HƏNƏFİ ZEYNALLI
TÜRK DÜNYASININ MƏŞHURLARI 151/2012
Əziz və istəkli dinləyicilər! “Türk dünyasının məşhurları” proqramında sizlərə 1937-ci il repressiyasının qurbanı, folklorşünas alim Hənəfi Zeynallının ömür yolundan və yaradıcılığından söz açacağıq.
Uşaq ikən valideyinləri ona Məhəmmədhanəfi adını versələr də, o, Hənəfi Zeynallı kimi tanındı. Qaynaqlarda doğum yeri gah Mərdəkan qəsəbəsi, gah da Bakı şəhəri, tarixi isə 1895 və 1896-cı illər kimi göstərilir. Nalbənd-dəmirçi ailəsində doğulan Məhəmmədhanəfi ata-baba peşələrini davam etdirmir, gələcəyin istedadlı ədəbiyyatşünası və vətənpərvəri kimi şöhrətlənir.
Kiçik yaşlarında atasını itirən Hənəfi Zeynallı ailəyə kömək olmaq üçün gah küçələrdə ayaqqabı silir, gah da qəzet satır. O, belə ağır və yorucu işlərlə məşğul olmasına baxmayaraq təhsildən də uzaqlaşmır. Mollaxanada Qurani Kərimi oxumağı və şəriəti öyrənməsi gələcəkdə onun hümanitar elmlərlər sahəsində araşdırmalar apararkən uğur qazanmasına şərait yaradır.
Rus tatar məktəbində oxuyarkən şeir, hekayə yazan və onları dövrü mətbuatda çap etdirən Hənəfi Zeynallı gündəlik hadisələr haqqında fikirlərini də oxucularla bölüşdürür. Ailəsi maddi çətinliklər içərisində yaşasa da o, gələcəyə böyük inamla yanaşır.
Hənəfi Zeynallı ilk hekayələrini toplayaraq 1914-cü ildə “Namus” adı altında kitab kimi çap etdirərək satışını təşkil edir.
Hənəfi Zeynallının uşaqlıq və yeniyetməliyi kasıblıq, qıtlıq içərisində keçsə də, həmin dövrdə neft və milyonlar səltənəti adlandırılan Bakıda bir qaynarlıq, canlanma vardı. Milyonçular dünyanın müxtəlif ölkələrindən memarlar gətirdib bir-birindən gözəl saraylar tikdirir, konsertlər, ballar, yemək-içmək məclisləri təşkil edirdilər. Bakı küçələri dəbdəbəli restoranları, yeni istehsala başlayan minik avtomobillərı, Paris, London dəbilə geyinən insanları ilə diqqəti çəkirdi.
Səfalət və zənginliyin qarşıdurması ümumi inkişafa güçlü təkan verirdi. Zənginlər kimi yaşamaq istəyən kasıbların evladları oxumağa, ali təhsil almağa can atırdılar. Buna Bakıda imkan da vardı. Xeyriyyəçilər oxumağa həvəsi olan gənclərə dayaq dururdular.
Hənəfi Zeynallı 1915-ci ildə Bakıdakı Orta Politexnik Məktəbə daxil olur. Bir il sonra isə oranı bitirib musabiqə imtahanlarında iştirak edərək Moskvadakı İmperator Texniki Peşə Məktəbinə daxi olur. O, Moskvada, texniki sahədə oxumasına baxmayaraq Azərbaycanla əlaqəni kəsmir, dövrü mətbuatı izləyir, yazdığı hekayə, şeir və məqalələri mətbuatda çap etdirir. Satirik “Tuti” jurnalının 1917-ci il 21-ci sayında çap etdirdiyi “Həqiqi bəxtiyar kimdir?” məqaləsi sanki ömür yolunun proqramına çevrilir.
Moskvada oxuyarkən sosialistlərə qoşulan və onların toplantılarının ən fəal iştirakçısına çevrilən Hənəfi Zeynallını “hökumət əleyhinə fəaliyyətinə görə” məktəbdən qovurlar. Təqiblər, təzyiqlər gənc Hənəfi Zeynallını sosial ədalət uğrunda mübarizədən çəkindirmir. Bakıya gəldikdən sonra da inqabi əhval-ruhiyyədə qalır və bolşeviklərlə yaxınlaşır. Az sonra, yəni 1919-cu ildə Hənəfi Zeynallı Rusiya Kommunist Bolşeviklər partiyasına üzv yazılır.
O, bolşeviklər partiyasına üzv yazılsa da, fanatikcəsinə partiya rəbərliyinin əmirlərini yerinə yetirmir. Partiya üzvlərinin fəaliyyətində sanki bir ziddiyət hiss edilir. Sosial ədalət uğrunda mübarizə aparan Hənəfi Zeynallı milli məsələlərdən də uzaq durmur. Sanki onu bolşeviklərə doğru yönəldən meyl də millətini azad və xoşbəxt görmək istəyidir.
1920-ci ildə İstanbul Universitetinin Hüquq Fakültəsinə qəbul olunsa da təhsilini başa vura bilmir. Partiyanın tapşırığı ilə təhsilini dayandırıb Bakıya dönür. Bakıda isə bolşeviklərlə birgə partiya-sovet işində çalışır, Sovetlərin məqsəd və məramlarını xalqa çatdıran məqalələr yazır, necə deyərlər millətini xoşbəxt və işıqlı gələcəyə səsləyir, gənc nəslin təlim-tərbiyəsilə məşğul olur.
Hənəfi Zeynallı coşğun bir enerji ilə çalışsa da, ali təhsil almağın vacibliyini də anlayır. Odur ki, 27 yaşında ali təhsil almağa qəti qərar verir. 1922-ci ildə Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsinə daxil olur.
Ali məktəbə qəbul olunması Hənəfi Zeynallının ictimai-siyasi işlərdən uzaqlaşıb elmi axtarışlara yönəldir. Bunun səbəbi də bolşeviklərin verdikləri vədlərə əməl etməməsi, milli məsələdə tutduqları səhv mövqe, həmin illərdə partiya daxilində təmizləmə adı altında milli kadrları sıxışdırmaları və s. olur.
Lakin Hənəfi Zeynallı həmin illərdə bolşevizmə qarşı sərt mövqe tutan Mirzəbala Məmmədzadə, Cəfər Cabbarlı, Əsgər Əhmədov və b. ilə eyni sırada durmur. O, bolşeviklərin sırasında olsa da, onların coşğun tərəfdarı kimi deyil, sıradan bir üzvü kimi hərəkət edir.
1923-cü ildə Azərnəşrin qurulmasında fəal iştirak edən və orada baş redaktor işləyən Hənəfi Zeynallı şifahi xalq ədəbiyyatının toplanmasına və nəşrinə böyük diqqət yetirir. V.İ.Leninin əsərlərinin tərcüməsindən əl götürüb folklorşünaslığa meyillənir.
1923-cü il noyabrın 2-də Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyəti təsis edilir. Tarix və etnoqrafiya, təbiət, iqtisadiyat şöbələrindən ibarət olan cəmiyyətin ağız ədəbiyyatı komissiyasının sədri Hənəfi Zeynallı təyin edilir. İlk dəfə burada folklorşünas kimi fəaliyyətə başlayır. Sonralar akademiyada işlədiyi dövrdə respublikanın ayrı-ayrı bölgələrinə ekspedisyalar təşkil edir, toplanan materialların pasportlaşmasına nail olur.
1926-cı ildə “Atalar sözü” kitabına yazdığı “Azərbaycan atalar sözü və məsəlləri” adlı geniş ön sözü Azərbaycan folklorşünaslığına nəzəri hazırlıqlı, Avropa metodlarını mənimsəmiş bir alimin gəldiyindən xəbər verir.
Hənəfi Zeynallı nəşriyyatda işlədiyi müddətdə şifahi xalq ədəbiyyatı nümunələrinin toplanmasına və nəşrinə böyük diqqət yetirir. Həmin illərdə hakimiyyətdə olan bolşeviklərin başı silahlı müxalifətə və onlara açıq şəkildə qarşı duran siyasi xadimləri aradan qaldırmağa qarışdığından milli varlığı yaşadacaq ədəbiyyatın nəşrinə, təbliğinə ciddi maniyə törətmirdilər .
Bəzi millətçi ziyalılar da yaranmış vəziyyətdən istifadə edərək hakimiyyətdə olanlara qarşı açıq çıxış etmir, millətin maariflənməsinə, mədəni irsin qorunub saxlanmasına, təbliğinə və tədqiqinə çalışır. Hənəfi Zeynallı “Kommunist” qəzetində, “Maarif və Mədəniyyət”, “İnqilab və Mədəniyyət”, “Maarif işçisi” jurnallarında fəal iştirak etməklə yanaşı, 1928-ci illərdə yazdığı “Türk ədəbiyyatı üzrə iş kitabı”nda folklor, terminologiya və s. məsələlərə geniş yer ayırır.
O, “Ədəbiyyat dərsləri”, “Ədəbiyyat müntəxabatı” kimi kitabların hazırlanmasında yaxından iştirak etməklə kifayətlənmir, V.Xuluflunun hazırladığı “Koroğlu” dastanı, S.Mümtazın hazırladığı iki cildlik “El şairləri” və b. kitabların nəşrinə də yardımçı olur.
Tibb fakültəsi ilə yanaşı, eksterni imtanah verib Şərqşünaslıq fakültəsini də bitirən Hənəfi Zeynallı həkim işləməyə getmir. Ömrünün sonunadək hümanitar sahədə çalışır. 1927-ci ilin sonlarında SSRİ-də hakimiyyətin bölüşdürülməsi uğrunda mübarizə açıq müstəviyə çıxır. Bir çox inqilabçılar rəhbər vəzifələrdən uzaqlaşdırılır və partiya sıralarından xaric edilir. Bu proses Azərbaycandan da yan keçmir. Hənəfi Zeynallını da müsavatçılarla yaxınlıqda, millətçilikdə ittiham edərək partiya sıralarından azad edir, işdən çıxarır və həbsxanaya göndərilir.
Hənəfi Zeynallaının istintaqı uzun sürsə də, onu həbsdən azad edirlər. Çünki kütləvi həbslər və işdənçıxarmalar idarəetməyə ağır zərbə vurur. Kadr çatışmazlığı bolşevikləri məcbur edir ki, hələlik örta pillə kadrlara dözsünlər, onlardan istifadə etsinlər.
Bir ara Bakıda müəllim işləmiş Türkiyəli İsmayıl Hikmətlə məktublaşan, Türkiyənin Bakıdakı konsulu Fərid bəylə əlaqə saxlayan, onun vasitəsilə Türkiyədə çap olunan kitab və jurnalları alan, onlardan elmi yazılarında istifadə edən, Baharlı, Mövsümov, Feyzullayev kimi müsavatçılarla və Bəkir Çobanzadə kimi türkoloq alimlə dostluq edən Hənəfi Zeynallının hərəkətləri dövlət təhlükəsizliyi orqanlarının diqqətindən yayınmır.
O, isə cəmiyyətdəki mövqeyini daha da möhkəmlətmək üçün 1932-ci ildə yenidən Rusiya Kommunist bolşeviklər Partiyasına üzv keçir. SSRİ Elmlər Akademiyası Azərbaycan Filialı yaradlıanda Hənəfi Zeynallını Dil Ədəbiyyat İnstitunda elmi katib təyin idirlər. Orada işlədiyi müddətdə Azərbaycan nağıllarının, xalq mahnılarının və folklorumuzun müxtəlif janırlarının toplanmasında, nəşrə hazlırlanmasında və elmi-nəzəri təhlilində böyük xidməti olan gənc alim Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Xurşud banu Natəvan, Aşıq Pəri, Cəlil Məmmədquluzadə, Salman Mümtaz, İsmayıl Hikmət, Hüseyin Cavid, Cəfər Cabbarlı, Nazim Hikmət, Süleyman Rüstəm və b. haqqında da dəyərli elmi məqalələr çap etdirir.
Azərbaycan kommunistlərinin öncüllərindən olan, bir söra yüksək vəzifələrdə çalışan Ruhulla Axundov əksinqilabçı təşkilatının rəhbərlərindən biri kimi həbs edilir. 1937-ci il yanvarın 27-də Hənəfi Zeynallı da Ruhulla Axundov qrupunun üzvü kimi həbs edilir. İstintaqı doqquz aydan çox çəkir. 1937-ci il oktyabrın 13-də isə bir qrup alimlə birlikdə güllələnir.
Ölümündən 20 il sonra bəraət alan Hənəfi Zeynallının əsərləri Azərbaycan folklorşunaslığının təməl daşlarından sayılır və bu gün də gənc folklorşünaslar onlardan bəhrələnirlər.
Mətni yazdı Əli Şamil (Əli Hüseyin oğlu Şamilov).
|