Börüyev Gümüşəli

Börüyev Gümüşəli

Türk Dünyasının Məşhurları-31

Göndərmə 07.08.2013 08:08:46 UTC

Güncəlləmə 07.08.2013 08:08:46 UTC

www.trtazerbaycan.com

http://www.trtazerbaycan.com/trtworld/az/newsDetail.aspx?HaberKodu=30252fff-7f7f-4463-bb60-2b1e8f6368b4


“Türk dünyasının məşhurları” proqramında sizlərə ömrünü vətən və millət yolunda şam kimi əritmiş, lakin siyasi baxışlara görə uzun illər adlarının çəkilməsi belə qadağan olunmuş, yaxud ömür yolları, yaradıcılıqları öyrənilməmiş, bir sözlə, bilərəkdən unutdurulan insanlardan söz açmağa çalışırıq. Belə insanlardan biri də türkmən xalqının böyük oğlu, dilçi alim, pedaqoq, islahatçı Gümüşəli Börüyevdir.

Gümüşəli Börü oğlu Börüyev 1896-cı ildə indiki Qazaxıstan Cümhuriyyətinin Manqışlaq bölgəsindəki Xoca kəndində doğulub. Burada yaşayanlar qoyun və dəvə saxlamaqla dolanışıqlarını təmin edirdilər.

Xəzər dənizinin doğusunda yerləşən bu bölgədə türkmənlərlə qazaxlar qarışıq şəkildə yaşayırdılar. Sovet hakimiyyəti illərində kollektiv təsərrüfatlar yaradılanda əhalinin əlindən qoyun sürüləri, atları, dəvələri, gözəl evləri alınaraq kolxoz-sovxozlara verildi. Mal-mülkləri əlindən zorla alınmış insanlar da ümumi təsərrüfata laqeyd yanaşdılar. Nəticədə yüz minlərlə heyvan aclıqdan və baxımsızlıqdan öldü. Bununla da bölgədə yaşayan əhali də aclıqdan, yoluxucu xəstəliklərdən məhv olmağa başladı. Əhalinin bir qismi çətinliklə də olsa, min kilometrlərlə yolu piyada keçərək İrana keçə bildilər. Beləcə Manqışlaqda əhalinin sayı azaldı, milli tərkibi dəyişdi.

Kəndlərindəki mollaxanada, yəni ibtidai məktəbdə ilk təhsilini alan Gümüşəli sonra mədrəsədə oxuyur. Onun hansı mədrəsədə oxuduğu haqqında qaynaqlarda bəlgəyə rastlanmasa da, 1911-1915-ci illərdə Daşkənddəki Müəllimlər Seminariyasında oxuduğu bilinir.

Daşkənddə oxuyarkən cədidçilərə qoşulan, rus dilini öyrənən Gümüşəli Börüyev ictimai-siyasi işlərdə də fəallıq göstərir. Elə buna görə də bolşeviklər Türküstanı işğal edəndə Gümüşəli Börüyevi öz tərəflərinə çəkə bilirlər. Bölgədəki qarışıq illərdə o, millətçilərlə eyni baxışda olsa da, sosial ədalət, bərabərlik, varlı-kasıb arasında fərqin aradan qaldırılacağı, insanların bərabər, sinfi və milli ayrıseçkilik olmadan yaşayacağı şüarları ona çox şirin gəldiyindən sosialistlərlə bir sırada olmağa üstünlük vermişdi.

Savadsızlığın aradan qaldırılması uğrunda mübarizənin ön cərgəsində olan Gümüşəli Börüyevi Türküstan Muxtar Sovet Sosialist Cümhuriyyətində rəhbər işə götürürlər. O, 1922-1924-cü illərdə Türküstan Muxtar Sovet Sosialist Cümhuriyyəti Xalq Komissarlar Sovetində Türkmən Elm Komissiyasının sədri və Xalq Komissarlar Sovetində Türkmənistanın nümayəndəsi vəzifələrində işləyir. Rəhbər vəzifədə işləsə də, bolşeviklərin siyasəti ilə barışa bilmir. O, dinə qarşı mübarizə adı altında milli dəyərlərin yox edilməsinə, beynəlmiləlçilik adı altında ruslaşdırma siyasətinə, bolşevik qardaşlığı adı altında bölgədə yaşayanların son tikəsini belə zorla əllərindən alıb Rusiyaya göndərilməsinə etirazını bildirir. Buna görə də hakimiyyətdə olan ruslarla arasında nifaq yaranır və xüsusi xidmət orqanları onu təqib edir, təzyiqlər göstərir. Yerli kadrlara rusların yuxarıdan aşağı baxması, xüsusi xidmət orqanlarının hüdudsuz səlahiyyət sahibi olması onu bərk narahat edir. Vəzifəsini buraxaraq Daşkənddən çıxıb Türkmənistana gəlir.

Aşqabada gələn Gümüşəli Börüyevi Sovet xüsusi xidmət orqanları həbs edir. Uzun sürən dindirmədən sonra əməlində ciddi bir qanun pozuntusu tapa bilmədiklərindən həbsdən azad eməli olurlar. Bu həbs o demək idi ki, Gümüşəli Börüyev rəhbər partiya – sovet işində işləyə bilməz.

1925-ci ildə SSRİ-nin əksər Cümhuriyyətlərində olduğu kimi Türkmənistanda da Türkmən Elmi Ədəbi Cəmiyyəti yaradılır. Cəmiyyətə Muhammed Gəldiyev sədr, Abdulhəkim Qulməhəmmədov müavin seçilir.

Gümüşəli Börüyev Elmi Ədəbi Cəmiyyətin formalaşmasında fəal iştirak edir. Qısa müddətdə cəmiyyətin ətrafına beş yüz nəfərdən çox türkmən ziyalısı toplaşır. Onlar bölgələri gəzir, kəndlərdən qədim əlyazmaları, folklor nümunələrini toplayır, arxeoloji, etnoqrafik ekspedisyalar təşkil edirlər. Cəmiyyətin milli yönlü fəaliyyəti rəhbər vəzifədə işləyən rusları bərk qorxuya salır.

Çox keçmir ki, Türkmən Elmi Ədəbi Cəmiyyətinin fəaliyyəti dayandırılır. Gümüşəli Börüyev Abdulhəkim Qulməhəmmədovla birlikdə Yeni Türk Əlifba Komitəsində işləyir. Latın qrafikalı yeni türk əlifbası haqqında fikirlərini öncə qəzetdə, sonra da ayrıca kitab halında çap etdirirlər.

Yeni Türk Əlifba Komitəsində işləməsi ona Bəkir Çobanzadə, Xalid Səid Xocayev, Ahmed Bəytursunov və başqaları ilə sıx ünsiyyətdə olmasına imkan verir.

Gümüşəli Börüyevin Muhammed Gəldiyevlə birlikdə hazırladıqları latın qrafikalı yeni Türkmən əlifbasi öncə qəzet və jurnallarda, sonra da kitab şəklində 1928-ci ildə çap olunur. Həmin il Türkmənistan Mədəniyyət İnstitutu “Türkməncə-Rusca sözlük” hazırlamaları üçün yeddi nəfər araşdırıcı ayırır. Bu qrupa Gümüşəli Börüyev rəhbərlik edir. Onun Əlişbəy Əliyevlə birlikdə hazırladığı 20 min sözü əhatə edən “Rusca-Türkməncə sözlük” kitabı 1929-cu ildə işıq üzü görür.

1929-cu ildə isə Musa İsmayılovla birlikdə hazırladıqları “Əlifba” kitabı 1930 və 1931-ci illərdə çap olunur.

Gümüşəli Börüyevin Potseluyevlə birlikdə hazırladıqları, 700 səhifəlik “Türkməncə-Rusca sözlük” 1931-ci ildə tamamlansa da, heç bir rəsmi açıqlama edilmədən çap olunmadı.

Elmi-pedaqoji fəaliyyətlə yanaşı, gizli təşkilatların işində də fəal iştirak edən Gümüşəli Börüyevi Sovet xüsusi xidmət orqanları ciddi nəzarətdə saxlayır. Təqib və təzyiqlərə baxmayaraq milli ədəbiyyat haqqında məqalələr yazaraq qəzetlərdə çap etdirir, Dövlətməhəmməd Balqızlının və başqa müasirlərinin kitablarını çap etdirir.

Yeni Əlifba Komitəsinin işində fəallığı ilə seçilən Gümüşəli Börüyevin rəhbərliyi ilə Türkmənistanda ilk Yeni Əlifba Konfransı keçirilir. Konfranslardakı çıxışları, qəzet və jurnallardakı məqalələri ona xalq arasında hörmət qazandırırsa, dövlət orqanlarında nüfuzdan salır.

1931-ci ildə Türkmən Elmi Ədəbi Cəmiyyətinin sədri Muhammed Gəldiyev müəmmalı şəkildə ölür. Cəmiyyətin katibi Abdulhəkim Qulməhəmmədov isə İrana gizli getmək istədiyinə görə Arçabeldə yaxalanaraq məhkəməsiz, istintaqsız güllələnir.

Gümüşəli Börüyev isə belə gərgin günlərdə özünü siyasi proseslərdən kənarda göstərərək ciddi elmi-pedaqoji fəaliyyətlə məşğul olsa da, ölümdən yaxa qurtara bilmir. 1932-ci il martın 19-da onu da həbs edirlər. Yeddi aya yaxın sürən istintaqdan sonra onu Solovki adalarındakı həbsxanaya göndərirlər. Həbsxanada keçirilən siyasi aclıq aksiyalarında fəal iştirak etdiyinə, antisovet təbliğatına və müxtəlif vasitələrlə azadlıqda olan məsləkdaşları ilə əlaqə yaradaraq onları istiqamətləndirdiyinə görə 1937-ci il oktyabrın 9-da yenidən istintaqa cəlb edirlər. Hərbi Kollegiya ona ölüm hökmü kəsir. Rəsmi sənədlərə görə ölüm hökmü 1937-ci ilin oktyabrın 27-də yerinə yetirilir və Karelyanın Sandormax həbsxanasının yanındakı kütləvi məzarlıqda dəfn edilir.

Ailəsinin müraciətindən sonra 1958-ci ilin martın 19-da bəraət verilərkən 1942-ci il oktyabrın 27-də öldüyü göstərilir. Buna görə də uzun müddət Türkmən araşdırıcıları Gümüşəli Börüyevin ölüm tarixini 1942-ci il göstərirlər. Ancaq Sovetlərin bütün təzyiq və saxtakarlığına baxmayaraq, Türkmən xalqı sevimli oğlunun xatirəsini heç vaxt unutmur.

 Mətni yazdı Əli Şamil (Əli Hüseyin oğlu Şamilov)

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol