Bəkir Çobanzadə

BƏKİR ÇOBANZADƏ 

Türk Dünyasının Məşhurları-19

Şair, filologiya elmləri doktoru, professor Bəkir Çobanzadənin ömür yolu və yaradıcılığı...Əli Şamil

 

Göndərmə 10.06.2011 10:12:03 UTC

Güncəlləmə 10.06.2011 10:12:03 UTC

www.trtazerbaycan.com


http://www.trt.net.tr/trtworld/az/newsDetail.aspx?HaberKodu=38b311d4-3227-471c-af99-39878e197d01

 

Elm aləmində Bəkir Vahab oğlu Çobanzadə kimi tanınan insanın adı, ata adı və ləqəbi arasında xeyli fərqliliklər var. Kırımda, Tavrida vilayəti Simferopol(Akməscit) qəzasının Qarasubazar qəsəbəsi yaxınlığındakı kiçik Arqun kəndində Abdülvahabın ailəsində 1893-cü il mayın 15-də doğulan uşağa Əbubəkir adı verildi və o dövrün ənənəsinə əsasən adına dininə sadiq olan anlamını verən Sıdkı sözü əlavə olundu. Çoban olan atasının adı bəzən Qurd Vahab, Abdulvahab Bavbək, Bavbək Akay kimi xatırlansa da, əsas sənədlərdə öz adı və atasının adı qısaldılaraq Bəkir Vahab oğlu Çobanzadə şəklinə düşdü.

7-8 yaşlarınadək ailəsi ilə birlikdə Qarabiy yaylağında olan Bəkir orada at sürməyi, güləşməyi öyrəndi. Yusif Ziya əfəndinin rəhbərliyi ilə 1905-ci ildə qurulan Cəmiyyəti Xeyriyyənin açdığı Rüşdiyyə məktəbində oxudu. 1908-ci ildə məktəbi bitirdikdə İstanbuldakı Qalatasaray sultaniyyəsinə göndərildi. Həmin illərdə litseylərə sultaniyyə deyilirdi.

İmtahanlar başa çatdığından onu sultaniyyəyə qəbul etmirlər. Bəkir Maarif Nazirinə müraciətdən sonra məktəbdə oxumaq üçün icazə ala bildi. Onun litseydə oxuduğu illərdə kırımlılar İstanbulda ictimai-siyasi fəallıqları ilə seçilirdilər. Belə ki, kırımı tələbələr 1908-ci ilin dekabrında Kırım Tələbə Cəmiyəti və 1909-cu ilin sonlarında isə Vətən Cəmiyyətini qurmuşdular. Bu cəmiyyətlərin fəal iştirakçısı olan Bəkir Çobanzadə, gələcəkdə müstəqil Kırım dövlətinin qurucusu olan Noman Çələbi Cihanla birlikdə 1911-ci ildə şeirlərini kitab kimi çap etdirdi.

1914-cü ildə sultaniyyəni bitirib Kırıma dönən B.Çobanzadə İsmayıl bəy Qaspıralı, Həsən Səbri Ayvazov və b. ziyalılarla yaxından tanış oldu, “Tərcüman” qəzetinə məqalələr yazdı. Ali təhsil almaq üçün Odessaya gedən Bəkir Çobanzadə Birinci Dünya Savaşı başladığından orada qalmadı, Bessarabiya, Kişinyov, Rumıniyanı dolaşmaqla yenidən İstanbul qayıtdı və universitetə qəbul olundu. Burada dərs deyən Lipot Masoniyi Çobnzadənin istedadına heyran qaldı və onu Macarıstanda oxumağa dəvət etdi.

Macarıstanda hazırlıq kursu keçdikdən sonra B.Çobanzadə 1916-cı il oktyabrın 12-də Budapeştdəki Peterə Pazmanıy Universitetinə qəbul olundu. Universiteti bitirdikdən sonra onu Şərqşünaslıq Akademiyasında işə götürdülər. Macarıstanda olarkən türk dilində nəşr olunan “Şərq” qəzetinə redaktorluq etdi. Akademik İqnat Kunoşun rəhbərliyi ilə “Codex Comanicus yazma ədəbiyyat abidəsi və Türk dillərində tələffüzünün təməl problemləri” mövzusunda doktorluq dissertasiyası yazdı. Qıbçaq ləhcəsində yazılmış bu qanun kitabının öyrənilməsi Avropada böyük maraqla qarşılandı.

B.Çobanzadəni 1919-cu ildə Lozan Universitetinə dəvət etdilər. Cəfər Seyidahmet Kırımərin köməyi ilə 1920-ci ilin martında Lozana gedən Bəkir orada Kırım Türklərinin milli təşkilatı olan Milli Firqədə katib işləməyə başladı. Üç ay sonra İstanbula dönən Bəkir Çobanzadə orada da çox qalmadı. General Vrangelin işğalı altında olan Kırıma qayıtdı və Ağməsciddə (Simferapola) yaşayaraq Milli Qurtuluş Mərkəzinin işində fəal iştirak etdi.

Bolşeviklər Kırımı işğal etdikdən sonra B.Çobanzadə 1921-ci ildə Totayköy Pedaqoji Texnikumunun açılışına nail oldu və burada tatar dili və ədəbiyyatından dərs dedi. Vəli İbrahimovun səyi nəticəsində Ağməsciddə Universitet açıldıqda Bəkir Çobanzadə oraya professor dəvət edildi. 1922-ci ilin martında onu Tavrida Universitetinə işə dəvət etdilər, 1924-cü ildə isə Kırım Unversitetinə rektor təyin etdilər. Kırımda Muxtar Respublika Xalq Maarif Komissarlığında Tatar Dili və Ədəbiyyatı Şöbəsinə müdirlik, Xalq Maarif Komissarlığının Ali İxtisas Elmləri və Dövlət Elmi Şurasına rəbərlik edən və rəbər orqanlara üzv seçilən B.Çobanzadənin 1924-cü ildə həyatında dönüş oldu. Latın əlifbasını yaymaq və yeni əlifbaya keçidi sürətləndirmək üçün Kırıma gələn Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin sədiri Səmədağa Ağamalı oğlu onu Bakıya işə dəvət etdi.

1924-cü ilin sonlarında Bakıya gələn Bəkir Çobanzadəni Azərbaycan Dövlət Unversitetinə professor seçdilər. 1925-ci ildə isə o, universitetin şərqşünaslıq fakültəsinə dekan təyin edildi. Fitri istedadı ilə seçilən alim Peterburqa və başqa şəhərlərə elmi ezamiyyətə və mühazirələr oxumağa dəvət edildi. O, elmi əsərlərinin böyük əkəsriyyətini Azərbaycanda yazıb çap etdirdiyi kimi, fəal ictimai, elmi fəaliyyətlə də burada məşğul oldu.

Bəkir Çobanzadə universitetdə dərs deməklə kifayətlənmədi, Azərbaycanı Öyrənmə Cəmiyyətində elmi katiblik və tarix, dilçilik şöbəsinə rəhbərlik etdi. Sovetlər Birliyində yaşayan türk, müsəlman xalqlarının istifadə etdiyi ərəb əlifbasının latın əlifbasıyla əvəzlənməsində əlindən gələni əsirgəməyən alim yalnız Azərbaycanda fəaliyyət göstərməklə kifayətlənməyərək 1926-cı ildə Səmərqəndə getdi ziyalılar və hökümət adamları arasında yeni əlifbanın üstünlüklərini elmi əsaslarla izah etdi, özbək dili və ədəbiyyatına dair materiallar topladı.

1926-ci il fevralın sonları martın əvvəllərində Bakıda keçirilən Birinci Türkoloji Qurultayın fəal təşkilatçılarından oldu. Qurultayda “Türk-Tatar dillərinin qarşılıqlı münasibətləri” və “Türk-tatar dillərinin elmi terminologiyasının tənzimi pirinsipləri” kimi yüksək elmi dəyərli məruzələr etdi. Bu məruzələrin elmi dəyəri qurultay iştirakçıları tərəfindən yüksək dəyərləndirildi.

Yorulmaq nə olduğunu bilmədən Türk bölgələrini gəzərək məruzələr oxuyan, materiallar toplayan alim 1927-ci ilin noyabırında və 1929-cu ilin oktyabrında Kırımda, 1928-ci ilin yanvarında Azərbaycanda, 1929-cu ilin mayında Özbəkistanda keçirilən İmla Konfranslarında çıxışları ilə latın əlifbasına keçməyi sürətləndirdi.

1924-29-cu illərdə Azərbaycan Baş Elmi İdarəsində Terminologiya Komitəsinə, 1929-cu ildən Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun aspirantura şöbəsinə, Yeni Türk Əlifbası Ümumittifaq Mərkəzi Komitəsinə rəhbərlik edən Bəkir Çobanzadəni, elə həmin il Moskva Şərq Xalqlarının Elmi Tədqiqat İnstitutuna və 1935-ci il martın 16-da Parisdəki Millətlərarası Dilçilik Cəmiyyətinə həqiqi üzvü seçdilər.

Kırım türklərinin gəncləri İstanbulda təhsil almağa həmişə böyük maraq göstərmişdilər. Lakin Sovet hakimiyyəti illərində Türkiyəyə gedişin əngəlləndiyini görən Bəkir Çobanzadə 100-ə yaxın Kırımlı gənci Azərbaycanın müxtəlif təhsil müəssisələrində oxumağa gətirilməsinə nail oldu.

Britaniya və Ərdəbil nüsxələri əsasında Xətai divanının müqayisəli mətnini hazırlayan, “Türk dili və ədəbiyyatının tədrisi üsulu”, “Türk qrameri”, “Qumık dili və ədəbiyyatı tədqiqləri”, “Türk-tatar dialektolojisi”, “Türk-tatar lisaniyyatına mədxəl”, “Krım-tatar ədəbiyyatında qurultayçılıq və millətçilik”, “Azəri ədəbiyyatının yeni dövrü, nasionalizmdən internasionalizmə” və s. kimi elmi əsərləri çap etdirən alim həmişə Sovetlərin təqib və təziqlərilə üzləşmişdir. Müntəzəm olaraq mətbuatda onu və yaradıcılığını kəskin tənqid edən məqalələr çap edilmişdir.

Bütün bunlar heç də səbəbsiz deyildi. Daşkənd, Fərqanə və Buxara ali məktəblərində türkologiya şöbəsinin açılmasında böyük rolu olan, Dağıstanda, Başqırdıstanda, Tatarıstanda mühazirələr oxuyan Bəkir Çobanzadə Moskva və Leninqradın ali məktəblərində Türk dillərindən, ədəbiyyatından, tarixindən dərs deməklə türkoloqların hazırlanmasına çalışdı, həm də getdiyi yerlərin ziyalıları arasında körpü rolunu oynadı. Bu səfərlərdə məqsəd həm də Sovetlər Birliyini dağıdıb Vahid Türk-Tatar Respublikası yaratmaq istəyənləri bir araya gətirmək oldu.

Sovet hökümətinin Bəkir Çobanzadə kimi istedadlı kadra böyük ehtiyacı olduğuna görə bir müddət onun millətçi fəaliyyətinə necə deyərlər “göz yumdu”. İkinci Dünya Savaşının yaxınlaşdığını görən Sovetlərin hökumət rəhbərləri Bəkir Çobanzadə kimi insanları aradan götürməyi planladılar.

1937-ci ilin yanvarında onu neçə müddətdi çalışdığı SSRİ Elmlər Akademiyası Azərbaycan Şöbəsindəki vəzifəsindən və təhsil müəssisələrindən uzaqlaşdırdılar. O, Azərbaycan Opera və Balet Teatırının solisti olan xanımı Ruqiyyə ilə birlikdə dincəlmək və gərginlikdən uzaq olmaq üçün yanvar ayının 28-də Kislovodskdəki "Qornyak" sanatoriyasına getdi. Lakin onun istirahəti uzun sürmədi, həbs edilərək Bakıya gətirildi.

Uzun və işgəncəli istintaqından Bəkir Çobanzadə üçün 1021 səhifəlik bir cinayət işi hazırladılar. Böyük alim, coşğun türkçü, əsarətdə olan türklərin xilası üçün çalışan Bəkir Çobanzadəni 1938-ci il oktyabrın 13-də məsləkdaşları ilə birlikdə güllələdilər.

Zaman Bəkir Çobanzadə və məsləkdaşlarının doğru yolda olduğunu isbatladı. Sovetlər Birliyi dağıldı, əsarətdə olan xalqların bəziləri xilas olaraq öz müstəqil dövlətlərini qurdular. Bəkir Çobanzadənin vətəni Kırım isə hələ də burulğanlar içindədir.


 

 

 

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol