Abusupiyan Akayev

Abusupiyan Akayev

 

Türk Dünyasının Məşhurları-34

 

Şair, publisist, naşir, işğal altında olan türk xalqlarını xilas etməyi və islamı yaymağı özünə amal secmiş, bu yolda minbir əziyyətlərə qatlaşmış Abusupiyan Akayevin ömür yolu və yaradıcılığıƏli Şamil

 

Göndərmə 21.10.2011 10:51:54 UTC

Güncəlləmə 21.10.2011 10:51:54 UTC

www.trtazerbaycan.com


http://www.trt.net.tr/trtworld/az/newsDetail.aspx?HaberKodu=b8c3860a-2641-41c2-8dc3-f239f766f77d

 

1872-ci ildə indiki Rusiya Federasiyasının Dağıstan Respublikasının Töbenkazanıs kəndində qazı Akayın bir oğlu olur. Uşağın adını Abusupiyan qoyurlar. Bu elə bir zaman idi ki, Rusiyanın Qafqazı işğalından 70 ildən çox keçməsinə baxmayaraq, oranı hələ də istədiyi kimi, yəni ölkənin hər yerində işlək olan qanunlarla idarə edə bilmirdi.

Rusiyanın hakim dairələri Şeyx Şamilin rəhbərlik etdiyi müridizm hərəkatını söndürmək üçün 30 ildən çox bölgədə müharibə apardıqdan və yarım milyondan artıq əsgər və zabitini itirdikdən sonra anladı ki, qanunları köhnəlib. Yəni, Rusiyada mövcud olan qanunlar işğal altına alınan xalqlar tərəfindən deyil, rusların qabaqcıl ziyalıları tərəfindən də qəbul edilmir.

Ona görə də 1861-ci ildə təhkimçilik hüququ haqqında qanunu ləğv etdi. Bununla yanaşı, Rusiyada mövcud olan qanunların bəziləri Qafqaz xalqlarına, eləcə də əsarət altına aldığı müsəlman xalqlarına aid edilmirdi.

Rusiyada ictimai yerlərdə mülki şəxslərin qılınc, xəncər və b. kəsici silahlarla görünməsi qadagan olduğu halda, Qafqaz xalqlarının nümayəndələrinin xənçərlə gəzməsi milli atribut sayılırdı. Müsəlman xalqları aralarında mübahisələr, ziddiyətlər düşdükdə, hətta problem ölüb-öldürməyə gəldikdə belə Rusiyanın məhkəmə orqanlarına deyil, müsəlman qazılarına müraciət edirdilər. Rusiyanın hakim dairələri də zor gücünə də olsa, bunun qarşısını ala bilmədiklərindən qazıları saxlamağa məcbur oldular. Beləliklə ölkədə iki məhkəmə sistemi mövcud oldu.

Abusupiyanın atası Akay da dini təhsil gördüyündən, islami ehkamları yaxşı bildiyindən onu qazı seçmişdilər. Çar məmurları qazıların işinə nəzarət etsələr də, onlar cəzaları Rusiyanın qanunlarına görə deyil, şəriət qanunlarına görə müəyyənləşdirir, hökm verərkən Qurani Kərimi əsas götürürdülər.

Abusupiyan da ilk təhsilini evdə atasından aldı. Quran oxumağı, şəriəti, fars və ərəb klassiklərinin bədii-nəsihətamiz əsərlərini oxumağı öyrəndi. Sonra onu Töbenkazanıs kəndindəki məktəbə göndərdilər. Bu məktəblərdə dərs tədris proqramı illə deyil, şagirdin proqramı mənimsəməsi ilə ölçülürdü. İti zəkalı, dərslərini yaxşı mənimsəyən şagirdləri müəllim-molla zəif oxuyanlara rəhbər təyin edirdi.

Fitri istedadı ilə seçilən Abusupiyanı da molla yaşıdlarına, həm də yaşda özündən böyük olan, proqramı mənimsəməyənlərə rəhbər təyin etdi. Necə deyərlər, balaca Abusupiyan özü molladan öyrənməklə yanaşı, həm də müəllimlik etdi, məktəbə yeni gələnlərin və proqramı vaxtında mənimsəyə bilməyənlərinin dərs oxumalarına nəzarət etdi. Bununla da özünün oxuduqlarını bir daha təkrarlamış oldu. Bu da tədris edilən proqramın yaddaşına hopmasına kömək etdi.

Abusupiyan doğulduğu kənddəki ibtidai məktəbi bitirdikdən sonra, atası onu Güngüteydəki mədrəsədə oxumağa göndərdi. Oradakı tədris proqramını birincilər sırasında başa vurdu. Atası Akay dövrünün elm adamlarını və pedaqoqlarını yaxşı tanıdığından oğlunu Temirxanşuradakı, Soğratdakı, Tarqutdakı mədrəsələrə göndərdi və bununla da Abusupiyanın Dağıstanın tanınmış alimlərindən dərs almasına, dini elmlərilə yanaşı, dünyəvi elmləri də dərindən mənimsəməsinə şərait yaratdı.

O, türk, fars, ərəb dillərini, ədəbiyyat, tarix, astronomiya, astrologiya, fəlsəfə, fizika, riyaziyyat, həndəsə, coğrafiya və b. fənləri əla bilən bir gənc kimi doğma kəndlərinə qayıtdı. Kənddə yeni məktəb açaraq bildiklərini həmyerlilərinin övladlarına öyrətməyə çalışdı. Onun sorağı tezliklə ətraf kəndlərə də yayıldı. Bölgənin sayılıb-seçilən adamları uşaqlarını Abusupiyanın yanına gətirdilər. Beləcə az zamanda onun şagirdlərinin sayı xeyli artdı.

Abusupiyan müəllim işlədikcə təhsil və tədrisdəki nöqsanları görmək imkanı əldə edtdi. Keçmiş mədrəsə proqramlarının zamanın nəbzini tutmadığının şahidi oldu. Odur ki, həm təhsilini artırmaq, həm də təcrübə qazanmaq üçün Kazan və Orenburq şəhərlərində oxumağa getdi.

1902-ci ildə təhsilini tamamlayaraq təcrübə qazanan Abusupiyan Akayev Dağıstana, yəni doğma kəndi Töbenkazanışa dönərək yeni məktəb açmağı planlayır, lakin bu dəfə mədrəsə açmaq istəmirdi. Çünki mədrəsələrin tədris proqramı onu qane etmirdi. Yeni qaydalı – «Üsuli-cədid» məktəbini açmaq istəyirdi. Bu məktəb üçün dərslik və metodik vəsait çatmadığından yaxın dostu Muhammed Mirza Maqrayov ilə birlikdə Kırıma, İsmayıl bəy Qaspıralının yanında getdi.

1902-1903-cü illərdə orada mətbəə, nəşriyyat işlərini öyrəndi. “Tərcüman” və başqa qəzet-jurnallara məqalələr yazmaqla yanaşı, Baxçasaray və Akmescitdə (Simferepol) özünün yazdığı kitabları da çap etdirdi. Kumuk Abusupiyan Akayev İsmayil Bəy Qaspıralının “Dildə, fikirdə, işdə birlik” tezisinə ürəkdən bağlı olsa da, onu Dağıstanda həyata keçirə bilməyəcəyini görürdü.

Çünki Dağıstan və Qüzey Qafqaz dillər muzeyini xatırladırdı. Dünya xəritəsində kiçik bir bölgə olan Qüzey Qafqazda insanlar 40-dan çox dil və ləhcədə danışırdılar. Çox vaxt bir kəndin sakinləri qonşu kənddə danışlan dili başa düşmürdülər. Fərqli dilləri öyrənmək, həmin dillərdə bir-birləri ilə ünsiyyət qurmaq çətin olduğundan türk dili ortaq danışıq dilinə çevrilmişdi. Bölgədə yaşayan kumuk, qaraçay, balkar, noqay və urumlular bir-birini anlasalar da, avarların, ləzgilərin, darginlərin, lakların, abazalıların, osetinlərin, qabardalıların və b. dilləri tamam fərqli idi.

Abusupiyan Akayev yaxşı başa düşürdü ki, bölgə xalqlarını türk dili vastəsilə bir araya gətirmək olmaz. Çünki kəndlərin sakinlərinin çoxu ömürləri boyu bəlkə də bir dəfə də olsun doğulduğu yerdən uzağa getməyib, orada doğulub, yaşayıb və ölürdülər. Buna görə də çoxdilli bir bölgəni birləşdirəcək yeganə vasitə, inanc idi, din idi. Abu-supiyan da dinin yayılmasına və dini təbliğata xüsusu önəm verirdi. Yaxşı bilirdi ki, Şeyx Şamil də islam dininin birləşdirici gücündən bacarıqla yararlanaraq Rusiya kimi hərbi qüdrəti dünyanı lərzəyə salan dövlətə 30 il müqavimət göstərə bilmişdi.

İstanbulda, Kırımda təcrübə keçib Dağıstana qayıdan Abusupiyan Akayev kənddə məktəb açmaq fikindən daşındı. Bölgənin ən böyük yaşayış məskənlərindən olan Teymurxanşuraya gələrək 1904-cü ildə orada Muhammed Mirza Maqrayov ilə birlikdə ilk milli mətbəəni qurdu.

Abusupiyan Akayevin Teymurxanşurada Muhammed Mirza Maqrayov ilə birlikdə qurduğu ilk milli mətbəə böyük uğur qazandı. Azərbaycanın ictimai-siyasi xadimləri və ədiblərindən Şeyx Məhəmməd Xiyabanı, “Əkinçi” qəzetinin müxbirlərindən Məmnun Əlqadari, Mirzə Əbdürrəhim Talıbov və b. Abusupiyan Akayevlə sıx əməkdaşlıq edir, kitablarını onun mətbəəsində çap etdirir, onun ərəb dilində nəşr etdiyi “Bəyan ül-həqiqət” jurnalına məqalə yazırdılar.

Abusupiyan Akayev əsas ağırlığı islam dininə dair kitabların nəşrinə verməklə yanaşı, özü də islam dininin təbliğinə dair kiatablar yazırdı. O, yalnız din alimi və dini ədəbiyyatı yayan naşir olmaqla qalmır, qumuq folklorunu toplayıb nəşr edir, müxtəlif dillərdən qumuq dilinə tərcümələr edirdi.

Müəllimlik etməklə yanaşı, Doğu ədəbiyyatına dair araşdırmalar aparan, folklor nümunələri toplayıb çap etdirən Abusupiyanın qələmindən 40-dan çox kitab çıxıb.

1917-20-ci illərdə bölgədə gedən savaşlar Abusupiyan fəaliyyətinə də mənfi təsir göstərir. 1920-ci ildə bölgəni işğal edən bolşeviklər Abusupiyan kimi nüfuzlu, əlində təbliğat vasitəsi və mətbəəsi olan bir insanın gücündən məharətlə istifadə edirlər.

Abusupiyan da Sovet hökumətinin sülh, bərabərlik, azadlıq və s. şüarlarına aldanaraq onlarla əməkdaşılğa razılaşır. İnternasyonal marşını qumuq türkcəsinə tərcümə edən Abuspiyan, qumuq türkcəsində ilk bolşevik qəzeti "İşçi xalq"ı da nəşr edir və bir müddət onun redaktoru da olur.

A.Akayev dərs deyib gənc nəslin tərbiyəsi ilə məşğul olmaqla yanaşı, yazdığı «Əxlaq kitabı», «Yüz ilin asan təqvimi», «Qumuq folkloru və ədəbiyyat əsərləri antologiyası», «Tahir ilə Zöhrə», “Yusif və Züleyxa”, «Bozyigit» və b. kitabları böyük maraqla qarşılanır.

Lakin hökumətin ona göstərdiyi diqqət və qayğı uzun sürmür. Qadınlara çadralarını, kişilərə papaqlarını atdırma kampaniyası, dinə qarşı təzyiqlər, min ildən çox istifadə edilən ərəb əsifbasının latın əlifbası ilə əvəz edilməsi Abusupiyanın ürəyindən olmur. Hökumətin siyasətinə açıq narazılığını bildirir.

Abusupiyan Akayev və bölgənin bir çox ziyalılar, hətta partiya-sovet işçiləri Moskvaya Dağıstan xalqları arasında ortaq ünsiyət vasitəsi olan türkcənin Rus dili ilə əvəzlənməsinə etiraz edirlər. Təklif edirlər ki, Moskva uzaq olduğundan ora ilə əlaqə qurmaq çətindir, buna görə də Dağıstan MSSR Azərbaycan Respublikasının tərkibinə verilsin.

Sovet xüsusi xidmət orqanları sərt tədbirlər həyata keçirir. Onlarla ziyalı və partiya-sovet işçisi həbs edilir, sürgünə göndərilir, vəzifədən uzaqlaşdırılır.

1929-cu ildə Abusupiyan Akayevin mətbəəsi bağlanılır və özü də həbs edilərək Perm vilayətindəki Pinug stansiyasında dəmiryolu çəkilişində işləməyə göndərilir. Oradan da Arxangelski vilayətini Kotlas şəhərinə göndərilən yazıçı-alim ilk dəfə həbsxanada siyasi aclıq aksiyasını təşkil edən Azərbaycanlı siyasi məhbuslarla görüşür. Bu yer daha çox Solovki kimi tanınır. Rus yazıçısı Soljınitsinin Nobel mükafatına laiq görülən “QULAK arxipelaqı” romanı da burada baş verən hadisələrdən bəhs edir.

A.Akayev orada həbsdə olan Azərbaycan siyasi məhbusları ilə görüşür və onların mübarizəsini dəstəkləyir. 1931-ci ildə həbsdə ölən ictimai xadim, şair, naşir, tərcüməcinin həyat yolunun və yaradıcılığının öyrənilməsinə maraq Sovet hökumətinin çöküşündən sonra başladı. Nə yazıq ki, hələ də onun fəaliyyəti layiqincə qiymətləndirilmədi, əsərlərinin hamısı çap olunub araşdırılmayıb.

 

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol