Türk Dünyasının Məşhurları-24
Yusuf Akçuranın ömür yolu və yaradıcılığı... Yusuf Hasan oğlu Akçura 1876-cı ildə keçmiş Rusiya imperiyasına daxil edilmiş Tatarıstan quberniyasının Simbirsk şəhərində…Əli Şamil
Göndərmə 7/14/2011 6:28:41 AM UTC
Güncəlləmə 7/14/2011 6:28:41 AM UTC
www.trtazerbaycan.comhttp:
//www.trtdari.com/trtworld/az/newsDetail.aspx?HaberKodu=00ca70ed-d25d-496d-be09-016dd2403973
Yusuf Hasan oğlu Akçura 1876-cı ildə keçmiş Rusiya imperiyasına daxil edilmiş Tatarıstan quberniyasının Simbirsk şəhərində anadan olmuşdur. Onun anası da Tatarıstanın tanınmış ailələrindən birninin qızı Bibi Qəmərbanu xanımdır. Fabrik sahibi olan Hasan 1878-ci ildə dünyasını dəyişib. Bibi Qəmərbanu xanım 1883-cü ildə yeddi yaşlı Yusufu da götürüb Stavropola köçüb. Lakin orada da çox qalmayaraq elə həmin il İstanbula gəliblər.
Yusuf Akçura İstanbuldakı Mahmudpaşa və Hafizpaşa litseylərində oxuyub. 1892-ci ildə ali hərbi təhsil almaq arzusuna düşüb. Arzusunu gerçəkləşdirərək 1896-cı ildə ali hərbi məktəbi də bitirib.
Orta yüzilliklərin qüdrətli Osmanlı dövlətinin getdikcə çökməsi, Avropalıların onu “xəstə qoca” adlandırması gənc Yusufu daim narahat edib. Çünki o, Osmanlı dövlətinə sadəcə yaşadığı bir məmləkət kimi deyil, türk xalqlarının xilaskarı kimi baxıb. Odur ki, ölkədə dəyişikliklər, islahatlar keçirilməsini istəyib. Rusiyada yaşayan türkləri Osmanlı toplumuna tanıtmaq üçün Kazanlı din adamı, tarixçi alim Şəhabəddin Mərcaninin tələbəsi Abbas əfəndi ilə birlikdə “Şəhabəddin Mərcaninin tərcümeyi-halı” adlı bir məqalə yazaraq çap etdirib.
Həmfikirləri olan "Gənc türklər" (Jon Türklər) təşkilatı ilə sıx əlaqəsinə görə Sultan II Əbdülhəmidin əmri ilə 1897-ci ildə o zaman Osmanlı dövlətinin bir parçası olan Tripoli şəhərinə, yəni indiki Liviyanın paytaxtına sürgün edilib.
Lakin o sürgün yerində çox qalmamış qaçıb Parisə gəlmişdir. 1899-cu ildə Fransa Siyasi Elmlər Akademiyasına daxil olub.
Təhsil illərində Bautmy, Albert Sorel, Funk, Brentano, Levy-Bruhl, Torde kimi məşhur alimlərdən dərs alan Yusuf "Gənc türklər"in Paris və Qahirədə çıxan "Məşvərət" və "Şurayi Ümmət" qəzetlərinə müntəzəm məqalələr yazıb.
Onun maarifçi Türkçülüyü və milliyətçiliyi Parisdə siyasi mahiyyət kəsb etməyə başlayıb. 1902-ci ildə "İttihad və tərəqqi"nin Parisdə keçirilən qurultayında iştirak edib. Qurultayda Osmanlı imperiyasının işlərinə hər hansı xarici müdaxilənin yolverilməz olduğu fikrini vurğulayıb.
1903-cü ildə təhsilini başa vursa da geri dönməyib. Parisdə qalıb.
1905-ci ildə Rusiyada baş verən hadisələr, II çar Nikolayın 17 oktyabr manifestini imzalamağa məcbur olması Yusuf Akçuranı Kazana qayıtmağa həvəsləndirib. O, Kazana, necə deyərlər, əliboş gəlməyib. 1904-cü ildə Qahirədəki "Türk" qəzetində çap olunmuş "Üç tərzi-siyasət" ("Üç yol siyasət") gənç Yusuf Akçuralını diqqət mərkəzinə çəkib. Çünki bu məqalədə Osmanlı dövləti, onun sabahı ilə bağlı düşüncələr, osmalıçılıq tərəfdarlarının islam birlik uğrunda mübarizələri təhlil edilib və sonda Türkçülüyü yeganə xilas yolu sayıb.
Tatar-başqırd gənclərinin türklük şüurda tərbiyələnməsi üçün 1906-cı ildə Kazanda "Elmlər və tarix” adlı kitabçasını çap etdirən Yusuf Akçura "Kazan müxbiri" qəzetinə baş redaktorluq edib.
1905-ci ilin avqustunda Nijni Novqorodda keçirilən Rusiya müsəlmanlarının birinci qurultayında, 1906-cı ilin yanvarında Kadet-Konstitusiyaçı Demokrat Partiyasının qurultayında, 1906-cı ilin avqustunda Rusiya müsəlmanlarının üçüncü qurultayında fəal iştirak edən Yusuf Akçura 1907-ci ilin iyununda Avropaya və Misirə səyahət edib.
Səfərdən geri dönərkən Krıma gələn Y.Akçuralı İsmayıl bəy Qaspralı ilə görüşüb və "Tərcüman" qəzetində işləməyə başlayıb. Lakin Kırımda çox qalmayaraq 1908-ci ilin iyulunda yenidən İstanbula gəlib. Burada müxtəlif ali hərbi məktəblərdə, 1912-13-cü illərdə İstanbul Universitetində müəllim işləməyə başlayıb. O, ali məktəblərdə dərs deməklə kifayətlənməyib, ictimai-siyasi fəaliyyətini də genişləndirib. 1908-ci ildə "Türk dərnəyi" adlı türkçü cəmiyyətin, 1911-ci ildə avqust ayında "Türk yurdu" və 1912-ci ilin martında “Türk ocağı" cəmiyyətlərinin qurulmasında fəal iştirak edib.
Rusiya müsəlmanlarının hüquqları tapdandığına görə Mərkəzi Avropa dövlətlərinin nəzərinə çatdırmaq məqsədilə Əli bəy Hüseynzadə, kırımlı Məhəmməd Əsəd Çələbizadə, buxaralı Becan Müqkiməddindən və Yusuf Akçuradan ibarət "Turan heyəti" 1915-ci il dekabrın 10-da Avropaya yola düşüb. "Turan heyəti" Sofiya, Budapeşt, Vyana və Berlində bir çox rəsmi şəxslərlə görüşlər keçirib. Yusuf Akçura və Əli bəy Hüseynzadə tərəfindən hazırlanmış "Rusiyadakı müsəlman türk-tatar xalqlarının haqlarını qoruma komitəsinin mühtiresi" adlı müraciət Avropa dövlətlərinin hökumətlərinə təqdim edilib.
"Turan heyəti" Avstrya-Macarıstanın hökumət rəhbərlərindən K.Tussa ilə, Vyanada xarici işlər naziriylə, Almaniya hökuməti üzvləri, İsveçrədə, gələcəkdə Rusiyada silahlı çevriliş yoluyla hakimiyyətin ələ alınmasına rəhbərlik edən Viladimir İliç Leninlə görüşüb.
1916-cı il mayın 18-də Yusuf Akçura Əli bəy Hüseynzadə, Əbdürrəşid İbrahimov, Əhməd bəy Ağaoğlu ilə birlikdə ABŞ prezidenti Vudro Vilsona "Rusiya müsəlmanlarının hüquqlarının müdafiə olunması" adlı müraciət göndərib. Həmin il iyunun 27-29-da Millətlər Birliyinin Lozannada toplanan III konfransına qatılan türk-tatar heyətinin tərkibinə Yusuf Akçura da daxil idi. O, burada “Rusiyanın müsəlman türk-tatarlarının hazırkı durumu və arzuları” kitabını çap etdirib.
"Turan heyəti"nin üzvləri Osmanlı, Bolqarıstan, Almaniya, Avstriya-Macarıstan və İsveçrədə mətbuat konfransları keçirərək ictimai diqqəti Rusiyadakı türklərin vəziyyətinə yönəldilər.
1917-ci ildə Rusiya Birinci Dünya savaşından çıxdığını elan edib. Amma savaşda əsir götürdüyü minlərlə insanın taleyini necə həll edəcəyi haqqında qəti bir qərar qəbul etməyib. Osmanlı əsirlərinin taleyinin öyrənilməsi və vətənə qayıtmaları üçün Brest-Litovsk sülh danışıqlarına yola düşən nümayəndə heyətinə Qızıl Ay Cəmiyyətinin nümayəndəsi Yusuf Akçuralı da daxil edilib.
1917-ci ilin yayından Yusuf Akçura Osmanlı Qızıl Ay Cəmiyyətinin nümayəndəsi kimi Rusiyaya yola düşüb. O, Petroqradda və Moskvada əsirlərin dəyişdirilməsi haqqda qarışıq komissiyanın işində iştirak edib.
Yusuf Akçura Osmanlı Qızıl Ay Cəmiyyətinin nümayəndəsi kimi Rusiyada olduğu müddətdə ölkədə baş verən hadisələrlə, əsarət altında olan türk xalqlarının baş verən dəyişikliklərə ikili münasibətlə yaxından tanış olub. Lakin onların bu qovğadan bacarıqla çıxmalarına nail ola bilməyib.
1919-cu ilin avqustunda İstanbula qayıdan Yusuf Akçura işğalçıların ölkədən çıxarılması yollarını axtarıb. Milli müqavimət qüvvələrinin güclənməsi üçün əlindən gələni əsirgəməyib. Həmin ilin oktyabrında Milli Türk Partiyasının yaradılmasında iştirak edib və 1920-ci ildə İstanbulda “Şərq məsələsinə dair siyasi tarix qeydləri” kitabını çap etdirib.
1921-ci ilin aprelində İstanbulu tərk edərək Anadoluya milli azadlıq hərəkatı iştirakçılarına köməyə gəlib. Ankarada milli təhsil nazirliyinin tərcümə şöbəsində, sonra xarici işlər nazirliyində Doğu məsələləri üzrə müşavir işləməyə başlayıb. Yeni bir dövlətin – gənc Türkiyə Cümhuriyyətinin qurulmasında fəal iştirak edən Yusuf Akçura bu dövlətin ideoloji əsaslarını hazırlayanlardan biri olub.
Yusuf Akçura 1923-cü ildə işğaldan azad olmuş İstanbula qayıdıb və həmin il də “Müasir Avropada siyasi və ictimai fikirlər və fıkir cərəyanları” kitabını çap etdirib. İstanbul Unversitetində və Ankara Hüquq fakültəsində müəllimlik edən Yusuf Akçura Türkçülüyü ilk dəfə siyası bir mövzuya çevirən alimdir. O, dünya türklərini birləşdirmək, tanıtmaq və yüksəlişinə nail olmaq üçün ömrünün sonunadək çalışıb.
Qarsdan və İstanbuldan millət vəkili kimi Türkiyə Böyük Millət Məclisində içtirak edən Yusuf Akçuranın fəaliyyətini Atatürk yüksək qiymətləndirib, onu mədəniyyət və siyasət məsələləri üzrə müşavir təyin edib.
1931-ci ildə Türk Tarixinin Tədqiqi Cəmiyyətinin yaradılmasında iştirak edən Akçuralı sonra Türk Tarix Qurumu adlan bu təşkilata ilk sədri olub. 1935-ci ilədək, yəni ömrünün sonunadək də Türk Tarixini Tədqiq Cəmiyyətinə sədirlik edib.
Onun “Türkçülüyünün tarixi”, "Yeni Türk dövlətinin öncülləri”, “Türkük və dış türklər", “Osmanlı dövlətinin dağılma dövrü”, “Milliyət fikri və millət müharibələri”, “Gökalp Ziya bəy haqqında xatirə və duyğularım” və başqa əsərləri bu gün də əhəmiyyətini itirməyib. Buna görə də çox vaxt onu "Pantürkizmin atası" adlandırıblar.
Uzun illər Yusuf Akçuralının adının cəkilməsi qadağan olunmuş keçmiş Sovetlər Birliyində onu əsərləri türk xalqlarının dillərinə çevrilərək yayılıb. Gənclər onun əsərlərini sevə-sevə oxuyub və özlərinə yol göstərən sayıblar.
Tatarıstanda da Yusuf Akçuralının adının əbədiləşdirilməsi üçün bir çox işlər görülüb.
|