Yusup Qereyev
Türk Dünyasının Məşhurları-46
Milliyyətcə Latış olsa da, onu böyüdüb, boya-başa çatdıran xalqın dilində yazıb-yaradan, bu işdə uğurlar qazanan, lakin çox gənc yaşında həyatdan gedən Yusup Qereyevin ömür yolu və yaradıcılığı...Əli Şamil
Göndərmə 02.02.2012 11:20:34 UTC
Güncəlləmə 02.02.2012 11:28:40 UTC
www.trtazerbaycan.com
http://www.trt.net.tr/trtworld/az/newsDetail.aspx?HaberKodu=e3d7215c-a02c-4afb-89e9-0361f3f2fee0
Yusup Arsu oğlu Qereyev 1903-cü ildə indiki Rusiya Federasiyası Dağıstan Respublikasının Teymurxanşura şəhərində doğulub. O, anadan olduğu kəndin adına Kafır-Kumuk deyərdilər. Sovet hakimiyyəti illərində oranın adını bir ara dəyişdirib Byunyaksk də qoydular.
Rusiyada ölkənin ərazisi olduqca böyük olduğundan hakimiyyətdən narazı olanların bir yerdən başqa yerə sürgün edilməsi geniş yayılmışdır. Azərbaycandan, indiki Gürcüstandan, Ermənistandan, Ukraynadan insanların böyük bir qismini Sibirə, Türküstana sürgün edirdilərsə, Polşadan, Pribaltikadan, Mərkəzi Rusiyadan da Qafqaza sürgün edilənlər az deyildi. Onların arasında tanınmış yazıçı və şairlər, sənət adamları, millətçilər, inqilabçılar da vardı.
Milliyyətcə latış olan Yakov Sirmais də Dağıstana gəlib çıxmış və burada müəllim işləməyə başlamışdı. Dağıstanda doğulan oğlan uşağına da nədənsə atasının adı, Yakov adı verilmişdi. Onun valideyinləri, yaşamları haqqında geniş bilgi yoxdur. Araşdırıcılar onu qeyd edirlər ki, valideyinlərini itirən Yakovu atasının dostu latış Avqustin Skrabe himayəsinə götürür. O, dostunun oğluna böyük qayğı göstərməklə yanaşı, onun təhsilinə də xüsusu diqqət yetirir.
Lakin, Avqustin Skrabenin inqilabi fəaliyyətinə görə həbs edilməsi balaca Yakovun yenidən həyatını cəhənnəmə döndərir. O, kimsəsiz qalır. Dünya isə xeyirxah insanlarsız deyil. Bu də¬fə onu özü kasıb yaşayan, milliyətcə qumuq olan Xalimbekli Arsu Qereyev hi¬ma¬yəsinə götürür. O, nə uşağın xristian ailəsində doğulmasını, nə də böyüyüb, böya-başa çatdıqdan sonra atasının vətəninə gedə biləcəyini düşünür. Sadəcə mömin bir müsəlman, xeyirxah bir türk kimi kimsəsizə dayaq durur.
Xalimbek kəndindən olan Arsu Qereyev Yakovu himayəyə götürməklə kifayətlənmir. Ona ölmüş qardaşı Yusupun adını və ailələrinin soyadını verir. Yakov böyüyüb şöhrətli bir yazıçı olduqda belə nə bu ad və soyadından imtina edib doğulanda ona verilmiş adı bərpa edir, nə də ədəbi təxəllüs götürməklə ad və familyasını arxa plana atmış olur.
Gələcəyin yazıçısı uşaq¬lığını dağlar qoynundakı İşkartı kəndində keçirir. Qumuq dilini ana dili kimi öyrənməklə yanaşı, xalqın psixologiyasını mənimsəyir, adət-ənənəsinə dərindən bələd olur. Böyüyəndə əsərlərində bu məlumatlardan o qədər məharətlə yararlanır ki, milliyəti qumuq olanların çoxu onun bu məharətinə heyran qalmaya bilmir.
Kənddəki məktəbi bitirdikdən sonra onu Azər¬baycana pedaqoji texnikuma oxumağa göndərirlər. Bakının qaynar mühiti yeniyetmə Yusupa güclü təsir edir. Xüsusən keçmiş tənqid kampaniyasında Mirzə Ələk¬bər Sabirin yaradıcılığından geniş istifadə edilməsi, bir növ Sabir satirasının təbliğinə səbəb olur. Gənc Yusup da bir az təbliğatın təsirindən, bir az da Sabir şeirinin axıcılığından təsirlənərək satirik poeziyanın aludəsinə çevrilir. Özü də Azərbaycan və qumuq türklərinin başa düşəcəyi bir dildə şeirlər yazmağa başlayır.
Bakıdakı Müəllimlər Seminariyasını başa vurub Dağıstana dönən Yusup Qe¬reyev az zamanda çılğın inqilabçı, vətənsevər bir qumuq gənci kimi çoxlarının diqqətini özünə cəlb edə bilir. İctimai-siyasi işlərdə fəallıq göstərməklə yanaşı, qəzet və jurnallarda məqalələr, hekayələr çap etdirir. Bütün bunlar yeni kadrlara böyük ehtiyac duyulan diyarın partiya-sovet rəhbərlərinin diqqətindən yayınmır. Onu 1924-cü ildə Rostov şəhərindəki Diyar Hüquqşünaslıq Kursuna oxumağa göndərirlər.
Rus və türk xalqlarının bir neçəsinin dilini gözəl bilən, eləcə də Dağıstanda yaşayan xalqların bəzilərinin danışığını anlayan, 21 yaşlı Yusup Qe¬reyev Rostov Diyar Hüquqşünasıq Kursunu uğurla başa vurub geri dönən kimi onu prokurorluq orqanlarında işə göndərirlər.
O, bir neçə il prokurorluq orqanlarında çalışsa da, bədii yara¬dıcılıqdan da əl götürmür. 1925- ildə onu Sovet ordusunda əs¬gəri xidmətə aparırlar. Əsgəri xidmətdə olduğu müddətdə qumuq dilində çap olunan qəzet və jurnallara hekayələr göndərir. 1927-ci illərdə Ordudan tərxis olunduqdan sonra yenidən Dağıstana qayı¬dan Yusup köhnə iş yerinə – prokurorluq orqanlarına qayıtmır. Həmin orqanlarda işləyənlərin insanlara qəddar münasibəti gənc yazıçının ürəyincə deyildi. Odur ki partiya-sovet təşkilatlarında işə girir. Vəzifə tapşırıqlarını vicdanla yerinə yetirməklə yanaşı, dövrün ideoloji tələblərinə cavab verən satirik hekayələr də yazır.
“Daqqaze” nəşriyyatı 1927-ci ildə yazıçının qumuq dilində “İn¬sanın bədbəxtliyinin dərmanı”, 1928-ci ildə “Yolgöstərən”, “İnq paydalı dualar” (Ən faydalı dualar) hekayələr kitablarını oxucu mühakiməsinə verir. Yusup Qe¬reyevin hekayələrində tənqid hədəfinə çevirdiyi savadsız, məhdud dünyagörüşlü, bürokrat məmurların bir çoxu onun iş yoldaşları və ona rəhbərlik edənlərdi. Həmin adamlar da satirik yazıçının hər gün bürokratik aparatın içərisində olmasını, onların bacarıqsızlığını, saxtakarlığını, yaltaqlığını və ikiüzlülüyünü görmək istəmirlər. Odur ki, Yusipi partiya işindən uzaqlaşdırırlar.
Yusup Qe¬reyevin cəhaləti, geriliyi, dini, bəzən də onlara qataraq milli adət-ənənələri də tənqit etməsi Sovet ideologiyası ilə üst-üstə düşürdü. Yazıçının özü də bolşeviklərin xalqları azadlığa çıxaracağına, onları xoşbəxt bir cəmiyyətə aparacağına ürəkdən inanırdı. Odurki, hekayələrini “Şimaldan qel¬qen yazbaşı” (Quzeydən gələn bahar) kitabında toplayır. Kitabı “Daqqaze” nəşriyyatı isə qumuq dilində çap edir. “Molla Nasritdinin sapar yoldaşı” kitabı isə yazıçıya böyük uğur qazandırır.
Dağıstanda gənc yazıçıların təşkilatlanması üçün var qüvvəsilə çalışan Yusup Qe¬re¬yevi 1934-cü ildə yaradılan SSRİ Yazıçılar İttifaqının Dağıstan şöbəsinə məsul katib işləməyə göndərirlər. Çoxdilli bir diyarda, həm də ideoloji mübarizənin olduqca kəskinləşdiyi bir zamanda yazıçıları bir çatı altında toplamaq heç də asan deyildi. Belə gərgin bir iş şəraitində o, bədii yaradıcılığından da qalmır. “Daqqaze” nəşriyyatı onun ana dilində “Biyler va adat¬lar” (Bəy¬lər və adətlər) hekayələr kitabını, Quzey Qafqaz Di¬yarşü¬naslıq Nəşriyyatı isə və 1935-ci ildə rus dilində “Neudaça” (Uğur¬suz) kitabını çap edir.
Yusup Qe¬re¬yev hekayələr və məqalələr yazmaqla kifayətlənmir, rus dilindən tərcümələr edir, dramçılıqda da qə¬ləmini sınayır. 30 il Quzey Qafqaz xalqlarının Rus işğal¬çılarına qarşı mübarizəsinə rəhbərlik etmiş Şeyx Şamildən bəhs edən “Kim kimni?” (Kim kimi), “Manap” pyeslərini də yazır. Bu pyeslər ta¬maşaçılar tərəfindən maraqla qarşılanır. Dağıstandakı Qumuq Dram Teatrı ona bir-birinin ardınca Midvaninin “Şə¬rəf”, Krase¬vanın “Mayakın işıqları”, “Zirvə”, “Biz gedirik” pyes¬lərini qu¬muq dilinə çevirməyi sifariş verir. Onun çevirdiyi əsərlər səh-nə¬ləşdirilir və tamaşaçılar tərəfindən alqışlarla qar¬şılanır. Y.Qe¬re¬yev o dövrdə dəbdə olan, maraqla oxunan, film çəkilən D.Fur¬manovun irihəcmli “Çapayev” romanını da qumuqcaya çevirir.
Yusup Qe¬re¬yev yazıçılar təşkilatının işini canlan¬dır¬maq və yazıçıları ideoloji yönlü əsərlər yazmağa istiqamət¬lən¬dirmək məqsədilə 1936-cı il sentyabrın 30-da “Komsomolets Daqestana” qəzetində “Gənc yazıçıların vəzifələri haqqında” məqaləsini çap etdirir. Məqalə böyük əks-səda doğurur. Bu da rəhbər partiya-sovet işçilərinin istəklərinə cavab verir.
Şair, publisist, bəstəkar, pe¬şə¬kar qumuq teatrının əsasını qoyanlardan biri kimi tanınan Yusup Qereyevin bədxahları da az olmur. Onun doğruluğunu, haqqı nahaqqa verməməsini, getdikcə milli məsələyə daha çox diqqət yetirməsini antisovet baxışı kimi qiymətləndirirlər. Xüsusən, Şeyx Şamil əsərini beynəlmiləlçiliyə zidd, Rus xalqına qarşı yönəldilmiş, xalqlar dostluğuna zərbə vuran əsər kimi də dəyərləndirirlər.
İkinci Dünya Savaşına başlayanda Yusup Qereyevi orduya səfərbərliyə alırlar. O, cəbhədən geri dönmür. Lakin, Yusup Qereyevin həyat və yaradıcılığına münasibət heç də birmənalı deyil. Son dövrlər hazırlanan saytlarda onun da adını repressiya qurbanları sırasına salırlar. Bunu onun 1937-ci ildə KQB tərəfindən istintaqa cəlb edilməsinəmi, yoxsa savaşda əsir düşərək Sovetlərə qarşı mübarizə aparmasınamı dəlalət etdiyini bilmədik.
Bilinən odur ki, milliyətcə latış olan birisi qumuq dilinin zənginləşməsinə, ədəbiyyatının inkişafına təkan vermişdir.
|