Kərim Otarov
Türk Dünyasının Məşhurları-17
Bu ilin mayında anadan olmasının 100 illiyi təntənə ilə qeyd edilən görkəmli Qaraçay-Malkar şairi və maarifçisi Kərim Otarovun ömür yolu və yaradıcılığı... Əli Şamil
Göndərmə 11/24/2012 9:49:39 AM UTC
Güncəlləmə 11/24/2012 9:49:39 AM UTC
www.trtazerbaycan.com
http://www.trtrussian.com/trtworld/az/newsDetail.aspx?HaberKodu=81533bbb-f9ac-4a9e-8af6-a7e877b8359a
Kərim Saramurza oğlu Otarov 1912-ci il mayın 3-də Rusiyanın işğal etdiyi Terek quberniyasının Görxojan aulunda doğulub. İndi bu aulun yerində Tırnauz adlı mədənçilər şəhərciyi var. Tırnauz şəhəri də yeni inzibati ərazi vahidində Rusiya Federasiyasının Kabarda Balkar Respublikasına daxildir.
Kasıb bir dağlı ailəsində dünyaya gələn Kərim ilk təhsilini kəndlərindəki mollaxana adlandırılan ibtidai məktəbdə alır. Onun uşaqlığı bölgənin ən qarışıq dövrünə təsadüf edir. Belə ki, Birinci Dünya Savaşında məğlub olan Rusiyanı bir qarışıqlıq bürüyür. 1917-ci ilin fevralında 300 illik Romanovlar sülaləsinin hakimiyyətinə son qoyulur. Dünyanın inkişaf etmiş ölkələrinin yararlandığı respublika idarəçilik forması Rusiyaya da yol tapır. Bu çox demokratik və mütərəqqi bir idarəçilik forması olsa da, hamı tərəfindən eyni qarşılanmır.
Yaranmış qarışıqlıqdan istifadə edən milli təfəkkürlü ziyalılar Rusiya işğalından azad və müstəqil dövlətlərini qurmaq istəyirlər. Az bir qism insan monarxiyanın bərpasına tərafdar çıxır. Kiçik bir qrup isə bolşeviklərin “dünyanı zülm və əsarətdən xilas edərək kommunizm quracaqları” xulyasına inanaraq onlara qoşulur. Beləcə Quzey Qafqaz yalnız ideoloji mübarizə meydanına deyil, həm də əli silahlıların, ordu birləşmələrinin döyüş meydanına çevrilir.
Kərim Otarov 7-9 yaşında ikən həm milli hökuməti, həm bölşeviklərin elan etdiyi Sovetləri, həm beçeraxovçuların qiyamını, həm ağqvardiyaçıların milli hökuməti necə dağıtdıqlarını, həm də bolşeviklərin bölgəni yenidən necə işğal etdiklərini görür.
Bolşeviklər 1920-ci il martın 24-də bölgəni işğal etdikdən sonra özlərinə kadr hazırlamaq üçün təhsilə xüsusi diqqət yetirirdilər. Bir tərəfdən kasıb və imkansız ailələrin uşaqlarının təhsilə cəlbinə xüsusi diqqət yetirirdilərsə, o biri tərəfdən də yaşlılar arasında savadsızlığı ləğv etmək üçün xüsusi kurslar təşkil edirdilər. Qısamüddətli kurslarla da olsa, savadsızlığı aradan qaldıra biləcək kadrlar hazırlanırdı.
Kərim Otarov 1934-cü ildə Nalçikdəki pedaqoji məktəbi bitirən kimi onu müəllim işləməyə göndərirlər. O, sadə bir müəllim kimi işə başlamır. Şeir və məqalələri mətbuatda çap olunduğundan, komsomol fəalı kimi ictimai-siyasi işlərdə fərqləndiyindən 22 yaşlı müəllimi malkarların çoxu tanıyır. Vəzifə borcunu yerinə yetirməklə yanaşı, Sovetlərin ən fəal təbliğatçısı olan Kərim Otarovu 1936-cı ildə SSRİ Yazıçılar İttifaqına üzv qəbul edirlər.
Bəxt günəşi elə bil onun üzünə gülür. 26 yaşında onu Kabarda Malkar Yazıçılar İttifaqına sədr seçirlər. Elə həmin il də Nalçik şəhər mətbəəsində ana dilində “Nazmula bla cırla” kitabı, yəni “Şeirlər və nəğmələr” adlı kitabı çap olunur.
Kərim Otarov sanki xalqın başına açılan zülmü görmür, anaların fəryadını eşitmir, sürgünə göndərilənlərin, həbsxanalarda çürüdülənlərin, güllələnənlərin naləsindən xəbərdar olmur. Sovetlərin insanlara bəxş etdiyi nailiyyətlərdən, xoşbəxt günlərin gələcəyindən, dünyanın zülm və zalımdan qurtaracağından yazır. 1940-cı ildə Sov.İKP sıralarına daxil olur. 1941-ci ildə Nalçik şəhərində “Şkolnu tuvğanı”, yəni “Məktəbin yaranması” adlı hekayələr kitabını çap etdirir.
İkinci Dünya Savaşında Alman ordularının sürətlə SSRİ ərazilərini işğal etməsi Kərim Otarovun da həyatını tamam dəyişir. Yazıçılar İttifaqının sədri kimi hərbi xidmətdən qalma hüququ olmasına baxmayaraq, qardaşları ilə bilikdə 1941-ci ildə könüllü şəkildə cəbhəyə yollanır.
Kərim Otarov cəbhədə olarkən onun vətənini Sovet ordusu qoruya bilmir. 1942-ci ilin sentyabrında alman orduları Kabarda Malkar Muxtar respublikasını tutsa da, orada çox qala bilmir, dörd aydan sonra yəni 1943-cü ilin yanvarında bölgəni tərk etməli olur. Alman işğalçılarına qarşı yerli əhalinin müqaviməti də güclü olur. Umumiyyətlə Kabarda Malkardan savaşa qatılanlardan 15 min nəfərinə müxtəlif orden və medallar, 25 nəfərinə isə ən yüksək mükafat Sovet İttifaqı Qəhrəmanı adı verilir. Orden və medallara laiq görülənlər arasında Kərim Otarov da olur.
Savaşda iki qardaşını və bir aya¬ğını itirən gənc şair 1943-cü ildə sinəsində “Qırmızı ulduz“ or¬deni və bir neçə medalla vətənə dönəndə xalqının Türkistana sürgün edildiyini görür. Çətin şərtlər altında sürgünə aparılan qocaların, uşaqların, qadınların, savaşdan yaralı dönənlərin bir qismi yollarda ölürlər. Kərim Otarovun bəxti yenə də üzünə gülür. Yaralı olmasına baxmayaraq, sağ qalır və sürgünün çətin şərtlərinə dözür.
İçində kommunist partiyasına və xüsusən də partiyanın rəhbəri İosif Stalinə böyük inam olduğundan Kərim Otarova elə gəlir ki, xalqına tutulan divandan “Böyük rəhbərin”, “Millət atasının” xəbəri yoxdur. Stalinin adına məktublar yazaraq xalqının başına açılan zülümdən söz açır. O bilmir ki, yazdığı məktublar Sovet siyasətinə qarşı durmaq kimi dəyərləndirilir.
Stalinin ölümündən sonra bir yumşalma dövrü başlayır. Qırğızıstanın başkəndi Frunze, bu günki Bişkek şəhərində 1956-cı ildə Kərim Otarovun ana dilində “Yollar” adlı kitabçası çap olunur.
1957-ci il yanvarın 9-da isə SSRİ Ali Soveti Rəyasətinin fərmanı ilə malkarların 1944-cü ildə ləğv edilmiş muxtariyyatları bərpa olunur və onlara vətənə dönmək hüququ verilir. Kərim Otarov da minlərlə həmyerlisi kimi fərmandan yararlanaraq vətənə dönür.
Vətənə döndükdən sonra şair gənclik illərindəki çılğınlıq və ilhamla yaradıclıqla məşgul ola bilmir. Sürgün illərində yazdığı şeirlərinin bir çoxunu da çap etdirə bilmir. Zəmanədən narazılıq edən şeirlərini redaksiyalar və nəşriyyatlar yaxın buraxmır. Belə olduqda şair gücünü ana dilini cilalamağa, bədii ifadə vasitələrilə zənginləşdirməyə çalışır.
Kabarda Malkar Dövlət Universitetinin Filologiya fakültəsinin qiyabi şöbəsinə daxil olur. 1963-cü ildə universiteti uğurla başa vuran Kərim Otarov daha çox Rus klassiklərinin əsərlərini ana dilinə çevirməklə və ümumtəhsil məktəbləri üçün ana dilində dərsliklər hazırlamaqla məşğul olur.
Onun 1945-ci ildə yazdığı “Qaraçay qəbirləri”, 1947-ci ildə “Soluq bənizli qızcığaz”, 1944-cü ildə “Zülm və diləyim”, 1948-ci ildə yazdığı “Göy ağlayırdı” və başqa şeirləri xalqının ağrılı-acılı günlərini özündə əks etdirdiyindən daha çox diqqət çəkir.
Kərim Otarov vətənə döndükdən sonra, yəni 1958-ci ildə çap etdirdiyi ilk şeir kitabı “Düşüncələr” adlanır. Bir il sonra isə şairin Moskvada rus dilində “Doroqi”(Yollar) şeir kitabı çap olunur.
Kərim Otarov gənc ədəbi nəsilin yetişməsi üçün də əlindən gələni əsirgəmir. İçində Sovet rejiminə qarşı bir qırıqlıq olsa da, onu gənclərin yanında sərt və acı şəkildə büruzə vermir. Gəncliyi sabaha ümidli yanaşmağa ruhlandırır. Bunu 1960-cı ildə Nalçikdə çap etdirdiyi “Doğulduğum yer”, 1964-cü ildə “İllər”, 1967-ci ildə “Dünyanın sabahı”, 1969-cu ildə “Sabah ulduzu”, 1972-ci ildə və sağlığında çıxardığı son kitab olan, “Məzarlar” kitablarına daxil etdiyi şeirlərində də aydın görmək olar.
Kərim Otarovun yaradıcılığının ən mühüm özəlliyi onda idi ki, ədəbiyyata yeni bir üslub gətiməyi bacarmışdı. Beləki, Sovet qurucluğu, Sovet gələcəyi, Sovet insanı və s. kimi ideyalardan mümkün qədər qaçaraq Otarov öz yaradıcılığında vətən, millət və təbiət sevgisi kimi mövzulara qabarıq şəkildə yer vermişdir.
Malkar xalqının şair oğlu Kərim Otarov 1973-cü il oktyabrın 13-də dünyasını dəyişdi. Uzun illər onun yoxluğu sükutla qarşılandı. Əsərləri çap olunmadı. Sovetlər Birliyinin çoküşü başlayanda Kərim Otarovun, Otaranlı Kərimin əsərlərinə də maraq artdı. Şeirlərinin yenidən nəşrinə, haqqında araşdırmaların aparılmasına başlandı.
|