İSMAYIL ŞİRVANİ
Türk Dünyasının Məşhurları-30
Böyük sufi, Qafqaz xalqlarının Rusiya kimi nəhəng bir işğalçıya qarşı uzunmüddətli mübarizəsinin ideoloji əsasını hazırlayanlardan biri, İsmayıl Siracəddin Şirvaninin ömür yolu və yaradıcılığıƏli Şamil
Göndərmə 25.08.2011 09:46:45 UTC
Güncəlləmə 25.08.2011 09:54:05 UTC
www.trtazerbaycan.com
http://www.trt.net.tr/trtworld/az/newsDetail.aspx?HaberKodu=1cadd0a0-a6d0-4c20-8127-73a5880d6d69
İsmayıl Ənvər oğlu Şirvani 1782-ci ildə keçmiş Şirvan xanlığının Bölükət mahalına daxil olan Kürdəmir kəndində anadan olub. İndi həmin kənd Azərbaycan Respublikasında rayon mərkəzidir. Bu məşhur təsəvvüf alimi və böyük təşkilatçının bütünlükdə adı və soyadı Mövlanə İsmayıl Siracəddin əl-Kürdəmiri əş-Şirvani kimi yazılır. Ona Siracəddin ləqəbini Bağdadda yaşayan və İsmayılın müəllimi, həm də təriqət mürşidi olan böyük isalm alimi Mövlana Xalidin verib. Soyadı kimi işlədilən əl-Kürdəmiri əş-Şirvani isə doğulduğu, nəslin, yaşadığı kəndin və bölgənin adındandır.
Oxumağı, yazmağı, islam dininin təməl ünsürlərinin atası Şeyx Ənvər Şirvanidən alan İsmayılı Şamaxıda Məhəmməd Nuri əfəndinin işlədiyi mədrəsədə oxumağa göndəriblər. O, burada 1800-cü ilədək oxuyub. Alimin ömür yolundan söz açan araşdırıcılar İsmayılın Şamaxı mədrəsəsində Molla Caminin “Kafiyə şərhi”nə qədər elmi bilikləri öyrəndiyini yazıblar. O dövrün mədrəsə proqramlarında Əbdürrəhman Caminin ərəb dilinin sintaksisinə həsr olunmuş “Kafiyə şərh” əsərini bitirmək yüksək təhsil pilləsi sayılıb.
Şamaxıda mədrəsəni bitirdikdən sonra Ərzincana gedərək dövrünün məşhur din alimlərindən olan Əbdürrəhman əfəndi Övliyazadənin yanında biliklərini təkminləşdirib. Övliyazadə gənc İsmayılın biliklərini yüksək qiymətləndirib və onun İslam elmləri sahəsində yüksək bilik sahibini olduğunu təsdiqləyən yazılı şəhadətnamə verib. Bundan sonra İsmayıl Tokat şəhərinə gedib, orada bir neçə il qalaraq biliklərini daha da təkmilləşdirib.
Gəzmək, dünyagörüşünü artırmaq, məşhur din alimləri ilə görüşərək onların nəzəriyyə və metodlarını öyrənmək həvəsilə səyahətini davam etdirərək Bağdada gedib. Orada Şeyx Yəhya Mərvəzi əl-İmadəddinin yanında hədis elmi, Molla Məhəmməd ibn Adəmin yanında hikmət elmi haqqında biliklərini təkmilləşdirib.
1805-ci ildə Burdura gələn İsmayıl burada da tanınmış fəqihlərin yanında fiqh sahəsində biliklərini təkmilləşdirdikdən sonra Kürdəmirə qayıdıb. Onun geri dönüşü Qafqazın Rusiya tərəfindən işğalı illərinə düşüb. Gənc din alimi işğalçıların islam dininə mənfi münasibətin, xalqa tutulan divanın, işğalçı ordunun əskər və zabitlərinin qəddarlığının şahidi olub. Onlara qarşı təkbaşına mübarizə aparmağın mümkünsüzluyunu görərək gəncləri və yeniyetmələri ətrafına toplayaraq onlara islam dininin əsaslarını öyrədib, elm və bilik verməklə yanaşı, mübariz döyüşkən bir ruhda tərbiyə edib.
Dolanışığını təmin etmək və insanlara islami yaşam tərzini əməlilə göstərmək üçün alim ata-baba mülkündən çəkil əkib, barama qurdu bəsləyib. Bununla sanki ətrafındakılara islam dinində din xadimlərinin xalqın sıradan bir nümayəndəsi olduğunu, heç bir fərqli imtiyazı olmadığını, hamı kimi əl əməyi ilə dolandığını göstərib.
Yeddi il Şirvanda yaşadıqdan, şəraiti dərindən öyrəndikdən sonra işğalçılara qarşı mübarizə yollarını öyrənmək, məşhur islam alimlərindən məsləhət almaq üçün 1913-cü ildə Həcc ziyarətinə yollanıb.
Ziyarətini başa vurduqdan sonra o dövrdə Osmanlı dövlətinə daxil olan Məkkə, Mədinə, Qüds şəhərlərindəki müqəddəs yerləri ziyarət etdikdən sonra imperyanın başkəndi İstanbula gəlib.
Bir neçə ay İstanbulda qalan İsmayıl Şirvani təsəvvüfü dərindən mənimsəmək üçün özünə bir kamil mürşid axtarıb. Onun həyatından bəhs edənlər bu qənaətdədirlər ki, İsmayıl Şirvani zamanın ən məşhur vəlilərindən, feyz mənbəyi Abdullah əd-Dəhləvinin mürşidi olmaq üçün piyada Hindistana yola düşərək Bəsrəyə qədər gedib. Yolda ikən Abdullah əd-Dəhləvidən aldığı mənəvi işarətə görə Bağdada, Mövlanə Xalidin dərgahına qayıdıb.
1813-17-ci illərdə Mövlanə Xalidinə müridlik edən İsmayıl Şirvaniyə mürşidi Siracəddin ləqəbini verib və xalqı irşad etmək üçün Azərbaycana göndərib.
Qısa zamanda İsmayıl Şirvaninin şöhrəti Qafqaza yayılıb. Bir çox insan onun yanına gələrək elm və irfan dərsi alıb. İsmayıl Şirvaninin fikirləri onun müridləri Xas Məhəmməd Şirvani, Molla Məhəmməd Yaraqlı, Hacı Əhməd Qiyasi Şirvani, Hacı Yahya bəy, Hacı Mahmud Baba Kürdəmirli, Hacı Əhməd Əfəndi Külüllü, Cəmaləddin Qazi Qumuği, Mir Həmzə Seyid Nigari və b. tərəfinfən surətlə yayılıb. Nəqşibəndiyənin Qafqazda sürətlə yayılması, bu təriqətə dayanan Qazi Məhəmmədin, Həmzə bəyin və Şeyx Şamilin apardığı mübarizə Rus hökümətini bərk qorxuya salıb.
Qafqazın işğalında göstərdiyi qəddarlığa görə çar A.R.Yermalovu canişin təyin etmişdi. A.R.Yermalov işğal etdiyi ərazilərdə baş qaldıran etirazlara və üsyanlara son qoymaq üçün 1825-ci ildə İsmayıl Şirvani və onun müridlərinin öndə gedənlərini həbs edərək Tiflisə gətirməyi əmr edib.
General Yermalovun ətrafindakılar İsmayıl Əfəndinin həbsinin Qafaqazda vəziyyəti daha da gərginləşdirəcəyini anlatdıqda o, əmrində dəyişikliklər edib. İsmayıl Əfəndini həbs etdirməsə də, onun müridlərindən Zərdablı Molla Əhmədi və Cəyirli Hacı Məhəmməd Nəbi Əfəndini həbs etdirərək Rusiyanin mərkəzi quberniyalarına sürdürüb.
Qafqazda müridizmin sürətlə yayılması, bölgənin nəhəng hərbi gücü olan Rusiyaya tabe olmayaraq imamatla, yəni islam dininin qaydaları ilə idarə olunması yalnız Rusiyanı deyil, Avropanın inkişaf etmiş dövlətlərini də qorxuya salıb. İmamatın Qafqazda uğur qazanması Avropanın Şərqə doğru işğalçılıq siyasətinin sonu demək olacaqdı.
Odur ki, bütün güclərini birləşdirərək nəqşibəndiyəni, müridizm öyrənib, onun zəif cəhətlərini taparaq daxildən çökdürməyə çalışıblar.
İsmail Əfəndi isə müridizm adlandırılan hərəkətə yalnız ideoloji güc, mənəvi dəstək verməyib. Şeyx Şamil hərəkatına döyüşçülər, döyüş atları, silah, hərbi sürsat, ərzaq və geyim göndərilməsini də təşkil edib.
İsamyıl Əfənid ilə açıq mübarizə çar Rusiyasına baha başa gələcəyini gördükdə Şamaxıdakı Rus komendantı onu dostlarının əliylə mühacirətə göndərib.
Müridlərinin təkidi və yardımıyla Axıskaya gələn İsmayıl Əfəndi burada da çox qala bilməyib. Ruslar 1828-ci ildə Axıskanı işğal etdikdə o, Amasiya şəhərinə mühacirət etməli olub.
İsmayıl Şirvani Amasiyada yalnız nəqşibəndiliyi təbliğ etməklə kifayətlənməyib, Qafqaz mücahidlərinə də hər vasitə ilə yardım etməyə çalışıb. Rusiyanın xüsusi xidmət orqanları da onun fəaliyyətini daim nəzarət altında saxlayıb, dəfərlərlə Osmanlı hökumətinə məktublar göndərərək İsmayıl Əfəndinin fəaliyyətinin məhdudlaşdırmağı tələb ediblər.
İsmayıl Şirvani təzyiqlərdən yayınmaq üçün 1832-ci ildə Sivasa gəlib və 9 il orada yaşayıb. Burada da onun ətrafına çoxlu müridlər yığışıb.
1841-ci ildə Amasiyaya qayıdaraq burada fəaliyyətini davam etdirən və Mövlana İsmayıl Siracəddin Şirvani kimi məşhurlaşan böyük din alimi 1848-cı ildə vəba xəstəliyindən dünyasını dəyişib. Müridləri sevimli pirlərini Amasiya yaxınlığındakı Şamlar qəbristanlıgında dəfn edərək oranı ziyarətgaha çeviriblər.
İsmayıl Şirvaninin övladlarının da vətən və millət qarşısında böyük xidmətləri olub. Belə ki, oğlanlarından Əhməd Hulusi Əfəndi Diyarbəkirdə naiblik, İstanbulda qazilik edib, Anadolu qazi əsgərliyi vəzifəsinədək yüksəlib. Başqa bir oğlu Məhəmməd Rüşdü Paşa isə Osmanlı dövlətində yüksək dövlət vəzifələrində çalışıb. Son vəzifəsi isə Sədrəzəmlik, yəni Osmanlı İmperyasının baş nazirliyi olub.
Bu ailə uzun illər ata-baba yurdundan uzaqda yaşasalar da, oralarla əlaqələrini kəsməyiblər. Həsən bəy Zərdabi “Əkinçi” qəzetini nəşr etmək arzusuyla İstanbula mətbəə şriftləri almağa gedəndə də ona yardımçı Məhəmməd Rüşdü Paşa olub.
|