Türk Dünyasının Məşhurları- 36
ABDULLA AVLANİ
Göndərmə 9/23/2013 10:51:23 AM UTC
Güncəlləmə 9/23/2013 10:51:23 AM UTC
www.trtazerbaycan.com
http://www.trtazerbaycan.com/trtworld/az/newsDetail.aspx?HaberKodu=f0d1dc5d-3681-4ad4-89ec-c0874654559f
“Türk dünyasının məşhurları” proqramında sizlərə ömrünü vətən və millət yolunda şam kimi əritmiş, lakin siyasi baxışlara görə uzun illər adlarının çəkilməsi belə qadağan olunmuş, yaxud ömür yolları, yaradıcılıqları öyrənilməmiş, bir sözlə, bilərəkdən unutdurulan insanlardan söz açmağa çalışırıq. Belə insanlardan biri də özbək şairi, daramturq, ilk teatr truppası yaradan, cədidçi pedaqoq Abdulla Avlanidir.
Abdulla Miravlan oğlu Avlani 1878-ci il iyulun 12-də Daşkənd şəhərindəki Merqança məhəlləsində toxucu ailəsində anadan olub. Vikipediya – sərbəst ensikilopediyada isə onun doğulduğu tarix 12 iyul 1874-cü il yazılıb.
Abdullanın ailəsi toxuculuqla məşğul olsa da, elmə, təhsilə də yüksək qiymət verib. Övladlarına ata-baba sənətlərini öyrətməklə yanaşı, təhsil almalarına da şərəait yaradıblar. 13 yaşında Ukçi mədrəsəsinə daxil olan Abdulla ilk şeirini 15 yaşında yazır. Mədrəsənin nümunəvi şagirdlərindən olduğundan ona özündən kiçiklərin dərslərinə nəzarət etməyi də tapşırırlar. Lakin mədrəsədəki təhsil proqramı onu qane etmir.
Ukçi mədrəsəsini bitirdikdən sonra özü yeni tipli məktəb açır. İsmayıl bəy Qaspıralının yolunu davam etdirən, o dövrdə cədidçilər, yəni yenilikçilər adlandırılan hərəkata qoşulur. 1904-cü ildə açdığı məktəbdə mədrəsələrdə olduğu kimi şəriət, fiqh, islam tarixi, bəlağət fənləri ilə yanaşı, Avropa tipli məktəblərdəki kimi kimya, fizika, riyaziyyat, astronomiya, coğrafiya dərsləri də keçir, uşaqların Doğu və Avropa dillərini mənimsəmələri üçün əlindən gələni əsirgəmir. Türküstanda ilk dəfə müəyyənləşdirilmiş proqramı mənimsədiyinə görə şagirdlərin imtahan verərək sinifdən sinfə keçməsini təşkil edənlərdən olur.
1900-cü ildə atasını itirən Abdulla Avlani ailə yükünü çəkməklə yanaşı, maarifçilik sahəsində də uğurlu addımlar atır. 1905-ci il inqilabının verdiyi imkanlardan yararlanaraq 1907-ci ildə özbək dilində “Şöhrət” adlı qəzetini nəşrə başlayır. Qəzetin adı Abdulla Avlaninin ləqəblərindən biri idi. Lakin “Şöhrət” qəzetinin ömrü o qədər də uzun olmur. 10-cu sayından sonra çar məmurları qəzeti bağladırlar.
Böyük cədidçi şeirlərində və məqalələrində “Şöhrət” ləqəbi ilə yanaşı, “Qəbul”, “Hicran”, “Avlini”, “Sürayə”, “Əbülfəz”, “İndamas” ləqəblərindən də istifadə etmişdir.
Təşkilatçılıq qabiliyyətilə soydaşlarının diqqətini cəlb edən Abdulla Avlaninin ətrafına ziyalılar, iş adamları, sənətkarlar toplaşır. Onlar Türküstanın Rusiya əsarətindən xilası, əhalinin güzaranının yaxşılaşdırılması, cəhalətdən qurtarması yollarını axtarırdılar. Gəldikləri nəticə bu olur ki, gənc nəsli savadlandırmadan millətin xilas yolu mümkün olmayacaq.
Gənc nəsli savadlandırmaq, Avropa yaşam tərzini təbliğ etmək məqsədilə 1909-cu ildə Abdulla Avlaninin rəhbərliyi ilə “Cəmiyyəti xeyriyyə” təşkilatını qururlar. Proqram və nizamnaməsində yalnız xeyriyyəçilik məqsədilə qurulduğu gösttərilən bu təşkilat getdikcə daha çox ictimai fəaliyyətlə məşğul olur, sonra da siyasiləşir.
“Cəmiyyəti xeyriyyə” ətrafında toplaşanların əksəriyyəti əhalinin savadsız olduğunu, oxumaq-yazmaq bilmədiyini nəzərə alaraq xalqa fikirlərini catdırmaq üçün teatrdan istifadə etməyi qərara alırlar. Azərbaycan ziyalılarının təcrübəsindən istifadə edərək 1909-cu ildə Abdulla Avlani və Mahmudxoca Behbudi “Turan”adlı teatr turuppasını yaradırlar. Abdulla Qədiri, Həmzə Həkimzadə Niyazi və başqaları da onlara qoşulur. Truppanın üzvlərinin tamaşaya qoyduqları ilk əsər Mahmudxoca Behbudinin “Padarkuş” faciəsi olur. Tamaşa Daşkənddə böyük maraqla qarşılanır. Tamaşaya baxmağa yalnız özbəklər deyil, Daşkənddə və yaxın kənd və qəsəbələrdə yaşayan qazaxlar, qırğızlar, türkmənlər, taciklər, əfqanlar, hətta rus ziyalıları da gəlirlər.
Müxtəlif mətbuatda şeirlərini, məqalələrini çap etdirmək, teatr tamaşaları göstərmək, özü də pyeslər yazmaqla xalqını cəhalət yuxusundan oyatmağa çalışan Abdulla Avlani dostları ilə birlikdə “Nəşriyyat” adlı mətbəə qurur, burada dərsliklər, dini və elmi kitablar çap etməyə başlayırlar. Çap tedikləri kitabların yayılması və təbliği üçün də “Məktəb kitabxanası” adlı mağaza açırlar.
Maarifçi demokratların bir yerə toplanmasında, bir-birinə yardım etməsində Abdulla Avlaninin rolu böyük olur. Mahmudxoca Behbudi, Abdurauf Fitrət, Əbdülhəmid Çolpan və başqaları ilə birlikdə xalqının maariflənməsi və azadlığa qovuşması yolunda yorulmadan mübarizə aparan cədidçi pedaqoq yeni tipli məktəblər üçün 1909-cu ildə “Birinci müəllim”, 1912-ci ildə “İkinci müəllim”, 1913-cü ildə “Türkü Gülüstan, yaxud əxlaq”, 1916-cı ildə “Məktəb gülüstanı”, 1913-cü ildə “Müxtəsər tarixi əmbiya və tarixi islam”, 1909-1916-cı illərdə altı cildlik “Ədəbiyyat, yaxud milli şairlər” kitablarını yazaraq nəşr etdirir.
Abdulla Avlaninin yazmış olduğu “Toy”, “Leyli və Məcnun”, “İki məhəbbət”, “Advokatlıq asanmı?”, “Biz və siz”, “Tufan”, “Portuqaliya inqilabı” və başqa pyeslər uzun müddət repertuardan düşmür. Xalqın gündəlik yaşamını, ağrı və acılarını gündəmə gətirdiyinə görə tamaşa göstəriləndə salon həmişə dolu olur.
Çoxsahəli fəaliyyəti ilə xalqının məhəbbətini qazanan Abdulla Avlanı məktəbdə dərs demək, yeni proqramlar hazırlamaq, dərsliklər yazmaq, teatr tamaşaları göstərmək, tamaşalara qurluş vermək və aktyorluq etməklə kifayərlənmir, onun yazmış olduğu “Vətən”, “Məktəb”, “Boxça”, “Millətə xitab”, “Kuklam gəldi”, “Toxlardan bir mənzərə” və başqa poemaları, “Həsəd bəlası” hekayəsi, “Tülkü ilə qarğa” təmsili bölgədə ən çox oxunan əsərlər olur. “Məqsəd və məslək”, “Halımıza dair” məqalələri isə mətbuatda geniş müzakirənin açılmasına təkan verir.
İnqilabi əhval-ruhiyyəli Abdulla Avlani 1913-cü ildən nəşrə başladığı “Turan” qəzetinə 1917-ci ildən “Yaşasın xalq cümhuriyyəti!”ni şüar seçir. Qəzetin 2-ci sayında Mirmöhsünün “Tarixdə iki vaqiə” məqaləsinə görə “Ülamə” Cəmiyyəti Avlanini və Mirmöhsünü kafir elan edir.
“Sadoi Türkiston” və “İştirakiyun” qəzetləri ilə sıx əməkdaşlıq edən cədidçi şair-dramaturq köhnə quruluşun dəyişməsi üçün var gücü ilə çalışır. Lakin onun anladığı və uğrunda mübarizə apardığı cümhuriyyətlə rus bolşeviklərinin qurmaq istədiyi cümhuriyyət arasında kəskin fərqlər olduğunu görərək bir ara vətənindən uzaqlaşmalı olur. Əfqanıstana gedərək 1919-1920-ci illərdə orada Maarif naziri və Rusiya Federativ Sovet Sosialist Respublikasının konsulu işləyir.
Bolşeviklər Türküstanda möhkəmləndikdən sonra Abdulla Avlanini Daşkəndə işləməyə dəvət edirlər. Bolşeviklərin xalqlara azadlıq verəcəkləri vədinə aldanan böyük maarifçi vətənə dönərək sosializmin fəal qurucularına çevrilmək istəyir. Qadınların maariflənməsi üçün kadr hazırlığına xüsusi önəm verir. Müəllim qıtlığını aradan qaldırmaq üçün qadın müəllimlər hazırlayan texnikumun açılmasına nail olur və orada müəllim işləyir.
Daşkənddəki Ölkə Özbək məktəbində, 1923-cü ildən Daşkənd Xatın-Qızlar Məktəbində, 1924-cü ildə Daşkənd Hərbi Məktəbində dərs deyən Abdulla Avlani 1925-1930-cu illərdə Orta Asiya Dövlət Universitetində və Orta Asiya Ali Kişi Pedoqoji İnstitutunda işləyir. Universitetdə dərs deyərkən fəhlə fakültəsi açır, burada özbək gənclərinin ali təhsil alması üçün 20 nəfərdən ibarət bir qrup yaradır və bu qrupda dərslərin özbək dilində keçməsinə nail olur.
Abdulla Avlani əvvəlki kimi ictimai-siyasi fəaliyyətlə məşğu ola bilmir. Hər addımda güdüldüyünü, təqib edildiyini görür. Milli kadrların təqib edildiyini, terrorun baş alıb getdiyini görsə də, bolşeviklərə qarşı açıq mübarizəyə qoşulmur.1925-ci ildə ona “Möhnət qəhrəmanı” mükafatı, 1930-cu ildə isə “Özbəkistanın xalq maarif zərbəçisi” adı verirlər.
1931-ci ildən ömrünün sonunadək Orta Asiya Dövlət Universitetində Dil və Ədəbiyyat kafedrasının müdiri işləyir və onu professor seçirlər.
1934-cü il avqustun 25-də dünyasını dəyişən Abdulla Avlani bununla da Sovet irticasının 1937-ci il qırğınından qurtulmuş olur. Lakin onun əsərləri repressiyadan qurtara bilmir. Abdulla Avlaninin əsərlərinin bir çoxunun çapı, oxunması, təbliği qadağan edilir. Bu qadağa 1956-cı il yumşalmasından sonra da aradan qaldırılmır. Sovet hakimiyyəti devrildikdən sonra Abdulla Avlaninin əsərlərinin nəşrinə və təbliğinə başlanır.
Mətni yazdı Əli Şamil (Əli Hüseyin oğlu Şamilov)
|