Türk Dünyasının Məşhurları- 48
Mustafa Lütfi Şirvani
Göndərmə 29.11.2013 08:40:25 UTC
Güncəlləmə 29.11.2013 09:35:54 UTC
“Türk dünyasının məşhurları” proqramında sizlərə ömrünü vətən və millət yolunda şam kimi əritmiş, lakin siyasi baxışlara görə uzun illər adlarının çəkilməsi belə qadağan olunmuş, yaxud ömür yolları, yaradıcılıqları öyrənilməmiş, bir sözlə, bilərəkdən unutdurulan insanlardan söz açmağa çalışırıq. Belə insanlardan biri də Azərbaycanın görkəmli oğlu, türklük davasının mübariz döyüşçüsü, pedaqoq, naşir, jurnalist Mustafa Lütfi Şirvanidir.
Mustafa Lütfi Şirvani nə 1937-ci il repressiyasının qurbanı olub, nə də Sovet hakimiyyətinə qarşı döyüşlərdə şəhid düşüb. Buna baxmayaraq uzun illər onun adının üzərində sərt bir yasaq olub. Hərdən adı çəkiləndə, nəşr etdiyi “Bürhan-i tərəqqi” qəzetindən söz açılanda da gah burjua millətçisi, gah pantürkist, gah panislamist, gah da macəraçı damğası vurularaq tənqid edilib. Onun ömür yoluna elə bir kölgə salınıb ki, bu günün özündə də araşdırıcılar Mustafa Lütfi Şirvaninin harada və nə vaxt dünyasını dəyişdiyini bilmirlər.
Mustafa Lütfinin ömür yolu haqqında bilgilər olduqca azdır. Nə yaxşı ki, son illərdə türkiyəli gənc araşdırıcı Səlcuq Altuntaş “Bürhani-tərəqqi” qəzeti mövzusunda araşdırmalar apararkən Mustafa Lütfi Şirvaninin Həştərxanda yaşadığı dövrə diqqət yetirib. Müxtəlif jurnallarda dərc etdirdiyi məqalələr və universiteti bitirərkən yazdığı dissertasiya Mustafa Lütfi Şirvaninin ömür yolunu və fəaliyyətini öyrənmək baxımından olduqca dəyərli və obyektiv faktlarla zəngindir.
Mustafa Sədrəddin oğlu İsmayılov 1876-cı ildə Şirvanın mərkəzi Şamaxı şəhərində doğulduğundanmı, yoxsa məşhur nəqşibəndi şeyxi İsmayıla ehtiram əlaməti olaraqmı Şirvanı soyadından daha çox istifadə etmişdir. Mustafanın atası Hacı Sədrəddin əfəndi nəqşibəndi şeyxi, Qafqazdakı müridizmi hərəkatının mənəvi babalarından olan, İsmayıl Kürdəmiri, İsmayıl Şirvanlı kimi tanınan bir pirin müridlərindəndir. Çar hökuməti İsmayıl Şirvanlını Azərbaycanı tərk etməyə məcbur etsə də o, Osmanlı dövlətində yaşadığı dövrdə də mübarizəsini davam etdirmişdi. Onun övladları da Osmanlı dövlətinin güclənməsi üçün əllərindən gələni əsirgəməmiş, hökumətdə nazir, sədrəzəm vəzifələrinədək yüksəlmişlər.
İlk təhsilini Hacı Sədrəddin əfəndidən alan Mustafa türk, ərəb, fars dillərini dərindən öyrənməklə yanaşı, dünyəvi elmlərə də yiyələnmiş, cəmiyyətin yeniləşməsinə can atmışdır.
Mədrəsə təhsilini tamamlamaq üçün İstanbula gedən Mustafa İsmayılov orada bir il yarım yaşamışdır. Həmin dövrdə İstanbulda şirvanlılar sözü keçən, nüfuz sahibi idilər. Çünki onları yalnız qohumluq, yerliçilik birləşdirmirdi. İsmayıl Şirvanlının çoxsaylı müridləri də şirvanlılara ehtiramla yanaşırdılar. Necə deyərlər, onlar bir əqidə ətrafında birləşirdilər. Belə bir mühitdə tərbiyə alan, şeirlərini Lütfi ləqəbilə yazan Mustafaya şirvanlıların öndə gedənləri Rusiya işğalı altında olan Həştarxan şəhərinə getməyi məsləhət görürlər. Çünki həmin dövrdə Həştərxan Rusiyadakı müsəlman şəhərlərindən ən geridə qalanlarından idi. Avropa ilə Asiyanın qovşağında, Volqa çayının Xəzərə töküldüyü yerdə yerləşən Həştərxanın böyük strateji əhəmiyyəti vardı.
Həştərxan xanlığı Rusiya tərəfindən işğal olunduqdan sonra burada müsəlmanların sayı azalmış, mövqeyi zəifləmişdi. Şəhərə köçürülən xristianlar isə hökumət tərəfindən dəstəkləndiyinə görə həm sayları artmış, həm də mövqeləri möhkəmlənmişdi. Şəhərdə iqtisadiyyatın əsasını balıq ticarəti və gəmiçilik təşkil edirdi ki, bu da rus və ermənilərin əlində idi. Hətta xaricdən dəstək görən azsaylı yəhudilər belə Həştərxanda müsəlmanlardan iqtisadi baxımdan güclü idilər.
Qacarlar və Osmanlılar da bu strateji cəhətdən mühüm olan bölgənin yerli əhalisinin əsasən müsəlman olmasından yararlanıb nüfuzlarını gücləndirmək istəyirdilər. Bu da hiss olunacaq şəkildə sünni-şiə qarşıdurması yaradırdı.
1900-ci ildə Həştərxan şəhərində yaşayan müsəlmanların sayı 50 minə yaxın idi. Onun da əksəriyyəyini noqaylar və tatarlar təşkil edirdi. Qazaxların, Qafqazdan və İrandan gələn müsəlmanların sayı az olsa da şəhərin ictimai həyatına təsir edəcək gücləri vardı. Belə bir dövrdə, yəni 1903-cü ildə Mustafa Lütfi İsmayılov ticarətlə məşğul olmaq adıyla Həştərxana gəlir. Ticarətdə ilk uğurlarını qazanan Mustafa Lütfi yerli noqaylardan olan tacir Zakir Xocayevlə dostlaşır. Mömin müsəlman və vətənsevər, millətsevər bir insan olan Zakir Xocayev ictimai həyatdakı fəallığını, maarifə, yeniyetmələrin oxumasına xüsusi diqqət yetirməsini alqışlayır.
Mustafa Lütfi Həştərxana gələndə burada müsəlmanların kiçik bir xeyriyyə cəmiyyəti var idi. Rusiya müsəlmanlarının mətbuatı adına Baxçasarayda “Tərcüman”, Tiflisdə “Şərqi-Rus” qəzetləri çap olunurdu. Mustafa Lütfi də Həştərxanda baş verənlərlə bağlı “Şərqi-Rus”qəzetinə məqalələr yazır. Bununla kifayətlənməyərək müsəlmanlar arasında ortaqlığa nail olmaq üçün tez-tez şiələrin məscidlərinə gedir, onların toplantılarına, xeyriyyə tədbirlərinə qatılır. Bu da fanatik sünnülərə xoş gəlmir.
Mustafa Lütfinin Azərbaycandan gəldiyini əsas tutaraq onu şiə və şiə təəssübkeşi kimi gözdən salmağa çalışırlar. Lakin onlar ya bilmirdilər, ya da bilsələr belə, bunu söyləmirdilər ki, Mustafa Lütfinin doğulduğu Şirvan bölgəsində yaşayanların çoxu sünnidir və onun da babaları sünni təriqətinə mənsub olmuşlar. Mustafa Lütfi isə nəqşibəndi təriqətinə canı dildən bağlı bir mürid idi.
Həştərxandan göndərdiyi məqalələri Şirvanski kimi imzalayan Mustafa Lütfi İstanbulda qazandığı bilik və təcrübəyə dayanaraq 1905-ci ilin sonlarında Şura-i İslam Cəmiyyətini qurur. Cəmiyyəti quranlar arasında Zakir Xocayev, Həbibulla Əfəndi Ömərov, Qurbanəli İrimbitov, Hadi Hacıoğlu və başqaları da olur. Bu cəmiyyət qısa müddətdə şəhərdə böyük nüfuz qazanır. Şura-i İslam Cəmiyyətinin qərarı ilə Həştərxanda 1906-cı ildə oğlanlar üçün “Darül ədəb”, qızlar üçün “Numune-i tərəqqi” adında yeni üsulla dərs verən təhsil ocaqları açır, iyun ayının 8-də isə “Bürhan-i tərəqqi” işıq üzü görür. Qəzetə həştərxandan Nəcib Asri, Cahanşah Cabbarov, quryevli Yarulla Muradi məqalə və şeirlər göndərir. Hətta az sonra işinin çoxluğuna görə Mustafa Lütfi qəzetin redaktorluğunu Nəcib Asriyə həvalə edir.
Mustafa Lütfi Şirvanlı gələcək planlarının böyüklüyünü, özünün həm ticarətlə məşğul olduğunu, həm Şura-i İslam Cəmiyyətinə sədrlik, “Darül ədəb” məktəbinə müdirlik etdiyini və “Bürhan-i tərəqqi” qəzetini açacağını nəzərə alaraq Azərbaycandan yaxın qohumu, gənc şair Məhəmməd Hadini Həştərxana dəvət edir. Hadi 1906-cı ilin may-sentyabr ayında Həştərxanda yaşayıb işləsə də, az sonra Əli Bəy Hüseynzadənin dəvəti ilə Bakıya dönür.
Çar hökumətinin Həştərxandakı məmurları Mustafa Lütfi Şirvaninin müsəlmanları maarifləndirmək, onların birliyinə nail olmaq, nəqşibəndiliyi yaymaq yönündə ciddi addımlar atdığından bərk rahtsızlıq keçirir. Ona müxalif qüvvə kimi yerli müsəlmanlardan Abdraxman Umarovun rəhbərliyi altında Cəmiyət-i İslamiyənin yaranmasına nail olur. Bu cəmiyyət də “İdil” adlı qəzetin nəşrinə başlayır. 1907-ci il sentyabrın 7-də işıq üzü görən “İdil” qəzetinin redaktorluğuna “Bürhan-i tərəqqi”nin müxbiri Zahidullah Şerifullin gətirilir. İlk baxışda eyni məqsədə xidmət edən cəmiyyətlər və qəzetlər arasında bir açıq savaş başlayır.
Birinci Dövlət dumasına seçkilərdə passivlik göstərən Həştərxanlılar Mustafa Lütfi və onun sədri olduğu cəmiyyətin apardığı iş nəticəsində İkinci Dövlət dumasına seçkilərdə nəinki fəallıq göstərir, həm də Rusiya Müsəlmanlar Qurultayının gedişini diqqətlə izləyirlər. Mustafa Lütfi Şirvani İkinci və Üçüncü Rusiya Müsəlmanları Qurultayında fəal iştirak edir, hətta Üçüncü qurultayda onu İsmayıl bəy Qaspıralı, Əlimərdan bəy Topçubaşov, Yusif Akçura, Abdurrəşid İbrahimov və başqaları ilə birlikdə İttifaq-i Müsliman təşkilatının idarə heyətinə seçirlər. Qurultayın qərarı ilə Mustafa Lütfi Şirvani təşkilatın Həştərxan nümayəndəsi seçilir. O da, Şura-i İslamı İttifaq-i Müslüman təşkilatının bir şöbəsinə çevirir.
Nəqşibəndilərin təsiri ilə Qafqazda Şeyx Şamilin güclü Rus imperiyasına qarşı 30 il apardığı mübarizədən gözü qorxan çar hökuməti nəqşibəndi təriqətinə məxsus birisinin Həştərxanda qısa müddətdə belə nüfuz qazanmasından bərk qorxuya düşərək Şura-i İslamla Cəmiyyət-i İslam, “Bürhan-i tərəqqi” ilə “İdil”arasındakı ziddiyətləri o qədər dərinləşdirilər ki, hətta Rusiya müsəlmanları arasında böyük nüfuzu olan, İttifaq-i Müslimin partiyasının sədri Əlimərdan bəy Topçubaşov da Həştərxana gələrək bu təşkilatlar arasında barışıq yaratmağa calışsa da, mümkün olmur. Hətta vəziyyət o qədər gərginləşir ki, Cəmiyət-i İslamiyyə üzvləri bir-neçə dəfə Mustafa Lütfi Şirvaninin məhkəməyə düşməsinə, həbsdən cərimə ödəməklə qurtarmasına səbəb olurlar.
1912-ci ildə məktəbləri bağladılan, qəzetinin fəaliyyəti dayandırılan, ticarəti iflasa uğrayan Mustafa Lütfi Şirvani Həştərxanı tərk etməyə məcbur edilir. Güclərin birinin sıradan çıxarıldığını görən çar məmurları Cəmiyyət-i İslamiyyənin sədri Abdraxman Umarov da həbs edərək Kazana sürgünə göndərirlər.
Coşğun ictimai-siyasi fəaliyyətlə məşğul olan, milli və islami dəyərləri yayan Mustafa Lütfi Şirvaninin sonrakı taleyi haqqında bir bilgi yoxur. Hətta harada və nə vaxt dünyasını dəyişdiyi də bilinmir. İstər çar hökuməti dövründə, istərsə Sovet höküməti dövründə adı yalnız tənqid olunmaq üçün çəkilən bu böyük vətənsevər insanın haqqında 2000-ci illərdən sonra xoş sözlər deyilməyə başlandı. Təssüf ki, ömür yolu və yaradıcılığı hələ də lazımınca öyrənilməyib.
Mətni yazdı Əli Şamil (Əli Hüseyin oğlu Şamilov)