Səttar Bəhlulzadə

Türk Dünyasının Məşhurları-26

Azərbaycanın vətənpərvər oğlu, jurnalistlərin çox vaxt “sonuncu dəvriş” adlandırdıqları, fırçasını müxtəlif janrlarda sınasa da, daha ox mənzərə ustası kimi tanınan Səttar Bəhlulzadənin ömür yolu və yaradıclığı...Əli Şamil
   
 Göndərmə 16.07.2011 08:44:24 UTC
 Güncəlləmə 16.07.2011 08:44:24 UTC
www.trtazerbaycan.com

http://www.trt.net.tr/trtworld/az/newsdetail.aspx?haberkodu=0455e90c-186d-4f3f-a37d-0f1d602ed34c

 

Səttar Bəhlul oğlu Bəhlulzadə 15 dekabr 1909-cu ildə Bakının Əmirhacıyan (Əmircan) kəndində anadan olub. XX yüzildə Bakı sürətlə böyüyərək ətrafındakı bəzi kəndlər kimi Əmirhacıyanı (Əmircan) da içərisində əridib.

İlk təhsilini mollaxana adlandırdığımız məhəlli məktəbində alan, burada Quran oxumağı, ərəb-fars dillərini öyrənən Səttarın dünyagörüşünün formalaşmasında bu təhsilin də, Əmircan mühitinin də təsiri böyük olub. Onun gəncliyi Sovet dövrünə, islam əleyhinə, adət-ənənələr əleyhinə qızğın təbliğat dövrünə düşsə də, o, həmin təsirlərin altına çox da düşməyib. Təsəvvüfü bilməsi, süfisayaq bir ömür sürməsi onun dəvrişə bənzədilməsinə şərait yaradıb. Əslində Səttar Bəhlulzadə heç bir təriqətə daxil olmayıb, heç bir sufi cəmiyyətinə bağlanmayıb.

Bolşeviklər hakimiyyəti zorla ələ aldıqdan sonra öz ideologiyalarını geniş şəkildə yaymaq üçün incəsənətdən bacarıqla istifadə edib. Sovetlər Birliyi sənəti özlərinin təbliğat tribunasına çevirib. Bakıda teatr və rəssamlıq məktəblərinin açılması da Sovet ideologiyasını sürətlə yaymağa xidmət edib. Səttar da 1927-ci ildə Azərbaycan Rəssamlıq Məktəbinə daxil olub. 1931-ci ildə oranı bitirib “Kommunist” qəzetində retuşçu-rəssam kimi işə başlayıb. Həmin dövrdə tanınmış karikaturaçı Əzim Əzimzadə də “Kommunist” qəzetində baş retuşçu-rəssam işləyib. Əzim Əzimzadənin təsiri və qəzetin tələbatı əsasında Səttar Bəhlulzadə bir-neçə karikatura çəkərək qəzetdə çap etdirib.

1933-cü ildə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olan Səttar Bəhlulzadə orada dövrün tanınmış rəssamları və pedaqoqları V.A.Fovariski və Q.M.Şaqalindən sənət dərsləri alıb. 1941-ci ildə Moskva Rəssamlıq İnstitutunu bitirib Moskvadan Azərbaycana qayıdan Səttar Bəhlulzadə mühitin və təbliğatın təsiri altında tarixi mövzular və tarixi şəxsiyyətlər haqqında tablolar yaratmağa başlayıb. İkinci Dünya Savaşı illərində hökümət insanları döyüşə səfərbərliyə almaq, döyüş ruhunu yüksəltmək üçün tarixi-qəhramanlıq mövzusuna diqqəti artırıb.

Səttar Bəhlulzadə də həmin illərdə «Babək üsyanı», «Fətəli xan», «Xəttat Mir Əli» və s. tablolarını yaradıb. Savaş başa catdıqdan sonra Sovetlərin tarixi mövzuya münasibəti də dəyişib. Tarixi-qəhrəmanlıq mövzuları əsarət altında olan xalqlarda milli şüuru yuksəltdiyini gördüyündən həmin mövzunu da sıxışdırmağa başlayıb.

Bundan sonra diqqət quruculuq işlərinə, əmək qabaqcıllarının tərənnümünə yönəldilib. Gənc Səttar Bəhlulzadə də həmin illərdə Abşeronun neft mədənlərini, bağ və kəndlərini gəzərək tablolar yaradıb. 1946-47 illərdə rəssamların əsərlərinin sərgilərində Abşeron etüdləri silsiləsindən «Buzovna neft mədənləri», «Əmircan» və s. tablolarını nümayiş etdirilib.

Səttar Bəhlulzadə yaradıcılığının ilk illərində sanki bir axtarışlar dövrünü yaşayıb. Gah karikatura çəkib, gah da firçasını tarixi və quruculuq mözusunda sınayıb. Sənətdə möhkəmləndikcə təbiət təsvirlərinə meyl artıb. Lakin həmin dövrdə mənzərə janrında çəkilən əsərlərin demək olar ki, alıcısı yox dərəcəsində idi. Hakimiyyət orqanları da bu janrda işləyən sənətkarlara o qədər xoş münasibət bəsləmirdi. Portret, əmək mövzusu, necə deyərlər, dəbdə idi. Rəssamlar da güzaranlarını yaxşılaşdırmaq, ucuz şöhrət, fəxri adlar, orden medallar üçün həmin mövzulara daha çox meyl edirdilər. Necə deyərlər, kolxoz-sovxozlar üçün çəkilmiş bir inək plakatı bəzən inəyin bazar qiymətindən baha olurdu. Sosializm yarışını, sənayedə, tikintidə və b. sahələrdə istehsal münasibətlərini tərənnüm edən əyani təşviqat vasitələri rəssamın dolanışıq mənbəyinə çevrilsə də, onları bədii, yaradıcılıqdan uzaqlaşdırırdı.

Səttar Bəhlulzadə isə maddiyyat, dolanışıq dalınca qaçan rəssamlardan deyildi. O, mənzərə janrında daha bitkin əsərlər yaratmağa çalışırdı. 1950-ci illərdən sonra yaratmış olduğu "Bakıda atəşfəşanlıq", "Qudyalçay vadisi", "Qızılbənövşəyə gedən yol", “Yuxarı Daşaltı”, “Cıdır düzü” “Yaşıl xalça” və b. tabloları ona bir mənzərə rəssamı kimi şöhrət qazandırdı.

İkinci Dünya Savaşından sonra dənizdən neft çıxarılması Sovet mətbuatında geniş işiqlandırıldı. Xəzər dənizində yaradılan Neft daşları Azərbaycanda az qala dünyanın dəyişimi kimi dəyərləndirildi. Səttar Bəhlulzadə də həmin illərdə sosial sifarişdən kanarda qalmadı. Tez-tez Neft daşlarına getdi, fəhlə və mühəndislərin ağır işilə, çətinliklərə necə dözdükləri ilə, təbliğatın təsiri altında həyatlarını təhlükəyə atdıqlarıyla tanış oldu. Gərgin yaradıcılıq axtarışlarının məhsulu olan «Xəzər üzərində axşam», "Xəzər gözəli", "Əbədi məşəllər", "Neft daşları", və başqa tablolarını yaratdı. 1960-cı ildə Səttar Bəhlulzadəyə Azərbaycan əməkdar incəsənət xadimi adı verildi.

Səttar Bəhlulzadə kamillik yaşına yetdikdə onu sənətdə püxtələşdiyi kimi həyata baxışında, cəmiyyətə münasibətində də bir dəyişiklik baş verdi. O, sosial sifarişlərdən uzaqlaşdı, ürəyinin istədiyi tabloları yaratdı. “Sənət xalq üçündür!” şüarı hakim olan toplumda, necə deyərlər, Səttar Bəhlulzadə sənəti başa düşənlər üçün, sosial ideoloqların dediyi kimi “Sənət sənət üçündür” devizi əsasında çalışdı. Azərbaycan rəngkarlıq sənətinə bir yenilik gətirdi. Avropa rəssamlıq məktəbinin yetirməsi olan sənətkar incə xalça ornamentlərinin düzülüşünü əks etdirən ənənəvi xalq yaradıcılığı motivlərini boyakarlığa gətirdi. Bununla yanaşı, orta yüzilliyin miniatürçü rəssamlarının yaradıcılığından da bacarıqla istifadə etdi. Onun sərgilərdə nümaiş etdirlən “Kəpəzin göz yaşları", "Vətənimin baharı", "Azərbaycan nağılı", "Suraxanı atəşgahı", "Əfsanəvi torpaq", "Şahnabat", "Naxçıvan. Axşamçağı Ordubad bağlarında", "Vətənimin baharı" və başqa tabloları böyük uğur qazandı. 1963-cü ildə ona Azərbaycan xalq rəssamı adı verilir, 1972-ci ildə isə Azərbaycan Dövlət mükafatı laureatı olur.

Rəssamın mənzərə-peyzajları, lirik natürmortları yalnız peşəkar fırça ustaları tərəfindən deyil, sadə insanlar tərəfindən də maraqla qarşılandı və sevildi. Səttar Bəhlulzadənin əsərləri bir çox sərgilərdə nümayiş etdirildi, böyük tamaşaçı marağına səbəb oldu. Lakin bir fırça ustası kimi onun şöhrəti, nüfuzu artsa da, fərdi sərgisinin açılması yubadılırdı. Sənətkar isə nə fərdi sərgisinin açılmadığından gileylənir, nə də ruhdan düşürdü. Palitrası çiynində, necə deyərlər, Azərbaycanı qarış-qarış gəzərək vətəninin gözəlliklərini kətana və kağıza köçürdü.

Rəssam kasıb bir həyat sürsə də, böyük səxavətlə yaratdığı tabloları dost və tanışlarına bağışlayıb. Buna görə də onlarla insanın kolleksiyasında və ya evində Səttar Bəhlulzadənin əsəri var. Səttar Bəhlulzadə daha çox rənkkar kimi tanınsa da, başqa-başqa janrlarda da maraqlı əsərlər yaradıb. 1964-cü ildə keçmiş Çexoslavakiyanın paytaxtı Praqada rəssamın qrafika əsərlərindən ibarət fərdi sərgisi keçirilib. Almaniya Demokratik Respublikasında, Norveçdə, Misirdə, Əlcəzairdə, Livanda, Suriyada ,Tunisdə, Bolqarıstanda, İraqda, Kubada, Kanadada, Belçikada, Fransada, Yaponiyada və dünyanın bir çox ölkələrində fərdi sərgiləri nümayiş etdirilib.

Dünyanın onlarla muzeylərində Səttar Bəhlulzadənin əsərləri daimi eksponatlar sırasındadır. Maraqlı əsərlərindən bəziləri R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində və Azərbaycan Dövlət Şəkil Qalereyasında, eləcə də Moskva və b. şəhərlərin muzeylərində saxlanılır.

Onun tablolarında ağ, mavi, çəhrayi, yaşıl və s. açıq rənglərin vəhdəti hakimdir. Uşaqlığı və gəncliyini keçirdiyi Abşeron mövzusuna rəssam ömrünün sonunadək sadiq qalmışdır. İnsanlar dəfələrlə yanından keçdikləri bir əncir ağacını və ya təpəciyi, sadə bir bağı Səttər Bəhlulzadə tablosunda görəndə gözəlliyinə heyrətlənir, həmin mənzərəyə diqqət yetirmədiklərinə təəssüfləndilər.

Rəssamın “Abşeron tacı”, “Torpağın arzusu”, “Nağıl”, "Şamaxı üzümlükləri" və b. əsərləri Azərbaycan rəssamlığının şah əsərlərindən sayılır.

Ömrünün sonunadək evlənməyib tək yaşayan rəssam 1974-cü il oktyabrın 14- də Moskvada xəstəxanada vəfat etdi. Onun cənazəsi doğulduğu Əmirhacıyan kəndinə gətirilərək orada dəfn olundu. Rəssamın qəbri üzərində sadə və onun xarakterinə uyğun abidəsi ucaldıldı.

Səttar Bəhlulzadənin ölümündən 35 il keçsə də, onun yaradıcılığına və həyatına maraq azalmadı. Əksinə getdikcə diqqət artdı. 2009-cu il sentyabr 15-də Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqı 16-29 yaşlı gənc rəssamlar arasında xalq rəssamı Səttar Bəhlulzadənin 100 illik yubileyinə həsr olunmuş “Lirik mənzərə” mövzusunda müsabiqə keçirmişdir . 130-dan çox gəncin 200-dək rəsm əsərləri ilə müsabiqəyə qatılması da onu göstərir ki, Səttar Bəhlulzadəyə diqqət gündən-günə diqqət artır.

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol