SABİT DAMOLLA ABDÜLBAKİ
TÜRK DÜNYASININ MƏŞHURLARI 147/2012
Əziz və istəkli dinləyicilər! “Türk dünyasının məşhurları” proqramında sizlərə Kaşqarda Şərqi Türküstan İslam Cümhuriyyətinin qurucularından biri, millətsevər bir insan, həyatını xalqının xoşbəxt gələcəyi naminə qurban vermiş Sabit Damolla Abdülbakinin ömür yolundan söz açacağıq.
Sabit Damolla Abdülbaki hicri qəməri təqvimi ilə 1310-cu il, miladi təqvimi ilə 1891-ci ildə Kaşqar vilayətinin Artuş qəsəbəsində anadan olub. İndi bu yerlər Çin Xalq Respublikasının Sintizyan-Uyğur Muxtar rayonuna daxildir. Bu qəsəbə daha çox tarixi Qaraxanilər İmperatorluğunun məşhur hökmdarlarından Əbdülkərim Satuk Buğranın məzarı olan yer kimi tanınır.
Sabit Damolla Abdülbaki uşaqlığında məhəllədəki mollaxanada oxuyub. Orada Quranı Kərimi oxumağı və islam dinin qanunlarını öyrənib. Sonra isə təhsilini bölgənin din alimlərinin yanında davam etdirib. Bilik və bacarığı ilə seçildiyinə görə ona dövrün böyük klassik təhsil ocaqları olan Buxara şəhərinə getməyi məsləhət görüblər. O, dövrlər Buxara Rusiya işğalı altında olan Türküstan quberniyasına daxil idi. Burada hökumət dairələri Avropa tipli məktəblər açmağa, yerli ziyalıları Avropa tipli təhsil ocaqları yaratmağa həvəsləndirsə də, orta yüzilliklərdən mövcud olan mədrəsələr də öz işlərini davam etdiridi.
Buxarada mükəmməl mədrəsə təhsili aldıqdan sonra vətənə dönən Sabit Damolla Abdülbaki bir müddət Kaşqardakı Xanlıq Mədrəsəsəsində müdərrislik etmiş, yəni bu günkü qaydalarla professor kimi işləmişdir. Dini biliklərə dərindən yiyələnməsi, Quran ayələrini günün hadisələrinə tətbiq etmə bacarığı, doğruluğu, cəsarətliliyi ona bölgədə böyük nüfuz qazandırır. Məhz buna görə də İli vilayətinə qazı, dini işlər üzrə hakim seçirlər. Orada çox işləyə bilmir. Qulca camaatının xahişi ilə 1929-cu ildə oraya gələrək vaizlik edir.
35 yaşında ikən xalq arasında ədalətli qazı, bacarıqlı vaiz və din alimi kimi tanınan Sabit Damolla Abdülbaki Məkkəy, Hac ziyarətinə yola düşür. Ziyarətini başa vuran kimi geri dönmür. Hac ziyarətinə gedərkən keçdiyi bölgələrin iqtisadi, siyasi vəziyyəti, demoqrafiyası, əhalinin milli tərkibi və dini inancları ilə maraqlanır və öyrəndikləri haqqında qeydlər götürür. Sonralar bu qeydlərindən həmyerlilərini maarifləndirmək üçün istifadə edir. O zaman Osmanlı dövlətinə daxil olan Səudiyyə Ərəbistanı, Misir, İstanbul və Rusiyanın müxtəlif şəhərlərində görüşdüyü ziyalılar, dövlət adamları onun dünyagörüşünün formalaşmasına güclü təsir edir.
Həcc ziyarətinə gedərkən əsas diqqəti islami biliklərin yayılmasına, soydaşlarını şəriət ehkamlarına əməl etməyə yönəldən Sabit Damolla Abdülbaki oradan vətənə bir siyasi xadim kimi qayıdır. O, başa düşür ki, işğalı altında olan xalq heç vaxt fikrini isdədiyi kimi söylə bilməz. Xalqa ənənəsini, dinini olduğu kimi yaşatmağa imkan vreməzdər. Buna görə də xalqı azadlıq uğrunda mübarizəyə səsləyir.
Azadlıq mübarizəsinə gedən yol isə İslamda cihad adlanır. Vətənə döndükdən sonra Şərqi Türküstanı gəzərək cihad, cihadın şərtləri və qaydaları haqqında mühazirələr oxumağa başlayır. Onun söhbətləri yalnız məscidlərdə deyil, yas məclislərində, xeyir-şər toplantılarında da maraqla qarşılanır.
Din aliminin cihad haqqında söhbətlərinin böyük marağa səbəb olması heç də təsadüfi deyildi. Bölgə rəsmən Çin işğalı altında olsa da Sovet Rusiyası buranı təsir dairəsinə sala bilmişdi. Bir çox rəhbər kadrlar, məmurlar ya ruslar idi, ya da Rusiya xüsusi xidmət orqanlarının tapşırıqlarını kor-koranə və can-başla yerinə yetirən yerli kadrlardan ibarət idi. Bolşeviklərin dinə qarşı apardıqları mübarizə, xüsusi mülkiyyəti ləğv etmə cəhdləri, kütləvi həbslər, sürgünlər, azad fikirli insanlara qarşı yeritdikləri açıq və gizli terrorlar xalqı boğaza yığmışdı.
Sabit Damolla Abdülbaki zülmün belə davam etməyəcəyini, xalq üsyanlarının baş verəcəyini öncədən görürdü. Odur ki, kortəbii üsyanların baş verməməsi, xalqın enerjisi və gücünün boş yerə sərf edilməməsi üçün məsləkdaşları ilə götür-qoy edir, üsyanları idarə edəcə biləcək, düzgün yönləndirəcək bir təşkilat qurmağa çalışır. O, Hotendə üsyan baş verməzdən öncə milli azadlıq hərəkatının öncüllərindən Muhammed Emin Buğra ilə etdiyi söhbətlərində üsyan baş verdikdə qonşu dövlətlərdən yardım almağa ehtiyac olacağını söylyir.
Lakin hansı qonşu dövlətdən yardım almaq məsələsi sual altında idi. Çünki qonşu dövlətlərinin heç biri sərhədləri yaxınlığında yeni bir türk dövlətinin qurulmasını, türklərin yenidən düyaya bir güc kimi çıxmasını istəmirdi.
1930-cu ildə Qulcada görüşən iki millətpərvər vətənin yeganə xilasını müstəqil dövlətdə görürlər. Bu dövləti qurmaq üçün Sabit Damolla Abdülbaki dəstək üçün xarici ölkələrə səfərə çıxır, Muhammed Emin Buğra isə üsyana ilk başlayacaqları Hoten şəhərinə gedir. Liderlər xalqın coşmuş qəzəbini idarə edə bilmirlər. Sabit Damolla Abdülbaki xaricdə ikən Hotendə üsyan başlayır.
Sabit Damolla Abdülbaki üsyanı milli azadlıq hərəkatına çevirmək üçün Hindistandan Hotenə yola düşür. O, Muhammed Emin Buğra ilə məsləhətləşdikdən sonra Yarkənddəki Hotenli hərbiçilərdən 2000 nəfərini rəhbərliyi altına alıb Kaşqarda yola düşür. Kaşqarda Çin hökümətinə xidmət edən, yerli xalqlardan təşkil edilmiş çin əskəri birliyinin rəhbəri Tomurin dəstləri ilə birləşərək yeni şəhər qalasına sığınmış döngənləri tərksilah etmək üçün hərəkətə başlayır. Döngənlər müsəlman olsalar da, türk xalqlarından deyildilər. Ona görə də gah müsəlman olduqlarına görə uyğur, tatar, qırğız və qazaxlara meyl edirdilərsə, gah da çin məmurlarının əmir və göstərişlərini yerinə yetirir, onların tərəfini saxlayırdılar.
Şərqi Türküstanda üsyan başlasa da, üsyançılar arasında fikir və hərəkət planlarında birlik yox idi. Sol düşüncəli, bolşevik meylli uyğurlar və bölgədəki başqa türk xalqlarının nümayəndələri də Sabit Damolla Abdülbaki və Muhammed Emin Buğradan razı deyildilər. Sabit Damolla Abdülbakini islamçılıqda, xalqı geriyə çəkməkdə ittiham edirdilər.
Tomuru da qızışdırırdılar ki, Sabit Damolla Abdülbaki Kaşqarlı olduğuna və xalq arasında böyük nüfuz qazandığına görə üsyan başa çatdıqda hakimiyyəti ələ alacaq və onu hakimiyyətdən uzaqlaşdıracaq. Belə dedi-qoduların yayılmasından çinlilər də bacarıqla istifadə etdilər. Tomura general rütbəsi verir və ordu komandiri təyin edirlər. Şöhrətə aldanan Tomur 1933-cü il avqustun 2-də gecə keçmiş mübarizə yoldaşları olan Sabit Damolla Abdülbaki və Muhammad Emin Buğra xanın qardaşı, əsgər birliyinin rəisi Şa Mensur kimi tanınan Abdullahı həbs edir və Hotendən gəlmiş 2000 hərbçinin də tərksilah etməyə çalışır.
Lakin bu mübarizəyə son vermir. Dünənədək mücahidlərlə birlikdə yeni şəhərdəki döngənlərə qarşı vuruşan Tomurun əsgəri birlikləri indi mücahidlərə qarşı savaşır. Tomurun ən bacarıqlı və təcrübəli zabitlərindən olan Hafizin rəhbərliyi altındakı əskəri birlik mücahidləri Hotendən gəlmiş əskəri birliklərini tərksilah edə bilmədikləri əskərləri Karakaşa qədər təqib etsələr də, döyüşlərin sonrakı gedişində özləri çətin vəziyyətə düşürlər. Mücahidlər onları Yarkəndə qədər geri oturda bilirlər. Bu savaşda hər iki tərəfdən minlərlə müsəlman şəhid olur.
1933-cü il sentyabrın 28-də Tomur bir gəzintidən dönərkən Kaşqarda döngən hərbçiləri tərəfindən öldürülür. Yaranmış qarışıqlıqdan bacarıqla istifadə edən Sabit Damolla Abdülbaki həbsdən çıxaraq yeni hökumət qurmaq uğrunda mübarizəyə başlayır.
1933-cü il noyabrın 12-də Kaşqarda ay-ulduzlu, göy rəngli bayraq rəsmi idarə və təşkilatların üzərində dalğalanır, Şərqi Türküstan İslam Cümhuriyyətinin qurulduğu elan edilir. Hindistan radiosu ilə də yeni dövlət qurduqlarını dünyaya elan edirlər.
Nə yazıq ki, yalnız Əfqanıstan bu dövləti tanıdığını rəsmən elan edir. Türkiyə mətbuatında yeni dövlət haqqında xoş sözlər yazılsa da, hökumət rəsmi münasibətini bildirmir. Müsəlman dövlətləri də Avropa və Amerikanın qorxusundan yeni yaranmış dövləti tanımırlar.
Muhammad Emin Buğranın prezident, Sabit Damolla Abdülbaki baş naziri olduğu bu hökumətin ömrü nə yazıq ki, uzun olmadı. Urumçidə Çin valisi Şinq Si Şey Hoca Niyaz Hacimi vali yardımçısı təyin etdi. Onun da başı hakimiyyət savaşlarına qarışdı. Bundan bacarıqla yararlanan Sovet KQB-si öz agenti Yusifcanın vasitəsilə Hoca Niyaz Hacimlə əlaqə yaratdı. Ona vəd etdilər ki, yeni yaranmış hökuməti ləğv etsə, ona silah verəcəklər.
Şərqi Türküstan İslam Cümhuriyyəti qurucuları Hoca Niyaz Hacimi cümhur rəisi elan etmələrinə baxmayaraq o, Sabit Damolla Abdülbaki və Mahmut Mahmutini 1934-cü il aprelin 11-də həbs etdirərək Aksuya göndərdi. Rusiya ilə Doğu Türküstanın sərhəddindəki Örkeş Tamda məntəqəsində Hoca Niyaz Hacimi Sabit Damolla Abdülbaki Ruslara təslim edir. Lakin Ruslar ona vəd etdikləri silahları vermir, Hoca Niyaz Hacimə məsləhət gördülər ki, silah almaq əvəzinə Urumçiyə gedib vali Şinq Si Şeye müavinlik etsin.
Rusların da Çin generalı, vali Şinq Si Şeyə təhvil verdikləri Sabit Damolla Abdülbaki Urumçiyə gətirilərək öldürülür. Sabit Damolla Abdülbaki Urumçidə şəhid edilsə də, onun səpdiyi toxumlar məhv olmur. Zaman-zaman cücərir. Başı biçilsə də, kökləri sağlam olduğundan yenidən baş qaldırır.
Mətni yazdı Əli Şamil (Əli Hüseyin oğlu Şamilov).
|