http://www.trt.net.tr/trtworld/az/newsdetail.aspx?haberkodu=ff9b774f-cbbd-42ab-ad18-11eb9af57dc1
Türk Dünyasının Məşhurları-32
Azərbaycanın vətənpərvər oğlu, vəkil, naşir, folklorçu və lüğətlər müəllifi Behzad Behzadinin ömür yolu və yaradıcılığı...Əli Şamil
Behzad Mirzə Paşa oğlu Behzadi hicri 1306-ci günəş ilinin Dey ayının 2-də, miladi təqvimiylə 1927-ci ilin dekabrin 23-də İran Astarasında doğulub. Onun uşaqlığı İranda ictimai-siyasi vəziyyətin gərgin illərinə təsadüf edib. Belə ki, İngilislərin yardımı ilə keçmiş qazaq dəstəsinin rəhbəri Rza öncə daxili işləri
naziri vəzifəsinə, sonra da Rza şah Pəhləvi adı ilə hakimiyyətə gətirilmişdi.
Ölkədə Qacarlar sülaləsinə bağlı olanlar da, Qacarlar sülaləsinin hakimiyyətini məhdudlaşdırıb konstitusiyalı monarxiya istəyənlər də, Qacarla sülaləsinin hakimiyyətinə son qoyub respubluka yaratmaq istəyənlər də, kommunistlərin hakimiyyəti ələ almasını arzulayanlar da Rza şah Pəhləvinin hakimiyyətə gətirilməsindən narazı idi. Lakin bu narazı qüvvələri birləşdirə biləcək bir güc, siyasi təşkilat yox idi. İngilis müstəmləkəçilərindən dəstək alan Rza şah Pəhləsi də narazı qüvvələri təkləyərək məhv edir, bununla da hakimiyyətini getdikcə möhkəmləndirirdi.
Atası Astara bələdiyyəsinin rəisi işlədiyindən evlərində gedən söz-söhbətlərindən, atasının dost-tanışlarıilə danışıqlarından şıdlarının bir çoxuna nisbətən dövrün ziddiyətləri haqqında daha çox bilgi əldəedib. Behzad Behzadi 14 yaşında, yəni 1941-ci ildə Astaradakı Həkimi Nizami məktəbini əla qiymətlərlə başa vurub. İranın təsil sistemində 9 illik təhsil orta təhsil sayılır. Behzad da doqquzuncu sinfi bitirib, yəni orta təhsil alıb Tehrana yola düşüb.
Onun Tehrana getdiyi vaxt İkinci Dünya Savaşının qızğın illərinə təsadüf edib. İranda Almaniyapərəst faşist yuvalarının olduğunu bəhanə gətirən Sovetlər qüzeydən, Böyük Britaniya isə güneydən II Dünya Savaşına qoşulmayan ölkəyə də qoşun yeridib. İngilislər Rza şah Pəhləvini alıb Cənubi Afrikadakı Moris adasına sürgün edib. Rza şah orada şübhəli şəkildə ölüb. Müttəfiqləri ilə zılaşmaya
əsasən İran Azərbaycanına qoşun yeritməli olan Sovetlər azılaşma şərtlərini pozaraq Tehranadək irəliləyib.
Belə bir gərgin zamanda Behzad Tehrandakı Daneşsəraye Moqəddəmat məktəbində oxuyaraq müəllim ixtisası qazanıb. Daneşsəraye Moqəddəmatı əla qiymətlərlə başa vuran Behzad həmin il hökumət təqaüdü almaq şərtilə Daneşsəraye aliyə, yəni Ali Müəllimlər məktəbinə qəbul olunub.
Behzad 1943-cü ildə Daneşsəraye aliyə, yəni Ali Müəllimlər məktəbinə qəbul olsa da, orada çox oxuya bilməyib. İrandakı
gərgin vəziyyətə görə hökumət tələbələrə vəd etdiyi təqaüdü verə bilməyib. Buna görə də o, 1944-cü ilin fevralında təhsilini yarımçıq qoymalı olub.
İran Azərbaycanında gedən demokratikləşmə hərəkatı, ana dilində ümumtəhsil məktəblərinin və universitetin açılması gənc Behzadı da özünə doğru çəkib. O, Təbrizə gələrək S.C.Pişəvərinin rəhbərliyi ilə qurulmuş Milli Hökumətin ana dilində açdığı Təbriz Universitetinin fizika -riyaziyyat fakültəsinə qəbul olunub. Universitetdə yalınz təhsil almaqla kifayətlənməyib, ilk dəfə burada ictimai işlərə də qoşulub. Universitet Tələbə Həmkarlar İttifaqına birinci katib seçilib. Demokratikləşmə, quruculuq və abadlıq işləri, ana dilinə sayqı göstərilməsi Behzadın gözləri qarşısında baş verib.
Behzad vətənində gedən dəyişikliklərin sıravi bir seyrçisi olaraq qalmayıb. O da fəal iştirakçıya çevrilib. Seyid Cəfər Pişəvəri, Məhəmmədəli Bağırzadə Biriya, Firudun İbrahimi və b. şəxsən tanış olub. Onlardan əqidə uğrunda necə mübarizə aparmaq lazım gəldiyini öyrənib. 1945-ci ildə SSRİ Mərkəzi İcraiyyə Komitəsinin
sədri Mixail İvanoviç Kalininin "Kommunist tərbiyəsi haqqında” əsərini farscaya tərcümə edərək nəşr etdirib.
İranda yaranmış nisbi demokratiyadan yararlanan Azərbaycanlılar da öz haqlarını tələb edir, milli dillərdə məktəblər, qəzet-jurnallar, teatr açır, xalqın güzaranının yaxşılaşması üçün bir sira islahatlar həyata keçirirlər. 1945-ci ildə Azərbaycanda yaradılan Milli Hökümətin həyata keçirdiyi islahatlar İranın hər yerində maraqla qarşılanır. Lakin bu hökümətin fəaliyyəti o qədər də uzun sürmür.
1946-cı ilin dekabırında xarici ölkələrdən yardım alan şah hökuməti Azərbaycana qoşun yeridərək demokratik hərakatın fəallarına və sıravi üzvlərinə divan tutub. Minlərlə insan öldürülüb. On minlərlə insan vətənini tərk edərək mühacirətə getməli olub. Ana dilində açılmış bir çox mədəni-maarif təşkilatları kimi Təbriz Universiteti də qapadılıb.
Behzad Behzadi də bir müddət yarımgizli yaşamalı olub. O, universitetdə çox az oxusa da, gördükləri və öyrəndikləri ömür yolunu müəyyənləşdirib.
Astara, Təbriz, Semnan, Tehran, Noşəhr (Ələmdeh) məktəblərində müəllim işləməklə yanaşı, biliyini artırmaq üçün daim öz üzərində işləyən Behzad Behzadi 1951-ci ildə "Bəşəriyyət" və "Bəşire ayəndə" qəzetinin, 1951-55-ci illərdə "Azərbaycan" qəzetinin baş yazarı olmaqla yanaşı, həm də tərcüməçilik edib. 1950-ci ildə Mirzə İbrahimovun "Azərbaycan milli demokratik hərəkatı haqqında” əsərlərini farscaya çevirib.
Sığorta şirkətlərinin təşkilində və inkişaf etirilməsində də az əmək sərf etməyən Behzad Behzadi bir müddət Milli Sığorta Şirkətində işləmiş, orada müdirlər heyətinin üzvlüyünədək yüksəlmiş, Tehran sğorta şirkətinin qurucusu və müdirlər heyətinin üzvü olub. O, sığorta təşkilatlarında işləməklə kifayətlənməmiş, metodik
vəsaitlər də hazırlayıb çap etdirmişdir. 1959-cu ildə nəşr etdirdiyi "Ömür sıgortası haqqnda məlumat” kitabçası uzun illər sığorta işçilərinin stolüstü kitabı olub.
İranda Beynəlxalq Ümumi Anbarlar Fedarasyonunun qurucusu olan Behzad Behzadi bir müddət həmin təşkilata rəhbərlik də edib.
Behzad Behzadi çətinliklərlə üzləşməsinə, tez-tez iş yerini dəyişməsinə baxmayaraq ali təhsil almaq istəyindən daşınmayıb. O, Tehran Universitetinin hüquq fakültəsinə qəbul olunub. Tələbə yoldaşlarının əksəriyyəti ilə aralarında yaş vərqi çox olmasına baxmayaraq, o, böyük həvəslə 1965-ci ildə universiteti bitirib.
1967-ci ildə Tehranda birinci dərəcəli ədliyyə vəkili kimi işə başlayan Behzad Behzadi güzaranını təmin etmək üçün müxtəlif sahələrdə çalışsa da, daima ana dilinin qorunması, milli mədəniyyətin yaşadılması yollarını düşünüb. O, yaxşı bilirdi
ki, dil millətin varlığıdır. Dil əriyib getdikdə millət də əriyərək tarix
səhnəsindən yoxa çıxır. Odurki, Azərbaycan SSRİ-də kril əlifbasıyla çap olunmuş 4 cildlik Azərbaycan Dilinin İzahlı lüğəti kitabını 1995-ci ildə ərəb əlifbasıyla Tehranda nəşr etdirməsini təqdirəlayiq hadisə saymaq olar. O, bununla da İranda dilimizin söz ehtiyatının elmi və bədii əsər yarada biləcək səviyyədə olmadığını iddia edənlərə sərt bir bir cavab vermiş oldu. Həm də ana dilində təhsil almaq hüququ olmayan, lakin milli varlığını anlayan, dilinə sayqı göstərən insanlara bir yolgöstərici vəsait də çap etmiş oldu.
Behzad Behzadi yalnız 4 cildlik Azərbaycan Dilinin İzahlı lüğəti kitabını çap etdirməklə kifayətlənməyib, özünün uzun illər üzərində işlədiyi "Azərbaycanca- farsca sözlük (Fərhənge Azərbaycani-farsi)" kitabını 2003-cü ildə və "Farsca-Azərbaycanca sözlük (Fərhənge farsi- azərbaycani)” kitabını da 2004-cü ildə tamamlayıb oxucuların ixtiyarına verməklə yanaşı, İranda keçirilən Birinci və İkinci Turk Dili Yazı Qaydaları Seminarlarında da
fəal iştirak edib, ərəb əlifbasıyla türkcə sözlərin orfoqrafiyasını hazırlayıb. 1998-ci ildə “Azərbaycan türkcəsinin yazılışı qaydaları haqqında” kitabını çap etdirib.
1988-ci ildə Mirzə İbrahimovun iki dram əsərini farscaya çevirərək “Do nemayeşname” adıyla çap etdirməklə kifayətlənməyərək, həmin pyesləri əski əlifbaya çevirib "İki nümayişnamə" adıyla nəşr etdirib. 1998-ci ildə farsca nəşr etdirdiyi “Oğuz türklərinin ədəbi epik şah əsəri Kitabi Dədəm Qorqud" əsəri farsdilli oxuculara geniş bilgi verib. Behzad Behzadi 2003-cü ildə "Azəri" adlı jurnalın nəşrinə nail olub.
Azərbaycan türkcəsinin qorunması və inkişaf etdirilməsi yolunda böyük əmək sərf edən B.Behzadi 2003-2008-ci illərdə Tehranda nəşr etdirdiyi «Azəri» aylıq jurnalı ilə İranda dilimiz və ədəbiyyatımızın inkişafına xidmət etmiş oldu. O, jurnalda
elmi, bədii yazılarla yanaşı, İranda yaşayan soydaşlarımızın folklorunun toplanması sahəsində də böyük işlər görüb.
B.Behzadi yeddi sayı müstəqil çap olunan “El dili və ədəbiyyatı” jurnalını “Azəri” jurnalının əlavəsinə çevirməklə onu yaşadıb. Jurnalda İranın müxtəlif bölgələrində yaşayan türklərin ləhcələri, bayatılar, laylalar, oxşamalar, holavarlar, təsniflər, gəraylılar, atalar sözü və məsələlər, deyimlər, aşıq ədəbiyyatından nümunələr, dastanlar, oyunlar, inanclar, yanıltmaclar, nağıllar,
alqışlar, qarğışlar, andlarla yanaşı, dərman bitkiləri haqqında olduqca dəyərli bilgilər də nəşr edilib. Behzad bəy unudulmaqda olan mənəvi xəzinəmizi qoruyub gələcək nəsillərə ötürmək üçün əlindən gələni əsirgəməyib. Hətta vaxtilə aşıqların lentə yazdırdıqları dastan və şeirləri də köçürtdürərək jurnalda çap
etdirib. B.Behzadi folklor və etnoqrafik materialları toplayıb nəşr etməklə kifayətlənməyib, həm də Azərbaycan türkcəsilə bağlı bir çox elmi məqalələr yazıb.
Ömrünün son illərində ağır xəstə olan Behzad Behzadi 2008-ci il fevralın 27-də dünyasını dəyişib. Onun yaratdıqları isə nəsillərə nümunə kimi qalıb. B.Behzadi kitabları İranda türk dilində yazıb-oxuyanların stolüstü kitabına çevrilib.
|