Osman Nuri Akçokraklı
Türk Dünyasının Məşhurları-
Tatar xalqının oğlu, yazıçı, pedaqoq, alim, tərcüməçi və gizli milli təşkilatın fəal üzvlərindən Osman Nuri Akçokraklının ömür yolu və yaradıcılığı...
Göndərmə 6/27/2013 8:08:22 AM UTC
Güncəlləmə 6/27/2013 8:08:22 AM UTC
www.trtazerbaycan.com
http://www.trtazerbaycan.com/az/newsDetail.aspx?HaberKodu=ee83f696-bcba-4d2c-9e1b-c701d2dc92c8
Osman Nuri Akçokraklı Azərbaycanla sıx bağlı olan, Kırımda işdən çıxarılıb təqib edildikdə Azərbaycana gələrək burada üç ilə yaxın yaşamış böyük bir elm adamıdır.
1879-cu ilin yanvarında Yalta qəzasının Bağçasaray şəhəri yanındakı Akçokrak kəndində Asan Memetin ailəsində doğulan oğlan uşağına Osman adı verirlər. Ailədə altı uşaqdan biri olan Osman iti yaddaşı, işgüzarlığı ilə seçilir. İlk təhsilini məhəllədəki molla yanında aldıqdan sonra 1889-cu ildə onu rus-tatar məktəbinə qoyurlar.
Oranı bitirdikdən sonra təhsilini Baxçasaraydakı Rüşdiyyə məktəbində davam etdirən Osman yeniyetmə yaşlarından şeir yazmağa başladığı üçün Nuri təxəllüsünü qəbul edir. Orta məktəbdə oxuyarkən İlyas Boraqanskidən də xəttatlıq sənətinin sirlərini öyrənir. Bu sənət də ona ömrünün sonunadak iş tapmaqda köməkçi olur.
Rüşdiyyə məktəbini bitirdikdən sonra təhsilini indi Sinferepol adlandırılan Akmescid şəhərindəki müəllimlər seminariyasına daxil olur. Müəllimlər seminariyasını bitirdikdən sonra xəttatlıq öyrəndiyi İlyas Boraqanski onu Sankt Peterburqa dəvət edir. 1899-1901-ci illərdə Osman Nuri Akçokraklı universitetin Şərq Dilləri Fakültəsində tələbələrə xəttatlığın sirrlərini öyrədir. Bu tələbələr arasında gələcəyin böyük alimi Y.Krakçovski də olur.
Osman Nuri Akçokraklı yalnız universitetdə tələbələrə xəttatlıq öyrətməklə kifayətlənmir, praktik işlə də məşğul olur. Baxçasaraydakı bəzi məscidləri Quran ayələri ilə süsləyir.
1899-cu ildə rus şairi A.S.Puşkinin Kırımla bağlı olan “Baxcasaray çeşməsi” , “Talisman” əsərlərini, 1900-cü ildə xalq məktəbləri üçün A.E.Krılovun on təmsilini ana dilinə çevirən Osman Nuri gənc yaşlarından tərcüməçi kimi də tanınır.
1901-1905-ci illərdə Osman Nuri Akçokraklı çar ordusunda xidmət etdiyi vaxtlarda belə bədii yaradıcılıqdan uzaqlaşmır. N.B.Qoqolun “Evlilik” pyesini, A.S.Puşkinin “Yevgeni-Onegin” poemasından parçaları ana dilinə tərcümə edir. O, tərcümələrinin bir çoxunu və öz yazılarını Peterburqda İlyas Boraqanskinin basmaxanasında çap etdirir.
Sankt Peterburq Universitetində işləyərkən bilik və dünyagörüşünün yetərsizliyini görüb 1905-ci ildə İstanbulda oxumağa gedən Osman Nuri Akçokraklı 26 yaşndan yenidən köhnə iş yerinə dönsə də, orada çox qalmır. Baxçasaraya gələrək İsmayıl bəy Qaspıralıya “Tərcüman” qəzetinin nəşrində köməklik edir. “Tərcüman” qəzetini redaktə etməsi onu Türk dünyasında tanıdır və 1908-ci ildə Orenburqda nəşr edilən “Şura” jurnalına redaktor işləməyə dəvət edilir.
Orenburqda işlədiyi vaxt da Kırımla əlaqəsini kəsməyən Osman Nuri Akçokraklı orada “Kırım gəncləri” adlı kitabı çap etdirir. Kitaba gənc şairlərin şeirlərini daxil edir. Bu da bir-birindən uzaqda yaşayan şairlərin yaxınlaşmasına, əsərləri ilə tanış olmasına kömək edir.
Osman Nuri Akçokraklı Türk dünyasında ən çox gəzən ədiblərdəndir. Araşdırıcılar onun olduğu yerlərin siyahısına keçmiş Rusiyanın Odessa, Kiyev, Peterburq, Moskva, Kazan, Ufa, Orenburq, Daşkənd, Səmərqənd, Aşqabad, Buxara, Bakı şəhərlərini, eləcə də xarici ölkələrdən Osmanlı dövlətini, Yunanıstanı, İtaliyanı, Bolqarıstanı, Almaniyanı, Misiri, Suriyanı və b. yerləri daxil edirlər. Qəribəsi budur ki, Peterburq, İstanbul, Beyrut və Qahirə Universitetlərində təhsil alan Osman Nuri Akçokraklı onların heç birini bitirməyib.
1905-ci il inqilabından təsirlənən Osman Nuri Akçokraklı inqilabçı əhval-ruhiyəli Rəşid Mediyevlə dostlaşır. Bir ara onun nəşr etdiryi “Vətən xadimi” qəzetinə məqalələr yazır. “Vətən xadimi” hökumət əleyhinə sərt tənqidi yazılar çap etdiyinə görə çar məmurları tərəfindən qapadılır.
1908-ci ildə Qahirəyə gedən Osman Nuri orada çox da qalmır. 1910-cu ildə Orenburqdan Kırıma qayıdan Osman Nuri Akçokraklı Baxçasaray yaxınlığındakı Çufutqala şəhər xarabalığındakı Canıkə xanım türbəsini görür və türbə haqqında əfsanələri toplayır. Qızıl Orda xanı Toxtamışın qızının qəbri üzərində ucaldılmış abidə haqqında rəvayətlər gənc ədibi o qədər təsirləndirir ki, bu mövzuda ilk böyük nəsr əsəri olan “Hekayəti Ninkecan xanımın türbəsi” povestini yazır. Povestdə sevgi motivi əsas olsa da, Toxtamış xanın dövrünün ictimai-siyasi, iqdisadi, hərbi vəziyyəti haqqında bilgilər də bəii dillə oxucuya çatdırılır.
Baxçasarayda yenidən, yəni 1910-16-cı illərdə “Tərcüman” qəzetinə redaktorluq edən, Zincirli mədrəsəsində dərs deyən Osman Nuri Akçokraklı siyasi fəaliyyətə o qədər də meyl göstərmir. Elmi və bədii yaradıcılığa daha çox önəm verən Osman Nuri Akçokraklı millətinin dar günündə ictimai-siyasi fəaliyyətə başlayır. Kırımın Rusiya əsarətindən qurtarıb müstəqil dövlətini qurması üçün əlindən gələni əsirgəmir. 1917-ci ildə Kırımda çağrılan I xalq Qurultayına onu üzv seçirlər. Üzərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirsə də, onun və məslakdaşlarının istəkləri reallaşmır. Kırım yarmadasına gah bolşeviklər, gah Birinci Dünya Savaşında Rusiyanı yenmiş Almanlar, gah da çar generalı Vrangel qoşun çıxarır.
Bütün bu qarışıqlıqlara baxmayaraq yarımadanı yenidən Sovet Rusiyasının işğal dairəsinə qatan bolşeviklər bəzi güzəştlərə də getməli olurlar. Vətənsevərlərin qurduqları Kırım Respublikasının yerində Kırım Muxtar Sovet Sosialist Respublikası qurduqlarını elan edirlər.
Ölkə zəlzələnin, quraqlığın vurduğu zərərdən inləyəndə Osan Nuri Akçokraklı Sovet məmurları ilə danışıb onlardan Baxçasarayda İsmayıl bəy Qaspıralının ev muzeyinin qurulmasına icazə alır.
Gənc bəstəkar Asan Refatovu Kırım tatarlarının ilk operası “Çorabatır”ı yazmağa həvəsləndirir. Özü də operanın librettasını yazmaqla kifayətlənmir, texniki işlərdə də təşkilatçılara kömək edir. 3 pərdəli, 6 şəkilli opera 1923-cü ilin sentyabrında Ağməsciddəki (Simferopol) Qızıl Əsgər Klubunda uğurla tamaşaya qoyulur. Professor Bəkir Çobanzadə tamaşa haqqında yazır: “Bu Kırımtatar sanatı tarixində ilki görülən ən güclü, ən sevimli mədəni, siyasi vaqiyə oldu. Əsərin müəllifləri Osman Akçokraklı və Asan Refatov bununla xalqının mədəni həyatında silinməz iz qoydular”.
1922-ci ildə yeni yaradılan Kırım pedaqoji İnstitutunda kadr çatışmadığından o 4-5 fənndən dərs deməli olur. 1925-ci ildə yeni təşkil edilən elmi araşdırmalar cəmiyyətinin xəttilə Kırımın qüzey bölgəsinə ekspedissiyaya gedir. Səfər olduqca uğurlu keçir. Osman Akçokraklı xalq mahnılarının mətnini, Asan Refatov müsiqisini toplayaraq nota köçürür. Bölgədən onlarla folklor nümunəsi və 50-ə yaxın əlyazma toplanaraq elmi mərkəzə gətirilir və burada öyrənilməyə başlanılır. Onun tapıb gətirdiyi əlyazmaların bir çoxu bu gün də Kırım ədəbiyyatının qızıl fondunu təşkil edir.
Sudak rayonunun Kapısxor kəndindən XVII yüzildə yaşamış şair Canmuhammədin 1892 sətirlik “Toqan bəy” poemasının tapılması yalnız elm adamlarının deyil, siyasi xadimlərin, dövlət adamlarının da diqqətini çəkdi. Çünki poemada Kırımlı sərkərdə Toqan bəyin ukrain Boqdan Xmelinski ilə birlikdə Polşa hakimlərinə qarşı yürüşündən söz açılırdı. Poema tezliklə ukrain dilinə də tərcümə edilir.
Ana dilindən başqa fars, ərəb, rus, alman və fransız dillərini də bilən Osman Akçokraklı kadr olmadığına görə həm folklorçuluq, həm arxeoloqluq, həm etnorqaflıq, həm müəllimlik, həm də alimlik etməli olurdu. Ali və orta məktəblərdə dərslik çatışmadığından dövrü mətbuatda məqalələr çap etdirməklə müəllimlərə yardımcı olmağa çalışan Osman Akçokraklı “Yeni gün” qəzetinin 1924-cü il saylarında 28 məqalə çap etdirməli olur.
“Çora batır”, “Koplandı batır”, “Edigey” kimi xalq dastanlarını toplayan Osman Akçokraklı 1927-ci ildə “Bağçasaray çeşməsi” pyesini yazaraq Kırım Dövlət Teatrının repertuarını zənginləşdirir.
Folklora, etnorqrafiyaya, arxeologiyaya, müzeyşünaslığa dair olduqca qiymətli məqalələr yazaraq elmi jurnallarda çap etdirən, unversitetdə bir neçə fəndən dərs deyən, Osman Nuri Akçokraklını 1934-cü ildə millətçilikdə ittiham edib işdən çıxarırlar. O, təqibdən yaxa qurtarmaq üçün 1934-cü ildə Bakıda yaşayan bacısının yanına gəlir.
Ukrayna Elmlər Akademiyasına akademik seçilən, bir neçə nüfuzlu jurnalın redkollegiyasının üzvü olan Osman Nuri Akçokraklını KQB heç zaman gözdən qoymur. 1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qrultayın iştirakçısı olan Osman Akçokraklını 1937-ci il aprelin 7-də habs edərək Kırıma aparırlar. Bir il on gün sürən işgəncədən sonra böyük alim və xeyirxah insanı güllələyirlər.
Osman Akçokraklı və onun məsləkdaşları 1937-38-ci illərdə güllələnsə də, milləti 1944-cü ilin mayında elliklə sürgün edilsə də, əkdikləri toxum məhv olmadı. Hətta sürgündə böyüyən nəsil Bəkir Çobanzadənin, Asan Səbri Ayvazovun, Çələbi Numancihanın, Osman Nuri Akçokralının əsərlərini oxuya bilməsələr belə onların ideyasını yaşatdılar və mübarizələrini davam etdirdilər. Sovetlərin çöküşü başlayanda Kırım tatarları vətənlərinə dönməyə başladılar. İndi isə mübarizənin yeni mərhələsi başlamışdır.
Mətni yazdı Əli Şamil (Şamilov Əli Hüseyn oğlu)
|