Nikolay Qavriloviç Katanov
Türk Dünyasının Məşhurları-45
Xalqını Rusiya işğalından qurtarmaq üçün gizli “Sibir Türklərinin İttifaqı” təşkilatını quranlardan Nikolay Qavriloviç Katanov...Əli Şamil
Göndərmə 30.01.2012 11:59:44 UTC
Güncəlləmə 30.01.2012 11:59:44 UTC
www.trtazerbaycan.com
http://www.trt.net.tr/trtworld/az/newsDetail.aspx?HaberKodu=d5d9765e-c127-4a37-b208-aa08f58c036d
1894-cü il dekabrın 5-də uzaq Sibirdən, keçmiş Yenisey quberniyasının cənubunda, Askiz qəsəbəsinin yaxınlığındakı Saraja kəndində bir uşaq dünyaya gəlir, onun adını evdə Pora qoysalar da, kilsəyə aparanda keşiş Nikolay qoyur. Uşağın doğulduğu kənd həm də burada yaşayan türk tayfalarından birinin – Saqay tayfasının adını daşıyırdı.
Uşağın doğulduğu zamanlarda bölgədə yaşayanları xakas deyil, Sibir türkləri adlandırırdılar. Çinlilər bu türk xalqını xakaslar adlandırdığından ruslar da onların dililə belə adlandırdılar. Sibir türkləri Rusiyanın “Parçala! höküm sür!” siyasəti nəticəsində xakas, tıva, şor, oryat, altaylı, teleut və başqa adlarla çağırılmağa başladılar. Saqay və kaçin tayfalarının ləhcəsi əsasında bir yazı dili formalaşdırıldı və bu dil də xakas dili adlandırıldı. Araşdırıcılar dilləri təsnifatlandıranda xakas dilini də Türk dillərinin Doğu Hun qolunun Uyğur qrupuna daxil edirlər və mənşəcə qırğız dilinə yaxın olduğunu yazırlar. 8 uzun, 9 qısa səslisi və 24 səssizi olan bu dildə saitlərin qoşalaşması səciyyəvidi.
Formal olaraq xiristianlaşdırılmış Sibir türkü ailəsində doğulan Pora sonralar Nikolay Qavriloviç Katanov kimi məşhurlaşır. Nikolay adını ona kilsədə keşiş familyasını isə dayısı, məşhur türkoloq, Kazan Universitetinin professoru, monarxiyapərəstliyilə ad çıxarmış Nikolay Fyodoroviç Katanov verir. Professor böyük bacısı Marianın Qavril Leonteviç Tünitsevlə izdivacından olan ortancıl oğlu Nikolayı oğulluğa götürür, ona öz familyasını verir, təhsili və təlim-tərbiyəsilə məşğul olur.
Nikolayın dayısı professor Nikolay Fyodoroviç Katanov özkeçmişində yazır ki, atam Yenisey çayına sol tərəfdən tökülən Abakan çayının sol sahillərində yaşayan Saqay qəbiləsinin tatarlarındandı və qəbilə rəisinin katibi işləyirmiş. Bölgə XVIII yüzildə Rusiya tərəfindən işğal edildikdən sonra yerli əhali zorla xristianlaşdırılsa da, Şaman gələnək-görənəkləri də aşkar yaşayırmış. Dağ, su, atəş və göy üzü üçün qurbanlar kəsilməsində balaca Nikolay da iştirak edirmiş. Ruhları ev heyvanlarının, insanların qoruyucusu hesab edirmiş.
Dayısının sayəsində balaca Nikolay normal təhsil ala bilir. O, əvvəlcə bölgədə mərkəzi qəsəbə sayılan Askizdəki iki sinifli kənd məktəbini bitirir, sonra da təhsilini Krasnoyarskdaki dini seminaryada davam etdirir. Nikolay Katanov 1916-ci ildə Novo Aleksandrski Kənd Təsərrüfatı İnstitutuna daxil olur.
Birinci Dünya Savaşının gedişi, savaşda Rusiyanın məğlubuyyəti, 1917-ci ilin fevralında II Nikolayın hakimiyyətdən uzaqlaşdırılması ölkədəki qarışıqlığı daha da genişləndirir. Kerenskinin başçılığı ilə Müvəqqəti Hökumət qurulsa da, bir çox qüvvələr bununla razılaşmır. Hər biri hakimiyyəti təkbaşına ələ almaq istəyir. 1917-ci il iyulun 19-da Müvəqqəti Hökumətin Ali Baş Komandan təyin etdiyi general Lavr Kornilovu katetlər qiyama təhrik edirlər. Avqust qiyamı kimi tanınan bu hərəkat məğlubiyyətlə nəticələnir. Qiyama rəhbərlik edən general Krımov özünü öldürür, Lavr Kornilov, Anton Denikin və başqaları həbs edilir.
1917-ci ilin oktyabrında bolşeviklərin silah gücünə hakimiyyəti ələ alması ölkədəki qarışıqlığı daha da dərinləşdirir. Rusiyanın işğal altında saxladığı xalqlar yaranmış vəziyyətdən istifadə edərək öz dövlətlərini qurmaq istəyir. Bəzi qruplar isə yaranmış vəziyyətdən yararlanıb, hakimiyyət, var-dövlət əldə etməyə çalışır. Bolşeviklər yeni fəhlə-kəndli ordusunu qurma planını tam həyata keçirə bilmir. Çar ordusunda xidmət edənlərin bir qismi də monarxiyapərəst olduqlarından bolşeviklərlə əməkdaşlıq etmir. Bolşeviklər mərkəzdə hakimiyyətlərini möhkəmlətmək üçün ucqarlarda baş verənlərə göz yumur. Yaranmış vəziyyətdən yararlanan generallardan Lavr Kornilov, M.B.Alekseyev, Anton Denikin Don sahillərinə gələrək 1917-ci ilin noyabrında zabitlərin, yunkerlərin, kazakların Novoçerkasskda yaratdığı Könüllü Orduya rəhbərlik etməyə başlayır. 1918-ci il aprelin 13-də Yekatirinador uğrunda döyüşdə Lavr Kornilov öldürüldükdən sonra Anton Denikin ordunun komandanı olur və 1918-ci ilin payızında Rusiyanın Güneyindəki silahlı qüvvələrin baş komandanı təyin edilir.
Anton Denikin ordusunu gücləndirmək üçün Xarkov Kənd Təsərrüfatı İnstitunun tələbələrini də səfərbərliyə alır. İkinci kursu bitirmiş Nikolay Katanov Denikin ordusunun 29-cu polkuna daxil edilir.1919-cu ildə Anton Denikin ordu birləşmələri Moskva üzərinə hücuma keçir. Lakin bu hücum uğursuz olur. A. Denikin1920-ci ilin martında Qüzey Qafqazda döyüşlərdə məğlubiyyətə uğrayaraq Kırıma keçir və komandanlığı aprelin 4-də də Vrangelə verib xaricə gedir.
Nikolay Qavriloviç Katanovun ağqvardiyaçıların Moskva üzərinə hücumundamı, yoxsa Qüzey Qafqazdakı döyüşlərdəmi bolşeviklərin əlinə keçdiyini bilmirik. Özkeçmişində 1919-21-ci illərdə Qızıl Orduda xidmət etdiyini yazır.
1921-ci ildə hərbi xidmətdən azad olub vətəninə gələn N.Katanovu Millətlər Nazirliyinin Minisun qəzasındakı İcraiyyə Komitəsinin bölmə müdiri təyin edirlər. O, Sovetlərin xalqlara azadlıq, kəndlilərə torpaq verəcəyinə, sülh, əmin amanlıq yaradacağına ürəkdən inanır. Var gücü ilə yeni hakimiyyətin möhkəmlənməsinə çalışır. 1923-cü ilin sonunda yaradılan Xakas milli qəzası 1925-ci ildə milli mahala çevrilir. Bütün bunlar gənc Katanovu ruhlandırır. Sovet əsgər və zabitlərinin özbaşınalığına, xalqına tutduğu divana göz yumur.
1925-ci ilin ortalarında onu qəza mərkəzi olan Askizdə tərcümə komissyasında işləməyə gətirirlər. Az zamanda işgüzarlığı, təşəbbüskarlığı ilə yalnız qəzada deyil, qəzadan uzaqlarda da diqqəti cəlb edir. O, ana dilində dərsliklər yaradılmasına, məktəb şəbəkəsinin genişləndirilməsinə çalışır.
1926-cı ildə keçiriləcək I Türkoloji Qurultaya böyük ümidlər bəsləyən, orada gəbul olunacaq qanunların reallaşacağına inanan Nikolay Katanovu çox çətinliklərlə üzləşsə də Bakıya gələ bilir.
İlk iclaslarda iştirak edə bilməyən Nikolay Katanov 1926-cı il martın 6-da Səmədağa Ağamalıoğlunun sədrlik etdiyi iclasda xakas dilində çıxış edərkən öncə gəldiyi yer haqqında “Yoldaşlar, mən I Ümumittifaq Türkoloji Qurultayını uzaq Sibirdən, keçmiş Yenisey quberniyasının Güneyində yaşayan xakasların adından salamlamaq üçün gəlmişəm” dedikdən sonra çıxışını davam etdirir və sonda üzləşdikləri problemi belə dilə gətirir: “1923-cü ildən etibarən, Xakas Dairə Xalq Maarif Şöbəsi nəzdində xakas dilində yazının yaradılması üçün komissiya formalaşdırılıb. Bu komissiya birinci pillə məktəblərin ilk sinifləri üçün materiallar tərtib edib. Materiallar hələ 1924-cü ilin noyabrında Xalq Maarif Komissarlığının Milli Azlıqlar Şurasına göndərilsə də, türk şrifti olmadığı üçün hələ də çap edilməyib. Odur ki, məni qurultaya göndərərkən xahiş etdilər ki, bu qurultay bizim xakaslar üçün xüsusi olaraq burada ümumitürk şriftlər işləyib hazırlasınlar və bizim materialların çapı mümkün olsun.”
Nikolay Katanov I Türkoloji Qurultaydan ruh yüksəkliyi ilə qayıdır. Xüsusən qonşuluqdakı Altay bölgəsindən gəlmiş Aleksey Sabaşkinin qurultay tribunasından “mən türkəm” deyə hayqırması onu bərk təsirləndirir. Vətənə döndükdən sonra tamam başqa bir yöndə çalışır. 1927-ci ildən ana dilində nəşrə başlayan “Lenin çolu” qəzetində müntəzəm məqalələr yazmağa başlayır. Milli məsələyə daha çox diqqət yetirir, Sovetlərin milli azlıqlara qayğı adı altında türkləri parçaladığını, ruslaşdırma siyasəti yeritdiyini görür.
O, Xakasiyadakı milli nəşriyyatda ədəbi redaktor işləməklə yanaşı, savadsızlığın ləğv edilməsi kurslarında dərs deyir, “Xızıl aal” qəzetiylə əməkdaşlıq edir, ibtidai siniflər üçün birinci “Xakas dilinin qrammatikası” kitabını hazırlayır.
1928-ci ildə onun ilk dəfə xakasca- rusca lüğəti çap olunur. Həmin il onu türk xalqları üçün latın qrafikalı əlifba hazırlayan komissiyaya üzv seçirlər.
Nikolay Katanov 1929-cu ildə Moskvada keçirilən Milli Azlıqların konfransında iştirak edir. 1930-cu ildə isə onu yenə də Moskvaya SSRİ Xalqlarının Mərkəzi Nəşriyyatında milli məktəblər üçün dərsliklər hazırlayan redaktorların kursuna göndərirlər. Moskvadakı çıxışları və söhbətləri xüsusi xidmət orqanlarının diqqətindən yayınmır. Vətənə döndükdən sonra onu KQB istintaqa cəlb edir. İstintaqdakı hədə qorxudan sonra onu kənd məktəbinə müəllim işləməyə göndərirlər.
1930-cu ilin oktyabrında Xakas Milli Mahalı Xakas Muxtar Vilayətinə çevrilir. Kadr çatışmadığına görə onu Askiz rayon İcraiyyə Komitəsində təlimatçı vəzifəsinə gətirmək məcburiyyətində qalırlar. N.Katanov yaranmış vəziyyətdən istifadə edərək Askiz kəndlərində savadsızlığı aradan qaldırmaq üçün xüsusi plan hazırlayır. 1931-ci ilin sentyabrında onu yenidən məktəbə xakas dili müəllimi göndərirlər. Lakin KQB onun vilayət mərkəzində qalması, milli kadrlarla tez-tez görüşüb müzakirələr aparmasıyla razılaşmır. 1932-ci ildə N.Katanovu bölgənin ən ucqar kəndlərindən olan Ustsos kəndinə müəllim göndərirlər.
Nikolay Katanov harada işləməsindən asılı olmayaraq fəaliyyətindən qalmır. Üzv olduğu gizli təşkilat, “Sibir Türklərinin İttifaqı” təşkilatı KQB-çiləri bərk narahat edir. 1934-cü il aprelin sonlarında onu həbs edirlər. Həmin il avqustun 31-də Şərqi Sibir Diyar Xalq Məhkəməsinin hakimi təşkilatın fəaliyyətində qanundan kənar bir iş olmadığına görə N.Katanova bəraət verir.
O, 1934-cü il sentiyabrın 17-dən 1936-cı il fevralın 19-dək mədəni-maarif sahəsindən kənarda işləsə də, milli yonlü fəaliyyətindən heç də uzaqlaşmır. 1936-cı il martın 13-dən mayın 1-dək Kobalsk məktəbində müəllim işlədikdən sonra Askizə qayıdaraq məktəbdə rus dili və ədəbiyyatı müəllimi işləməyə başlayır.
1937-ci il iyunun 24-də Tomsik Dövlət Pedaqoji İnstitunun ədəbiyyat fakültəsinin qiyabi şöbəsinə qəbul olunan coşğun vətənpərvəri həmin ilin oktyabrın 21-də yenidən KQB həbs edir.
N.Katanovla bərabər Xakasiyadan 40 nəfərə yaxın, eləcə də “Sibir Türklərinin İttifaqı” təşkilatının liderlərindən xakaslarda K.A.Maytakov, N.A.Aeşin, K.İ.Kokov, A.Q.Şulbayev, A.M.Topanov, İ.T.Boroqyakov, V.İ.Suncuqaşev, altaylardan Q.İ.Qurkin,V.K.Maneyev, L.M.Edekov, şorlardan Y.M.Telqerekov, F.T.Kusurqaşev və b. SSRİ-ni dağıdaraq Müstəqil Sibir Türk Respublikası qurmaq istədiklərinə görə mühakimə edirlər. Uzun, alçaldıcı, işgəncəli istindaqdan sonra 1938-ci il iyulun 13-də SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası N.Q.Katanovu ən ağır cəzaya, ölüm hökmünə məhkum edir və hökm elə həmin gün də icra olunur.
1959-cu ildə Nikolay Katanova bəraət verilsə də, əslində bu formal bir sənəd olur.Onun əsərləri çap olunmur, fəaliyyətinin öyrənilməsinə və təbliğinə icazə verilmir. Son illər onun haqqında araşdırmalar aparılsa da, gənclik bununla razılaşmır. Onlar Nikolay Katanovun ideyalarının gerçəkləşməsini istəyirlər.
|