Mehmed Sadıq Aran

Mehmed Sadıq Aran

Türk Dünyasının Məşhurları-

Mehmed Sadıq Aranın ömür yolu və yaradıcılığı...\Əli Şamil

Göndərmə 25.04.2013 12:28:26 UTC

Güncəlləmə 25.04.2013 12:28:26 UTC

www.trtazerbaycan.com

http://www.trtazerbaycan.com/trtworld/az/newsDetail.aspx?HaberKodu=7687cdf4-3fce-4b09-b739-7a9a125c9adf

Mehmed Sadıq Aranın ömür yolu və yaradıcılığı... \Əli Şamil

Mehmed Sadıq Aran kimi tanınan Məhəmmədsadıq Saleh oğlu Axundzadə 1895-ci il yanvarın 11-də Rud kəndində anadan olur. Onun doğulduğu kənd indiki Ermənistan Respublikasındadır. Qarabağ xanlığının Zəngəzur mahalında yerləşən bu kənd Rusiya Qafqazı işğal etdikdən sonra yaratdığı inzibati-ərazi bölgüsündə Yelzavetpol quberniyasının Zəngazur qəzasına daxil idi. Ona görə də sənədlərdə Məhəmmədsadıq doğulduğu yer Yelzavetpol quberniyasının Zənəgzur qəzası kimi yazılır.

Qədim tarixi olan bu dağ kəndi Bazarçayın sahilində yerləşdiyindən sənədlərdə bəzən Rud Bazarçay yazıldığına da rast gəlinir. Yerli əhalinin Urud dediyi və sonralar da rəsmi sənədlərə keçən ad əslində elə rud-çay sözündən yaranıb. Sovetlər Birliyinin yeritdiyi siyasət nəticəsində indiki Ermənistan Respublikasından müsəlmanların zorla qovulduğu 1988-ci ilə kimi bu kənddə türklər yaşamışlar.

Soyadından da göründüyü kimi dindar bir nəsilin övladı olan Məmmədsadıq ilk təhsilini kəndlərindəki ibtidai məktəbdə – mollaxanada alıb. Orada Quranı-Kərimin oxunuşunu, şəriəti, fars dilini öyrəndikdən sonra bölgənin əhalisinin sıx bağlı olduğu Naxçıvan şəhərinə gedir. Gimnaziyada oxuduğu illərdə dovrünün bir çox ictimai-siyasi xadimləri, inqilabçıları, Səttərxan hərəkatının iştirakçıları ilə tanış olur və dostlaşır. Bütün bunlar da onun bir vətənsevər mübariz kimi yetişməsinə təsir göstərir.

Gimnaziyada oxuduğu illərdə şeir yazan Məmmədsadıq Axundzadə şeir və məqalələrini “Fyuzat”, açıq söz qəzetlərində çap etdirir.

Üsyankar ruhlu bir gənc olduğundan istər hökumət məmurları tərəfindən, istərsə də ətrafındakı mühafizəkar insanlar tərəfindən sevilmir. Çılğın hərəkətlərinə və hökumət ələyhinə çıxışlarına görə təzyiq və təqiblərə məruz qalır.

Naxçıvan gimnaziyasını bitirib Bakı Yüksək Pedaqoji İnstitutuna daxil olan Məmmədsadıq sanki bir yerdə duruş gətirə bilmir.

Təqiblərdən yayınmaq üçün Məmmədsadıq Marağa şəhərinə gedərək orada ibtidai məktəb açır. Marağa mühiti, geridə qalmış, cəmiyyətin yeniləşməsinə əngəl olan İranda istəriklərini reallaşdıra bilmədiyini görərək yenidən Zəngəzura qayıdır. O dövrdə Zəngəzur qəzasının mərkəzi saylıan Gorusa gələrək burada məktəb açır.

Rusiyada baş verən qarışıqlıq, 300 illik Romanovlar sülaləsinin taxtdan salınması, ölkəni bürümüş qarışıqlıq, bu qarışıqlıqdan istifadə edən ermənilərin ruslardan və xarici ölkələrdən dəstək alaraq bölgədə müsəlmanlara qarşı soyqrım həyata keçirmək istəmələri gənc Məmmədsadığı mübarizə meydanının mərkəzinə atır.

Bir ziyalı, qələm əhli kimi yazı-pozu işləri ilə məşğul olmaqla, xalqının hüququnu taplantılarda diplomatik yolla həll etməklə qalmır. Bəzən əlinə silah alaraq kəndlərə basqın edən, dinc əhalini qıraraq var-dövlətini talan edən erməni quldurlarına qarşı döyüşməli olur. Həmin gərgin günlərdə erməni quldurları nə yolla olur olsun Zəngəzurdakı müsəlmanları bölgədən təmizləməklə oranı yeni yaratdıqları Ermənistan Respublikasına qatmaq istəyirdilər.

Hərbi təlim görməmiş, silahsız əhali də silahlandırılmış, təlim keçilərək ordu halına gətirilmiş ermənilərin qarşısında duruş gətirə bilmirdi. Zəngəzurda vəziyyət olduqca ağır idi. Hər gün onlarla insanın qəddarlıqla öldürüldüyü, kəndlərin dağıdıldığı xəbəri gəlirdi. Belə ağır və gərgin günlərdə xalq Məmmədsadıq Axundzadəni yeni yaradılmış Azərbaycan  Cümhuriyyətinin parlamanına deputat seçir.

Məmmədsadıq Axundzadə yalnız Zəngəzur bölgəsində yaşayanların problemlərini gündəmə gətirməklə kifayətlənmirdi, gənc respublikanın möhkəmlənməsi üçün əlindən gələni əsirgəmirdi.

Azərbaycan aydınları və var-dövlət sahibləri arasında fikir birliyinin olmaması, eləcə də xarici güclərin təzyiqi Azərbaycan  Cümhuriyyətinin suquta uğramasına gətirib çıxardı.

Bolşeviklər Azərbaycanı 1920-ci il aprelin 28-də işğal etdikdən sonra Məmmədsadıq da bir qrup məsləkdaşları ilə gizli fəaliyyətə keçir. İstanbuldakı Milli Azərbaycan Təşkilatı ilə əlaqə yaratmaq üçün Türkiyəyə gedir, sonra yenidən Azərbaycana qayıdır. Belə səfərlərin birində Tbilisidə “Çeka” onu yaxalayaraq həbsəxanaya göndərir. O həbsxanadan qaça bilir və gizli fəaliyyət göstərən müsavatçılarla birgə çalışır. 1923-cü ilin oktyabrında xüsusi xidmət orqanları bir təsadüf nəticəsində müsavatçıların “İstiqlal” qəzetini və vərəqləri nəşr etdikləri gizli mətbəənin yerini müəyyənləşdirir. Oktyabrın 6-da təşkilatın 20 nəfər fəalı həbs edilir. Onların arasında Məmmədsadıq Axundzadə də olur. O, özünü dəliliyə vurur. İstintaq orqanların Məmmədsadıq Axundzadənin dəli olduğuna, təsadüfən müsavatçıların toplantısına qatıldığını düşünüb onu həbsdən azad edirlər. Buna baxmayaraq Məmmədsadıq Axundzadə dəli rolunu məharətlə oynayaraq “bura bizim evimizdir, məni evimizdən niyə qovursunuz” deyərək həbsxanadan çıxmaq istəmir. Onu zorla bayıra atanda da uzun müddət həbsxana qapısında duraraq, təkidlə oraya qayıtmağa çalışır. Əmin olanda ki, onu güdmürlər həbsxana qapısından uzaqlaşır. Azərbaycanda fəaliyyətini davam etdirə bilməyəcəyini görüb 1923-cü ilin sonunda yenidən İrana keçir. İranda da çox qala bilməir. Türkiyənin Trabzon şəhərinə gedir. Bir müddət burada müəllimlik edir və bolşeviklərin zülmündən qaçanlarla sıx əlaqə qurur.

Trabzonda ictimai-siyasi fəaliyyət üçün lazımi mühit olmadığını görən Məmmədsadıq İstanbula gedir. Burada Azərbaycan Milli Mərkəzinin fəallarından birinə çevrilir. Azərbaycan istiqlal davasına, nəşriyyat sahəsindəki fəaliyyətlərlə yanaşı, sosial və iqtisadi sahələrə də dəstək verir. O, qəzet və jurnallarda Mehmet Sadık Aran imzasıyla çıxış etməyə başlayır. Lakin əqidə və məslək yoldaşları ilə də bəzi məsələlərdə sözü düz gəlmir.

Xarakter etibarı ilə sərt, nöqsanlara qarşı güzəştəgetməz olan Mehmet Sadık Aran mühacirlər arasında ilk müxalif yönlü ilk jurnalı, “Azəri-Türk” jurnalını nəşrə başlayır. Onun mühacir siyasi xadimlərə qarşı müxalifliyi bolşeviklərin müxalifliyi ilə üst-üstə düşmürdü. Əksinə çox vaxt əqidə yoldaşlarını bolşeviklərə, işğalçılara və imperialistlərə qarşı sərt mövqe tutmamaqda suçlayırdı.

1927-ci ildə ali təhsil almaq məqsədilə İstanbul Universitetinin Ədəbiyyat Fakültəsinə daxil olur. Onun təhsilini yarımçıq qoymasını Türkiyənin tanınmış millətçi şairi Nihal Atsız belə xatırlayır. “Yeni simalar arasında (Nihal Atsız 1926-cı ildə unversitetə qəbul olunub, bir il əsgəri xidmətdə olduqdan sonra geri, təhsilini davam etdirməyə dönmüdü. O, əsgərlikdə olarkən unversitetə qəbul olunanları yeni simalar kimi təqdim edir.) iki de Azerbaycanlı vardı: Kemal ve Mehmet Sadık.

Kemal (söhbət Kamal Qənizadədən gedir-Ə.Ş.) tam Azeri ağzıyla konuşur, güleç, soğukkanlı; Mehmet Sadık ise Azeri ve Türkiye lehçeleri karması bir Türkçeyle konuşan şakacı, fakat hırçın; her ikisi de bilgili ve bütün Azeriler gibi güzel ve kolaylıkla söz söyleyen arkadaşlardı. Farsçayı ve Rusçayı iyi biliyorlardı. Mehmet Sadık, din adamı ailesinden geldiği için Arapçayı da anlıyordu.

İkisi de Fakülteyi bitirmedi. Zaten onlar öğrenci değil, siyaset adamıydılar, mücahiddiler. Kısa ömürlü Azerbaycan Cumhuriyeti‘nde hizmet etmişler, bu devlet Moskoflar tarafından istila edilince Türkiyeye sığınmışlardı”.

Mehmet Sadık Aran Azərbaycan Milli Mərkəzi İdarə Heyətinin üzvü olmuşdu. Bu təşkilat Məhəmmədəmin Rəsulzadə İstanbula gəldikdən sonra, yəni 1924-cü ildə yaradılmışdı. Milli Mərkəzin qarşıya qoyduğu məqsəd Qüzey Azərbaycanda Sovet hakimiyyətinin devrirmək və Azərbaycan Cümhuriyətini bərpa etməkdi. Azərbaycan Milli Mərkəzi Türkiyədə gizli fəaliyyət göstərərək, türkçü ziyalıları öz ətrafında birləşdirirdi. Təşkilatın Mərkəzi Komitəsinə Məhəmməd Əmin Rəsulzadə (sədr), Xəlil bəy Xasməmmədov, Mustafa bəy Vəkilov, Əbdüləli Əmircanov, Əkbər ağa Şeyxülislamov daxil idi.

O, eyni zamanda mühacirət mətbuatının fəal xadimlərindən biri kimi tanınmış, müxtəlif qəzet və məcmuələrdə çoxsaylı məqalələr çap etdirməklə yanaşı “Azəri türk”, “Yeşil yaprak”, “Türk yolu”, “Ergenekon” dərgilərinin naşiri, yaxud redaktoru olmuşdu. Sonralar jurnalistlik fəaliyyətini Türkiyənin nüfuzlu “Ulus” və “Cümhuriyyət” qəzetlərində davam etdirmiş, hətta İkinci  Dünya  Savaşından əvvəl bu qəzetlərin İran müxbiri işləmişdir. Mehmet Sadık Aran uzun müddət həm də Ankaradakı Türk Kültürlərinin Araşdırma İnstitutunun əməkdaşı kimi çalışmış, Sənan təxəllüsü ilə milli ruhlu şeirlər yazmışdı.

Türkiyədəki mühacirlər Sovetlərin təzyiqi ilə sıxışdırılıb ölkədən çıxarılanda Mehmet Sadık Aran Finlandiyaya gedir. Orada İdil-Ural türklərinin uşaqlarını oxutmaq üçün məktəb açaraq müəllim və idarəçi vəzifəsində çalışır. Eyni zamanda türkcə və fincə “Yeni Turan” adlı bir qəzet də təsis edir. Finlandiyadan İstanbula döndükdən sonra mətbu fəaliyyətini davam etdirən Mehmet Sadık Aran İkinci Dünya Savaşından sonra (1939-1945) əvvəl “Millət”, sonra da “Cümhuriyyət” qəzetlərinin müxbiri kimi İranda işləyir.

1941-ci ildə yenidən İstanbula köçən Mehmet Sadık Aranın 1942-ci ildə “İran türkləri” adlı kitabı çapdan çıxır. Kitabın birinci hissəsi İran əhalisinin yarısını təşkil edən Azərbaycan türklərinin tarixinə, ictimai-siyasi həyatlarına, ikinci hissəsi isə dil, ədəbiyyat və mədəniyyət məsələlərinə həsr olunur. Maraqlıdır ki, həmin kitab Türkiyənin yürütdüyü rəsmi siyasətə zidd sayılaraq İsmət İnönünün göstərişi ilə qadağan edilib.

Mehmet Sadık Aran 1945-1946-cı ildə Güney Azərbaycanda başlayan milli-azadlıq mübarizəsini obyektiv şəkildə işıqlandıran və bu məsələdə keçmiş Sovet Sosialist RespubilkasıI-nin, Böyük Britaniyanın və Pəhləvi rejiminin Azərbaycan xalqına qarşı çevrilmiş siyasətini açıqlayan silsilə məqalələr çap etdirir.

Mehmet Sadık Aran mübarizəsini davam etdirməkdən ötrü harada imkan tapırdısa, ora can atırdı. Sərf etdiyi qüvvə və enerjinin müqabilində savaşı o qədər də bol bəhrə vermirdi. Amma özü də bundan qətiyyən rəncidə olmur, dərd edib ürəyinə salmırdı. Bezmək, ümidsizliyə qapılmaq anlayışı Mehmet Sadık Aranın lekikonunda olmayıb.

O, qərəzli olmayıb. Vətəninin və millətinin xeyrinə sevmədiyi insanlardan da bildiyini əsirgəməyib.

Atatürkdən sonra Türkiyəni idarə edən İsmət İnönünü Mehmet Sadık Aran sevmirmiş. Buna baxmayaraq öna hökumət idarəçisi kimi hörmət və sayqı göstərirmiş. İsmət İnönünün də ona münasibəti eyniymiş. Bütün bu narazılıqlara, bir-birinə soyuq münasibətə baxmayaraq İsmət İnönü Sovetlər Birliyi və İranla bağlı bir toplantıya qatılma ərəfəsidə Mehmet Sadık Aranı yanına çağırtdıraraq deyir: “Bax, Sadıq, bilirəm, bir-birimizi sevmirik. Ətrafda dolaşıb məni tənqid etdiyini eşidirəm. Bir toplantıya gedəcəm. Azərbaycan türklərinin durumu haqqında ən son və sağlam bilgiyi səndən almasam içim rahat etməz”.

Mehmet Sadık Aran da bildiklərini və təkliflərini ürəkaçıqlığı ilə İsmət İnönüyə deyir.

Türkiyədə “Türkün altun kitabı” adlı ikinci kitabını nəşr etdirən Mehmet Sadık Aran pedaqoji, siyasi fəaliyyətlə yanaşı, bədii yaradıcılıqla da məşğul olur. Onun “Qara köynək”, “Gənclərə nəsihət” “Millətlərin haqqı və məhkum türklərin davası” adlı nəsr əsərləri, “Qaçaq Nəbi”, “Top səsləri” kimi pyesləri, çoxlu şeirləri var. Əsərlərinin əksəriyyəti 1952-ci ildə çap olunmuş “Ərgənəkon yolları” adlı kitabında toplanıb.

Həyatının böyük hissəsini Türkiyədə türklüyə və Azərbaycana xidmətdə keçirən, ərəb, fars və rus dillərini yaxşı bilən Mehmet Sadık Aran musiqi ilə də məşğul olub. O, klassik Azərbaycan musiqisini mükəmməl öyrənib. Təəssüf ki, şəxsiyyəti, fəaliyyəti və yaradıcılığı hələ də diqqətdən kənarda qalıb.

1971-ci ilin may ayının 28-də --Azərbaycan Cümhuriyətinin elan edilməsinin 53-cü ilində İstanbulda dünyasını dəyişir və Feriköy məzarlığında dəfn edilir. İstanbul Universitetinin ədəbiyyat fakültəsində oxuyarkən onunla dostlaşan və bu dostluğu ömrünün sonunadək qoruyub saxlayan Hüseyin Nihal Atsız “Ötükən” dərgisinin 1971-ci ilin avqustunda nəşr olunan 92-ci sayında bir elegeya çap etdirir. Bu elegeyada gədər, hüzündən çox bir nikbinlik, ruh yüksəkliyi, mübarizlik aşılayan əhval-ruhiyyə var. Məhəmmədsadıq Aranın türkçülük və Azərbaycançılıq uğrundakı mübarizəsini belə qiymətləndirir: “Sən tüfəngindəki son gülləyə qədər vuruşan əsgər kimi üzərinə götürdüyün vəzifəni sona qədər layiqincə yerinə yetirərək aramızdan getdin.”

Araşdırıcılar bu elegeyanı Mehmet Sadık Aran haqqında ən dolğun və dəqiq bilgi verən qaynaq, ən təsirli və səmimi məqalə sayırlar. 

 

Mətni yazdı Əli Şamil (Şamilov Əli Hüseyn oğlu)

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol