İsmayıl Qaspıralı
Türk Dünyasının Məşhurları-21
Millətsevər ziyalı, “Dildə, fikirdə, işdə birlik” şüarının müəllifi İsmayıl Qaspıralının ömür yolu və yaradıcılığı...
Göndərmə 08.06.2013 10:32:14 UTC
Güncəlləmə 08.06.2013 10:32:14 UTC
www.trtazerbaycan.com
http://www.trtazerbaycan.com/trtworld/az/newsDetail.aspx?HaberKodu=319f91a3-5b77-4349-8866-b4e99647964a
Bu günlərdə İsmayıl Qaspıralının türk xalqlarının birliyinə nail olmaq üçün nəşriyi etdiyi “Tərcuman” qəzetinin 130 ili tamam oldu. İsmayıl bəy bilərəkdən qəzetin ilk sayını Rusiyanın Kırımı işğalının 100-cü ildönümü günü oxuculara təqdim etdi. Ona qədər Rusiya Həsən bəy Zərdabi “Əkinçi”, Ünsüzadə qardaşları “Ziya”(Ziyayi Qafqasiyyə), “Kəşkül” qəzet və jurnallarını çap etmişdilər.
İsmayıl Mustafa oğlu 1851-ci il martın 8-də Kırımın Avçura kəndində anadan olmuşdur. O böyüyəndə özünə soyad olaraq doğulduğu kəndin adını deyil, ata-babasının yaşadığı Qaspıralı kəndinin adını seçdi. Kırımın güneyində, yalıboyu adlanan bölgədə yaşayanların danışığı Kırımın qüzeyində, çöl adlandırılan bölgədə yaşayan və noqay adlandırılan soydaşlarından çox Azərbaycan türkcəsinə daha yaxın idi.
İsmayılın anası Fatimə Soltan Kırımın xanzadələrinin, nüfuzlu mirzələrinin aliəsindəndir. Təhsil görmüş Fatimə Soltan oğlu İsmayılın oxuması ilə öncə özü məşğul olmuşdur. Sonra da məhəllədəki məktəbdə ibtidai təhsil almış, burada Quranı Kərimi oxumağı, şəriəti, fars dilini öyrənmişdir.
Atası Mustafa isə ibtidai təhsil almış İsmayılı çətinliklə də olsa, Ağməsciddəki gimnaziyaya düzəldir. İsmayıl 2 il orada oxuduqdan sonar atası onu Voronejdəki hərbi məktəbə oxumağa göndərir. Lakin orada da sonadək oxumur, İkinci Moskva Hərbi gimnaziyasına dəyişilir.
İsmayıl 1864-1867-cı illərdə İkinci Moskva Hərbi gimnaziyasında oxuduğu illərdə qeyri-ruslara, xüsusi ilə türk-tatarlara təhqiramiz, şovinist münasibətin şahidi olur. Rusiyanın və Avropa dövlətlətinin Krit adasındakı yunanları Osmanlı dövlətinə qarşı üsyana təhrik etmələri gənc İsmayılı bərk narahat edir. Milli təəssübkeşlik hissi onu Osmanlı dövlətinə köməyə getməyə həvəsləndirir. Lakin istəyinə nali ola bilmir. Rusiya sərhəddini qanunsuz keçmək istədiyinə görə həbs edilir. Həbsdən azad edildikdən sonra Kırıma qayıdan İsmayil Qaspıralı 1870-ci ildən Yalta və Baxçasarayda ibtidai sinif müəllimi işləməyə başlayır. Rus ziyalılarının şovinist, anti-türk xarakterli məqalələri və çıxışları İsmayıl bəy Qaspıralının millətsevər bir insan kimi formalaşmasını sürətləndirir. 1872-ci ildə İstanbul, Vyana, Münhen, Şturtqarddan keçərək Fransaya gəlir. Burada iki il tatar kökənli rus yazıçısı İvan Turgenevin yanında işləyir. Sonra da Osmanlı ordusunda zabit kimi xidmət etmək üçün İstanbula gəlir.
Lakin Rusiyanın İstanbuldakı səfiri İqnatyev onun bu arzusunu əngəlləyir. İsmayıl Qaspıralı 1875-ci ildə Kırıma qayıdır. Onu Baxçasaray bələdiyyəsinə sədr seçirlər. 1877-ci ildə, yəni “Əkinçi” qəzeti qapadıldıqdan sonra İsmayıl bəy qəzet nəşr etmək üçün hökumətə müraciət etsə də, rədd cavabı alır. Lakin rədd cavabı onu ruhdan salmır. Simferopolda rus dilində nəşr edilən “Tavrida” qəzeti ilə əməkdaşlıq edir, Simferopolda “Tonğuç”, Tiflisdə Ünsizadə qardaşlarının mətbəəsində “Şəfəq və Lətaif”, “Ay”, “Ulduz” və “Günəş” adlı kitabçalarının çapına nail olur.
“Tavrida” qəzetinin bir neçə nömrəsində dərc olunan, türk-tatar toplumunu birliyə, Avropa mədəniyyətinə yiyələnməyə çağıran məqalələrini 1882-ci ildə toplayaraq “Rusiya müsəlmanları” adı ilə kitabça kimi nəşr etdirir. Bu məqalələrdə o ürək ağrısı ilə bildirir ki, Krımdakı türklər də daxil olmaqla, Rusiya müsəlmanlarının milli kimliklərinin itirilməsi təhlükəsi vardır.
Ana dilində qəzet nəşr etmək üçün ilk təşəbbüsünün nəticəsiz qaldığını görən İsmayıl bəy Qaspıralı nəhayət iki dildə, rus və tatar dillərində “Tərcüman” qəzetinin nəşrinə icazə ala bilir. İlk nömrəsi 320 nüsxə çıxan “Tərcüman”ın sonrakı illərdə tirajı 20 minə qədər artmışdır. Qəzet qısa bir zamanda Rusiyadan uzaqlarda da – Misir, Əlcəzair, Çin, İran, Hindistan, Türkistan, Rumıniya, Bolqarıstan və s. ölkələrdə də oxunmağa başlayır.
1905-ci il 17 oktyabr Manifestindən sonra “Tərcüman”ı türkcə nəşr etməyə başlayır. 1912-ci ildən isə İsmayıl Qaspıralı “Dildə, fikirdə, işdə birlik” şüarını səhifə başına çıxarır.
1905-ci ildə Odessadakı Universitetin tələbə və müəllimləri mitinqlərdə, tətillərdə fəal iştirak etdiyinə görə hökumət ali təhsil ocağını müvəqqəti baglandığını elan edir. Qafqazlı müsəlman tələbələr həmin günlərdə Baxçasaraya gələrək, tatar ziyalıları ilə görüşür, teatr tamaşaları göstərirlər. Həmin tələbələr arasında olan Nəriman Nərimanov və Yusif bəy Nəsibbəyov “Tərcuman” qəzetində olur və hər ikisi İsamyıl bəy Qaspıralının qızı Şəfiqə xanıma vurulur. Duelə gətirib çıxaran bu eşq məcarasına Şəfiqə xanımın Yusif bəy Nəsibbəyovu seçməsilə tamamlanır.
Məktəbi millətin nicat yolu hesab edən İsmayıl bəy Qaspıralı 1884-cü ilin yanvarında mədrəsələrdəki ənənəvi tədris sistemini təkmilləşdirir. Onun tətbiq etdiyi metod təcrübədə özünü doğruldur. Şagirdlər qısa müddət ərzində oxuyub yazmağı öyrənir.
İsmayıl Qaspıralının təhsildəki islahatı tədricən sistem kimi formalaşır və “üsuli-cədid”, yəni “yeni üsul” adını alır. Bu sistem Rusiya müsəlmanları arasında sürətlə yayılır. 2 illik məktəblərdə 9 aylıq tədris ili, 6 günlük tədris həftəsi olurdu. Bir dərs günündə 5 dərs, hər bir dərs də 45 dəqiqə keçirilir.
Tarixə “cədidizm” adı ilə daxil olan təhsil islahatı kütləviləşərək Krımdan Volqaboyuna, Urala, Qafqaza, Türküstana, hətta Hindistana, Doğu Türküstanadək yayılır.
İsmayıl bəy Qaspıralı din və dil qardaşlarını birləşdirmək, onların problemlərini həll etmək üçün ziyalıları bir yerə toplayıb müzakirələr keçirməyə can atır. Həsən bəy Zərdabi və Əlimərdan bəy Topçubaşovla dostluq edən, onlarla məsləhətləşən İsmayıl bəy Qaspıralı Rusiya müsəlmanlarının, daha sonra dünya müsəlmanlarının qurultayını keçirmək təşəbbüsünü irəli sürür. İstəyinə isə 1905-ci ildə nail ola bilir. 1905-ci ildə Nijni-Novqorodda keçirilən Rusiya müsəlmanlarının I qurultayında sədrlik edən İsmayıl bəy Qaspıralı millətin birləşməsi, maddi-mənəvi tərəqqisi üçün toplantıların ardıcıllığına nail olmağa çalışır. Rusiya müsəlmanlarının Sankt-Peterburqda ikincisi və Nijni-Novqorodda üçüncüsü keçirilən qurultaylarının da təşkilatçısı olan İsmayıl bəy Qaspıralı 1907-ci ildə Misirdə Dünya müsəlmanlarının qurultayının keçirilməsinə nail olur.
İsmayıl bəy Qaspıralını “millətin atası”, “müsəlman ədəbiyyatının ruhi-piranisi”, “böyük ustad”, “mühərriri-əzəm”, “dahi”, “Turanın əmsalsız mədəni qəhrəmanı”, “müsəlman ziyalılarının başçısı”, “tərəqqi ordusunun ələmdarı”, “millət karvanının rəhnüması”, “rühül-millət”, “Rusiya müsəlmanlarının ən böyük adamı”, “türk yurdunun yolbaşçısı”, “Rusiya müsəlmanlarının çırağı”, “təkcə Rusiyada deyil, xaricdə də müsəlmanlar arasında hamıdan məşhur”, “millətin fəxri”, “böyük və sevgili adam”, “hünər sahibi” və başqa bu kimi epitetlərlə yad edənlərlə yanaşı, “mürtəce”, “millətçi”, “pantürkist”, “panislamist” deyərək ittiham edənlər də olmuşdur.
1914-cü il sentyabrın 24-də İsmayıl bəy Qaspıralı dünyasını dəyişəndə türk-islam dünyası kədərə bürünür. Məscidlərdə mərhumun adına Quran oxudulur, ehsanlar verilir, başda “Tərcüman” olmaqla, Rusiyada nəşr olunan bütün türk qəzetləri başsağlığı dərc edir.
Bakıda çıxan qəzetlərin əksəriyyəti İsmayıl bəy Qaspıralının ölümü münasibətilə məqalələr, xatirələr, şeirlər verirlər.
Türklük düşmənlərinin bütün ciddi-cəhdlərinə baxmayaraq nə onu xalqların yaddaşından silmək olur, nə də onun ideyalarını unutdurmaq. Əksinə onun “Dildə, fikirdə, işdə birlik” şüarı Sovetlər Birliyi çökdükdən sonra daha da aktuallaşır.
Mətni yazdı Əli Şamil (Şamilov Əli Hüseyn oğlu)
|