Türk Dünyasının Məşhurları-39
Xəsənqata Qabəşi
Göndərmə 10/10/2013 8:50:33 AM UTC
Güncəlləmə 10/10/2013 8:55:27 AM UTC
www.trtazerbaycan.com
http://www.trtazerbaycan.com/trtworld/az/newsDetail.aspx?HaberKodu=68f191ad-c6d2-4786-beff-404ac9b5f66d
“Türk dünyasının məşhurları” proqramında sizlərə ömrünü vətən və millət yolunda şam kimi əritmiş, lakin siyasi baxışlara görə uzun illər adlarının çəkilməsi belə qadağan olunmuş, yaxud ömür yolları, yaradıcılıqları öyrənilməmiş, bir sözlə, bilərəkdən unutdurulan insanlardan söz açmağa çalışırıq. Belə insanlardan biri də tatar tarixçisi, din alimi, qazı Xəsənqata Qabəşidir.
Xəsənqata Qabəşi 1863-cü il yanvarın 11-də Keçe Sılabaş kəndində molla ailəsində doğulmuşdur. Onun atası Möxəmməd və babası Kəlimulla Qobeydulla oğlu kənd təsərrüfatı işləri ilə məşğul olmaqla yanaşı, əlyazma kitablarının üzünü köçürmək və qəbir daşları üzərində ölənlər haqqında bilgi yazmaqla da məşğul olarlarmış.
Xəsənqata da ilk təhsilini evdə atasından və babasından aldığından mədrəsədə ibtidai siniflərdə oxumayıb. Atası onu 1875-ci ildə Kazandakı Vəli həzrətləri mədrəsəsinə göndərib. Bu mədrəsə o dövrdə Üsul-i Qədim, yəni köhnə qaydalarla dərs verən təhsil ocağı sayılırdı. Avropanın təsiri ilə formalaşan, yeni üsulla dərs verən, yəni proqramında riyaziyat, coğrafiya, kimya və başqa fənlər tədris edilən, xarici dillər öyrədilən mədrəsələrlə Üsul-i Qədim adlandırılan mədrəsələr arasında bir qarşıdurma, açıq və gizli bir ziddiyət vardı.
Ata və babası Xəsənqatanın mühafizəkar bir təhsil ocağında oxumasını istəsələr də, o, rus dilini, riyaziyyatı, coğrafiyanı, təbiət elmlərini, tarixi öyrənmişdir.
Xəsənqata Qabəşi 12 il mədrəsədə oxumuş, 5 ildən çox da orada dərs demişdir. Kazan mühiti onun dünyagörüşünün formalaşmasına güclü təsir göstərmişdir. Belə ki, Şibahəddin Mərcani, Kamal Nasrı, İsmayıl bəy Qaspıralı, Nikolay Katanov, Qalimcan Barudi və başqa elm adamları ilə yaxından tanış olmuşdur. Şibahəddin Mərcanini yüksək dəyərləndirən Xəsənqata Mərcaniyə ithaf etdiyi kitabında yazmışdı: “Tarixi bir elm olaraq tanımayan bizim millətimiz qarşısında Mərcaninin rolu böyük olmuşdur. O, bizim milli tarixşünasılğımızın təməlini qoymuşdur”.
Xəsənqata elmə və yaradıcılığa böyük maraq göstərsə də, nədənsə Kazandan ayrılmalı olur. Doğulub, boya-başa çatdığı kəndə dönür. Bir müddət kənd məscidində mollalıq edir, ətraf bölgələri gəzərək xalqların yaşayış tərzi, hansı tayfadan, hansı nəsildən olduğu ilə maraqlanır. Necə deyərlər, gələcək əsərləri üçün material toplayır.
1889-cu ildə yenidən Kazana dönən Xəsənqata Qabəşi Yunusov qardaşlarının müsəlman uşaqlarının təlim-tərbiyəsi üçün açdıqları internat tipli məktəbdə müəllim işləməyə başlayır. O, üsul-i qədim mədrəsəsini bitirib orada dərs desə də, yeni iş yerində cədidçi kimi tanınır. Mədrəsədə oxuduğu və işlədiyi illərdə dərslik qıtlığının yaratdığı çətinliyi aradan qaldırmaq üçün özü dərslik yazıb çap etdirməyə başlayır. 1889-1890-cı illərdə beş kitab nəşr etdirir. Bu kitablardan biri də ata babası Qobeydulla Qabeşinin seçilmiş şeirlər kitabı olur.
Xəsənqata Qabəşi bu dəfə Kazanda çox qalası olmur. Yenidən Sılabaş kəndinə dönərək evində uşaqlara dərs deyir, elmi araşdırmalar aparır. Onun kənd məktəbini müasirlərinin bir çoxu Sılabaş Universiteti adlandırmışdır. 1893-1894-cü ildə kənddə yaşayan Xəsənqata Qabəşi 1895-ci il fevralın 10-da Orenburq İslam Dini İdarəsinə qazi seçdiklərindən Ufa şəhərinə köçməli olur. Dörd ilə yaxın qazi işləyir və 1897-ci ildə “Türk ırıqları”, yəni “Türk tayfaları”, 1899-cu ildə isə “Muxtəsər tarixi qövmü Türk” kitablarını çap etdirir. Ensiklopediya tipli bu kitablar yalnız Rusiyada yaşayan Türk xalqları arasında deyil, düya türkoloqları arasında da böyük maraqla qarşılanır.
Xəsənqata Qabəşi 1907-ci ildə yenidən qazi seçildiyindən yenidən Ufaya köçür. Burada vəzifəsinin verdiyi imkanlardan istifadə edərək kasıb uşaqlar üçün sənət məktəbinin təşkilinə, Ufa həbsxanasındakı müsəlman məhbuslar üçün savadsızlığı aradan qaldırma kurslarının açılmasına nail olur.
16 il üzərində işlədiyi “Müfəssəl Tarix-i Qövmi Türki” kitabını 1909-cu ildə Ufada çap etdirir. Doğu və Avropa alimlərinin tarixə yanaşma metodlarının sintezindən yaranan bu kitabda Xəsənqata Qabəşi çağdaşı olduğu Türk tayfalarından, onların keçmişindən söz açmaqla kifayətlənmirdi. Türklərə qonşu olan və onlarla qohum sayılan Fin-Uqor tayfalarının tarixi haqqında, eləcə də ari tayfalarınını dilindən, həyat tərzindən, Hindistan’a və İran’a köçmələrindən, oradan da Avropa’ya köç etmələrindən yazırdı.
Yunanların Qara dəniz sahillərinə çıxması uğrunda mübarizəsindən, Türklərlə qarşılaşmalarından bəhs edən səhifələr də olduqca diqqətiçəkən idi. Böyük türkoloq Türk tayfalarının tarixin müxtəlif dövrlərində fərqli adlar daşımalarına aydınlıq gətirməklə yanaşı, assimilə olunan Türk tayfaları haqqında da bilgi verir.
Kitabın çapından az sonra alim dünyanın müxtəlif guşələrindən 200-dən çox məktub alır. Hətta Osmanlı sultanı Muhammed Reşad ona 1910-cu ildə hədiyyə olaraq, xalça, qızıl cib saatı və qiymətli daşlarla bəzədilmiş təsbeh göndərir.
Onun bu uğurları yalnız çar məmurlarını deyil, öz soydaşı və dindaşı olan xəbisləri də bərk narahat edir. Kazanlı tacirlərdən Siracəddin Zabirov və istefada olan hərbi imam Möxəmməd Qarif Abdulvəliyev Rusiya Xarici İşlər Naziri Makarov’a şikayət məktubu yazır. Məktubda göstəritlər ki, pantürkist əsərlər yazaraq çap etdirən Xəsənqata Qabəşi çar və onun ailəsinə lənət yağdırır.
Məlum məsələdir ki, Xəsənqata Qabəşi kimi vətənsevər, mömin birisi müstəmləkəçidən, antiislam və antitürk bir hökumətdən razı ola bilməzdi. Fikirlərini də gizlətməyərək soydaşlarının yanında açıq söyləyirmiş. Soydaşlarının əksəriyyəti onu ələ vermədiklərindən istintaq haqqında cinayət işi aça bilmir.
Orenburq’da 1906-1918-ci illərdə çap olunan “Vakıt” və Kazan’da 1906-1918-ci illərdə çap olunan “Yıldız” qəzetlərinə, Orenburq’da 1906-1917-ci illərdə çap olunan “Din və məişət”, 1908-1917-ci illərdə nəşr olunan “Şura” jurnallarına mütamadi məqalələr yazan Xəsənqata Qabəşi “Məlumat-i məhkəmə-yi şəriət” və “Məcəllə məhkəmə-yi şəriət” jurnallarını da redaktə etmişdir.
Onun “İslamda müsiqi və nəğmə haqqında”, “Misyonerlik hərəkatı haqqında”, “Müsəlman kəndlərinin isimləri”, “Milli türk tarixi”, “Xalq Universitetləri haqqında”, “Yeddisu vilayətindəki zəlzələ haqqında”, “İç Rusiya və Sibir müsəlmanlarının əsgərlik məsələsi” və başqa əsərləri bu gün də elmi dəyərini itirməmişdir.
1917-ci ildə Xəsənqata Qabəşi siyasətlə fəal məşğul olmaq istəsə də, bu uzun sürmür. Siyasətdən uzaqlaşaraq doğma kəndinə qayıdaraq məktəbdarlıq etməyə başlayır. Lakin onun əkdiyi toxumlar cücərirdi. O, Türk tarixini üç dövrə, birinci Bulqardan əvvəl və Bulqar dövrünə, ikinci Monqol istilasında Kazan xanlığının Rusiya tərəfinfən işğalı dövrünə , üçüncü isə işğaldan sonrakı dövrə bölürdü.
Bolşeviklərin tərəfini tutan, sosializm quruculuğunda canından keçməyə hazır olan kommunistlər belə Xəsənqata Qabəşi əsərlərini həvəslə oxuyur, ondan ilhamlanırdılar. Milli şüurun oyanması isə Sovetlər adı altında xalqları yenidən əsarət altına alan Rus siyasətçilərinin xeyrinə deyildi. Odur ki, Xəsənqata Qabəşi kimi düşünən başları aradan götürmək üçün müxtəlif yollar axtarırdılar.
1931-ci ildə Xəsənqata Qabəşi’n malı, mülki əlindən alınır və özü də Kokuşkin kəndində yaradılmış kollektiv təsərrüfatda işləməyə məcbur edilir. Lakin bu da Sovet məmurlarını razı salmır. İslami dəyərləri hər şeydən uca tutan və onu təbliğ edən qoca alimi 1932-ci ilin yanvarında həbs edərək Ağ Dəniz-Baltik kanalının tikintisində işləməyə göndərilir.
İnsanlara edilən zülmdən və qəddarlıqdan ağlını itirən alimi 1936-cı ildə doğulduğu kəndə, Sılabaşa göndərirlər. Xəsənqata Qabəşi orada çox yaşamır, 1936-cı il avqustun 7-də dünyasını dəyişir.
Onun əsərlərinin tədqiqi, nəşri qadağan edilsə də, Sovet hökuməti yıxıldıqdan sonra Xəsənqata Qabəşi’yə bəraət verilmiş, irsinin öyrənilməsi və təbliğinə başlanmışdır.
Mətni yazdı Əli Şamil (Əli Hüseyin oğlu Şamilov)
|