Dmitri Karaçoban
Türk Dünyasının Məşhurları-10
Qaqauz poeziyasının görkəmli nümayəndəsi, rejissor və operator, etnoqraf və neçə-neçə peşəyə baş vurmuş Dmitri Karaçobanın ömür yolu və yaradıcılığı...
Göndərmə 5/9/2012 11:16:02 AM UTC
Güncəlləmə 5/9/2012 11:16:02 AM UTC
www.trtazerbaycan.com
http://www.trtazerbaycan.com/az/newsDetail.aspx?HaberKodu=933eec59-6169-46e0-b3ad-e3a5e2a6d49c
Dmitri Nikolay oğlu Karaçoban 1933-cü il mayın 27-də Rumıniyanın Komrat qəsəbəsi yaxınlığındakı Beşalma kəndində doğulub. İkinci Dünya Savaşında Sovetlər Birliyi batılı qonşularından Polşa və Rumıniyanın ərazilərinin bir hissəsini işğal edib. Qaqauzlar yaşayan Buçaq bölgəsinin böyük bir qismini də Mol¬dova Respublikasına qatıb. Sovetlər Birliyi dağıldıqda isə qaqauzlar uzun sürən mübarizədən sonra Mol¬dova Respublikasının tərkibində paytaxtları Komrat olan Qaqauz Yeri Muxtar Vilayətini yaradıblar.
Dmitri Karaçobanın uşaqlığı və yeniyetməliyi ağır, üzüntülü keçib. Qazauzlar xristian olduqlarına görə Rusiya onları Osmanlı dövlətindən, ata-baba yurdlarından köçürüb noqayların yaşadığı Buçağa gətib. Qaqauzlar burada məskunlaşıblar.
Sovetlər özlərini çar Rusiyasının varisi elan etməsələr də Birinci Dünya Savaşında itirilən əraziləri geri qaytarmaq üçün həmişə yollar axtarıb. Xüsusən bolşeviklərin varlı-kasıb arasındakı fərqi aradan qaldıracaqları, əsarət altında olan xalqlara azadlıq verəcəkləri, dünyada istismardan azad bir dövlət quracaqları haqqındakı vədləri qaqauzların da xoşuna gəlib. Ruminya hökuməti qaqauzlar arasında Sovetlərə meyli artanların çoxaldığını hiss edib bölgədə nəzarətini gücləndirib.
Rumın polis və hökumət məmurlarının, hərbçilərinin Beşalmaya hər gəlişi kəndlilərin rahatlığını pozub. Bu da balaca Dmitrinin xatirində silinməz iz buraxıb.
İkinci Dünya Savaşının doğurduğu çətinliklərə, bölgəni Sovet hərbi birliklərinin yenidən işğalından sonra kəndlilərin əllərindən mal və mülkləri, torpaqları alınıb kolxozlar yaradılıb. Bu da kütləvi qıtlığa, aclığa və yoluxucu xəstəliklərin yayılmasına səbəb olub. Minlərlə insan ölüb və ya yaşadığı bölgəni tərk etməli olub.
Dmitri Karaçoban 1947-ci ildə kəndlərində rus dilində təhsil verən məktəbin 6-cı sinfini bitirdikdən sonra bir il də qonşu Konqaz kəndindəki internat məktəbində oxuyub.
O zaman 7 illik məktəb natamam orta təhsil verirdi. Oranı bitirənlər şəhadətnamə alaraq texnikumlarda, texniki peşə məktəblərində və orta məktəblərdə oxumağa gedə bilirdilər. Lakin maddi sıxıntı bir çox qaqauzlar kimi Dmitriynin də təhsilini davam etdirməsinə imkan verməyib. O, yaşam mübarizəsinə atılıb. Kəndlərində və yaxın bölgələrdə iş tapa bilmədiyindən 1950-ci ildə böyük sənaye şəhəri, bir ara Ukraynanın paytaxtı olmuş Xarkova gedib. Yaşı kiçik olsa da, burada iki il tikintidə çalışmaqla yanaşı, 1951-52-ci illərdə fəhlə gənclər məktəbində oxuyub.
1952-ci ildə onu səfərbərliyə alaraq Uzaq Şərqə, əsgərliyə göndəriblər. Uşaqlıqdan musiqiyə, rəssamlığa böyük maraq göstərən Dmitiri üç il əsgərlikdə qaldıqdan sonra kəndlərinə skripka ilə qayıdıb. Lakin skripka çalmağı öyrənməyə imkanı olmayıb. Kasıblıqdan atası skripkanı satmalı olub.
Dmitri Karaçoban Moldovanın başkəndi Kişinyevə gedərək oradakı məşhur rus rəssamı İ.E.Repinin adını daşıyan Rəssamlıq Texnikumuna daxil olub. Genç Dmitiri 1955-57-ci illərdə texnikumda oxusa da, oranı başa vurmağa həvəs göstərməyib. Ədəbi yaradıcılığa meyl göstərib. 1957-ci ildə qaqauzlar üçün SSRİ xalqlarının istifadə etdiyi kiril qrafikası əsasında əlifba yaradılıb, məktəblərdə qaqauz dilində dərslər keçilib, qəzetlərdə səhifələr təşkil edilib. Dmitri Karaçobanın da “Moldova Sosialiste” qəzetinin haftəlik əlavəsində ana dilində ilk şeiri çap olunub.
1957-ci ildə Komrat şəhərindəki 3 nöməli orta məktəbi qiyabi bitirən Dmitrinin şeirləri dərslik kitablarına daxil edilib. O, Kaqul Pedaqoji Texnikumuna daxil olsa da, orada cəmi bir il oxuyub.
Bir ara doğulduğu Beşalma kəndindəki məktəbdə müəllim işləyən Dmitri Karaçoban fərdi qaydada musiqi və rəssamlıq sahəsində irəliləyişə nail olub. 1962-ci ildə onun Çadır qəsəbəsində rəsm əsərlərinin sərgisi açılıb. Uzun müddət davam edən sərgiyə yalnız Çadır-Lunqalılar deyil, ətraf kəndlərdən də gələnlər olub. Sərgidə rəssam şairin müstəlif janrlarda çəkdiyi 35 əsəri nümayiş etdirilib.
Kənddə müəllim işləməklə yanaşı, rəssamlıq və heykəltəraşlıq edən, həvəskarlardan ansambl yaradıb konsertlər verən, şeirlər yazan, folklor və etnoqrafiq materiallar toplayan Dmitri Karaçoban ali təhsil almaq həvəsilə sənədlərini Moskvadakı M.Qorki adına Ali Ədəbiyyat İnstitutuna göndərib.
Adətən qəbul olduğu məktəbləri yarıda buraxıb gedən Dmitri Karaçoban ədəbiyyat institutunun qiyabi şöbəsini 1963-cü ildə uğurla başa vurub. Onun diplom işi kimi hazırladığı “İlk laf” (İlk söz) adlı kitabı da həmin il çap olunub. Beləcə o, qaqauzlar arasında ilk ali ədəbiyyat təhsili almış ədib olub.
Daim maddi sıxıntıda yaşamasına baxmayaraq, ilk kitabından aldığı qonorarı ailəsinə deyil kino kamera, lent, aşkarlayıcı və s. almağa xərcləyib. Bu sahədə heçbir təhsil görməsə də, özünün yazdığı ssenarilər əsasında qısametrajlı filimlər çəkməyə başlayıb. Beləcə qaqauz kinomatoqrafiyasının əsasını qoymuş olub.
Dmitri Karaçoban istər bədii yaradıcılıqda, istər rəssamlıqda və hekəltaraşlıqda, istərsə də kino lentlərində naturalist bir sənətkar kimi tanınıb. Onun qaqauzların məişətindən, həyat tərzindən bəhs edən 30-a yaxın kinolenti qaqauzlar arasında deyil, bölgədə yaşayan ukrainlər, bolqarlar tərəfindən də böyük maraqla qarşılanıb. Gənclər böyük həvəslə ondan rejissorluğun, operatorluğun, bir sözlə kino texnikanın sirrlərini öyrənib.
Qaqauzlar da onların həyatını əks etdirən kino lentlərə böyük maraqla tamaşa edib və bu lentləri hazırlayan insana maddi köməklik edə bilməsələr də, mənəvi dəstək veriblər. 1965-66-cı illərdə Beşalma kitabxanasında müdir işləyəndə Dmitri Karaçoban evlərə gedib, özü kitablardan parçalar oxumaqla kəndlilərdə kitab oxumaq alışqanlığı yaratmağa çalışıb. Ailənin kasıblığı ucbatından təhsilini davam etdirə bilməyən yeniyetmə və gəncləri ali məktəblərdə və texnikumlarda oxumağa həvəsləndirib. Hər vasitə ilə soydaşlarının maariflənməsinə çalışıb.
1965-ci ildə SSRİ Yazıçılar İttifaqına üzv olan Dmitri Karaçobanın 1966-1970-ci illə arasında beş şeir kitabı çap olunub. Şeirləri rus, ukarain, moldov dillərinə tərcümə edilərək nəşr edilib. Xalqının maariflənməsi, tanınması, eləcə də soydaşlarına xalqının keçdiyi keçməkeçli tarixi öyrətməyə çalışdığına görə bir çoxlarının ondan xoşu gəlməyib. Xüsusən sözdə beynəlmiləlçilikdən dəm vuran Sovet ideoloqları Sovet xalqı formalaşdırmaq adı altında ruslaşdırma siyasəti yeridirdilər. Dmitri Karaçobanın ana dilində şeirlər yazması, qaqauz folklorunu toplaması, etnoqrafiya ilə məşğul olması, Orxan Yenisey abidələrini, “Divani lüğəti it türk”, “Qutadqu bilig” və b. əsərləri təbliğ etməsi açıqdan açığa qaqauzların türk kökənli olduqlarını təbliğ demək idi. Bu da Sovet ideoloqlarının xoşuna gəlmirdi.
Qazandıqlarını evinə deyil, millətinin tarixinin öyrənilməsinə və təbliğinə həsr etdiyinə görə ondan nə Sovet məmurları məmnun idi, nə də ailəsi. Bu gərginliyə baxmayaraq Dmitri Karaçoban istəyindən geri çəkilməyib. Böyük şəhərlərə gedərək, arxivlərdə çalışıb, xalqının tarixinə dair materiallar toplayıb, tarix-etnoqrafiya muzeyi yaratmağa çalışıb. Lakin bu iş o qədər də asan olmayıb. Muzey üçün bina və maddi vəsait ayrılmayıb.
Belə olduqda Dmitri Karaçoban xarabalığa çevrilmiş kənd dəyirmanını təmir edərək muzeyə çevirib. Yerli əhalidən məişət əşyaları alaraq yeni yaratdığı muzeyə qoyub. Muzeyin hamının diqqətini çəkdiyini görən yerli məmurlar güzəştə getməli olub. Beləcə Dmitriy Karaçoban doğma kəndində yaratdığı tarix-etnoqrafiya muzeyinin direktoru təyin olunub.
Bununla da kifyətlənməyib kənddə qaqauz dilində radio verlişləri təşkil edib.
Çoxşaxəli yaradıcılıqla məşğul olan Dmitri Karaçobanın həyatı isə o qədər də xoş keçməyib. 1982-ci il Oktyabrın 8-də böyük vətənpərvər və yaradıcı insanın ömrü intiharla başa çatıb.
Dmitri Karaçobanın intihar etməsi istər hökumət məmurları tərəfindən, istərsə də onun mənsub olduğu xiristian dininin xadimləri tərəfindən qəzəblə qarşılanıb.
Bütün bu soyuqluğa baxmayaraq xalq sevimli və vətənsevər oğlunun xidmətini unutmayıb. 1988-ci ildə beşalmalıların təziqi altında kənd soveti muzeyə Dmitri Karaçobanın adını verməli olub. Sovetlər Birliyi çökdükdən sonra Karaçobanın adının əbədiləşdirilməsi üçün xeyli iş görülüb. Beşalma kəndinin mərkəzində yeni bina tikilib və köhnə dəyirmandakı eksponatlar buraya daşınıb. Beləcə rəsmi Dmitri Karaçoban adına Beşalma Qaqauz Tarix və Et¬noqrafiya Muzeyi işə başlayıb. YUNESKO da bu kənd muzeyini qoruma altına alıb.
Karaçobanın adı məktəblərə və küçələrə də verilib. Milləti üçün yorulmadan çalışan insanı da milləti unutmur.
|