Türk Dünyasının Məşhurları 7
Fikrət Əmirov (1922-1984) (فیکرت امیروو, rus. Фикрет Амиров) https://ali-shamil.tr.gg/7-.--Fikr%26%23601%3Bt-%26%23399%3Bmirov.htm
Fikrət Əmirov; 20-ci yüzildə dünyada böyük dəyişikliklər baş verdi. Azərbaycanda bu dəyişikliklərdən kənar qala bilməzdi. Dünyanın hər yerində sürətlə inkişaf edən Avropa ilə ayaqlaşmaq istəyi güclənirdi. Azərbaycanda da Avropa musiqi janrlarında əsərlər yaradan istedadlı bəstəkarlar meydana çıxdı. Belə bəstəkarlaran biri də Fikrət Əmirov idi…/Әli Şamil
Göndərmə 3/15/2010 11:52:13 AM UTC
Güncəlləmə 3/15/2010 11:54:36 AM UTC
www.trtazerbaycan.com
http://www.trtazerbaycan.com/trtworld/az/newsdetail.aspx?haberkodu=b50c44cd-dace-44a5-9988-fad94e87a7e6
Fikrət Əmirovun atası Cəmil Şuşada boya-başa çatmış bir musiqiçi idi. O, Mir Möhsün Nəvvabın musiqi məclislərinin fəal iştirakçisi olmuşdur. Məşədi Cəmil bəstəkar, müğənni və tarzən kimi şöhrətlənmişdir. O, Azərbaycanda, İranda, Türkiyədə, Gürcüstanda ifaçı-musiqiçi, sonralar isə müəllim işləmiş və doğma şəhərində ilk dəfə musiqi məktəbi açmışdır. Sonralar ailə Gəncədə yaşamalı olmuşdur. Cələcəyin ünlü bəstəkarı Fikrət Əmirov da 1922-ci ilin noyabrın 22-də Gəncə şəhərində doğulmuş, ilk təhsilini də Gəncə musiqi məktəbində almışdır.
10 yaşında olarkən xalq mahnılarını tarda gözəl ifa edə bildiyinə görə onu konsertlərə də çıxarırlar. Xalq mahnılarına içdən gələn böyük sevgi onun bəstəkar kimi formalaşmasına təsirini göstərir. O, uşaqlıqdan musiqini, ədəbiyyatı, tarixi çox sevir.
Atası Cəmil oğlunun bəstəkar kimi yetişməsi üçün bacarığını əsirgəmir. Fikrət Gəncə musiqi məktəbini bitirəndən sonra Bakıya köçür, orada orta ixtisas musiqi oxuyur. 1939-cu ildə isə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq sinfinə daxil olur. Konservatoriyadakı təhsil illərində ölməz Üzeyir Hacıbəyovun yaradıcılığı ilə dərindən tanış olur.
İkinci Dünya Müharibəsi gənc musiqicininin təhsilini yarımçıq qoyur. Sovet Ordusunun əskəri kimi faşizmə qarşı savaşa yollanır. Lakin onun döyüş yolu uzun olmur. 1943-cü ildə Varonej cəbhəsində yaxınlıqda partlayan mərmi onun da kontuziya almasıyla nəticələnir. Ordudan tərxis olunub vətənə qayıdır. Bir müddət Gəncə Dövlət filarmoniylarının bədii rəhbər işləyir.
1944-cü ildə Bakıya qayıdaraq konservatoriyada təhsilini davam etdirir. Tələbə olsa da ona teatırlarda hazırlanan tamaşalara musuir yazmağa dəvət edirlər. 1947-ci ildə isə M.Maqomayev adına Azərbaycan Dövlət filarmoniylarının bədii rəhbər təyin edilir.
Fikrət Əmirov Dövlət Konservatoriyasında təhsil aldığı illərdə artıq yaxşı bəstəkar kimi tanınmışdı; M.S. Ordubadinin “Ürək çalanlar” və M. Əlizadənin “Gözün aydın” liberettoları əsasında operettalar ,1947-ci ildə “Nizami” simfoniyasını yazaraq səhnəyə qoyur. Bununla yanaşı fortepiano əsərləri, variasiyalar yazır.
1948-ci ildə, yəni Konservatoriyanın son sinfində oxuyanda “Şur” və “Kürd-ovşarı” simfonik muğamlarını yazır. Bununla Fikrət Əmirov ilk dəfə qədim muğamlarımızı müasir musiqi dilinə çevirmiş olur. Bu da bütün dünya mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilir. Simfonik muğamlara görə bir il sonra, yəni 1949-cu ildə Sovetlər Birliyinin ən büyük mükafatlarından olan Stalin mükafatına laiq görülür.. Sonralar bu mükafat SSRİ Dövlət mükafatı adlandırıldı. Fikrət Əmirov 31 il sonra da, yəni 1980-ci ildə bu büyük mükafatı SSRİ Dövlət Mükafatını təkrar aldı
1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirdikdə Fikrət Əmirov istedadlı gənc bəstəkar kimi tanınırdı. Onun bundan sonrakı həyatı, yaradıcılığının böyük bir hissəsi musiqi mədəniyyətimizin inkişafına həsr olunur. Bəstəkarın musiqisinin janr dairəsi nə qədər geniş olsa da, simfonik və musiqi səhnə janrları yaradıcılığında aparıcı rol oynamışdır. Simfonik muğam janrında yazdığı “Şur” , “Kürd Ovşarı” və “Gülustan Bayatı -Şiraz” kimi dəyərli əsərlərlərini bəstəkarın dünya musiqisinı gətirdiyi yenilik kimi qeyd edirlər.
Fikrət Əmirov opera janrında da gücünü sınamaq qərarına gəlir. Üzeyir Hacıbəyovun xalq musiqisindən qidalanan mükəmməl operalarını təsir altında böyüsə də əvvəlkilərdə fərqlənən bir opera üzərində işləməyi qarara alır. Bunun üçün Cəfər Cabbarlının “Sevil” pyesini seçir. Bununla da Azərbaycanda ilk dəfə lirik-psixoloji operanın əsasını qoymuş olur. Əsər ilk dəfə 1953-cü ildə Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrında tamaşaya qoyulur. Böyük uğur qazanan bu opera keçmiş Sovetlər Birliyinin bir çox teatırlarında tamaşaya qoyulur. “Sevil” operası mövzusuna görə deyil, mövzunun musiqi dililə tamaşaçıya çatdırılma məharətinə görə müəllifinə uğur qazandırır.
1956-59-ci illərdə M.F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru təyin olunan Fikrət Əmirov burada əsaslı dəyişiklik etməyə çalışsa da istəklərini həyata keçirə bilmir. Bütün sahələrə olduğu kimi, operaya da Kommunist Partiyasının rəhbərlik etməsi, oraya bir sənət məbədi kimi deyil, ideoloji bir mərkəz, təbliğat vastəsi kimi baxması sənətkarın istəklərini reallaşdırmasını əngəlləyir.
Azərbaycan konsert janrının ilk nümunələrini də F.Əmirov yaratmışdır. Onun bir neçə konserti, xüsüsən də fortepiano və orkestr üçün Elmira Nəzirova ilə birgə yazdığı “Ərəb mövzularında konsert”i Azərbaycan pianoçularının ən çox ifa etdiyi əsərlər sırasındadır. Fikrət Əmirovun özünəməxsus bəstəkarlıq dəst-xətti onun instrumental və kamera vokal əsərlərində də təzahür edir. “Fortepiano üçün 12 miniatür”, müxtəlif pyeslər, “Ulduz” , “Azərbaycan elləri”, “Gülüm”, “Gülərəm gülsən” və digər romans və mahnıları bu gün də tez-tez səhnələşdirilir.
Fikrət Əmirov uzun illər respublikanın teatrları ilə daim əlaqə saxlamış, C. Cabbarlının, M. Hüseynin, S. Vurğunun, İ. Qasımovun və başqa dramaturqların pyeslərinə musiqi yazmışdır. Çox sahəli yaradıcılığı olan bəstəkar kinolarımız üçün də maraqlı musiqilər yazmışdır. “Böyük dayaq”,“Mən ki gözəl deyildim” və digə filmlərın musiqisi Fikrət Əmirovundur.
XX əsr Azərbaycan musiqisinin aparıcı simalarından biri Fikrət Əmirovun simfonik muğamları və “Nizami” simfoniyası dünyanın ən məşhur dirijorları G.Rojdestvenski (Rusiya), K. Abendrot (Almaniya), Ş.Münş (Fransa) və L. Stokolovskinin (ABŞ) idarəsi ilə ifa olunmuşdur. F.Əmirovun “Nizami” simfoniyası, doğma vətəni tərənnüm edən “Azərbaycan kapriççiosu”, “Azərbaycan süitası” , “Azərbaycan qravürləri” bəstəkar irsinin dəyərli səhifələridir. Fikrət Əmirovun gözəl baletləri “Min bir gecə” və “Nəsimi” də dinləyicilərin xüsusi rəğbətini qazanmış əsərlərdir.
Yaşadığı illərdə Fikrət Əmirov bir çox mükafatlara və fəxri adlara layiq görülmüşdür bunlardan SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət mükafatı laureatı, Lenin ordeni kimi yüksək mükafat verilmişdir.
O, SSRİ və Azərbaycan SSR Bəstəkarlar İttifaqı İdarə Heyətlərinin katibi, SSRİ Ali Sovetinin deputatı, SSR EA müxbir üzvü olmuşdur.
Fikrət Əmirov 1984-cü il fevral ayının 20-də Bakı şəhərində vəfat etmişdir. Qəbri Fəxri xiyabandadır. Dünyasını dəyişməsindən 36 il keçməsinə baxmayaraq, raio və televizyada, teatrlarda, kinolarda tez-tez Fikrət Əmirovun ecazkar musiqisi ilə raslaşır və onun ruhuna dua oxuyuruq.
|