəyi uğrunda mübarizəyə həsr etmiş, əqidəsi yolunda şəhid olmuş Tavollo ləqəbilə tanınan Tulaqan Xujamyarovun ömür yolundan və yaradıcılığından söz açacağıq.

Sovetlər Birliyi dağıldıqdan sonra yaranan qeyri-hökumət təşkilatları böyük işlər gördülər, həqiqətləri aşkara çıxarmağa çalışdılar. Momeral qrupu da bolşeviklərin hakimiyyəti silah gücünə ələ aldıqları gündən 1992-ci ilədək, yəni SSRİ dağılanadək hakimiyyət orqanlarının törətdikləri qırğınlar, siyasi qətllər haqqında sənədlər çap etdi. Çox təəssüf ki, bu sənədlər içərisində Özbəkistandan öldürülənlər haqqında bilgi azdır. Bu da orada arxivlərin hələ də tam açılmaması ilə əlaqədardır.

Tavollo ləqəbi ilə tanınan Tulaqan Xujamyarov 1937-ci il repressiyasının qurbanlarından olsa da haqqında geniş araşdırmalar aparılmayıb. Odur ki, onun doğum tarixini gah 1880-ci il, gah 1882-ci il, gah da 1883-cü il yazırlar. Bu rəqəmlərdən 1883-ci ili daha mötəbər saymaq olar. Çünki, Tavollo 1937-ci il avqust ayının 14-də KGB müstəntiqinə verdiyi izahatda 1883-ci ildə Daşkənd şəhərində doğulduğunu və hazırda doğulduğu şəhərdəki Kükça məhəlləsinin Viladimir küçəsindəki 32 saylı evdə yaşadığını yazıb.

Atası ticarətlə məşğul olan Tulaqan Xujamyarov ilk təhsilini məhəllə məktəbində, sonra da Obi Nazir məhəlləsindəki Bəylərbəyi mədrəsəsində alır. Bu mədrəsə Türküstanda məşhur idi. Mədrəsəni bitirdikdən sonra atası onu Rusiya hökümətinin yeril əhalidən kiçik məmurlar hazırlayan məktəbə göndərir. Bu məktəblər Azərbaycanda, Kırımda, Qüzey Qafqazda və b. bölgələrdə rus-tatar məktəbləri, Türküstanda, Sibirdə isə rus-tuzem məktəbi adlandırılırdı.

Atanın oğlunu bu məktəbə göndərməkdən məqsədi Rusiya ilə ticarət əlaqələri qurmaq idi. 1900-cü ildə Tulaqan Xujamyarov məsləhəti ilə Prjevalsk şəhərinə gedən və orada sahibkar Usmanbəy Solihcanovun müdiri olan Tulaqan Xujamyarov ticarət işlərində təcrübə qazanmaqla yanaşı, rus dilində yazıb oxumasını da təkmilləşdirir.

1909-cu ildə atasının ölüm xəbərini alıb Daşkəndə dönən Tulaqan Xujamyarov burada ticarət şirkətlərində çalışır və Tavallo ləqəbilə şeirlərini nəşr etdirməyə başlayır. O, mədrəsədə oxuduğu illərdə şeir yazsa da, şair kimi məşhurlaşmasına səbəb Tavallo ləqəbilə yazdığı ictimai-siyasi və satirik şeirləri olmuşdur.

1913-cü ildə Bəylərbəyi mədrəsəsindən tanıdığı Yusif Saremin ölümündən təsirlənərək “Bir qönçə divan” şeirini yazaraq çap etdirən Tavallo görkəmli pedaqoq, şair və xeyriyyəçi Abdulla Avlaninin qurduğu “Cəmiyyəti Xeyriyyə”yə üzv yazılır.

Abdulla Avlani Tavallo ilə həmyaşıd idi və onunla eyni şəhərdə doğulmuşdu. Bir-birini də uşaqlıqdan tanıyırdılar. İsmayıl bəy Qaspıralının davamçılarından olan Abdulla Avlani Türküstanda ilk dəfə açdığı məktəbdə coğrafiya, həndəsə, riyaziyat, kimya və b. fənnləri tədris edən müəllim kimi tanınır.

Onun yaratdığı cəmiyyət uşaqların təhsil alması qayğısına qalmaqla yanaşı, istedlı gənclərin xarici ölkələrdə oxumağa getməsinə köməklik edirdi. Cəmiyyətin nəzdində yaradılmış Turan Teatr Truppası Abdulla Avlaninin əsərləri ilə yanaşı, Abdullah Qədirinin və Həmzə Həkimzadə Niyazinin, eləcə də azərbaycanlı müəlliflərdən Cəlil Məmmədquluzadənin, Üzeyir Hacıbəyovun əsərlərini də tamaşaya qoyurdu.

Tavallonun Abdulla Avlani ilə əməkdaşlığı yalnız Turan Teatr Truppasında tamaşalar hazırlamaqla, tamaşalarda həvəskar aktyor kimi çıxış etməklə bitmir, gənclərin xaricə oxumağa göndərilməsi üçün vəsait toplanmasında da yaxından iştirak edir. 1914-cü il avqustun 30-da Münavvarkari Abduraşidovun rəhbərliyi altında “Nəşriyyat Şirkətini” qururlar.

Bu həmin dövr idi ki, bölgədə cədidçilik artıq ictimai bir hərəkət olmaqdan çıxıb siyasi məzmun qazanmışdı. Öncə təhsildə islahatlar aparmaq istəyi ilə meydana atılan və cədidçi adlandırılan qrup getdikcə fəaliyyət dairələrini genişləndirərək idrəetmənin əksər sahələrində islahatlar aparılmasını istədilər. Bununla da cədidçilər islahatçılıqdan daha çox inqilabçılar kimi tanınmağa başladılar.

Beləcə cədidçilərlə mühafizəkarlar arasında ziddiyətlər dərinləşdi. Bu qarşıdurma ölüb-öldürmək dərəcəsinə kimi yüksəldi. Tavallo da cədidçilərin öndəgedənlərindən oldu. O, Avropa təhsilli, Avropa dünyagörüşlü kadrların hazırlanmasına yardımçı olmaqla yanaşı, mühafizəkarları, xurafata uyanları kəskin tənqid edən şeirlər yazmağa başladı. Onun şeirlərində bəzən mühafizəkarlıqla milli ənənələr bir-birindən ayrılmırdı.

Tavallo ictimai-siyasi məzmunlu, satirik şeirlərini toplayaraq “Ravnak ül islam” adı altında çap etdirir.

Tavallo 1917-ci ildə çar II Nikolayın hakimiyyətdən getməsini alqışlarla qarşılayır, Kreniskinin başçılığı ilə yaradılan Müvəqqəti hökumətə böyük ümidlər bəsləyir. Lakin 1917-ci ilin oktyabrından bolşeviklərin, erməni silahlı dəstələri ilə birləşərək Daşkənddə müsəlmanları kütləvi şəkildə qırmaları Tavallonun inqilaba ümidini alt-üst edir. Onun yaşadığı şəhər iki hissəyə – Köhnə Daşkənd və Yeni Daşkəndə bölündü. Yeni Daşkənddə silahlı hərbçilər, rus və erməni iş adamlarıyla, ziyalılarla birləşərək yeni hökumət qurduqlarını elan edirlər. Fəhlə və Əsgər Deputatları Sovetinin hakimiyyətə gəldiyini elan edən bu quldur dəstəsi yerli əhaliyə yuxardan aşağı baxır, Köhnə Daşkəndə, eləcə də şəhərin ətrafındakı kənd və qəsəbələrə hücumlar edərək dinc əhalini öldürür, malını-mülkünü qarət edir.

Belə bir gərgin günlərdə özbək, qazax, türkmən, tacik ziyalıları da Köhnə Daşkənddə toplaşaraq dinc əhalini silahlı quldur basqınlarından qoruma yolları axtarır. Necə deyərlər, dünənki inqilabçılar bu gün özlərini inqilabçı adlandıran Sovetlərə qarşı mübarizə aparmalı olur.

Tavallo 1915-1919-cu illərdə Turan Teatr Truppasında həvəskar aktyor kimi çıxış etməklə yanaşı, “Şurai islam”, “Milli ittixod” təşkilatlarının da aparıcı simalarından olur. 1918-ci ildə isə məhəllədə məktəb açır. 1924-cü ildə hökumət onun dərs dediyi məktəbi müsadirə edir. O, mətbuat yayımı idarəsində işləyir və milli qüvvələrlə birlikdə gizli fəaliyyət göstərir. 1926-cı ildə onu mətbuat işçilərindən 6 min 500 som yığıb basmaçılara göndərdiyinə görə həbs edir və beş il həbs cəzasına məhkum edirlər. Lakin rəhbər vəzifədə işləyən millətçi dostlarının yardımı ilə həbsdən qurtara bilir.

Tavallo həbsdən qurtarsa da, ciddi ictimai-siyasi faəliyyətlə və bədii yaradıcılıqla məşğul ola bilmir. Gizli təşkilatlarda antisovet fəaliyyətlə məşğul olur. İstintaq sənədlərində onların gizli təşkilatının Azərbaycandakı Müsavat Partiyasının gizli təşkilatları ilə əlaqəsi qeyd edilir.

Sovet hakimiyyəti illərində Tavallonun fəaliyyəti haqqında geniş bilgiyə rast gəlinmir. Araşdırıcılar son illər KQB arxivlərindən Tavallonun 1937-ci ilin avqustun 7-də həbs edilərək istintaqa cəlb edildiyini yazırlar. Lakin məhkəmənin onu hansı cəzaya məhkum etdiyini, harada və nə vaxt öldüyünü yazmırlar.

Sovetlər Birliyi dağıldıqdan sonra Tavallo-Tulaqan Xujamyarovun həyat və yaradıcılığının öyrənilməsinə, əsərlərinin nəşrinə diqqət artıb.

 

Mətni yazdı Əli Şamil (Şamilov Əli Hüseyn oğlu)

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol