Abbasəli bəy Makinski

Abbasəli bəy Makinski

Türk Dünyasının Məşhurları- 19

Azərbaycanın vətənpərvər oğlu, hüquqşünas və ictimiai siyasi xadimi Abbasəli bəy Makinskinin ömür yolu və yaradıcılığı haqqında...

Göndərmə 12/13/2012 9:00:05 AM UTC

Güncəlləmə 12/13/2012 9:00:05 AM UTC

www.trtazerbaycan.com

http://www.trtrussian.com/trtworld/az/newsDetail.aspx?HaberKodu=ae66bd5b-f031-4c34-b084-65891f69f802

Abbasəli Bəhram bəy oğlu Makinski 1888-ci ildə qədim türk diyarı İrəvan şəhərində adlı-sanlı ziyalı ailəsində anadan olmuşdur. Onun soy adı Makinski bu gün İran İslam Respublikasının Qərbi Azərbaycan ostanındakı kiçik Maku şəhərindən alınmışdır. Daş Maku da adlandırılan şəhər strateji əhəmiyyətinə görə keçmişdə mühüm malik idi. Bölgənin idarəsi Səfəvilər zamanından Bayat tayfasının bəylərinə həvalə edilmişdi. Onlar da sonrakı yüzillikdə xanlıq mərkəzi olan şəhərin adını özlərinə soyad olaraq götürdülər.

Makinskilər XIX yüzildə yenə də Maku xanlığını idarə etsələr də, bir qismi də keçmiş Rusiya imperiyasının işğal etdiyi şəhərlərdə yaşayırdılar. Bəhram bəy Makiniski də İrəvan şəhərində yaşadığından oğlanları Abbasəli bəy də, İsmayıl bəy də, Bəhmən bəy də orada doğulmuş, təhsil almış, bölgənin sayılıb-seçilən ailələrinə çevrilmişdilər.

Dövrünün təhsilli ziyalılarından olan Bəhram bəy Makinski uzun illər İrəvanın, Tiflisin maliyyə-kredit orqanlarında yüksək vəzifələrdə çalışır, övladlarının da təshil almasına səy göstərir. Onların şərq-qərb mədəniyyətindən xəbərdar olması üçün kiçik yaşlarında məhəllə məktəblərində oxumalarını, orada Quran oxumağı, şəriəti, şərq klassiklərini öyrənməyi təmin edir. Sonra da Rusiya hökumətinin açdığı Avropa tipli məktəblərə göndərir.

Abbasəli bəy Makinski İrəvan şəhərindəki realnı məktəbi bitirdikdən sonra Tiflisdəki klassik oğlan gimnaziyasında oxuyur. Hər iki təhsil ocağında seçilən tələbələrdən olan Abbasəli bəy romantik bir gənc olur. Şərq klassiklərinin şeirlərini əzbərləməyi, məhəbbət mövzusunda Şərq və Qərb ədəbiyyatında yazılanları oxumağı sevən Abbasəli bəy gənc yaşlarında Xanımnaz Sadıqova ilə ailə qurur.

Atası ilk övladına Bəhram adını verir. Lakin onun xoşbəxt ailə həyatı çox üzun sürmür. Xanımı erkən vəfat edir.

Abbasəli bəy Makinski ali təhsil almaq üçün 1909-cu ildə Kiyev şəhərinə gedir. Nədənsə o, ədəbiyat fakültəsində deyil Kiyev Universitetinin Hüquq fakültəsində oxumağa üstünlük verir. Makinski yalnız hüquq təhsili almaq, hüquqşünas ixtisasına yiyələnməklə kifayətlənmir böyük həvəslə fransız, alman ingilis dillərində danışmağı, latın dilində yazılmış mətnləri oxumağı öyrənir.

Tələbəlik illərində özündən bir kurs aşağıda oxuyan, sonralar yazıçı Yusif Vərir Çəmənzəminli kimi tanınan Yusif Vəzirovla dostlaşır. Onlar birlikdə Kiyevdə oxuyan Azərbaycanlı tələbələrin “Zemlyaçestvo” (“Azərbaycan həmyerlilər təşkilatı”) yaratdırlar. Həmin təşkilatda ən fəal üzvlərdən olan Abbasəli bəy 1914-cü ildə universiteti əla qiymətlərlə bitirir. Ona universitetdə qalaraq müəllim işləməyi təklif etsələr də, o, vətənə qayıtmağa, milləti ilə bir yerdə olmağa, xalqına xidmət etməyə üstünlük verir.

Abbasəli bəy Makinski o dövrdə Qafqazın mərkəzi sayılan, canişinlik yerləşən Tiflisə qayıdır. Məhkəmələrdə vəkil həmyerlilərinin hüquqlarını müdafiə etməyə başlayır. Az keçmir ki, ata-babaları kimi, Tiflis və İrəvan sakinlərinin rəğbətini qazanır. Tiflisin mədəni-maarif və xeyriyyə işlərində yaxından iştirak etdir, “Molla Nəsrəddin” jurnalının naşiri Mirzə Cəlil Məmmədquluzadə ilə dostlaşır.

Tiflisdə xeyriyyə təşkilatlarının işində yaxından iştirak etdiyindən cəmiyyətin sayılıb-seçilənlərindən olan ailələrlə yaxından tanış olur. Belə nüfuzlu ailələrdən birinin, Zaqatala uyezdinin general-qubernatoru, şamaxılı Seyfulla bəy Atamalıbəyovun qızı, həkim Sara xanım ilə ailə həyatı qurur. Bu nigahdan da Cəmilə və Təyyar adlı övladları dünyaya gəlir.

Birinci Dünya Savaşının başlanması Qafqazda da vəziyyəti gərginləşdirir. Rus qoşunlarının Osmanlıya qarşı savaşda göstərdiyi qəddarlıq, savaşdan yararlanaraq bölgədən müsəlmanları təmizləyib özlərinə dövlət qurmaq istəyən ermənilərin hərəkatı əksər Qafqaz müsəlmanları kimi Makinskiləri də bərk narahat edir. Hüquqşünas olan Abbasəli bəy Makinskilərin hər addımda qanunların pozulduğunu, xüsusən də ermənilərə münasibətdə heç bir qanun-qaydaya əməl edilmədiyini açıq-aydın görür.

Xalqını qarşıdan gələn təhlükədən qorumaq üçün yollar axtarır. Lakin nəhəng Rusiya İmperiyasının gücü qarşısında Abbasəli bəy və onun kimi vətənsevərlər çox zəif idilər. Rusiyada Romanovlar sülaləsinə son qoyulması, ölkəni bürüyən qarışıqlıq, xarici güclərdən yardım alan ermənilərin fəallaşması Abbasəli bəyi İrəvana, qohumlarının yanına dönməyə məcbur edir.

Çünki Rusiyanın yeritdiyi siyasət nəticəsində ermənilərin sayının getdikcə artdığı İrəvanda müsəlmanların vəziyyə getdikcə ağırlaşırdı. Abbasəli bəy İrəvanda ermənilərin öndəgedənləri ilə tez-tez görüşür, məsələlərin sivil yolla, hüququ müstəvidə həll edilməsinə çalışırdı. Lakin Rusiyanın və Avropa ölkələrinin dəstəyinə arxayın olan bir çox ermənilər insani hisslərini belə itirərək bölgədəki müsəlmanların hamsını qırmaqla da olsa, özlərinə dövlət qurmaq istəyirdilər.

Musəlmanlar da Rusiya və Avropadan dəstək ala bilməsələr də, özünüqoruma instikilədə olsa, müqavimət göstərirdilər. Beləcə bölgədə qanlı toqquşmalar ara vermirdi.

1918-ci il mayın 26-28-də Tiflisdə Gürcüstan, Azərbaycan, Ermənistan Respublikalarının yarandığı elan ediləndə axıdılan qanları durdurmaq, yeni qurulan hökumətlərin normal işləməsinə şərəait yaratmaq və dinc yanaşı yaşamaq üçün qədim türk şəhəri ermənilərə güzəştə gedirləri ki, ermənilər İrəvanı paytaxtlarına çevirsinlər. Lakin onlar bununla da kifayətlənmirlər. Qafqaza hakim olmağa səy göstərirlər.

Azərbaycanın hökuməti Məhəmməd xan Təkinskinin İrəvandakı səlahiyyətli nümayəndəsi, Abbasəli bəy Makinskini də nümayəndə köməkçisi təyin edir. Hər iki vətənsevər həyatlarını təhlükə qarşısında qoysalar da, yalnız ermənilərlə deyil, ermənilərə tərəf saxlayan amerikan, alman, fransız və ingilis diplomatları, missionerləri və hərbçilərlə danışıqlar aparmalı olurlar.

Ermənilər İrəvanı əldə etməklə kifayətlənmir, Naxçıvanı, Qarabağı, Axıskanı da ələ keçirmək üçün açıq savaşa girirlər. Yeni qurulmuş Azərbaycan və Gürcüstan hökumətləri işğalçını geri oturda bilməsə də, yerli əhali özünümüdafiə dəstələri yaradaraq işğalçı erməni ordularına qarşı vuruşur.

1918-ci ilin noyabrında Qəmərliyə toplaşan nümayəndələr Ordubaddan Eçmaidzinə qədər Araz çayı boyundakı ərazilərdə, bu günkü İğdir də daxil olmaqla Araz Turk Respublikası qurduqlarını elan edirlər. Sonra bu kimi qurumlar birləşərək Ordubaddan Qaradənizədək Cənubi Qərbi Qafqaz Hökumətini qururlar. Nə yazıq ki, bu hökumətin ömrü də uzun olmur. İngilislər fırıldaqla hökuməti çökdürürlər və rəhbərlərinin bir qismini Malta adasına sürgün edirlər.

1919-cu ilin yanvarında erməni silahlı dəstələri Araz boyunda fəallaşaraq müsəlman kəndlərini dağıtmağa və dinc əhalini qəddarlıqla qırmağa başlayırlar. Bölgədə yaranmış durumu əks etdiriən sənəd hazırlanır və Azərbaycan höumətinə göndərilir. 1919-cu il yanvarın 8-də Bakıda Azərbaycan parlamentinin 7-ci iclasında parlament sədrini əvəz edən Həsən bəy Ağayev bu məktubu oxuyur. Məktubu imzalayanlar sırasında Abbasəli bəy Makinski də vardı.

Abbasəli bəy və ixtisasca hüquqşünas olan əmisioğlu Teymur bəy Makinski milli hökumətin dövlət qanunvericiliyinin tərtibi məsələlərində parlament komissiyalarına yaxından köməklik göstərirmişlər.

Azərbaycan Xalq Cümhuriyyətinin dövründə var qüvvəsilə xalqını erməni təcavüzündən qorumağa çalışan Abbasəli bəy Makinski bolşeviklər hakimiyyətə gəldikdən sonra özünün və ailəsinin həyatının təhlükə qarşısında qaldığını görüb Bakıya köçməli olur. Həmin dövrdə Azərbaycanda ali təhsilli mütəxəssislərə böyük ehtiyac duyulduğu halda ona normal bir iş verib, vətəninə və millətinə xidmət etməsinə şərait yaratmırlar.

Abbasəli bəy Makinski Bakıda da keçmiş fəaliyyətinə görə bolşeviklərin təqib və təzyiqlərinə məruz qalmışdır. 1922-1923-cü illərdə İstanbulda diplomatik xidmət sahəsində çalışan Abbasəli bəy yenidən Bakıya dönərək vəkil, müxtəlif nazirliklərdə hüquqşünas işləyir. Son iş yeri isə Azərnəşrdə hüquq məsləhətçisi olur. 1938-ci il yanvar 31-də keçmiş Azərbaycan SSR-in “NKVD”-sinin, daha doğrusu, XDİK DTİ-nin 3-cü şöbəsi onun həbs olunması haqqında sənəd hazırlayır. Azərbaycan SSR Vəkillər Kollegiyasının üzvü Abbasəli bəy Makinskini əksinqilabi fəaliyyətdə günahlandıraraq martın 22-dən 23-nə keçən gecə güllələyirlər.

1956-cı ildə Sov.İKP-nin XX qurultayında qurluşun bütün nöqsanları Stalinin adına yazılıb onu şəxsiyyətəpərəstişlikdə ittiham edəndə Abbasəli bəyin övladları rəsmi dairələrə müraciət edərək onun taleyi barədə məlumat istəyirlər. Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində verilən arayşıda Abbasəli bəy Bəhram bəy oğlu Makinskinin 10 il həbs cəzasına məhkum edildiyi və Kolımaya həbs düşərgəsində öldüyü yazılır.

Sovetlər Birliyi çökdükdən sonra arxivlər açılanda məlum oldu ki, rəsmi qurumun verdiyi arayışda göstərilənlər yalan imiş. Abbasəli bəy Bəhram bəy oğlu Makinski 1938-ci il martın 22-dən 23-nə keçən gecə Bakıda güllələnibmiş.

Abbasəli bəy Bəhram bəy oğlu Makinskinin güllələnməsindən 72 il, bəraət verilməsindən təxminən 55 ildən çox, Sovetlər Birliyinin çökməsindən 21 il keçməsinə baxmayaraq hələ də rəsmi dairələr belə vətənpərvər və millətsevər insanların adlarının əbədiləşdirilməsi, ömür yollarının öyrənilib, təbliğ edilməsi üçün ciddi bir iş görmür.

 Mətni yazdı Əli Şamil (Şamilov Əli Hüseyn oğlu)

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol