Məhəmmədəli Tərbiyət
Türk Dünyasının Məşhurları-
İctimai-siyasi xadim, maarifçi-jurnalist, istedadlı publisist Məhəmmədəli Tərbiyətin ömür yolu və yaradıcılığı...
Göndərmə 7/11/2013 12:59:23 PM UTC
Güncəlləmə 7/11/2013 12:59:23 PM UTC
www.trtazerbaycan.com
http://www.trtazb.com/trtworld/az/newsdetail.aspx?haberkodu=5afeaf52-3a3d-4bb5-af9b-5179df665943
Mirzə Məhəmmədəli Mirzə Sadıq oğlu Tərbiyət 1887-ci il mayın 26-da Təbriz şəhərində anadan olub. Məhəmmədəlinin atası Mirzə Sadıq dövrünün savadlı və geniş dünyagörüşlü insanı kimi nücum və riyaziyyata böyük maraq göstərib. Oğlunu məhəllədəki Molla Zeynalabdinin ibtidai məktəbində oxumağa göndərib. Özü isə yaxşı bildiyi fənləri tədris etməklə yanaşı, Təbrizin adlı-sanlı həkimlərindən olan Mirzə Nəsrullaxanın və bir ara Təbrizdə yaşamış Məhəmmədəlixan Küfrinin yanında Avropa və Şərq təbabətini öyrənməyə göndərib.
Hər iki həkimin tövsiyyəsilə Məhəmmədəli fransız və alman dillərini öyrənib. Nücum, riyaziyyat və tibb sahəsində özəl dərslər almasına baxmayaraq pedaqoji sahəyə maraq göstərib. 1894-95-ci illərdə Təbrizdə hökumətin açdığı Müzəffəriyyə mədrəsəsində təbiət fənnindən, 1898-1912-ci illərdə isə yeni açılmış Loğmaniyyə mədrəsəsində nücum və coğrafiyadan dərs deyib.
O, müəllim işləməklə yanaşı, daim öz üzərində çalışmış, dövrün tanınmış alimi Mirzə Abdulladan xüsusi dərs almışdır. Ölümündən sonra Mirzə Abdullanın kitabxanası Məhəmmədəliyə verilmişdir.
Məhəmmədəli Tərbiyət, Seyid Həsənxan Ədalət, Seyid Məhəmməd Şəbüstəri və b. ənənəvi mədrəsələrdən fərqli olan təhsil ocaqları yaradırlar. Məhəmmədəlinin 1899-cu ildə açdığı yeni tipli mədrəsəyə və kitabxanaya Tərbiyət adı verilir. O, təhsil ocaqları ilə yanaşı, Təbrizdə Avropa tipli ilk dərmanxananın və 1902-ci ildə “Gəncineyi fünün”, yəni “Bilik xəzinəsi” adlı jurnal açır. Ayda iki sayı çap olunan jurnal qısa vaxtda İranda böyük nüfuz qazanır. M.Tərbiyətin ilk elmi məqalələri də bu jurnalda nəşr olunur.
Lakin Avropalaşmaq istəyi mühafizəkarları heç də qane etmir. 1901-03-cü illərdə qaragüruhçularla islahatçılar arasındakı ziddiyyət toqquşmalara gətirib çıxarır. Köhnəlik tərəfdarları yeni üsulla dərs keçirilən mədrəsələri, nəşriyyatları, qəzet-jurnal redaksiyalarını dağıdır, dəyişiklik tərəfdarlarını təhqir və təqib etməkdən çəkinmirlər.
Tərbiyət kitabxanasının Tehranda şöbəsi açılması, kitabxanalara Asiya, Afrika və Avropa ölkələrindən türk, ərəb, fars, fransız və ingilis dillərində kitab, qəzet və jurnal gətirilməsi mühafizəkarları daha da qəzəbləndirir. Təqiblərdən yaxa qurtarmaq, təzyiqlərdən uzaqlaşmaq üçün Məhəmmədəli Qafqaza səyahət edir. Burada çox qalmayıb İstanbula gedir. Asiya və Avropanın kəsişdiyi yerdə salınmış, qədim mədəniyyətlərin beşiyi olan İstanbulda ilin sonuna qədər qalaraq kitabxanalarda mütaliə və elmi axtarışlarla məşğul olur.
1903-cü ilin sonlarında İstanbuldan Dəməşq, Beyrut, İsgəndəriyyə, Qahirə şəhərlərinə səyyahət edən Tərbiyət oradakı kitabxanalar, elmi müəssələr və ziyalılarla tanış olur, fikir mübadiləsi edir. Qahirədən İstanbula, oradan da Qafqaz yoluyla Təbrizə dönən Məhəmmədəli Tərbiyət evlənir.
M.Tərbiyətin ilk qələm təcrübəsi olan “Hünəramuz” (“Hünər öyrədən”), “Təməddünati-qədimə” (“Qədim mədəniyyətlər”), “Zad-bum” (“Ana yurdum”) və “Təqvimi-Tərbiyat” əsərləri elm aləminə istedadlı bir gəncin gəldiyini xəbər verir.
Ədəbi həyatda fəal olan Məhəmmədəli Tərbiyət ictimai-siyasi işlərə də həvəslə girişir. Onu ikinci çağrış İran Milli Məclisinə Təbrizdən nümayəndə seçirlər. Lakin milli məclisin fəaliyyəti o qədər də uzun sürmür. Xarici güclərin və daxilil irticanın təhrikilə milli məclis dağıdılır. O, təqiblərdən yaxa qurtarmaq və dünyagörüşünü genişləndirmək üçün Təbrizdən Bakıya gəlir. Buradan bir müddət iranlıların “İttihat” məktəbində müdir işlədikdən sonra Avstriya, Fransa və İngiltərəyə səfər edir. Avropanı gəzib-dolandıqdan, oradakı vəziyyəti öyrəndikdən, həmyerililəri ilə görüşüb İranın gələcəyini müzakirə etdikdən sonra İstanbula gəlir. Burada yazıçı Mirzə Ələkbərxan Dehxuda ilə birlikdə iranlıların təşkil etdikləri “Səadət” əncümənində yaxından iştirak edir.
1903-11-ci illərdə publisistika ilə ardıcıl məşğul olan Məhəmmədəli Tərbiyət 1908-ci ildə Təbrizdə nəşr olunan “İttihad” qəzetinin redaktoru olur.
Məhəmmədəli Tərbiyət İstanbulda olarkən Rəşd şəhərini mücahidlərinin azad etdiklərini eşidib oraya yollanır. Çünki qardaşı Əliməhəmmədxan da həmin zaman Rəşd şəhərindəydi. Qardaşı sosial demokratlara meyilli olsa da mücahidlər arasında da böyük nüfuzu vardı. Buna görə də Rəşdə mücahidlərə köməyə gələn Məhəmmədəlini əncümanın qərarı ilə Avropa ölkələri ilə əlaqə yaratmağa göndərirlər.
Tehran azad edildikdə Məhəməddəli Tərbiyət yenidən Təbrizə gələrək buradan təkrar Milli Məclisə nümayəndə seçilir. O, vəzifə borcunu şərəflə yerinə yetirməyə çalışsa da məclisin fəaliyyəti yenidən dayandırılır. M.Tərbiyət də təkrar xarici ölkələrə getməli olur. Onun bu səfəri uzun sürür. Öncə Qafqaza gələrək buradakı çoxsaylı həmyerliləri və ziyalılarla görüşdükdən sonra İstanbula gedir.
Birinci Dünya Savaşının sonlarınadək İstanbulda siyasi mühacir kimi yaşayan Məhəmmədəli Tərbiyət Misirə və Avropa ölkələrinə səfər edir. İstanbulda da “Tərbiyət” kitabxanası açan və onu işlədən Məhəmmədəli bu illərdə ciddi elmi axtarışlarla məşğul olur. Görkəmli Azərbaycan miniatürçüsü və karikaturaçısı Mirzə Hüseyin Tahirzadə Behzad Təbrizinin bir sıra əsərlərini də “Tərbiyət” kitabxanası çap etdirmişdir.
Məhəməddəli Tərbiyət İstanbulda olarkən İranda çap olunan qəzet və jurnallar haqqında elmi araşdırma aparır. Bu araşdırma ona böyük uğur qazandırır. Belə ki, İngilis alimi Edvard Brayn 1913-cü ildə çap etdirdiyi “İran mətbuatı və poeziyası” kitabında Məhəmmədəli Tərbiyətin əsərini ingilis dilinə tərcümə edərək öz kitabında verir. Çex şərqşünası, akademik Yan Ripka da “Tacik və fars ədəbiyyatı tarixi” kitabında M.Tərbiyətin əsərindən geniş istifadə edir.
Məşrutə hərəkatına böyük rəğbət bəsləyən M.Tərbiyət Şeyx Məhəmməd Xiyabaninin Təbrizdə “Azadıstan” dövləti qurduğu günlərdə Berlində yaşayırdı. Böyük səylə “Danişməndani Azərbaycan” adlı əsəri üzərində işləyirdi.
1921-ci ildə Təbrizə dönən Məhəmmədəli Tərbiyəti Təbriz vilayətinin maarif idarəsinə rəis təyin edirlər. O, yaranmış vəziyyətdən istifadə edərək “Gəncineyi- maarif” adlı jurnal nəşr etməyə başlayır. Həmin jurnalda da “Xəqani Şirvani”, “Saib Təbrizi” və b. elmi məqalələrini çap etdirir.
Az müddətdə Azərbaycanın bir çox kənd və qəsəbəsində ibtidai və orta məktəbin açılmasına nail olan M.Tərbiyət ilk dəfə qızlar üçün də ibtidai və orta məktəb açdıra bilir.
Tarixi abidələrin bərpası və qorunması üçün də əlindən gələni əsirgəməyən M.Tərbiyət Təbriz şəhərində ümumi dövlət kitabxanasının və qiraətxanasının açılmasına da nail olur. 1923-cü ildən isə kitabxanadakı kitabların katoloqunu hazırladaraq hissə-hissə çap etdirir.
1925-ci ildə maarif müdiri vəzifəsindən uzaqlaşdırılan M.Tərbiyəti 1927-ci ildə Təbriz bələdiyyə idarəsinə seçirlər. Şəhərin abadlaşdırılması, yeni xiyabanların salınması üçün böyük əmək sərf edən M.Tərbiyət Təbrizin ilk Avropa tipli parkı olan “Gülüstan” parkının salınmasına da nail olur.
1927-29-cu illərdə Təbriz bələdiyyəsinə rəhbərlik edən Məhəmmədəli Təbriyət sonra doğulduğu şəhərdən İran Milli Məclisinə deputat seçildiyinə görə Tehrana köçür. Orada ictimai və siyasi fəaliyyətlə yanaşı, elmi fəaliyyətini də davam etdirir.
1934-cü ildə SSRİ-də Firdovsinin 1000 illik yubileyi qeyd ediləndə Məhəmmədəli Tərbiyət də İran nümayəndə heyətinin tərkibində Bakıya gəlir. Bu onun Bakıya son səfəri olur.
Məhəmmədəli Tərbəyətin çoxlu elmi-publisistik əsəri olsa da, ona ən çox şöhrət gətirən 1935-ci ildə tamamladığı “Danişməndanı Azərbaycan” əsəri olur. Çünki bu əsərdə qədim dövrdən 20 yüzlliyin 30-cu illərinədək yazıb yaratmış Azərbaycanlı şair, yazıçı, nəqqaş, rəssam, xəttat, musiqici, jurnalist, alim haqqında bilgi toplanmışdır. Azərbaycan ədəbiyyatı və mədəniyyəti haqqında olduqca dəyərli qaynaq olan “Danişməndanı Azərbaycan” (“Görkəmli elm və sənət adamları”) kitabı ədibin ana dilinə çevrilərək 1987-ci ildə Bakıda da nəşr edilmişdir.
Türk olduğu halda XX yüzildə belə farsca yazıb-yaradan Məhəmmədəli Tərbəyətin əsərlərinin əsas mövzusu Azərbaycan və azərbaycançılıq olub. Ona elə gəlirdi ki, farsca yazması ilə türklərə yuxarıdan aşağı baxan fars şovinistlərinin fikrini dəyişə bilər. Lakin zaman onu göstərir ki, dövlətlərin yeritdikləri siyasəti beş-üç alimin, sənətkarın ən güclü əsərləri belə dəyişə bilmir. Sadəcə millətsevər insanlar onların əsərlərindən yararlanaraq xalqda milli şüuru yüksəldə bilirlər.
Mətni yazdı Əli Şamil (Şamilov Əli Hüseyn oğlu)
|