Türk Dünyasının Məşhurları-Mehmet Emin Buğra
Doğu Türküstanın görkəmli siyasi xadimi, dövlət adamı və ədibi Mehmet Emin Buğranın ömür yolundan və yaradıcılığı...
Göndərmə 13.04.2013 08:39:01 UTC
Güncəlləmə 13.04.2013 08:39:01 UTC
www.trtazerbaycan.com
http://www.trtazerbaycan.com/trtworld/az/newsDetail.aspx?HaberKodu=a8e81201-a366-4474-8658-c95ce84f89a3
Mehmet Emin 1901-ci il fevralın 12-də bu günkü Çin Xalq Respublikasındakı Sintszyan-Uyğur Muxtar Rayonunun Xoten vilayətinin İlçə bölgəsində dünyaya gəlir. Onun atası Pirabidin bölgənin sayılıb-seçilən din alimlərindən olub. Uşaqkən atası Pirabidin Hacıyı itirən Mehmet Emini anası Sərinəbanu xanım böyüdür. Dörd oğlan və iki qızı böyütmək ərsiz qadın üçün asan olmasa da, o, övladlarının təlim-tərbiyəsinə və təhsilinə xüsusi diqqət yetirir. İlk təhsilini yaşadıqları qəsəbədəki mollaxanada alan Mehmet Emini anası 9 yaşında Xotendəki mədrəsədə oxumağa göndərir.
Oranı bitirdikdən sonra təhsilini Xotenin Karakaş nahiyyəsindəki mədrəsədə davam etdirir. Burada Quranı-Kərimi, şəriəti, bəlağəti, fiqhi, eləcə də ərəb və fars dillərini dərindən öyrənir.
Təhisilni uğurla başa vuran 22 yaşlı Mehmet Emini Karakaşdakı Oybağ mədrəsəsinə islam hüququndan dərs deməyə dəvət edirlər. Mədrəsədə oxuduğu illərdə şeir yazmağa başlayan Mehmet Emin Karakaşdakı Oybağ mədrəsəsində işləyəndə orada olan Osmanıllarla tanış olur və onlardan elmi araşdırma metodlarını öyrənir. Uyğur Türklərində sayğın və nüfuzlu din adamlarına verilən “Həzrətim” kimi anılır.
1930-cu ilədək Oybağ mədrəsəsində dərs deyən Mehmet Emin tələbələrini zülm və zalıma qarşı barışmaz olmaq ruhunda tərbiyə etməyə çalışır. Bu da açıqdan-açığa Çin işğalçılarının yürütdüyü siyasətə qarşı üsyana hazırlıq demək idi.
Ana dilində, ərəbcə və farsca şeirlər yazan, yeniliyə can atan, təhsildəki Avropa metodlarını öyrənərək, öz işində tətbiq etməyə çalışan gəncin fəaliyyəti mühafizəkarların heç də xoşuna gəlmir.
Mehmet Emin Hindistana və Məkkəyə Hac ziyarətinə gedib-gələn tacir və hacılar vasitəsilə xarici ölkələrdə türkcə, farsca, ərəbcə çap olunan qəzet, jurnal və kitabları gətizdirir, dünyada baş verən hadisələrdən, eləcə də fikir cəryanlarından xəbər tutur, oxuduqlarını müqayisə edir, vətəninin azadlığı üçün hansı yolun vacib olduğunu müəyyənləşdirməyə çalışır.
Xalqının Çin işğalından qurtuluşunun yeganə yolunu təşkilatlanmada və fikir birliyində görən Mehmet Emin öncə tələbələri arasında iş aparır. 1929-cu ildə isə Doğu Türküstanın önəmli şəhərlərini gəzir, özünə fikirdaşlar axtarır. Qulca şəhərində müəllim işləyən Sabit Abdulbaki ilə görüş onda ruh yüksəkliyi yaradır. Sonralar Sabit Damolla kimi tanınan Sabit Abdulbaki ilə Mehmet Emin Buğra uzun söhbətdən sonra bu qərara gəlirlər ki, Çin işğalçıları danışıqlarla, siyasi yolla Doğu Türküstanı tərk etməyəcək. Buna görə də silahlı müqavimət hərəkatının başlaması qaçınılmazdır. Bunun üçün müxtəlif bölgələrdə silahlı milli müqavimət hərəkatı təşkil edilməlidir.
Mehmet Emin Buğra 1930-cu ildə "Milli İnqilab Təşkilatı” adı altında gizli bir qurum yaradır. Bu təşkilatın məqsədi silahlı üsyana hazırlıq, silah və maddi vəsait əldə etmək olur. Bunlar olduqdan sonra işğalçıların əlindən cana doymuş xalq axın-axın onlara qoşulacağını bilirlər.
Quracaqları gizli təşkilatlara xaricdən dəstək qazanmaq üçün Hindistana, Türkiyəyə və Hac ziyarəti zamanı Məkkəyə gedən Sabit Damollam 1931-ci ildə geri dönərək Xotendə Mehmet Emin Buğra və dostlarının qurmuş olduğu gizli təşkilatın üzvlərinə qoşulur.
Mehmet Emin Buğranın rəhbərliyi ilə qurulan gizli təşkilat 1932-ci il oktyabrın 29-da Karakaş nahiyyəsində hərəkata başlayır. Onlar qısa bir zamanda batıda Kaşqarın Yenihisar nahiyyəsindən, Doğu Çinin Dunqhuvanq əyalətinədək olan böyük bir bölgəni Çin işğalçılarından azad edirlər. 1932-ci il fevralın 20-də Karakaşda Mehmet Niyaz Elem və Sabit Damollamın rəhbərliyi ilə Müvəqqəti Xoten Hökuməti qurulduğunu elan edirlər. Bu hökumətdə Başkomandan vəzifəsini Mehmet Emin Buğra tuturdu. Tarixə “Kumul üsyanı” kimi daxil olan bu hadisədən sonra 1933-cü il noyabrın 12-də bütün milli təşkilatlar toplanaraq Qaşqarda Doğu Türküstan İslam Cumhuriyyəti qurduqlarını elan edirlər.
Lakin Doğu Türküstan İslam Cumhuriyyətinin ömrü o qədər də uzun olmur. Sosial ədalətin qalib gələcəyinə inananlar İslam Cümhuriyyətini müdafiə etmir. Çinlilər isə ölkədəki müsəlmanların böyük bir qismini yeni qurulmuş hökumətə qarşı qaldıra bilir. Mehmet Emin Buğra, Nur Məhəmməd bəy nə qədər cəsarətlə döyüşsə də, Yenihisarın müdafiəsində hərbi manevrlərdən bacarıqla istifadə etsə də, kənardan kömək ala bilmədiyinə görə doyüşlərdə şəhid olur. (fikri tuta bilmədim. Düzəldin zəhmət olmasa)
Mehmet Emin Buğranın rəhbərlik etdiyi silahlı dəstələr də nə kənardan, nə də öz soydaşları tərəfindən lazımi səviyyədə müdafiə olunmadıqlarından savaşı uduzurlar. Mehmet Emin Buğra 1934-cü ilin iyulunda mühacirətə getməli olur.
O, Hindistanda mühacirətdə olanda da silahlı dəstələr hazırlayıb ölkəsinə dönməyi planlaşdırır.Əfqanıstanın, Kəşmirin Doğu Türküstana yaxın sərhədlərində ciddi iş aparır. Lakin ingilislər ona mane olur, bu azadlıq mücahidini həbs etmək istəyirlər. Mehmet Emin Buğra Əfqanıstana sığınaraq burada Abdullah Yarkenti adı ilə yaşayır və təşkilati işlərlə deyil, tədqiqatla məşğul olur. 1920-ci illərdə Türkiyənin Azərbaycanda səfiri olan, sonra Əfqanıstana dəyişilən Memduh Şevket Esendalla görüşləri və söhbətləri ona güclü təsir edir. Bu təsir sayəsində “Şərqi Türküstan tarixi” kitabını yazır.
1939-cu il dekabrın 2-də Əfqanıstana gələn İsa Yusuf Alptəkinlə görüşəndə Mehmet Emin Buğra əvvəlki illərdə olduğu kimi silahlı mübarizəyə üstünlük vermədiyini, xalqının qanının axıdılmaması, şəhər və kəndlərin xarabalığa çevrilməməsi üçün Çin hökuməti ilə dialoqa getməyə üstünlük verdiyini söyləyir.
Mehmet Emin Buğra 1942-ci ildə Hindistana gedir. İngilislər onu özləri üçün təhlükəli görərək həbs edib Peşavər Mərkəz həbsxanasına göndərirlər. 6 ay həbsdə qaldıqdan sonra onu ancaq Çinə dönmək şərti ilə 1943-cü ilin yanvarında həbsdən azad edirlər.
1943-cü il aprelin 6-da ailəsiylə Çinə gələn Mehmet Emin Buğra burada doktor Məsut Sabri Baykozi, İsa Yusuf Alptekin, Kadir Efendi kimi Doğu Türküstanın milliyətçi aydınları ilə birlikdə ''Yurddaş” cəmiyyətini qurur.
1944-cü ildə Doğu Türküstana gələn Mehmet Emin Buğra burada isa Yusuf Alptəkinlə birlikdə “Altay” jurnalının nəşrini bərpa etmiş, “Erk” qəzetinə məqalələr yazmış, gənclərin milli mübarizə ruhunda böyümələrinə var gücü ilə çalışmışdır. Doğu Türküstanda milli hökumət qurma çabası uzun sürmüşdü. Sovetlər Birliyi milli mübarizənin öncüllərinə müxtəli təsirlər göstərərək 1946-cı ildə Çinlilərlə ortaq hökumət qurmağa razılaşdırır. Bu hökumətdə o, bayındırlıq naziri vəzifəsini icra edir.
Lakin ortaq hökumətin ömrü uzun olmur. Sovetlər Birliyi diplomatik danışıqlar adı altında hökumətin rəhbərlərindən bir qrupunu Moskvaya dəvət edir. Onlar geri döndükdə isə Qazaxıstan üzərində təyyarələri vurulur. Elə həmin gün Çinin kommunist hökuməti bölgəyə qoşun yeridərək milli düşüncəli insanlara divan tutmağa başlayır.
Mehmet Emin Buğra təqibdən qurtularaq Hinistana qaça bilir. Üç ilə yaxın Hindistanda qaldıqdan sonra orada heç cür mübarizəsini davam etdirə bilməyəcəyini görüb Türkiyəyə gəlir və İstanbulda “Türküstan” adlı jurnalın nəşrinə başlayır. Az vaxtda bu jurnal Doğu Türküstanın azadlıq mübarizəsi aparanların orqanına çevrilir.
1952-ci ildə İstanbulda “Doğu Türküstanın dünü, bugünü” kitabını nəşr etdirir. 1953-cü ilin payızında isə keçirdiyi infarkt (qəlb krizi) nəticəsində uzun müddət yataq xəstəsinə çevrildiyindən jurnalın nəşrini davam etdirən olmur.
Türkiyə vətəndaşlığını qəbul edən və Ankaraya köçən Mehmet Emin Buğra Doğu Türküstan Dərnəyini qurur və 1956-cı ildə ayda bir sayı çıxan “Doğu Türküstanın səsi” jurnalının nəşrinə başlayır.
Ömrünün sonunadək Doğu Türküstanın azadlığı uğrunda mübarizə aparan Mehmet Emin Buğra 1965-ci ildə Ankarada dünyasını dəyişir.
Mehmet Emin Buğranın ölümündən 47 il, vətənini tərk etməsindən 62 il keçməsinə baxmayaraq hələ də Çin ideoloqları onu qorxu ilə xatırlayırlar. Çin Kommunist Partiyasının ideoloji işlər müdürü Çiyen Boçün bir məqaləsində yazır:
"Sincianqda ziyalılar və gənclərdə Türk milliyyətçiliyinin xortlamasında Mehmet Emin Buğranın 1930-ci illərdə Doğu Türküstan azadlıq mübarizəsinə təsiri və sonra onun yazdığı “Şərq-i Türküstan tarixi” adlı kitabı əsas ideoloji rol oynamaqdadır”
Mətni yazdı Əli Şamil (Şamilov Əli Hüseyn oğlu)
|