Musa Cəlil

MUSA CƏLİL

Türk Dünyasının Məşhurları-17

Şair-filosof, faşizmə baş əyməyən mübariz insan, tatar xalqının böyük oğlu Musa Cəlilin ömür yolu və yaradıcılığı.../Əli Şamil

 

Göndərmə 26.05.2011 08:01:42 UTC

Güncəlləmə 26.05.2011 08:01:42 UTC

www.trtazerbaycan.com


http://www.trt.net.tr/trtworld/az/newsDetail.aspx?HaberKodu=fb28799d-2e1b-49e7-843f-5612daf70a29

 

Bütövlükdə adı, atasının adı və soyadı Musa Mostafa ulı Cəlilov olan tatar şairi 15 fevral 1906-cı ildə Orenburq vilayətinin Şarlık rayonundakı Mostafa kəndində anadan olub. İlk təhsilini kəndlərindəki mollaxanada alan balaca Musa 1914-1917 illərdə Orenburqdakı Hüseyniyyə Mədrəsəsində oxuyub. 9 yaşında şeir yazmağa başlayan şairin ilk şeiri 1919-cu ildə “Qızıl yıldız” adlı cəbhə qəzetində çap olunub. Bundan sonra gənc Musa davamlı olaraq qəzetlərdə şeirlərini nəşr etdirməyə başlayıb.

1919-cu ildə komsomola daxil olub və Sovetlər Birliyi zamanında vətəndaş müharibəsi adlandırılan, bolşeviklərlə ağqvardiyaçılar arasında gedən savaşda bolşeviklərin sıralarında olub. Savaşdan sonra 1922-ci ildə Tatarıstanın paytaxtı Kazan şəhərinə gəlib. Burada qəzetdə işləməyə başlayıb.

1923-1925-ci illərdə Tatar İşçiləri Fakültəsində oxuyub. Bolşeviklərin vədlərinə və şüarlarına ürəkdən inanan Musa Cəlil Sovet qurluşunun coşğun ideoloquna çevrilib. 1925-ci ildə onun tərənnüm şeirləri toplusunu “Biz gedirik” adı altında çap etdiriblər. Elə həmin il onu Orenburq komsomol komitəsinə işə göndəriblər.

İki il Orenburq və Orskidə komsomol işində çalışan şair 1927-1931-ci illərdə Moskva Dövlət Universitetinin Ədəbiyyat Fakültəsində oxuyub. Moskvada oxuduğu illərdə komsomolun mərkəzi komitəsinin orqanı olan “Kiçik qardaşlar”, “Oktyabr balaları” jurnallarına redaktorluq edib. 1929-cu ildə şairin “İptäşka” şeir kitabı çap olunub.

1933-1934-cu illərdə Moskvadakı “Kommunist” qəzetinin ədəbiyyat və incəsənət şöbəsinə rəbərlik edən Musa Cəlilin “Ordenli milyonnar” şeir kitabı çap edilib. 1935-ci ildə o, Moskva Dövlət Universitetində açılan Tatar Opera Studiyasına işə dəvət edilib. Studiya 1938-ci ildə Tatarıstana köçürüləndə Musa Cəlil də Kazana gəlib və ədəbi hissə müdiri vəzifəsində işləyib. Tarar Opera Studiyasında işlədiyi müddətdə 4 libretto yazıb.

İşğüzarlığı və istedadı ilə seçilən şairin Sovet ideologiyasına sədaqətlə xidmət etdiyini görən rəhbərlik onu 1939-cu ilin iyulunda Sovetlәr Birliyi Yazıçılar İttifaqının Tatarıstan şöbəsinin katibi seçdirib. Şairin 1940-cı ildə yeni şeirlər kitabı çap olunub. 1935-1941-ci illərdə yazdığı “Altunsaç”, 1940-cı ildə tamamladığı “İldar” librettolarını Tatarıstan Dövlət Opera Balet Teatrına təhvil verib ki, səhnələşdirsinlər.

Musa Cəlilin şairliyi ilə yanaşı, rəssamlıq qabiliyyəti də olub. Musiqi istedadı libretto yazmasında ona çox kömək edib. O, bəzi şeirlərinə xalq mahnılarının üslubunda mahnılar da yazıb. Partiya-sovet məmurları Musa Cəlilin timsalında tatarlar arasında sosializmin yorulmaz və istedadlı bir təbliğatçısını tapıblar. O, kommunist partiyasının üzvü kimi də fəal ictimai-siyasi iş aparıb.

Lakin İkinci Dünya Savaşı Musa Cəlilin həyat yolunu tamam dəyişib. Almaniya Sovetlәr Birliyi ilə savaşa başlayan kimi Tatarıstan Yazıçılar İttifaqına rəhbərlik edən və Tatarıstan Dövlət Opera Balet Teatırında ədəbi hissə müdiri işləyən Musa Cəlili də səfərbərliyə alınıb.

Onu Leninqrad yәni San-Peterburq cəbhəsinə göndəriblər. 1941-ci ilin yayından Musa Cəlil “Otvaqa” (İgidlik) cəbhə qəzetində hərbi müxbir kimi fəaliyyətə başlayıb. Onun əsgər və zabitləri ruhlandıran, yenilməz Sovet əsgəri obrazı yaradan məqalələri qəzetin hər nömrəsində çap olunub. Sovet əsgəri birliklərinin Alman orduları qarşısında duruş gətirə bilməyərək sürətlə geri çəkilməsinə, hər gün minlərlə itki verməsinə, şəhər və kəndləri tərk edərək geri çəkilməsinə baxmayaraq, Musa Cəlilin məqalələrində Sovet əsgər və zabitləri qəhramanlıq göstərib, qalib gəliblər.

Musa Cəlilin qalib kimi təsvir və tərənnüm etdiyi Sovet Ordusu 1942-ci ildə Voloxov cəbhəsində ağır itki verərək şairi yaralı və hərbi müxbiri də səngərdə qoyub geri çəkilib. Beləcə, Musa Cəlilin əsirlik, ailəsinin və qohumlarının isə işgəncəli, tənəli həyatı başlayıb.

Musa Cəlil də onunla birlikdə əsir düşən bir çox əsgər və zabitlərlə birlikdə Şpandau düşərgəsinə göndərilib. O, həqiqi ad və familyasını gizlədərək başqa bir familya – Qumerov familiyası ilə özünü qeyd etdirib. Buna görə də onun əsirlik həyatı olduqca qarışıq və dolaşıqdır. İkinci Dünya Savaşının sona çatmasından 75 ildən çox keçməsinə baxmayaraq Musa Cəlilin əsirlikdəki fəaliyyətinə aydınlıq gətirmək olmur.

Sovet hakimiyyəti illərində onun əsirlikdən qaçaraq partizan hərəkatına qoşulduğunu yazıblar. 1945-1946-cı illərdə Sovet xüsusi xidmət orqanı KQB-nin istintaq materiallarına dayanan araştırıcılar isə Musa Cəlilin Polşadakı Edlino düşərgəsində olduğunu, Almaniyanın tatar-başqırd əsirlərdən Sovetlərə qarşı hazırladığı “İdil-Ural” ərgəri birliyində xidmət etdiyini yazıblar.

Sovet KQB-sinin istintaq materialları doğru olsa belə, faktlar və şairin şeirləri onu göstərib ki, o, faşizmlə barışa bilməyib, ona qarşı sözü və əməlilə mübarizə aparıb. 1943-cü ilin yayında – iyulun 10-12-də Radom hərbi əsir düşərgəsindəki gizli təşkilatın rəhbərləri həbs edilib. Almanlara məlum olub ki, düşərgədə yayılan antifaşist şeir və nəğmələrin müəllifi Musa Cəlildir. Onu Radom hərbi əsirlər düşərgəsindəki Berlin yaxınlığındakı Moabit düşərgəsinə dəyişiblər.

Şairin əsirlikdə yazdığ ilk şeirlərin bir qismini milliyətcə başqırd olan Təlqət Gimranov qoruyub saxlaya bilib.

Moabit düşərgəsində Musa Cəlil ən çılğın antifaşist kimi tanınıb. Düşərgədə o, yalnız şeir və mahnılar yazmaqla kifayətlənməyib, təşkilatı iş də aparıb. Onun şeirləri ideoloji mübarizə aparanların deyil, vətəndən uzaq düşmüş, savaşın siyasi məzmunundan xəbərsiz insanların da qəlbinə yol tapıb. Şair yazıb:

Əs, ey yad ölkənin acı rüzgarı,

Yollan, düzənliklə, dağla, meşəylə,

Yetir doğma yurda bu mahnıları,

Onu əhvalımdan xəbərdar eylə.

1944-cü ildə Moabit düşərgəsindəki antifaşist gizli təşkilatın üzvləri Almaniyanın xüsusi xidmət orqanları tərəfindən yaxalanıb. Uzun və ağır işgəncəli dindirmələrdən sonra gizli təşkilatın ideoloqu Musa Cəlilin də suçu isbatlanıb. 1944-cü il avqustun 25-də Berlin yaxınlığındakı Plyotsenze hərbi həbsxanasında Musa Cəlilin də boynu vurulub.

Lakin şairin marqarin yağının kağızına yazılmış şeirləri düşərgədəkiləri yaşamağa, mübarizəyə ruhlandırıb. Şair yazıb:

Dünya, nə gözəldir, nə işıqlıdır,

O gen qucağın?

Mənimsə qanrılmış həbsxanada

Əlim-ayağım.

Ey quş, küləkləri yarıb uçursan

Asimanlara

Mənsə atılmışam qolları bağlı

Daş zindanlara.

Ey çiçək yuyulub yağan yağışla

Açılır qönçən.

Mənsə can verirəm dəmir qəfəsdə

Su istəməkdən

Bəlkə ölən kimi məni bu dünya

Tez unudacaq.

Mən qoyub getdiyim nəğmәlər fəqət

Sağ qalacaq sağ...

İkinci Dünya Savaşı faşist Almaniyasının məglubiyyətilə başa çatsa da, faşizmə qarşı mübarizə aparanların xidmətləri lazımınca dəyərləndirilməyib. Əksinə, 1946-cı ildə Sovet Mәxfi Tәşkilatı, Musa Cəlilin işi üzrə istintaqa başlayıb. Şairin antifaşist fəaliyyətinin, öldürülməsinin üzərindən sükutla keçərək, əsir düşərkən özünü öldürmədiyinə, almanlarla əməkdaşlıq etdiyinə görə “xalq düşməni” və ən qatı cinayətkar elan edib, ailəsini də işgəncələrə məruz qoyublar. Onunla eyni düşərgədə olmuş milliyətcə başqırd olan Təlqət Gimranovu da “xalq düşməni” kimi Tyanşandakı həbs düşərgəsinə göndəriblər.

Belçikalı antifaşist Andre Timmermans Musa Cəlilin Moabitdə yazdığı 115 şeirin qorunduğu cib dəstərçəsini Brüsseldəki Sovet konsulluğuna verib və onlara şairin antifaşist təşkilatın üzvü olduğunu, buna görə də boynunun vurulduğunu söyləyib. Həmin cib dəftərçəsi konsulluq tərəfindən SSRİ Xarici İşlər Nazirliyinə göndərilsə də, uzun zaman sükutla qarşılanıb.

Stalinin ölümündən sonra ona qarşı başlayan kampaniyada Musa Cəlil də yada düşüb. Gizli antifaşist təşkilatlarında Sovetlərin öndə olduğunu göstərmək üçün Musa Cəlilə ölümündən sonra 1956-cı illərdə Sovet İttifaqı Qəhrəmanı adı verilib və şeirləri dünya dillərinə çevrilərək yayılıb.

Tyanşandakı həbsxanadan, doğulub boya-başa çatdığı Sterlitamaka qayıdan Təlqət Gimranov da Musa Cəlilə bəraət verildiyini gördükdə uzun illər qoruyub saxlaya bildiyi şeirləri mətbuat səhifələrinə çıxarıb. Beləcə Belçikalı antifaşist Andre Timmermans və başqırd Təlqət Gimranovun qoruyub saxlaya bildikləri köhnəlmiş, balaca cib dəftərçəsi faşist cəlladlarından gizlədiyi sirri, nəhayət, açıb.

Sovetlərin tərənnümçüsü kimi yaradıcılığa başlayan Musa Cəlili düya antifaşist kimi tanıyıb və dəyərləndirib.

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol