Abdulla Sur
Türk Dünyasının Məşhurları-04
Nasir, publisist, ədəbiyyatşünaslığımızın Avropa metodları ilə formalaşmasının əsasını qoyanlardan biri Abdulla Surun ömür yolundan və yaradıcılığı... \Əli Şamil
Göndərmə 25.01.2013 08:55:08 UTC
Güncəlləmə 25.01.2013 08:55:08 UTC
www.trtazerbaycan.com
http://www.trtazerbaycan.com/az/newsDetail.aspx?HaberKodu=fe80634e-3804-4785-a165-8567337f03e2
Rusiya Qafqazı işğal etdikdən sonra onu istədiyi kimi inzibati vahidlərə ayırmışdı. Azərbaycanın qüzeyindəki bölgələr dairələrə daxil edilmiş və əsas hissəsi isə Şamaxı (1859-cu il zəlzələsindən sonra quberniya mərkəzi Bakıya köçürüldüyündən Bakı quberniyası adlandırılmışdır) və Yelizavetpol quberniyalarına ayrılmışdır. Əsarət altında olmasına baxmayaraq təbii sərvətlərinə və insan potensialına görə Azərbaycan surətlə inkişaf edərək Rusiyanın bir çox mərkəzi bölgələrini geridə qoymuşdur.
1904-cü ildə Rusiyanın Gəncəni işğalından sonra qədim şəhərin adı dəyişilərək çar Birinci Aleksandrın arvadının şərəfinə Yelzavetpol adlandırılmışdır. Şəhəri Yelzavetpol deyil, öz adı ilə Gəncə adlandıran isə cərimələnirdi. Cərimələrə, təzyiqlərə baxmayaraq xalq şəhərə Gəncə deməkdən əl götürmürdü.
Rəsmi sənədlərdə Abdulla Ağaməhəmməd oğlu Məmmədzadənin də 1883-cü il iyulun 23-də Gəncə şəhərində doğulduğu qeyd edilir. Onun ölümü ərəfəsində Bakıda nəşr olunan “İqbal” qəzeti isə ədibin 1879-ci ildə anadan olduğunu yazmışdır. İlk təhsilini məhəllə məktəbində alan, burada “Quran” oxumağı, şəriəti öyrənən, ərəb və fars dilləri ilə tanış olan Abdullanı valideyinləri şəhərin ən nüfuzlu təhsil ocaqlarında olan, 1896-cı ildə Axund Molla Məhəmməd Pişnamazzadənin açdığı Məktəb-ül Xeyriyyəyə (Xeyriyyə məktəbi) göndərirlər.
Məktəbin nümunəvi şagirdlərindən olan Abdulla Ağaməhəmməd oğlu özündən aşağı siniflərdə oxuyanlara dərslərini hazırlamağa kömək etməsini tapşırırlar. Əslində bu o dövrün mədrəsələrində xarakterik bir hal idi. Əlaçı şagirdlər zəif oxuyanlara yardım etməklə özləri də həmin dərsi təkrarlamış, həm də pedagoji təcrübə toplamış olurdular.
Məktəb-ül Xeyriyyədə (Xeyriyyə məktəbi)dini elmlərlə yanaşı, dünyəvi elmlər də tədris edildiyindən oranı bitirənlərin riyaziyyata, həndəsəyə, coğrafiyaya, kimyaya dair müəyyən bilikləri olurdu. Bu da məzunların müxtəlif sahələrdə işləyə bilməsinə şərait yaradırdı.
Dərs əlaçısı və ictimai işlərdə fəal olan Abdulla Ağaməhəmməd oğlunu mədrəsəni bitirdikdən sonra, yəni 1898-ci ildə oxuduğu məktəbə müəllim təyin edirlər. Az zamanda nümunəvi müəllim kimi tanınan Abdulla Ağaməhəmməd oğlu qəzet və jurnallara Abdulla Sur, Abdulla Tofiq, Abdulla Məmmədzadə imzası ilə məqalələr yazmağa başlayır.
Məhəmmədağa Şahtaxtınski Qafqaz canişinliyinin mərkəzi olan Tbilisi səhərində “Şərqi Rus” qəzetini nəşrə başlayanda Abdulla Suru da dəvət edir. Birlikdə işə başlayırlar. Dilimizdə nəşr olunan ilk gündəlik qəzetdə Abdulla Sur əsasən ədəbiyyat məsələlərinə dair məqalələr yazır.
İqtisadi cəhətdən getdikcə zəifləyən Rusiyada bir qarışıqlıq başlayır. Hakim dairələr islahatlarla ölkəni iqtisadi bataqlıqdan qurtarmaq əvəzinə hakimiyyətlərinin ömrünü uzatmaq üçün millətlər arasında ədavəti qızışdırır, xüsusən türk-müsəlman xalqlarına qarşı sərt mövqe tutur. Bu da Qafqazda erməni-müsəlman davası kimi tanınan münaqişənin əsasını qoyur.
Gəncədə bir qrup Azərbaycanlı ziyalı çar hökumətinin silahlandırdığı və təhrik etdiyi erməni quldurlarının basqınlarından xalqı qorumaq üçün “Difai” adlı gizli təşkilat qururlar. Lakin bütün ciddi-cəhdlərə baxmayaraq qarşıdurma Qafqazı bürüyür və onlarla insanın öldürülməsinə səbəb olur.
İqtisadi çətinlik və çar senzurasının təzyiqləri 1905-ci ildə “Şərqi Rus” qəzetinin bağlanmasına səbəb olur.
“Həyat”, “İrşad”, “Füyuzat”, “Tərəqqi”, “Həqiqət”, “Məktəb” və b. qəzet və jurnallarda ictimai qüsurları tənqid edən, xalqı maarif və mədəniyyətə çağıran, ictimai, mədəni inkişafa dair təkliflər irəli sürən Abdulla Sur Tbilisidən Bakıya gələrək beş-altı aya qədər burada yaşamışdır.
Bakıdan İstanbula gedərək Universitetin ədəbiyyat-tarix fakültəsinə daxil olan Abdulla Surun yaradıcılığında da bir dəyişiklik baş verir. O, daha çox ədəbiyyatşunaslıqla bağlı məqalələr yazmağa başlayır.
İstanbulda təhsil aldığı illərdə çox maddi sıxıntı keçirən, ən ucuz yeməkxanalarda yemək yeyən Abdulla Sur böyük bir şövqlə gününün çoxunu kitabxanalarda keçirir. Türk ədəbiyyatına dair çap olunan və əlyazma şəklində olan materiallarla tanış olur. Oxuyub-öyrəndikləri və araşdırdıqları haqqında İstanbuldakı qəzetlərə məqalələr yazmaqla yanaşı, Osmanlı ədəbiyyatı haqda araşdırmalar aparır, İbrahim Şinasinin (1826-1871) "Şairin evlənməsi" əsərini Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə çevirir. Rus dilində yazılmış olan coğrafiyaya dair bir kitabı da Osmanlı türkcəsinə çevirən Abdulla Sur bunlardan əlavə üç cildlik bir antalogiya hazırlamağa başlayır.
1908-ci ilin noyabr ayına qədər İstanbulda yaşayan Abdulla Sur universiteti bitirdikdən sonra Yelzavetpol (Gəncə) şəhərinə dönür. Quberniya mərkəzinin ictimai-siyasi həyatındakı dəyişiklik onu sevindirir. Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyov, Xəlil bəy Xasməmmədov, Xudadat bəy Rəfiyev, Həsən bəy Ağayev, Şərif bəy Rüstəmbəyli, İsmayıl xan Ziyatxanov, Adil xan Ziyadxanov, Aslan bəy Səfikürdski və b. vətənsevərlə burada bir canlanma yaratdıqlarını görür. Bu ictimai-siyasi xadımlər sonra Azərbaycan Cümhuriyətinin qurulmasında və onun idarə olunmasında fəallıq göstərirlər.
Abdulla Sur Yelzavetpoldakı (Gəncə) Mədrəseyi-Ruhaniyyədə müəllim işləyərkən çalışdığı təhsil ocağında və vaxtı ilə oxuduğu Məktəb-ül Xeyriyyədə (1900-cü ildən bu təhsil ocağı Rus-tatar məktəbi adlandırılmağa başlamışdır) işləyən-Osmanlı Dövlətindən gəlmiş müəllimlərdən Faiq Əfəndi, Xeyrəddin Şafiq Əfəndi, Sultan Zəki, Akif Əfəndi, Əhməd Əfəndi, eləcə də Əhməd Cavad və Hüseyin Cavidlə yaından tanış olur, onlarla türklər üçün ortaq ünsiyyət dili, ortaq ədəbiyyat, ortaq tarix yaratmaq mövzusunda müzakirələr aparır.
Qafqazın müxtəlif mətbuat orqanlarına A.Sur, Məhəmmədzadə, Qafqasiyalı, A.Tofiq, Gəncəli, Abdulla Məhəmmədzadə, Bir Adam və başqa imzalarla məqalələr yazmaqla yanaşı, İstanbulda başlamış olduğu ən böyük və ən önəmli əsərinin – “Türk ədəbiyyatına bir baxış” kitabı üzərində işini davam etdirir.
1908-ci ildə həcmi min səhifədən artıq olan bu kitabı bitirir və Tbilisiyə gedərək orada Ömər Faiq Nemanzadə (1872-1937) və Cəlil Məmmədquluzadənin (1869-1932) tacir Ələsgər Bağırovla (1868-1943) birgə açdıqları “Qeyrət” mətbəəsində çap etdirmək istəyir. “Molla Nəsrəddin" jurnalı 1908-ci ildə nəşr etdiyi 50-ci sayında "Ədəbiyyat maraqlılarına müjdə" məqaləsində bu kitab haqda geniş məlumat vermiş və kitaba abunə haqqında elan da dərc etmişdir.
Çox təəssüf ki, kitab çap olunmamış Abdulla Surun ölümündən sonra əlyazmanın bir hissəsi itmiş, yalnız ayrı-ayrı parçaları qalmışdır.
Abdulla Sur istedadlı gəncləri üzə çıxarmaq, onların təhsillərinə kömək məqsədilə 1910-cu ildə Gəncədə "Ədəbiyyat və Sənət" Cəmiyyəti yaratmışdır. Cəmiyyət yeni ədəbiyyat və sənət əsərlərini ortaya çıxarmaq üçün müsabiqələr də təşkil edirdi.
Ədəbiyyat tarixinin araşdırılması ilə ardıcıl məşğul olan Abdulla Sur bədii əsərlərin dil və üslubun sadəliyinə, geniş xalq kütləsi tərəfindən başa düşülməsinə böyük önəm vermişdir. O, böyük nüfuz sahibi Əbdülhaq Həmid Tarhan(1852-1937), Tofiq Fikrət (1867-1915), Məhəmməd Hadi (1879-1920) kimi görkəmli şair və yazıçıların əsərlərində ərəb, fars izafətlərinin çoxluğunu tənqid etmiş, onların dilinin ağırlığını əsərlərindəki fikrin və düşüncələrin başa düşülməsinə əngəl yaratdığını söyləmişdir.
Ədəbiyyat tarixçimiz Firudin bəy Köçərlini müəllimi sayan Abdulla Sur "Azərbaycan Ədəbiyyatı" əsərinin yazılmasında ona kömək etmişdir.
Məşhur şairimiz Əhməd Cavadın və onlarla gəncin milli ruhda böyüməsinə yardımçı olan Abdulla Sur 1912-ci ildə xəstələnərək Tblisiyə müalicəyə gedir. İki aya yaxın xəstəxanada yatsa da, həkimlər üç dəfə kor bağarsaq iltihabına görə cərrahiyə əməliyyatı aparsalar da, ölümün pəncəsindən xilas edə bilmirlər. May ayının 8-də xəstəxanada dünyasını dəyişir və cəsədini gətirib Gəncədəki Səbiskar qəbristanlığında dəfn edirlər.
Bakıda nəşr olunan “İqbal” qəzeti onun dəfni münasibətilə 1912-ci ilin may ayının 16 çap etdiyi məqalədə yazırdı: “Bu sırada Mədrəseyi-Ruhaniyyənin məsum balaları qapının önündə məşumlu bayatılardan oxuyurlardı:
Cavan öldün, dünyadan kam almadın,
Çox çalışdın, zəhmətdən heç doymadın,
Əfsus ki, fikrinə nail olmadın,
Ağla, qardaş! Ağlamalı günündür!
Çıxarmayaq yaddan biz tez onları,
Həp vətənə qurban olmuş canları,
Tanrı qəbul etsin bu qurbanları,
Ağla, qardaş! Ağlamalı günündür!
Abdulla Surun şagirdi olmuş Əhməd Cavad da sevimli müəlliminin ölümündən təsirlənərək hüzünlü bir şeri yazaraq “İqbal” qəzetinin 17 may sayında çap etdirmişdir.
Azərbaycanda Sovet hakimiyyəti illərində ideoloji səbəblərdən, yəni Abdulla Surun Ümumtürk ədəbiyyatının araşdırdığına görə onun yaradıcılığının rəsmi şəkildə qadağan edilməsi də soyuq və laqeyid bir münasibət vardı. Sovetlərin dağılmasından sonra Abdulla Sur yaradıcılığına da maraq artdı, haqqında məqalələr yazıldı, dərsliklərdə onun yaradıcılığına da geniş yer ayrıldı.
Mətni yazdı Əli Şamil (Şamilov Əli Hüseyn oğlu)
|