Cəfər Seyidəhmət Kırımer
Türk Dünyasının Məşhurları-
Böyük türk aydını, siyasətçi və dövlət adamı Cəfər Seyitəhmət Kırımerin ömür yolu və yaradıcılığı...
Göndərmə 26.04.2013 12:08:27 UTC
Güncəlləmə 26.04.2013 12:08:27 UTC
www.trtazerbaycan.com
http://www.trtazerbaycan.com/trtworld/az/newsDetail.aspx?HaberKodu=7de1eb2b-8a53-44c8-88f4-3a04ace32bed
Adı və soyadı Cəfər, Cafer, Seydahmet, Seyidəhməd, Qırımer, Kırımər kimi yazılan bu insan keçmiş Rusiya İmperyasının işğal etdiyi Kırım xanlığı ərazisində yaratdığı Tavriya quberniyası Yalta qəzasının Qızlıdaş kəndində 1889-cu ilin sentyabrın 9-da anadan olub. Ötən il dünyasını dəyişmiş məşhur yazıçı Çingiz Dağçı da bu kənddəndir.
Cəfər Seyidəhmət kəndlərində ibtidai, Kırımda isə orta təhsil aldıqdan sonra İstanbula gedir. O dövrdə yeganə olan Universitetin hüquq fakültəsində oxuyur. Qaynar İstanbul mühiti vətənsevər Cəfər Seyidəhməti də inqilabçıya çevirir. İslahatlarla ölkəni dəyişdirmək və inkişaf etdirmək istəyən İttihad və Tərəqqi təşkılatının üzvlərilə dostlaşır. Eləcə də İstanbulda yaşayan həmyerliləri ilə tez-tez görüşərək avropanın inkişaf etmiş dövlətləri kimi vətəninin tərəqisinin yollarını axtarmaya başlayır. Arzularını reallaşdırmaq üçün 1908-ci il dekabrın 30-da Noman Çələbi Cihan, Alim Seyid Cəmil, əbdülhakim Hilmi və Əbdürrəhim Sükuti ilə birlikdə Kırım Tələbə Cəmiyyətini qururlar. Noman Çələbi Cihan təşki¬la¬ta rəhbər seçilir. Proqram və nizamnamədəki mübahisə doğuracaq fikirlər onların yollarını ayırdı¬ğın¬dan təşkilatın ömrü o qədər də uzun olmur. 1909-cu ilin sonlarında Cəfər Seyidəhməd, Noman Çələbi Cihan, Yaqup Kerçi və əhmət Şükrü Vətən Cəmiyyətini yaradırlar. Təşkilatın üzvləri milləti oyatmaq, Kırımı azad etmək ümidi ilə hekayələr, şeirlər, məqalələr, xalqa müraciətlər yazaraq gizli çap etdirir, Kırıma göndərərək yaymaqla yanaşı, digər türk xalqlarının milli azadlıq mübarizəsini diqqətlə izləyir, oranın ziyalıları ilə sıx əlaqə qururlar.
Cəfər Seyidəhmət 1911-ci ildə İstanbulda Şahap Nezihi ləqəbilə "İyirminci əsirdə Tatar Milleti Məzluməsi” kitabını nəşr etdirir. Kitabı gizli yolla əsarət altında olan diğəd türk xalqlarına da göndərirlər.
1910-11-ci illərdə İstanbul Universitetində oxuyan Cəfər Seyidəhməd oradan Parisə gedir. İki il də Parisdə oxuyur, orada təhsil alan Rusiyadan gəlmiş müsəlman gənclərlə dostlaşır. 1913-cü ilin yayında İstanbula dönəndə Noman Çələbi Cihan Kırımdan onu görməyə, fikir mübadiləsi etməyə, gələcəkdə görəcəkləri işləri planlaşdırmağa gəlir.
Onlar məsləhətlişdikdən sonra Cəfər Seyidəhməd 1914-cü ildə hüquq təhsilini davam etdirmək üçün Peterburqa gedir. Onun Rus dilini daha yaxşı öyrənmək üçün bir ara Odessaya getdiyi, Vətən Cəmiyyətinin şöbəsini qurduğu haqqında qaynaqlarda bilgilər var.
Cəfər Seyidəhməd Peterburq Universitetini də bitirə bilmir. Birinci Dünya Savaşında Rusiya uduzmaqda olduğunu görərək tələbələri hərbi kurslara cəlb edir. 1916-cı ildə Moskvada hərbi kursu bitirən Cəfər Seyidəhməd Bessara¬biya cəbhəsinə göndərilir. O, İzmayi şəhərindəki ehtiyat hərbi alayında xidmətə başlayır.
Gizli fəaliy¬yət göstərən Vətən Cəmiyyətinin üzvləri Kırımda hərbi xidmətdə olan Noman Çələbi Çihanın xəstə¬ləndiyini bəhanə gətirərək Odessadakı hərbi hospitala göndərdə bilirlər. Bessarabiya cəbhəsində olan Cəfər Seyidəhməd və əqidə yoldaşları Xəlil Çapçakçı, əhmət Özanbaşlı da onun yanına gəlirlər. Uzun müzakirədən sonra Kırımda fəaliyyət göstərən gizli təşkilatları birləşdirmək və xalqı azadlıq mübarizəsinə qaldırmaq qərarına gəlirlər. Kırımla sıx xəbərləşmə və təşkilati əlaqə quraraq, hadisələrin gedişini diqqətlə izləyir və onu kənardan idarə etməyə çalışırlar.
1917-ci ildə Çar II Nikolay taxtdan salındıqdan sonra, yəni martın 25-də Cəfər Seyidəhməd və əqidə dostlarının təşəbbüsü ilə Kırımın şəhər, qəsəbə və kəndlərindən gəlmiş 1500 nümayəndənin iştirakı ilə qurultay ke¬çirilir. Qurultay Kırım Müsəlmanları Mərkəzi İcra Komitə¬sini yaradır və komitəyə 45 nəfər üzv seçir. Komitə üzvlərinin əksə¬riy¬yəti gizli təşkilatdan seçilir. Bu komitə mədəni müxtariyyət funksiyasını yerinə yetirməli olduğu halda Kırı¬mın azadlıq mübarizəsinin rəhbərinə və yeni müstəqil döv¬lə¬tin qurulmasının hərəkətverici qüvvəsinə çevrilir. Kırım Müsəlmanları Mərkəzi İcra Komitəsi Noman Çələbi Cihanı Kırım Müftiliyinə, Cəfər Seyidəhməd isə Vəqf İşləri Müdirliyinə seçir.
Cəfər Seyidəhməd, Noman Çələbi Cihan, Seyitcəlil Hattat və əhmət Özanbaşlı tərəfindən həmin ilin aprelində bir nizamnamə hazırlanır. Qısa bir zamanda savadsız, cəsarətsiz, Rusiya yönlü, milli düşüncədən uzaq olan müftiləri, qazıları işdən çıxarır, yerlərinə gənc vətənsevərləri təyin edir. Milli mək¬təblərin sayını artırır. Həmin ilin may ayında Akməs¬cid¬də keçirilən müəllimlər konqresi açıq-aydın ruslaşdırma siya¬sə¬tinə qarşı durur, Rusiya hökumətinin özünə kiçik məmurlar hazırlamaq üçün açdığı Rus tatar məktəblərini milli kadrlar hazırlayan məktəblərə çevirir.
Rusiyada yaranmış qarışıqlıq nəticəsində Kırımda da milli, dini, əqidə müxtəlifliyi ilə bir-birindən fərqlənən komitələr yaradılır. Rusiyanın paytaxtı Peterburqda bolşeviklər çevri¬liş¬lə hakimiyyəti ələ alırlar.
1917-ci il noyabrın 1-də isə Kırım Tatarlarının Komitələ¬rin¬dən seçilən nümayəndələr Ağməsciddə qurultaya toplaşırlar. Qurultay Kırımda yaşayan xalqların, dininə və dilinə, adət-ənənəsinə sayqı göstərəcək, onların dini, milli və siyasi haqlarını qoruyacaq Kırım Xalq Cümhuriyyəti qurulduğunu elan edir. Yeni qurulan hökuməti qorumaq üçün I Dünya Sa¬va¬şına cəlb edilmiş kırımlı əsgər və zabitləri vətənə gətirmək qərara alınır.
1917-ci il noyabrın 17-də Kırımda ilk dəfə qadınların da tam hüquqlu vətəndaş kimi iştirak etdiyi bir seçki keçililir. Deputatlar noyabrın 26-da Baxçasaraya gəlirlər. Xan camidə namaz qıldıqdan sonra nümayəndələr Divan-i Ali Odasına doğru irəliləyəndə əsgərlər onları komandirlərin əmrilə hərbi qaydada salamlayır, “Hürriyyət” marşı çalınır, bu günləri görmək arzusuyla yaşayan xalq kütlələri, tələbələr onları alqışlayrlar. Saat 14.00-da toplantı öz işinə başlayır. Toplantının ilk iclasına yaşda hamıdan böyük olan Hacı Əli əfəndi sədrlik edir. Qurultayın rəyasət heyətinə Noman Çələbi Cihan, Cəfər Seyidəhməd, əbdülhakim Hilmi, Hacı Bədrəddin və Şəfiqə Qaspıralı seçilir.
Aralarında qadınlar da olan 76 deputat ciddi müzakirələrlə qanunvericilik aktları hazırlayır. Qurultay Kırım Xalq Cümhuriyyətinin Anayasasını (konstitusiyasını) hazırlamaq üçün komissiya yaradır. Bu komissiyaya Noman Çələbi Cihan, Cəfər Seyidəhməd, Cəfər Ablay, Asan Səbri Ayvazov üzv seçilir. Onların hazırladığı Anayasa (Konstitusiya) geniş müzakirədən sonra qurultay iştirakçıları tərəfindən dekabrın 13-də qəbul olunur. Həmin Anayasanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən qurultay parlamentə çevrilır. Qurultay Kırımda bütün idarəciliyi üzərinə götürmək üçün ciddi addımlar atır. Yeni qurulan Milli Hökumətin təşkili Noman Çələbi Cihana həvalə edilir. Dekabrın 26-da axşam Noman Çələbi Cihan yeni hökumətin tərkibini elan edir: Noman Çələbi Cihan – Hökumət Rəisi və Ədliyyə Müdiri, Cəfər Seyidəhməd – Hərbi və Xarici işlər naziri, əhmət Şükrü – Dini İşlər Müdiri, İbrahim Özanbaşlı – Maarif Müdiri, Seytcəlil Hattat – Maliyyə və Maarif Müdiri olur.
Bolşeviklər bundan bərk narahat olur. Akyardakı (Sevas¬to¬pol) Hərbi İnqilab Komitəsi Qara Dəniz Donanmasının gəmilərini yarımadanın liman şəhərlərinə hərbi əməliyyata göndərir. Sülhdən, xalqların hüquq bərabərliyindən, sosial ədalətdən dəm vuran bolşeviklər özlərinə düşmən saydıqları, açıq döyüşlər apardıqları, ağqvardiyaçı adlandırdıqları Rusiyanın silahlı dəstələrinə rəhbərlik edən generallarla da ittifaqa girirdilər ki, əsarətdəolan xalqlar müstəqillik əldə etməsinlər. Ancaq əksəriyyəti ruslardan ibarət olan müxalif menşevik partiyasının yerli təşkilatı yeni qurulan hökuməti dəstəkləyirdi.
Vəziyyətin getdikcə gərginləşdiyini görən Cəfər Seyidəhməd Kırımın müdafiəsini təşkil etmək məqsədi ilə vaxt itirmədən danışıqlar apararaq Ukrayna cəbhəsindəki Kırım Tatar Süvari dəstələrini vətənə gətirmək üçün Kiyevə yola düşür. Yaranmış qarışıqlıq, beynəlxalq vəziyyətin gərginliyi, dəmir və şosse yollarının normal işləməməsi Cəfər Seyidəhmədə planlarını həyata keçirməyə imkan vermir.
Dinc yolla yeni yaranmış hökuməti özlərinə tabe edə bilməyəcəklərini gördükdə bolşeviklər hərbi müdaxiləyə əl atırlar. Buna bəhanə kimi də Gözləvdəki iki vaqon silahın Akməscidə (Simferopola) gətirilməsi olur. Yarımadanın müxtəlif yerlərində – Gözləv, Yalta, Kerç və b. sahilyanı şəhərlərdə toqquşmalar başlayır. Bolşeviklərin Akyardakı 10 minə yaxın əsgəri Akməscid üzərinə hücuma keçir. Beləcə yeni yaradılan hökümət süqut edir.
General Sulikevicin zamanında- ağqıvardıyaçılar Kırımı işğal edəndə Xarici İşlər naziri olan Cəfər Seyidəhməd Parisə millətlər liqasına xalqının dərdlərini anlatmağa gedir. Orada fransızca Kırım kitabını çap etdirir. Həmin kitab doqquz il sonra, yəni 1930-cu ildə polyak dilində Varşavada çap olunur. Millətlər liqasının əsarətdə olan xalqlara azadlıq verməyi deyil, dünyanı bölüşdürməyi müzakirə etdiyini görən Cəfər Seyidəhməd Türkiyəyə gəlir.
Türkiyədə yaşadığı illərdə Kırım türklərinin və Sovetlər Birliyinin əsarəti altında qalan xalqların haqlarını müdafiə edir. “Eməl” dərgisini, “Rus İnqilabı”, “Ukrayna və İstiqlal Mücadilələri”, “Qaspıralı İsmail Bəy”, “Rus Tarixinin İnqılaba, Bolşevizmə və Cahan İnqilabına sürüklənməsi”, “Məfkurə və Türkçülük” adlı kitablarını çap etdirir.
Şərəfli ömrünü türkcülük davasına həsr edən, Azərbaycanla sıx bağlı olan, Türkiyədəki azərbaycanlı mühacirlərlə əməkdaşlıq edən Cəfər Seyidəhməd Krımer 1960-cı il aprelin 3-də İstanbulda dünyasını dəyişir. Onu Feriköy qəbristanlığında dəfn edirlər. Onun mübarizəsi isə gəncliyə bir örnək olur.
Mətni yazdı Əli Şamil (Şamilov Əli Hüseyn oğlu)
|