Lütfi Zadə

LÜTFİ ZADƏ

Türk Dünyasının Məşhurları 28

ABŞ-da yaşayan görkəmli azərbaycanlı alim, Kaliforniya Universitetinin professoru, qeyri-səlis məntiq və qeyri-səlis çoxluq nəzəriyyələrinin əsasını qoyan Lütfi Zadə.../Әli Şamil

 Göndərmə 9/1/2010 10:36:47 AM UTC

Güncəlləmə 9/1/2010 10:36:47 AM UTC

www.trtazerbaycan.com

http://www.trtazerbaycan.com/az/newsDetail.aspx?HaberKodu=fb4e05d8-c588-4af1-9117-2cba7f29c913

Türk dünyasının fikir adamından Dildə, fikirdə, işdə birlik deyərək Türk Birliyinin yol xəritəsini hazırlayan Kırım Türkü İsmayıl bəy Qaspralı…/Vusalә RaufqızıLütfinin atası Rəhim Ərdəbildə ziyalı bir ailədə doğulub. Sənayenin sürətli inkişafı yanacağa təlabatı gündən günə artırırdı. İnsanlara məlum olan yanacaq növləri arasında isə ən önəmli yeri neft tuturdu. Dünyanın ən zəngin yataqları isə Abşeronda yerləşirdi. Neftin sənaye üsulu ilə çıxarılması 19. yüzilliyin ikinci yarısından Bakını inkişaf etmiş sənaye ölkələrinin diqqət mərkəzinə çevirdi.

Neftin çıxarılmasına, emalına və daşınmasına böyük işçi qüvvəsi lazım gəldi. Dünyanın müxtəlif guşələrindən, müxtəlif peşə sahibi olan insanlar axın-axın gündən-günə böyüyən və inkişaf edən Bakıya gəlirdi. Çünki Azərbaycan işçi qüvvəsinə olan təlabatı ödəyə bilmirdi. Dil, din, adət-ənənə birliyinə və ərazi yaxınlığına görə işsizliyin baş alıb getdiyi İran Azərbaycanından da minlərlə insan ailələrinə çörəkpulu qazanmaq üçün Bakıya gəlirdi.

Ərdəbildə ziyalı ailəsində doğulmuş Rəhim də gəncliyində həyat şəraitini yaxşılaşdırmaq üçün Bakıya gəlir. Birinci Dünya Savaşı illərində kibrid alveri ilə məşğul olur. Az vaxtda böyük məbləğdə var-dövlət qazanır. O, Bakıda bolşeviklərin törətdiyi 1918-ci ilin Mart qırğınının şahidi olur. Bolşeviklərin erməni quldurlarının əlilə törətdikləri kütləvi qırğınlar zamanı çoxları xilas olmaq üçün İrana və ya Türküstana köçmək məcburiyyətində qalır. Rəhim Ərdəbilli olsa da geri dönmür. Azərbaycan Xalq Cümhuriyyətinin 1919-cu ildə Bakıda açdığı Universitetin Şərqşünaslıq fakültəsinə qəbul olunur, “İran” qəzetinin Bakı müxbiri işləyir, elmi yaradıcılıqla məşğul olur, unversitetin tibb fakültəsində oxuyan Fanni xanımla ailə qurur.

1921-ci ilin fevralın 4-də bu ailədə doğulan oğlana Lütfi adı qoyurlar. İlk təhsilini Bakıdakı 16 nömrəli məktəbdə alan Lütfi 10 il bu şəhərdə yaşayır. Bolşeviklərin Bakını işğalı etdikdə Rəhim var-dövlətini itirirş ancaq o, çətinliyə dözərək burada yaşamağa davam edirdi. Sovetlərin kollektivləşmə, sənayeləşmə, sosializm quruculuğu adı altında xalqı soymasına, insanların düşüncə azadlığını belə məhdudlaşdırmasına dözə bilməyən ailə İrana köcmək məcburiyyətində qalır. Bu köçdən 4-5 il sonra İrandan gələrək Azərbaycanda məskunlaşmış yüzlərlə ailəni Sovet hökuməti orqanları zorla ölkədən çıxarır.

Lütfigilin ailəsi Tehran şəhərinə gəlir. 10 yaşlı Lütfi təhsilini amerikalıların Tehranda açdığı Albors missioner məktəbində davam etdirir. Oranı bitirdikdən sonra Tehran Universitetinin Elektrik Mühəndisliyi fakültəsinə daxil olur. 1944-cü ildə Universiteti bitirir.

İkinci Dünya Savaşı illərində İranın müttəfiq orduları tərəfindən işğal edilmişdi. Bu da tərəqqipərvər ziyalıları bərk narahat edirdi. Geridə qalmış, aqrar ölkəni dünyanın inkişaf sürətinə uyğunlaşdırmaq üçün savadlı, geniş dünyagörüşlü kadrlara böyük ehtiyac duyulurdu. Buna görə də ümidverici, savadlı və işgüzar gəncləri xarici ölkələrdə təhsil almağa göndərirdilər. Həmin il Türkiyəyə oxumağa göndərilən 100 gəncin arasından Cavad Heyət, Həmid Nütqi və b. məşhur şəxsiyyətlər yetişirsə, Amerikaya, Böyük Britaniyaya, Fransaya və b. ölkələrə təhsilini artırmağa gedən gənclər arasından da Lütfi Rəhim oğlu Ələsgərzadə çıxır.

Lütfi Ələsgərzadə 1948-ci ildə Kolumbiya Universitetində elektron mühəndisliyi üzrə magistr, 1957-ci ildə isə professor dərəcəsi alır. Gənc alim yaxşı bilirdi ki, geri dönsə nə Tehranda, nə da Bakıda ona Amerikadakı şəraitinin yüzdəbiri yaradılmayacaq. Əksinə ona qarşı təqib və təzyiqləri artacaq. Bəlkə də həyatı da təhlükə qarşısında olacaq. Ona görə də Amerikada qalmağı və orada elmi fəaliyyətini davam etdirməyi qətiləşdirir. Hətta valideyinlərini də oraya aparır.

Lütfi Zadə 1959-cu ildən Berkli Universitetində professor seçilir. 4 il sonra isə, yəni 1963-cü ildə 42 yaşında o "Elektrik mühəndisliyi və bilgisayar elmləri" kafedrasına rəhbərlik etməyə başlayır. Elmində inqilab hesab edilən qeyri-səlis məntiq nəzəriyyəsini 1965-ci ildə tamamlayır. Lakin onun yeni kəşfi uzun müddət Amerika elmi ictimaiyyəti tərəfindən soyuq qarşılanır.

Yapon alimləri isə onun kəşfini lazımınca dəyərləndirir, Yapon şirkətləri Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsini texnologiyaya tətbiq edirlər. Foto və videokameraların, paltaryuyan maşınların, vakuum kimyəvi təmizləyicilərin istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında qeyri-səlis məntiq nəzəriyyəsindən geniş istifadə etməklə inanılmaz məbləğdə qazanc götürürlər.

Alimlərin fikrincə, bu nəzəriyyə Lütfi Zadənin elmə Quranın məntiqindən doğan bir yanaşmasıdır. Bu nəzəriyyədən iqtisadiyyatda, psixologiyada, linqvistikada, siyasətdə, fəlsəfədə, sosiologiyada, dini məsələlərdə, münaqişə problemlərində də istifadə olunur.

Lütfi Zadə eyni zamanda "Təəssüratlar nəzəriyyəsi", "Sistemlər nəzəriyyəsi", "Sözlə işləyən bilgisayar nəzəriyyəsi", "Optimal süzgəclər nəzəriyyəsi" kimi dünya elminin inkişafında, onun yeni əsaslar üzərində qurulmasında mühüm rol oynamış elmi kəşflərin müəllifidir Onun məşhur vəziyyətlər fəzası, dinamik sistemlərin idarəolunma və müşahidə olunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir. ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və tətbiq edir.

Lütfi Zadənin Soft Computing nəzəriyyəsi qeyri-səlis məntiq, süni neyron şəbəkələri, genetik alqoritmlər, xaos nəzəriyyəsi və ehtimal nəticəçıxarma paradiqmlərinin intellektual kombinasiyalarını özündə əks etdirərək yeni texnologiyaların əsasını təşkil edir.

Alimin sözlə işləyən kompüterlər nəzəriyyəsi əsasında yaradılan bilgisayarlarda informasiyanın qranulyasiyası kimi sözlərdən, cümlələrdən istifadə olunur. Bu tip bilgisayarlara təxmini məntiqi nəticə çıxarma qabiliyyətinə malik olan və təəssürat əsasında informasiyanı işləyə bilən, insan beyninə ən adekvat texniki modeldir. Onun təəssürat nəzəriyyəsi dəqiq ölçmə aparmadan ətraf aləm haqqında tez və dolğun informasiya almaq üsullarını verir. Bu nəzəriyyənin məqsədi insanda mövcud oxşar süni təəssürat sistemini yaratmağın prinsip və üsullarını verməkdir.

54 beynəlxalq jurnalın elmi redaktoru və ya redaksiya heyətinin üzvü olan Lütfi Zadə dünyada əsərlərinə ən çox istinad edilən alim sayılır. Təkcə 1990-2000-ci illərdə onun əsərlərinə 36000-dən çox istinad edilmişdir. Lütfi Zadə bir çox xarici ölkə akademiyalarının üzvüdür. O, çoxlu sayda mötəbər cəmiyyətlərin və fondların mükafatlarına layiq görülmüş, medallarla təltif edilmişdir.

ABŞ-ın Berkli şəhərində İnformasiya Texnologiyası Universitetində ömürlük professor və Soft Computing İnstitutunun direktoru işləyən Lütfi Zadənin şərəfinə Berkli şəhərində İnformasiya Texnologiyası üzrə Zadə İnstitutu yaradılıb. Lütfi Zadənin elmdə Z-çevirmə kimi tanınan işi diskret və rəqəmli idarəetmə, informasiya və kommunikasiya sistemlərinin yaradılmasının əsasını qoymuş bir elmi nəzəriyyədir. Beləcə o, dünya elmində yeni bir məktəb, Lütfizadə məktəbi yaradıb.

Azərbaycana ürəkdən bağlı olan Lütfi Zadə hələ Sovet hakimiyyəti illərində qadağalara və təqiblərə baxmayaraq soydaşlarıyla əlaqə qurmağa çalışmışdı. SSRİ dağıldıqdan, Azərbaycan müstəqillik əldə etdikdən sonra buraya diqqəti artırmış, Azərbaycanda kadrların hazırlanması xüsusi qayğı göstərmişdir. Son zamanlar isə professor Rafiq Əliyevi “davamçısı və intellektual mülkünün varisi” elan edib.

Lütfi Zadənin iki övladı var. Nəriman adlı oğlu atası kimi elmlə məşğul olub, lakin indi Nyu-Yorkda bilgisayar proqramlarının tərtibi və satışı sahəsində çalışır. Sitarə adı qızı isə prodüsserdir.

Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü seçilən Lütfi Zadənin şərəfinə “Lütfi Zadə irsi və Süni İntellekt Assosiasiyası”, “Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyası” yaradılıb.

Azərbaycanda Lütfi Zadə haqqında Fərhad Tağıyev və Şamxəlil Məmmədov "Müasir elmin korifeyi", Möhbəddin Səməd "Dünya dahilərsiz yaşaya bilmir" adlı kitablar çap etdiriblər. Möhbəddin Səmədin ssenari əsasında quruluşçu rejissor Oqtay Babazadə "Uzaq və yaxın Lütfi Zadə" sənədli filmini çəkib.

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol