MİRZƏBALA MƏMMƏDZADƏ
Türk Dünyasının Məşhurları 30
Azərbaycan xalqının qəhrəman oğlu Mirzə Bala Məmmədzadənin ömür yolu və yaradıcılığı...Әli Şamil
Göndərmə 9/6/2010 11:02:03 AM UTC
Güncəlləmə 9/6/2010 11:02:03 AM UTC
www.trtazerbaycan.com
http://www.trtazerbaycan.com/az/newsDetail.aspx?HaberKodu=48deff65-c123-468d-a400-f08213c8d530
Mirzəbala Məmmədzadə 1898-ci ilin avqustun 13-də Bakının yaxınlığındakı Zirə kəndində, balıqçı ailəsində doğulub. Ailələri dolanışıq dalınca, iş tapmaq ümidilə Bakıya köçüb. Şəhərin Çəmbərəkənd adlanan məhəlləsində yaşayıb. Cəfər Cabbarlının əsərlərində də bu məhəllənin adı tez-tez çəkilib. Çünki Cabbarlı da bu məhəllədə yaşayıb.
Mirzəbalanı 1907-ci ildə Bakıda Yeddinci Rus-Tatar məktəbində oxumağa qoyublar. Ruslar türk dilində danışan xalqları tatar adlandırdıqlarından onların açdıqları məktəbi də, teatrı da tatar məktəbi, tatar teatrı adlandırırdı. Mirzəbala 1911-ci ildəYeddinci Rus Tatar məktəbini bitirərək ünlü maarifçi Həbib bəy Mahmudbəyovun açdığı şəxsi məktəbə daxil olub.Onun dünyagörüşünün formalaşmasında, milli şüurda böyüməsində, ərəb və fars dillərini öyrənməsində bu təhsil müəssisəsinin rolu böyükdür. Yaşıdlarından ağlı, fərasəti ilə seçilən Mirzəbala yeniyetməliyindən bədii yaradıcılıqla məşğul olub. Publisistik yazıları və şeirləri dövrü mətbatda görünməyə başlayıb. Hətta 1912-ci ildə İsabəy Aşurbəyovun "Kaspi" mətbəəsində "Nəf elm və yaxud elmin sonu" adlı kitab çap olunub.
1914-cü ildə Bakı Politexnik Texnikumunun İnşaat Memarliq şöbəsinə daxil olaraq burada Rus dilində təhsil alan Mirzəbala həmin il atasını itirib. Atası vaxtsız dünyasını dəyişməsi ailəni çətin vəziyyətə salsa da o. Ruhdan düşməyib. Ailəsinə kömək etmək üçün anasının evdə bişirdiyi şirniyyatı küçələrdə satıb. Yəni məktəbdə oxuya-oxuya xırda ticarətlə məşğul olub. Bununla yanaşı o dövrün qaynar Bakısının müxtəlif fikir cəryanlarının təşkil etdiyi toplantılarda fəal iştirak edib. Cəfər Cabbarlı ilə də yeniyetməlik illərindən başlanan tanışlıqları sonradan sıx əqidə və məslək dostluğuna çevrilib.
M.B.Məmmədzadə hələ gənc yaşlarında olarkən M.Ə.Rəsulzadənin də diqqətini çəkib. Məhəmmədəmin 1915-ci ildən nəşrinə başladığı "Açıq söz" qəzetində əməktaşlığa cəlb edib. I Dünya Savaşı illərində Rusiyada baş verən qarışıqlıqdan nəinki ziyalılar, millətin önündə gedənləri, hətta yeniyetmələr və gənclər də istifadə edərək gizli təşkilatlar qurublar. Mirzabala və Cəfər Cabbarlının da üzv olduğu belə təşkilatlardan biri “Məhəmmədiyyə” adlanıb. Bu təşkilatın üzvləri milli və dini bayramların, mərasimlərin təşkilində fəal iştirak edib və orada söylədikləri şeirlər, oxuduqları mahnılar, göstərdikləri tamaşalarla milli şüuru oyandırıblar.
1914-20-ci illərdə Bakıda çap olunan “Bəsirət” qəzetində də fəal iştirak edən, bir müddət qəzetdə işləyən Mirzəbala buradakı məqalələrində əsas diqqəti sünnü-şiə qarşıdurması yaratmaq istəyənlərin tənqidinə yönəldib.
Cabbarlı ilə birlikdə “İttifaqi mütəllimin” və “Qafqaz Tələbələrinin Mərkəzi Komitəsi” təşkilatlarının qurulmasında və təşkilatın idarə olunmasında fəal iştirak edib. Təşkilatların "İttifaqı mütəllim" və "Gənclər sədası" qəzetlərinə redaktorluq edib.
1918-ci ildə Tiflisə getməli olan Mirzəbala həmin ilin iyulundan əvvəlcə həftəlik, sonra isə ayda iki dəfə çıxan "Gənclər yurdu" jurnalını nəşrə başlayıb. "Müsavat" partiyasının nəzdindəki "Gənclər Cəmiyyəti"nin orqanı olan bu jurnal 35 nömrədən sonra 1918-ci ilin 15 noyabrında fəaliyyətini dayandırıb. O Tiflisdə yaşayarkən orada "İki inqilab arasında" kitabını da çap etdirib.
1918-ci ilin 7 dekabrında Azərbaycan parlamentinin açılışından sonra Mirzəbala Cabbarlı ilə birlikdə parlamentdə stenoqrafçı işləyib. 1919-cu ilin oktyabrında isə "Müsavat" partiyasının Bakı komitəsinin üzvü seçib. Azərbaycan Xalq Cümhuriyyəti dönəmində ictimai-siyasi həyatda fəal iştirak etməklə yanaşı dövri mətbuatda olduqca maraqlı və kəskin məqalələrini çap etdirb. "Bakı uğrunda mübarizə" pyesinin Azərbaycan Dövlət Teatrı tamaşaya qoyub. Onun ən keşməkeşli həyatı isə bolşevik orduları 1920-ci ilin aprelin 27-də Azərabycanı işğal etdikdən sonra başlayıb.
1920-ci ilin aprelin 28-də Azərbaycan Milli İstiqlal hərəkatının lideri M.Ə.Rəsulzadənin rəhbərliyi altında işğalçılara qarşı gizli müqavimət planı hazırlanıb. Cəfər Cabbarlının evində toplanan təşkilat üzvləri M.B.Məmmədzadəni sədr, Əbdülvahab Məmmədzadəni müavini, Cəfər Cabbarlını isə katib seçib. Müqavimət komitəsinin üzvləri gizli mətbəə yaratmış və beləcə " İstiqlal" qəzeti nəşrinə başlayıb.
Azərabycan Ali Xalq Təsərrüfatı Şurasında tərcüməçilik, Bakının müxtəlif məktəblərdə müəllimlik edən, Sabir adına kitabxananın idarə heyətində çalışan M.B.Məmmədzadə rəsmi mətbuatla da əlaqəsini kəsməyib. "Yeni yıldız" jurnalında Azərbaycan tarixinə dair silsilə məqalələr dərc etdirib. 1922-ci ildə isə, Bakıda "Azərbaycan türk mətbuatı" adlı kitabı işıq üzü görüb.
Azərbaycanda fəaliyyət göstərən gizli təşkilatları və onların gizli nəşrlərini axtaran Bolşeviklərin xüsusi xidmət orqanları1923-cü ilin iyulunda "İstiqlal" qəzeti mətbəəsini müəyyənləşdirb, qəzetin mətbəə işçilərini və redaksiya heyətini həbs edib. Milli Müqavimət Komitəsinin sədri və "İstiqlal" qəzetinin redaktoru olan Mirzəbala əvvəllər tutularaq əleyhinə faktlar tapılmadığından duraxıldığına görə gizli şəraitdə daha ehtiyatla işləyib. Ona görə də yoldaşları həbs edildikər o, yenə də gizli fəaliyyətini davam etdirə bilib.
Lakin vəziyyətin çıxılmaz dalana dirəndiyini görən Mirzabala Sovet xüsusi xidmət orqanlarından məharatlə yayınaraq 1924-cü ilin mayında İranın Ənzəli şəhərinə gedə bilib. Sovet kəşfiyatı onu həbs edərək geri gətirməkdən ötrü Həştərxandan Ənzəilyə hərbi gəmi göndərib. Bundan xəbər tutan Mirzəbala bir müddət Tehranda, Təbrizdə, Sulduzda gizli fəaliyyət göstərib, "Yeni Qafqasiya" jurnalına məqalələr yazıb.
1927-ci ildə Sovet kəşfiyyatından qurtulmaq üçün İranı tərk edərək İstanbula gəlib. M.Ə.Rəsulzadənin yaxın silahdaşına çevrilərək "Azəri-türk" , "Odlu yurdu" "Azərbaycan yurd bilgisi" jurnallarında Sovet siyasətinin puçluğunu göstərən məqalələr çap etdirib.
İstanbul Universitetinin hüquq fakültəsində oxuyan M.B.Məmmədzadə azərbaycan mühacirlərinin nəşriyat işinə rəhbərlik edib. M.Ə.Rəsulzadənin 1930-cu ilin avqustun 7-də nəşr etdirdiyi həftəlik “Bildiriş” qəzetinə məqalələr yazan Mirzəbala Məhəmmədəmin Sovetlərin təziqiylə Türkiyəni tərk etməli olanda qəzetə redaktor olub. Lakin onun redaktorluğu da uzun sürməyib. Qəzet bağlanıb və M.B. Məmmədzadə də ölkədən çıxarılıb.
Avropada mühacirətdə olan M.B. Məmmədzadə qəzet və jurnallara məqalələr yazmaqla yanaşı "Milli Azərbaycan hərəkatı, Milli Azərbaycan Müsavat Xalq Firqəsinin tarixi" adlı əsərini tamamlayıb. Əsər 1938-ci ildə Berlində "Qurtuluş" jurnalının mətbəəsində nəşr olunub. II Dünya müharibəsi başlayanda Polşa faşist Almaniyası tərəfindən işğal olunduğundan M.B.Məmmədzadə buranı tərk edərək İstanbula köçüb. Burada "Türk ensiklopediyası və İslam ensiklopediyası" redaksiyasında çalışıb. 1951-ci ildə "Azərbaycan tarixində türk Albaniyası" adlı əsəri çap olunub.
1954-cü ildən 1959-cu ilədək Münhendə ABŞ-ın yaratdığı SSRİ-ni öyrənmə institutunda Qafqaz bölməsinin müdiri vəzifəsində çalışan M.B.Məmmədzadə institut tərəfindən nəşr olunan azərbaycan dilli siyasi jurnala da redaktorluq edib. Bu institutda M.B.Məmmədzadə iki il elmi şuranın sədri, iki il də sədr müavini vəzifəsini icra edib. Çoxlu elmi seminarlar və konfranslar keçirib, dünya ictimaiyyətini kommunist ideologiyasının SSRİ məkanında törətdiyi cinayətlərlə tanış edib.
1955-ci ilin martın 6-da milli istiqlal hərəkatının banisi Məhəmmədəmin Rəsulzadə dünyasını dəyişib. Bundan sonra Azərbaycan milli azadlıq hərəkatına və partiyaya M.B.Məmmədzadə rəhbərlik edib. Dörd il bu vəzifəni layiqincə yerinə yetirən M.B.Məmmədzadə 1959-cu il martın 8-də İstanbul şəhərində ürək xəstəliyindən vəfat edib.
Nə yazıq ki, vətəninin və millətinin azaldığı uğrunda çalışmış bu insanın xidmətləri lazımınca dəyərləndirilməyib. Amma türk dünyasının gəncləri onun əsərlərini sevə-sevə oxuyur, arzularını reallaşdırmaq üçün əllərindən gələni əsirgəmirlər.
|